Məhkəmə qərarları › İş №1(033)-12/2025

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-12/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-12/2025 15.01.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Zaqatala rayonu, Danaçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan, Zaqatala rayonu, Danaçı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 15 yanvar 2025-ci il tarixdə, saat 17:00-da Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni, təmiz çəkisi 6.15 qram olan, bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuana əldə edib üzrində saxlamış, 25 sentyabr 2024-cü il tarixdə, saat 18:24 radələrində həmin narkotik vasitəni daşıyarkən Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və qeyd edilən küçədə həmin gün saat 18:24-dən 18:35-dək üstünün yoxlanması zamanı əynində olan boz rəngli cins şalvarın sağ arxa cibindən 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6.15 qram olan, bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən ara-sıra istifadə edirdi, lakin həmin vasitələrin aludəçisi olmamışdır, həmçinin ailəsindən heç kəs həmin vasitələrdən istifadə etdiyini bilməmiş, evdə istifadə etməmişdir. Oğlunun hal-hazırda hərbi xidmətdə olmasını və bu hadisədən xəbərdar olmamasını nəzərə alaraq onun barəsində ən yüngül cəzanın təyin edilməsini məhkəmə xahiş etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, narkotik vasitələrdən vaxtaşırı olaraq istifadə etmiş və hazırda da istifadə edir. xx.xx.2024-cü il tarixdə Zaqatala rayonu, Danaçı kəndində yolun kənar hissəsində meşəlik ərazidə kolluq olan yerdə yabanı halda bitmiş 3 ədəd çətənə kolunu görüş həmin çətənə kolunun yarpağını üstündə olan kibrit qutusuna yığıb evə aparmış, evidə günün altında xəlvəti qurutmuş, qurutduqdan sonra bir ədəd kibrit qutusuna yığmış, içərisində qurudulmuş maruxuana olan kibrit qutusunu özü istifadə etmək üçün üzərində gəzdirmiş, xx.xx.2024-cü il tarixdə həmin qurudulmuş marixuananın üstündən bir siqaretlik doldurub saat təxminən 12 radələrində Danaçı kəndində siqaret kimi qəbul etmiş, sonra xx.xx.2024-cü il tarixdə saat təxminən 18 radələrində Zaqatala şəhərində olan zaman Zaqatala rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdjim etmiş, narkotik vasitələrin istifadəsində və üzərində gəzdirməkdə şübhəli olduğunu deyərək saxlamışlar. Videoçəkilişdən istifadə edilməklə hüquq və vəzifələri izah olunmuş, üstündə nə kimi qeyri qanuni əşya varsi təqdim etməsini təklif etmişlər. O, əynindəki boz rəngli cins şalvarın sağ arxa cibindən içərisində qurudulmuş marixuna olan bir ədəd kibrit qutusunu polis əməkdaşlarına təqdim etmiş və içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqdim etdiyi kibrit qutusunda olan qurudulmuş marixuanaya baxış keçirilmiş, kibrit qutusu ilə birlikdə tərəzidə çəkilmiş, 8,20 qram olmuşdur. Elektron tərəzidə çəkildikdən sonra polis əməkdaşları tərəfindən bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılıb götürülmüş, sonra həmin tarixdə həmin küçədə öz razılığı ilə üstünü yoxlamışlar, başqa qeyri qanuni əşya aşkar edilməmişdir. Bundan sonra Zaqatala rayon Polis şöbəsinə getməyi təklif etmişlər. Heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Zaqatala rayon Polis Şöbəsinə gəlmiş, polis şöbəsində müvafiq sənədləşmə aparılandan sonra həmin sənədlərlə birlikdə təhqiqatçıya təqdim etmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən ona vəkil təqdim edilmiş, videoçəkilişdən istifadə edilməklə vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilmiş, təhqiqatçı tərəfindən hər hansı fiziki və psixi təzyiqə və təsirə məruz qalıb-qalmamağı soruşulmuş, polis əməkdaşları trəfindən hər hansı fiziki və psixi təsirə və təzyiqə məruz qalmadığını bildirmişdir. Bundan sonra bir az əvvəl polis əməkdaşları tərəfindən saxlanılarkən üstündə aşkar olunan bir ədəd kibrit qutusunda olan qurudulmuş marixuananın qoyulduğu bir ədəd zərf təhqiqatçı tərəfindən açılaraq baxış keçirilmiş, elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 8,23 qram olmuş, həmin kütlə tərəzidə çəkildikdən sonra əvvəl qoyulduğu bir ədəd ağ rəngli zərfə qoularaq qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, o da imza etmiş, təhqiqatçı tərəfindən götürülmüş, sonda protokol tərtib olunmuş, protokola o da imza etmişdir. Üzərində aşkar edilmiş qurudulmuş marixuananı özü üçün istifadə etmiş və öz şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirmişdir. Yaşadığı evdə və ya digər yerdə qanunsuz saxladığı hər hansı əşya yaxud narkotik maddə yoxdur. Narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Narkotik vasitə saxladığını heç kim bilməmipş, heç kimə heç nə deməmiş, heç kimə verməmişdir. Həmin üç ədəd kollar kiçik halda, xəstəlik vurmuş yabanı halda bitmiş kollar olmuş, üstündə elə də çox yarpağı olmamış, kəndin mal qarası otlayan yer olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zaqtala RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Bildirir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq üzərinə baxış keçirilmiş və üzərindən bir ədəd kibrit qutusunda marixuana aşkar edilmişdir. Şifahi sorğu zamanı həmin vasitəni Danaçı kəndi ərazisində yerləşən meşədən yığdığını bildirmişdir. Daha sonra Polis Şöbəsinə gətirilmiş, müdafiəçi ilə təmin edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zaqtala RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid3 ifadəsində göstərmişdir ki, 25 sentyabr 2024-cü il tarixdə Narkotiklə Mübarizə qrupuna Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs yeri müəyyən edilmiş, şəxs tapılmış, ilk əvvəl özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş, daha sonra videoçəkiliş vasitəsi ilə ona hüquq və azadlıqları izah edilmiş, üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə könüllü surətdə təqdim etməsi xahiş edilmişdir. Şəxs üzərindəki vasitəni könüllü surətdə təqdim etmişdir. Şəxs daha sonra Polis Şöbəsinə dəvət edilmiş, müdafiəçi və təhqiqatçının iştirakı ilə hüquq və azadlıqları yenidən izah edilmiş, ondan götürülmüş predmetə yenidən baxış keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zaqatala RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 və Zaqatala RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis X3 müstəntiqi, polis polkovnikileytenantı X6 tərəfindən qəbul edilmişi 26 sentyabr 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 25 sentyabr 2024-cü il tarixli “videoçəkilişlə əməliyyataxtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanması və əşyaların götürülməsi haqqında” protokoldan, ona əlavə edilmiş fotocədvəldən və 01 ədəd DVD diskdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:24-də Zaqatala RPŞ-nin NMQ-nun və CAB-nin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs Zaqatala şəhər Nizami küçəsində saxlanıldığı yerdə hüquq və vəzifələri izah edilmiş, üstünün yoxlanılması zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan boz rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd kibrit qutusunu təqdim etmiş, içərisində qurudulmuş marixuana olduğunu bildirmiş, təqdim edilmiş bir ədəd kibrit qutusunda olan narkotik vasitə elektron tərəzidə çəkilmiş, müvafiq qaydada qablaşdırılaraq götürülmüş, istintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 25 sentyabr 2024-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən xx.xx.1993-cü ildə Zaqatala rayonu, Danaçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işsiz, deməsinə görə əvəllər məhkum olunmuş, Zaqatala rayonu, Danaçı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 25 sentyabr 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, xx.xx.1993-cü ildə Zaqatala rayonu, Danaçı kəndində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işsiz, deməsinə görə əvəllər məhkum olunmuş, Zaqatala rayonu, Danaçı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 25 sentyabr 2024-cü il tarixdə Zaqatala Rayon Polis Şöbəsində saat 19:24-də müdafiəçi, Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə tutulmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması müddəti onun azadlığının faktiki məhdudlaşdırıldığı 25 sentyabr 2024cü il tarixdən saat 18:24-dən hesablanması müəyyənləşdirilmişdir. İş materiallarına əlavə edilmiş 25 sentyabr 2024-cü il tarixli “əməliyyat tədbiri keçirilməsinə müvəkkil olunmuş şəxs tərəfindən təqdim olunmuş əşyalara baxış keçirilməsi haqqında” protokoldan, ona əlavə edilmiş fotocədvəldən və “01” ədəd DVD diskdən görünür ki, təhqiqata təqdim olunmuş içərisində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik maddə olan qurudulmuş marixuanaya bənzər kütlə olan zərfin üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd kibrit qutusunda çəkisi 8.23 qr narkotik vasitə marixuanaya bənzər kütlə” sözləri, Məhəmməd Yumuxovun, Şahid3, Şahid2 və qablaşdıran Şahid1 imzaları olduğu və zərfin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zərflər üçün 62 nömrəli möhürü ilə möhürləndiyi müşahidə edilir. Həmin zərf açılanda içərisində 01 ədəd “Fesko” sözləri həkk olunmuş kibrit qutusu olduğu müşahidə edilir. Həmin kibrit qutusu elektron tərəzidə çəkiləndə ümumi çəkisi 8.23 qram təşkil edir. Bundan sonra həmin kibrit qutusu yeni zərfə qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zərflər üçün 62 nömrəli möhürü ilə möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və yaşadığı kənd ərazisindən tapdığını bildirmişdir. Baxış video çəkilişlə keçirilmiş, baxış zamanı qeydə alınmış həmin video və foto görüntülər DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə X4 Regional Bölməsi tərəfindən verilmiş 26 sentyabr 2024-cü il tarixli 17/785 nömrəli ekspert rəyindən görünür ki, tədqiqаtа təqdim olunmuş, üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 01 (bir) ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər kütlə.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd kibrit qutusunda, təmiz çəkisi- 6.15 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi- 6.15 qram, təhqiqata sərf edildi 0.05 qr, qalıq 6.10 qr. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə X4 Regional Bölməsi tərəfindən verilmiş 26 sentyabr 2024-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 34.55 (otuz dörd manat əlli beş qəpik)-dir. İş materiallarına əlavə edilmiş 27 sentyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. İş materiallarına əlavə edilmiş 27 sentyabr 2024-cü il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs- xx.xx.1970-ci il tarixdə Zaqatala rayonu, Danaçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan, Zaqatala rayonu, Danaçı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Yumuxov X1 Rayon Xalq Məhkəməsinin xx.xx.1989-cu il tarixli hökmü ilə Аzərbаycаn SSR CM-nin 15,143-cü maddəsinin 3-cü bəndi, 143-cü maddəsinin 3-cü bəndi, 220-1-ci maddəsinin 2-ci bəndi ilə təqsirli bilinərək 03 (üç) il əməyə mütləq cəlb edilməklə barəsində şərti cəza təyin edilmiş, xx.xx.1992-cı il tarixdə cəza sonu ilə azad olunmuşdur. Nəsimi Rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə Аzərbаycаn Rеspublikаsı CM-nin (köhnə redaksiya) 145ci maddəsinin 2 bəndinin 1,6 və 7-ci hisləri ilə təqsirli bilinərək əmlakı müsadirə edilərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzаsınа məhkum еdilmiş, xx.xx.2000-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Аzərbаycаn Rеspublikаsı CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrumetmə, 02 (iki) il 06 (altı) ay nəqliyyat vasitəsini idarə etmək hüququnundan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək, Zaqatala rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 1(033)-22/2014 saylı hökmü ilə 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmün icrası barədə göstəriş xx.xx.2014-cü il tarixdə Zaqatala rayon icra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə Penitensiar Xidmətin 10 saylı MTCM-də qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs xx.xx.2016-ci il tarixdə “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-ci il tarixli Qərarına əsasən əsas cəzadan azad edilmişdir. xx.xx.2019-cü il tarixdə isə 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası başa çatmışdır. Təqsirləndirilən şəxs xx.xx.2019-cü il tarixdə cəza müddətinin bitməyi ilə əlaqədar olaraq Zaqatala rayon icra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. İş materiallarına əlavə edilmiş 15 oktyabr 2024-cü il tarixli “ifadələrin yerində yoxlanması” haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs istintaqa vermiş olduğu ifadəsindəki göstərdiyi xüsusatları bir daha təsdiq edərək hadisə yerini və hadisənin baş vermə mexanizmini əyani surətdə göstərmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş 14 oktyabr 2024-cü il tarixli 18-1-78/2-1248/2024 saylı məktubdan görünür ki, Zaqatala rayonu, Danaçı kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1970-ci il təvəllüdlü Yumuxov X2 RMX PHŞ-nin Narkoloji və Psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİH-nin Danaçı kəndi inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-8220/2-892/2024 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Danaçı kənd sakinidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİH-nin Danaçı kəndi inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-8220/2-891/2024 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi özündən, yoldaşından və oğlundan ibarətdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİH-nin Danaçı kəndi inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən 1970-ci ildə nümayəndəliyin Danaçı kəndində kolxozçu ailəsində anadan olmuş və hal-hazırda həmin kənddə qeydiyyatda olmaqla orda yaşayır. Təqsirləndirilən şəxs uşaqlıqdan atadan yetim qalmış, icbari təhsilini respublikanın müxtəlif şəhərlərində internat tipli məktəblərdə almışdır. Həqiqi hərbi xidmətdə olmamışdır. Əsasən 2000-ci ildən fasiləsiz olaraq Danaçı kəndində yaşayır. Evlidir, bir övadı var, ailəvi fərdi kəndli təsərrüfatı ilə məşğudurlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 07 noyabr 2024-cü il tarixli 1801 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş 09 noyabr 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş 27 sentabr 2024-cü il tarixli ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixli qərarla seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkibi olmadığına görə barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilməsi, ekspertizaya təqdim edilmiş narkotik vasitə təmiz çəkisi 6,15 qram olan qurudulmuş marixuananın 0,05 qramının tədqiqata sərf olunması və qalıq təmiz çəkisi 6,10 qram olan qurudulmuş marixuananın Zaqatala rayon polis şöbəsinə göndərilməsi ibtidai istintaqın sonrakı gedişində nəzərə alınması, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqata sərf olunduqdan sonra qalıq təmiz çəkisi 6,10 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınması və saxlama müddəti ərzində Zaqatala rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılması, Təqsirləndirilən şəxs üstünün yoxlanılması və əşyanın götürülməsi, əməliyyat tədbiri keçirilməsinə müvəkkil edilmiş şəxs tərəfindən təqdim olunmuş əşyalara baxış keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 02 ədəd “DVD” disk sübut növü kimi tanınması, cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınması, Ədliyyə Nazirliyi Məhkəmə X4 Regional Bölməsinin xx.xx.2024cü il tarixli 17/785 nömrəli rəyində göstərilən çəki yəni, Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 6,15 qram olması qəbul edilməsi və ibtidai istintaqın sonrakı gedişində nəzərə alınması, iş üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, videoçəkilişlə əməliyyataxtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyanın götürülməsi haqqında protokol, həmin protokola əlavə edilmiş bir ədəd DVD disk, əməliyyat tədbiri keçirilməsinə müvəkkil edilmiş şəxs tərəfindən təqdim olunmuş əşyalara baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş bir ədəd DVD disk, ekspert rəyləri, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq sənədləri obyektiv olub cinayət işinin materialları ilə uyğunluq təşkil etdiyindən sübut növü kimi qəbul edilməsi və cinayət işinin materiallarına əlavə edilərək şəxsin məhkəmə məsuliyyətinə verilməsi üçün kifayət hesab olunması qərara alınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə tövsif olunmuş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar aşkar edilməmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur.” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının” İ siyahısının 109.1-ci bəndinə görə qurudulmuş marixauna (kannabis) xeyli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4. və 18.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli 8 №-li Qərarının 27-ci bəndinin mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri və onun barəsində maddənin yuxarı həddində cəza təyin olunması ailəsinin əlverişsiz vəziyyətə düşməsinə səbəb olacağını, bununla da onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını da nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bu zaman onun şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yeri olan Zаqаtаlа rayonu, Danaçı kəndində yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 07 noyabr 2024-cü il tarixli 1801 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Ekspert rəyinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və narkomaniyadan məcburi müalicə olunmalı, o, narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunmalı və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 sentyabr 2024cü il tarixdən 27 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət təqsirləndirilən şəxsə təyin ediləcək cəzadan çıxılmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış və Zaqatala Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş еkspеrtizа tədqiqаtındаn sоnrа qalıq qalmış 01 (bir) ədəd kibrit qutusunda qalıq çəkisi 6.10 qr. qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 02 ədəd DVD disk hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat əlli beş qəpik) manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM 198.1.) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 25 sentyabr 2024-cü il tarixdən 27 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs qəti olaraq ona təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yeri olan Zаqаtаlа rayonu, Danaçı kəndində yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunsun və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Cinayət işi üzrə maddi sübut - Zaqatala Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş еkspеrtizа tədqiqаtındаn sоnrа qalıq qalmış 01 (bir) ədəd kibrit qutusunda qalıq çəkisi 6.10 qr. qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 34.55 (otuz dörd manat əlli beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar