Məhkəmə qərarları › İş №1(033)-14/2022

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-14/2022

19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-14/2022 19.04.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyev Fərrux Elman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əsədov Vaqif Mehralı oğlunun, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Balakən Rayon Vəkil Bürosunun vəkili Muradov Hidayət Musa oğlunun, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Şərifov Samir Cuma oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Zaqatala şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında 19.04.2022-ci il tarixdə saat 12:30-da baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, qeyri-rəsmi evlilik münasibətində olduğu Emirşanova Saniyət Zübahir qızının övladı Şahid5 qarşı təhsil aldığı "xxxx" MMC-də müəllim işləyən Zərərçəkmiş şəxs tərəfindən seksual xarakterli hərəkətlər edilməsi barədə məlumatı əldə etdikdən sonra həmin məlumatların həqiqətə uyğun olub-olmamasını yoxlamadan, həmin məlumatlar yalan olduğu halda tamah niyyəti ilə qəsdən sonuncunun əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə 2021-ci ilin may ayında yuxarıda qeyd edilən cəmiyyətin Zaqatala şəhəri, Faiq Əmirov küçəsində yerləşən ofisinə gələrək orada qoca, yəni 1952-ci il təvəllüdlü Zərərçəkmiş şəxsla görüşmüş, sonuncu həmin məlumatları təkzib etməsinə baxmayaraq haqqında yuxarıda qeyd edilən rüsvayedici məlumatları internetdə yayma hədəsi ilə 3000 manat pulunu hədəqorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs isə həmin məlumatlar yayılacağı halda ləkələnəcəyindən ehtiyat edərək həmin pulu verməsinə razılıq verib, 2021-ci ilin iyun ayında ayrı-ayrı tarixlərdə Balakən şəhərində 3 dəfəyə cəmi 1500 manat, sonuncu dəfə isə Zaqatala şəhərində 40 manat olmaqla ümumilikdə 1540 manat pul vermiş, lakin sonradan maddi imkansızlığı ilə bağlı hədə-qorxu ilə tələb edilən 3000 manat pulun qalan hissəsini verə bilməmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Emirşanova Saniyət Zübahir qızını təxminən 10 ilə yaxındır ki, tanıyır. Şahid2 ilə yaxın münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs isə əvvəllər tanımamış, aralarında heç bir münasibətləri olmamışdir. Saniyətin qızı 7-ci sinif şagirdi Şahid5 Zaqatala şəhəri, Faiq Əmirov küçəsində yerləşən «Ağ Sarayın» ikinci mərtəbəsində fəaliyyət göstərən «Yeni Tədris Mərkəzində» hazırlıqlara gedir. Təxminən 2021-ci ilin iyun ayının əvvəllərində Şahid2 ona az yaşlı qızı hazırlıq kursunda olan vaxt fizika müəllimi Alqış adlı şəxsin ona qarşı əxlaqsız hərəkətlər etməsi barədə məlumat vermişdir. Belə ki, Saniyətin deməsinə görə Mehrinur lövhə qarşısında dərs danışarkən Alqış müəllim qıza arxa tərəfdən yaxınlaşaraq döşlərini əlləri ilə sıxmışdır. Mehrinur müəllimin bu hərəkətlərindən uşaqların qarşısında utandığı üçün dərsdən ağlaya-ağlaya çıxaraq nənəsigilə getmişdir. Orda həyacandan qızın burnundan qan açılmışdır. Saniyyət ona hadisəni olduğu kimi danışdıqdan sonra onlar, yəni o, Mehrinur, Saniyət, Mehrinurun ata nənəsi Gülxar ilə birlikdə hazırlıq kursuna getmişlər. Lakin həmin vaxt müəllim kursda olmamışdır. Onları kursun rəhbəri Qurban adlı şəxs qarşıladıqdan sonra hadisəni olduğu kimi ona danışmışlar. Qurban onlara səhəri gün Alqış müəllim gələn vaxt gəlməyi məsləhət görmüşdür. Həmin vaxt o öz mobil nömrəsini Qurban müəllimə verərək evə qayıtmışlar. Səhəri gün Qurban ona zəng vuraraq hazırlıq kursuna dəvət etmiş, o da bundan sonra özü tək hazırlıq kursuna getmişdir. O, hazırlıq kursuna getdikdə Qurbanın yanında adını sonradan bildiyi Zərərçəkmiş şəxs adlı müəllim və İbrahim adlı dostu olmuşdur. O, Qurban müəllimin yanında hadisəni olduğu kimi danışmışdır. Alqış müəllim də İbrahimin və Qurbanın yanında az yaşlı uşağa qarşı etdiklərini etiraf etmişdir. Bundan sonra o, onlara uşağın hadisədən sonra sarsıntı keçirdiyini bildirərək psixoloji müalicəyə ehtiyacı olduğunu bildirmişdir. Həmin vaxt Qurban və İbrahim uşağın müalicəsi üçün Alqışın pul verməsini təklif etmişlər, lakin o həmin gün razılaşmamışdır. 2 gün sonra yenidən Qurban onun mobil telefonuna zəng vuraraq onu kursa dəvət etmişdir. O, kursa getdikdə yenə Alqış və İbrahimin Qurbanın yanında olduqlarını görmüş, həmin vaxt Alqış Qurbanın yanında ona 200 manat pul vermiş və pulun qalan hissəsini yəni 1300 manatını da bir həftədən sonra verəcəyini bildirmişdir. Alqış ona 200 manat verən vaxt İbrahim və Qurban da yanlarında olmuşdur. O, həmin 200 manatı aldıqdan sonra gedib pulu Mehrinurun anası Saniyətə vermişdir. Həmin gün axşam o, Alqışla Balakən şəhərində «Balməkan» marketin qarşısında görüşüb 300 manat da pul almışdır. O, həmin pulu aldıqdan bir həftə sonra istifadə etdiyi ***-***-**-** nömrəsindən Zərərçəkmiş şəxs istifadə etdiyi ***-***-**-** nömrəsinə zəng vuraraq yenə pul istəmişdir. Həmin vaxt Alqış ona pulu tam düzəltmədiyini, 400 manatını düzəltdiyini, qalan hissəsini isə bir müddət sonra verəcəyini bildirmişdir. O da Alqışla razılaşaraq Balakən şəhərinə gedib «Balməkan» marketin qarşısında görüşüb Alşıqdan 400 manat pulu götürmüşdür. Həmin vaxtdan sonra o, Zərərçəkmiş şəxs pulun qalan hissəsini verməsi üçün bir neçə dəfə zəng vurmuş, lakin Zərərçəkmiş şəxs pulu olmadığını deyərək vermək istəməmişdir. O da buna görə 23 iyun 2021-ci il tarixdə, saat təxminən 20-21 radələrində Balakən şəhərində Alqışın yaşadığı evə getmişdir. Əlavə sorğu-sual zamanı Təqsirləndirilən şəxs göstərmişdir ki, Zərərçəkmiş şəxs cəmi 900 manat pul almış, həmin pulun 200 manatını Zaqatala şəhərində Qurban və İsmayılın yanında, 700 manatını isə Balakən şəhərində almışdır. Həmin 300 və 400 manatları alan vaxt yanlarında heç kim olmamışdır. O, Zərərçəkmiş şəxs həmin 900 manat pulu Mehrinurun müalicəsi üçün almışdır. Zərərçəkmiş şəxs Mehrinura qarşı əxlaqsız hərəkətlər etdiyindən qızın psixi problemləri yaranmış və buna görə də müalicəyə ehtiyacı yaranmışdır. O da həmin pulu Mehrinurun müalicəsi üçün almış və aldığı pulun hamısını Mehrinurun anası Saniyətə vermişdir. O, Zərərçəkmiş şəxs pul vermədiyi təqdirdə barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı barədə hədələməmişdir, o, verimiş ittihamın həmin hissəsi ilə qəti narazıdı, bunu ona qarşı istintaq orqanının qərəzli mövqeyi kimi qiymətləndirir. Bundan başqa o, cəmi 900 manat aldığı təqdirdə əsassız olaraq məbləği şişirdib 1500 manat kimi qeyd etmişlər. Onun təqsiri olmadığı üçün barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 1972-ci ildən Balakən şəhər, Nizami adına orta məktəbdə fizika müəllimi işləmiş, 65 yaşı tamam olduqdan sonra təqaüdə çıxmış, həmin vaxtdan sonra yaşadığı evdə tədris etdiyi fizika fənində şagirdləri hazırlayaraq ailəsini dolandırır. Həmçinin bundan başqa 2016-cı ildən Zaqatala şəhəri F.Əmirov küçəsində yerləşən «Yeni Tədris Mərkəzi» adlı hazırlıq kursunda da fizikadan dərs verir. Kursda dərs demək üçün həftədə iki gün Zaqatala şəhərinə gələrək, saat 12-də dərsləri başlamış və saat 18-ə qədər dərsləri davam edirdi. Bir dərsin müddəti 40 dəqiqə olurdu. Təxminən 2021-ci ilin may ayının ortalarında 7-ci sinif şagirdləri üçün olan dərsdə adını bilmədiyi bir nəfər qız uşağı da dərsə gəlmiş, həmin vaxt sinifdə 3 nəfər şagird olmuşdur. Həmin qız uşağı bir dərs yəni 40 dəqiqə onun dərsində oturduqdan sonra getmişdir. Bir gün sonra Balakən şəhərində olan vaxt özünü dərs dediyi qızın qohumu kimi təqdim edən Hacı adlı şəxs ***- ***-**-** nömrəsindən onun istifadə etdiyi ***-***-**-** nömrəsinə zəng edərək Zaqatala şəhərində tədris kursunda onunla görüşmək istədiyini bildirmiş, o həmin şəxsə Balakən şəhərində olduğunu bildirmişdir. Həmin vaxt Hacı adlı şəxs «gəlməsən səni gətirərlər» deyərək onu hədələmişdir. O da bundan sonra Zaqatala şəhərinə gələrək keçmiş polis əməkdaşı olmuş dostu Şahid3 ilə birlikdə dərs dediyi tədris mərkəzinə gəlmişdir. O, tədris mərkəzində tədris kurslarının rəhbəri olan Qurban müəllimin yanında həmin gün tanıdığı Hacı adlı şəxslə görüşmüşdür. Həmin vaxt yanında dostu Şahid3 və Qurban müəllim olmuşdur. Hacı adlı şəxs ona «guya dərs vaxtı onun qohumu olan qıza qarşı əxlaqsız hərəkət etdiyini deyərək, qızı psixoloqa apardıqları müalicəsi üçün pul lazım olduğunu» bildirmişdir. O da Hacıya sinif otağında şagirdlərin qarşısında hansı əxlaqsız hərəkətlər edilə biləcəyini deyərək yalan danışdığını bildirmişdir. Həmin vaxt Hacı ona qızın bibisinin, xalasının gələcəyini, onu çəkib sosial şəbəkələrdə yayacaqlarını bildirərək pul verməsini istəmişdir. O da Hacıya heç bir hərəkət etmədiyini bildirmişdir. Bundan sonra Hacı «bu iş 3000 manatlıq işdir, sən 3000 manatı da verəcəksən, yoxsa çəkilişlə səni sosial şəbəkələrdə rüsvay edəcəm» deyərək bir daha hədələmişdir. O da uzun illər müəllim işlədiyi üçün rüsvay olmaqdan, qohumlarının və tanışlarının yanında hörmətsiz olmaqdan qorxaraq Hacının təklifi ilə razılaşmışdır. Bundan bir neçə gün sonra yəni təxminən 2021ci ilin iyun ayının əvvəllərində Hacı yenə ona zəng vuraraq Balakən şəhərində olduğunu bildirərək ondan pul tələb etmişdir. O da Balakən şəhərində «Balməkan» marketin qarşısında onunla görüşüb 500 manat pulu Hacıya vermişdir. Həmin vaxt o, Hacıya pulu olduqca verəcəyini bildirmişdir. Bundan təxminən bir həftə sonra yenə Hacı ona zəng vuraraq Balakən şəhərində olduğunu bildirib ondan pul tələb etmişdir. Yenə Balakən şəhərində «Balməkan» marketin qarşısında görüşmüş və həmin vaxt yenə Hacıya 500 manat pul vermişdir. Bundan təxminən 5-6 gün sonra Hacı yenə ona zəng vuraraq Balakən şəhərində olduğunu bildirib ondan pul tələb etmiş, o yenə Hacı ilə Balakən şəhəri «Balməkan» marketin qarşısında görüşüb 500 manat pul vermişdir. Həmin vaxtdan təxminən 5 gün sonra Hacı yenə ona zəng vuraraq Balakən şəhərində olduğunu deyib ondan pul tələb etmiş, o da Hacıya pulunun olmadığını demişdir. Bundan sonra Hacı ona yol gəldiyi üçün 40 manat pul verməsini bildirmiş o da Hacıya pulu olmadığını,səhəri gün pul verə biləcəyini demişdir. Bundan sonra səhəri gün Zaqatala şəhəri, «Ağ Saray» Şadlıq Sarayının qarşısında Hacı ilə görüşərək 40 manat pulu Hacıya vermişdir. Həmin vaxtdan sonra Hacı bir neçə dəfə yenə ondan pul tələb etsədə o Hacıya pulunun olmadığını bildirmişdir. Lakin həmin vaxtdan sonra Hacı onun evinə gəldiyi üçün o polisə müraciət etmək qərarına gəlmiş və Zaqatala rayon polis şöbəsinə gələrək şikayət etmişdir. Əlavə sorğu-sual zamanı Zərərçəkmiş şəxs həmçinin bildirir ki, o Hacıya vermiş olduğu 1540 manat pulu «Azərbaycan Beynəlxalq Bank»ından 1800 manat kredit götürərək vermişdir. Lakin Hacı artıq onun evinə qədər gəldiyi üçün şikayət etmək qərarına gəlmiş və şikayət etmişdir. Təqsirləndirilən şəxs ondan pulu sosial şəbəkələrdə onu rüsvay edəcəyi ilə hədələyərək pul tələb edirdi, o da ailəsi və nəvələri olduğu üçün rüsvay olmaması üçün Hacıya pul verməyə razılıq vermişdir. O, Təqsirləndirilən şəxs birinci dəfə Zaqatala şəhərində pul vermiş, daha sonra isə razılaşdığı kimi Zaqatala rayonuna gəlməyə çətinlik çəkdiyi üçün hər dəfə Hacıya pulu Balakən şəhərində vermişdir. Hacı ondan 3000 manat pul tələb etsədə o, Təqsirləndirilən şəxs cəmi 1540 manat pul vermişdir. O, həmin pulları Hacıya verən vaxt yanlarında heç kim olmamışdır. Hacı ilə əvvəlcədən razılaşdığı kimi pulları hissə-hissə vermişdir. O, azyaşlı uşağa qarşı heç vaxt əxlaqsiz hərəkətlər etməmişdir. Sinifdə digər uşaqların gözü qarşısında bu hərəkətlərin törədilməsi də mümkünsüz bir işdir. O, hesab edir ki, bu ona qarşı pul tələb edilməsi üçün qurulmuş bir iş idi. Hazırda təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı ödəməmişdir. O vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2016-cı ildən Zaqatala şəhəri ərazisində «Dəniz» Tədris Mərkəzi adlı hazırlıq kursları təşkil etmişdir. Onun təşkil etdiyi hazırlıq kurslarında müqavilə əsasında işləyən müəllimlər tərəfindən şagirdlərə siniflər üzrə dərslər tədris edilmişdir. Adətən bir sinif üzrə 6 nəfərdən artıq şagird iştirak etmir. Zərərçəkmiş şəxs uzun illərdir ki, Balakən rayonundan müəllim kimi tanımışdır. Zərərçəkmiş şəxs 2016-cı ildən 2018-ci ilə qədər onun təsisçisi olduğu hazırlıq kursunda dərs demişdir. Sonradan o, işləməmiş və yalnız 2021-ci ilin aprel ayından yenidən işləməyə başlamışdır. Onun təsisçisi olduğu hazırlıq kursu hal-hazırda Zaqatala şəhəri, Faiq Əmirov küçəsində yerləşir, o isə «Ağ Saray»ın ikinci mərtəbəsində ofisdən istifadə edir. Təxminən 2021-ci ilin may ayının sonlarında səhər saatlarında ofisdə olan vaxt əvvəllər tanıdığı Zaqatala şəhər sakini Təqsirləndirilən şəxs adlı şəxs onun yanına gələrək hazırlıq kursunda dərs deyən Zərərçəkmiş şəxs tanışı az yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməsini bildirmişdir. O, Hacıya Zərərçəkmiş şəxs hal-hazırda Balakən şəhərində olduğunu deyərək onu dəvət edə biləcəyini bildirmiş, sonra isə Zərərçəkmiş şəxs ilə danışaraq saat 15 radələrinə ofisə dəvət etmişdir. Həmin gün Zərərçəkmiş şəxs bir nəfər, adını sonradan bildiyi İbrahim adlı şəxslə gəlmişdir. Daha sonra o, zəng vuraraq Hacını da ofisə dəvət etmiş, Hacı onun ofisində Zərərçəkmiş şəxsla görüşərək hadisəni danışmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tanışı az yaşlı qızın döşlərini əlləri ilə sıxmasını bildirmiş, sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qızın psixoloji müalicəyə ehtiyacı olduğunu, bunun üçün 3 min manat pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs isə ona az yaşlı qız haqqında heç bir əxlaqsız hərəkətlər etmədiyini demiş, lakin qızın müalicəsinə köməklik edəcəyini bildirmişdir. Sonra onlar öz aralarında söhbəti davam etdirmişlər. Onun yanında olanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sosial şəbəkələrdə rüsvay etməklə hədələməmişdir və ondan hədə-qorxu ilə pul tələb etməmişdir. O, istintaq orqanına verdiyi ifadəsini təsdiq etmir. İstintaqda verdiyi ifadəsini oxumadan imza etmişdir. O, istintaq vaxtı verdiyi ifadəsinin güya Təqsirləndirilən şəxs onun yanında Zərərçəkmiş şəxs hədə qorxu gələrək pul vermədiyi təqdirdə onu sosial şəbəkələrdə rüsvay edəcəyi hissəsini qəbul etmir, o, belə sözlər deməmişdir, ifadə onun adından nə üçün həmin məzmunda yazıldığını bilmir. Məhkəmə vaxtı verdiyi ifadəsini doğru hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, uzun illər Daxili İşlər Orqanlarında müxtəlif vəzifələrdə işləmiş, 2016-cı ildən isə təqaüddədir. Zərərçəkmiş şəxs uzun illərdir ki, Balakən rayonundan müəllim kimi tanımış, onun Zərərçəkmiş şəxs ilə dostluq münasibətləri olmuşdur. Təxminən 2021-ci ilin may ayının sonlarında Zərərçəkmiş şəxs onun yanına gələrək Hacı adlı bir nəfər şəxsin ona zəng vurub hədə-qorxu gəldiyini və işlədiyi «Dəniz» hazırlıq kursuna dəvət etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs ondan bir yerdə «Dəniz» hazırlıq kursunda Hacı adlı əxslə görüşə getməsini xahiş etmişdir. O Alqışla razılaşaraq sonra saat təxminən 15 radələrində Alqış ilə birlikdə Zaqatala şəhəri, «Ağ saray» şadlıq evinin ikinci mərtəbəsində yerləşən «Dəniz» hazırlıq kursunun ofisinə getmişdir. Həmin vaxt ofisdə hazırlıq kursunun rəhbəri Şahid4 da olmuşdur. Sonra ofisə Zaqatala şəhər sakini Təqsirləndirilən şəxs adlı şəxs gəlmişdir. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır və aralarında heç bir münasibət olmamışdır. Təqsirləndirilən şəxs söhbıtı başlayaraq Zərərçəkmiş şəxs dərs vaxtı onun tanışının qızı olan az yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməsini bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tanışı az yaşlı qızın dərs vaxtı döşlərini əlləri ilə sıxmasını bildirərək polisə şikayət edəcəklərini demiş, həmin vaxt o, Hacıya polisə şikayət etməsini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs sakit söhbət edərək qızın nənəsinin çox pis olduğunu, kursa gəlsə Zərərçəkmiş şəxs rüsvay edəcəyini, nənəsinin 5000 manat tələb etdiyini, lakin özü nənəsini 3000 manata razı salacağını bildirmişdir. Zərərçəkmiş şəxs isə ona az yaşlı qız haqqında heç bir əxlaqsız hərəkətlər etmədiyini lakin qızın müalicəsi üçün 1500 manat verə biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs rüsvay edərək çəkib internetə verəcəyi ilə hədələdiyini eşitməmişdir. İstintaqda verdiyi ifadəsinin həmin hissəsini təsdiq etmir. İstintaqda verdiyi ifadəsini oxumadan imza etdiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24.12.2021-ci il tarixli qərarının 6 və 7-ci bəndlərində qeyd olunur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Hökmdə sübut kimi ifadələrinə istinad edilən zərərçəkmiş şəxslərin, şahidlərin və sair şəxslərin soyadı, adı, atasının adı göstərilməklə yanaşı, bu ifadələrin sübut etmə predmetinə aid məsələ ilə şərtləndirilən zəruri həcmdə məzmunu da açıqlanmalıdır. Bu eynilə ekspert rəylərinə, məhkəmənin fikrincə işin faktiki hallarını təsdiq edən digər materiallara da aiddir. Hökmdə sübuta onun məzmunu açıqlanmadan məhkəmənin bu və ya digər məsələ üzrə qənaətini təsdiq edən mənbə kimi istinad olunmamalı, sübutun təsvir və təhlil edilməsindən məhkəmənin müvafiq nəticəyə məhz həmin sübutdan əldə etdiyi məlumat (məlumatlar) əsasında gəldiyi aydın görünməlidir. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Həmin Məcəllənin 327.1 və 327.1.3-cü maddələrindən görünür ki, məhkəmə şahidin məhkəməyədək icraat zamanı verdiyi ifadəsini əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda elan edə bilər. Belə halda şahidin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şahid4 və Şahid3 məhkəmə iclasında verdiyi sərbəst ifadəsi ilə ibtidai istintaq vaxtı verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onların ibtidai istintaq vaxtı verdiyi ifadələri elan olunmalıdır. Məhkəmə ibtidai istintaq vaxtı şahid qismində dindirilmiş və məhkəmə baxış iclasında ifadəsi elan olunan Şahid4 istintaq orqanına vermiş olduğu ifadəsindən məlum olur ki, 2016-cı ildən Zaqatala şəhəri ərazisində «Dəniz» Tədris Mərkəzi adlı hazırlıq kursları təşkil etmiş, onun təşkil etdiyi hazırlıq kurslarında müqavilə əsasında işləyən müəllimlər tərəfindən şagirdlərə siniflər üzrə dərslər tədris edilmiş, adətən bir sinif üzrə 6 nəfərdən artıq şagird iştirak etmir, Zərərçəkmiş şəxs uzun illərdir ki, Balakən rayonundan müəllim kimi tanımış, Zərərçəkmiş şəxs 2016-cı ildən 2018-ci ilə qədər onun təsisçisi olduğu hazırlıq kursunda dərs demiş, sonradan o işləməmiş və yalnız 2021-ci ilin aprel ayından yenidən işləməyə başlamış, onun təsisçisi olduğu hazırlıq kursu hal-hazırda Zaqatala şəhəri, Faiq Əmirov küçəsində yerləşir, o isə «Ağ Saray»ın ikinci mərtəbəsində ofisdən istifadə edir. Təxminən 2021-ci ilin may ayının sonlarında səhər saatlarında ofisdə olan vaxt əvvəllər tanıdığı Zaqatala şəhər sakini Təqsirləndirilən şəxs adlı şəxs onun yanına gələrək hazırlıq kursunda dərs deyən Zərərçəkmiş şəxs tanışı az yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməsini bildirmiş, o Hacıya Zərərçəkmiş şəxs hal-hazırda Balakən şəhərində olduğunu deyərək onu dəvət edə biləcəyini bildirmiş, sonra isə Zərərçəkmiş şəxs ilə danışaraq saat 15 radələrinə ofisə dəvət etmiş, həmin gün Zərərçəkmiş şəxs bir nəfər adını sonradan bildiyi İbrahim adlı şəxslə gəlmiş, sonra o zəng vuraraq Hacını da dəvət etmişdir. Hacı onun ofisində Zərərçəkmiş şəxsla görüşərək hadisəni danışmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tanışı az yaşlı qızın döşlərini əlləri ilə sıxmasını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs polisə şikayət edəcəklərini bildirmiş, həmin vaxt Zərərçəkmiş şəxs yanında gəlmiş İbrahim adlı şəxs polisə şikayət etməsini demiş, bundan sonra Hacı ilə İbrahim arasında sözlə mübahisə düşmüş, sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əgər 3 000 manat pul verməsə internetdə barəsində rüsvayedici məlumatlar yayacağını bildirmiş, Zərərçəkmiş şəxs isə ona az yaşlı qız haqqında heç bir əxlaqsız hərəkətlər etmədiyini deyərək pul verməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs isə əgər pul verməsə qızın nənəsi və bibisinin kursun qabağına gələcəyini və kursun qabağında Zərərçəkmiş şəxs rüsvay edərək çəkib internetə verəcəyi ilə hədələmiş, buna görə də Zərərçəkmiş şəxs Hacı ilə razılaşmış, həmin vaxtdan təxminən 10 gün sonra Təqsirləndirilən şəxs onun ofisinə gələrək Zərərçəkmiş şəxs mobil telefonun nömrəsini istəmiş, o da Zərərçəkmiş şəxs nömrəsini ona vermiş, həmin vaxtdan sonra Zərərçəkmiş şəxs hazırlıq kursuna gəlməmiş, o bir neçə dəfə Alqışa zəng vursada onun telefonlarına cavab verməmiş, lakin sonradan Zərərçəkmiş şəxs başqa işçilərinə işdən çıxdığını demiş, o, həmin vaxtdan sonra Zərərçəkmiş şəxs görməmişdir. Məhkəmə prosesində ifadələr arasında yaranmış ziddiyyətlərə izah verilməsi üçün şahid Rüstəm Qurbanovun istintaq vaxtı vermiş oluğu ifadəsinin hər səhifəsində olan imzaların və onun xətti ilə yazılmış “ifadəm mənim sözlərimlə düzgün yazılmışdır, imzamla təsdiq edirəm” sözlərinin ona aid olub-olmaması soruşulur, şahid Rüstəm Qurbanov imzaların ona aid olduğunu bildirdikdən sonra o, ifadəsini oxumadan imzaladığını bildirir. Məhkəmə ibtidai istintaq vaxtı şahid qismində dindirilmiş və məhkəmə baxış iclasında ifadəsi elan olunan Şahid3 istintaq orqanına vermiş olduğu ifadəsindən məlum olur ki, uzun illər Daxili İşlər Orqanlarında müxtəlif vəzifələrdə işləmiş, 2016-cı ildən isə təqaüddədir, Zərərçəkmiş şəxs uzun illərdir ki, Balakən rayonundan müəllim kimi tanımış, onun Zərərçəkmiş şəxs ilə dostluq münasibətləri olmuş, təxminən 2021-ci ilin may ayının sonlarında Zərərçəkmiş şəxs onun yanına gələrək Hacı adlı bir nəfər şəxsin ona zəng vurub hədə-qorxu gəldiyini və işlədiyi «Dəniz» hazırlıq kursuna dəvət etdiyini bildirmiş, Zərərçəkmiş şəxs ona bir yerdə «Dəniz» hazırlıq kursunda Hacı adlı şəxslə görüşə getməyi xahiş etmiş, o da bundan sonra saat təxminən 15 radələrində Alqış ilə birlikdə Zaqatala şəhəri, «Ağ saray» şadlıq evinin ikinci mərtəbəsində yerləşən «Dəniz» hazırlıq kursunun ofisinə getmiş, həmin vaxt ofisdə hazırlıq kursunun rəhbəri Şahid4 da olmuş, sonra ofisə Zaqatala şəhər sakini Təqsirləndirilən şəxs adlı şəxs gəlmiş və o Zərərçəkmiş şəxs tanışı az yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməsini bildirmiş, belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tanışı az yaşlı qızın döşlərini əlləri ilə sıxmasını bildirərək polisə şikayət edəcəklərini demiş, həmin vaxt o Hacıya polisə şikayət etməsini demiş, bundan sonra Hacı ilə sözlə mübahisəsi düşmüş, sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əgər 3 000 manat pul verməsə internetdə barəsində rüsvayedici məlumatlar yayacağını bildirmiş, Zərərçəkmiş şəxs isə ona az yaşlı qız haqqında heç bir əxlaqsız hərəkətlər etmədiyini deyərək pul verməyəcəyini bildirmiş, Təqsirləndirilən şəxs isə əgər pul verməsə qızın nənəsi və bibisinin kursun qabağına gələcəyini və kursun qabağında Zərərçəkmiş şəxs rüsvay edərək çəkib internetə verəcəyi ilə hədələmiş, sonra o Təqsirləndirilən şəxs hərəkətlərinə hirslənərək otaqdan çıxmış, bir müddət sonra Zərərçəkmiş şəxsla görüşən vaxt Alqış ona Hacının onu rüsvay edəcəyi ilə hədələyərək pulunu aldığını bildirmiş, o da bundan sonra Alqışa Zaqatala rayon polis şöbəsinə gedərək ərizə ilə müraciət etməsini bildirmiş, Zərərçəkmiş şəxs onun sözü ilə Zaqatala rayon polis şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Məhkəmə prosesində ifadələr arasında yaranmış ziddiyyətlərə izah verilməsi üçün Şahid3 istintaq vaxtı vermiş oluğu ifadəsinin hər səhifəsində olan imzaların və onun xətti ilə yazılmış “ifadəm mənim sözlərimlə düzgün yazlmışdir, imzamla təsdiq edirəm” sözlərinin ona aid olub-olmaması soruşulur, Şahid3 imzaların ona aid olduğunu bildirdikdən sonra o, ifadər arasında yaranmış ziddiyyətin səbəbini izah edə bilməmişdir, lakin məhkəmə prosesində düzgün ifadə verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2018-ci ildən Zaqatala şəhərində yerləşən «Labstyle» klinikasında həkim psixoloq işləyir, təxminən 2021-ci ilin may ayının sonlarında Şahid5 anası ilə birlikdə onun işlədiyi klinikaya gələrək ona müraciət etmişdir. O, əvvəlcə Mehrinurun anası Saniyət ilə danışaraq qızının problemlərinin nə olmasını öyrənməyə çalışmış, sonra Saniyət bir seans üçün nəzərdə tutulmuş 15 manat pulu klinikaya ödəniş etmişdir. Sonra o Şahid5 tək qəbul etmiş, ilk seansda psixoloq pasiyenti tanımağa və problemini dəqiq öyrənməyə çalışmış, ona görə də Mehrinur ona problemlərini danışmışdır. Mehrinur ona Zaqatala şəhərində yerləşən “Dəniz” kurslarında dərsdə olarkən ona dərs deyən yaşlı kişi müəllimin dərs zamanı əlinin arxadan sinəsinə toxunmasını, buna görə də pis olmasını və gedib olanları evdə danışdığını bildirmişdir. O, adətən müraciət edən pasiyentə, həmçinin onun probleminə baxıb seansların sayını müzyyən edir, o Mehrinuru təxminən 1 saat dinləmiş, sonra Mehrinura gələn həftənin eyni günü yanına gəlməsini tövsiyyə etmişdir. Lakin Şahid5 seansları davam etdirməyərək bir daha onun yanına gəlməmişdir. Əlavə sorğusual zamanı Şahid1 bildirmişdir ki, Mehrinurun psixikasında ciddi problemlərinin olmasını o, müşahidə etməmişdir, anasına onu bir müddətlik Bakı şəhərinə apararaq əyləndirməyi məsləhət görmüşdür. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Emirşanova Saniyat Zübahir qızı ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, onunla ailəvi dostdur. Qızı Mehrinur məktəbdən əlavə Zaqatalada təşkil olunmuş “Dəniz” kurslarına tədris alırdı. Təxminən 2021-ci ilin may ayının avvəllərində ona xəbər gəldi ki qızı dərsdən yarımçıq çıxaraq nənəsigilə getmidir, o, nənəsinə Alqış adlı müəllimin onun sinəsinə üç dəfə əl vurduğunu bildirmişdir və həyacandan nənəsigildə burnundan qan açılmışdır. O, hadisə barədə Hacıya məlumat vermişdir və ondan xahiş etmişdir ki, onunla birlikdə Dəniz kurslarına gedib hadisəyə aydınlıq gətirsinlər. Hadisə olan günü o, Hacı və anası ilə birlikdə “Dəniz” Tədris kursuna getsələr də Zərərçəkmiş şəxs kursda olmadığından onunla əlaqə yaratmaq mümkün olmamışdır. Kursun rəhbəri Qurban müəllim Zərərçəkmiş şəxs günortadan sonra olacağını bildirmişdir. Həmin günü onlar Zərərçəkmiş şəxs görə bilməmişlər. Qızının deməsinə görə Zərərçəkmiş şəxs adlı müəllim qızını yazı taxtasına çıxarmış və qızının sinəsinə 3 dəfə toxunmuşdur. O, əvvəllər Zərərçəkmiş şəxsla heç vaxt görüşməmişdir. O, Təqsirləndirilən şəxs xahiş etmişdir ki, Zərərçəkmiş şəxsla görüşsün və məsələyə aydınlıq gətirsinlər. Uşağın psixikasında problem yarandığı üçün psixoloqa aparmaq və tələb olunarsa müalicə etdirməyi düşünürdü. Hadisənin səhəri günü Hacı ona bildirdi ki, o, Zərərçəkmiş şəxs ilə görüşüb və sonuncu ona təxminən 1000 manat pul verməyi təklif etmişdir və bu məqsədlə Hacıya həmin gün 500 manat pul vermişdir. Ümumilikdə Hacı ona 900 manat pul verilmişdir. Hacı heç vaxt Zərərçəkmiş şəxs hədə qorxu gəlməmişdir, onu sosial şəbəkələrdə biabır edəcəyini bildirməmişdir. Onun bildiyinə görə Alqış pulu Hacıya könüllü olaraq vermişdir. Alqışdan pulun alınmasında məqsəd qızı müalicə etdirmək olmuşdur. Cəmi bir seans uşağı psixoloqa aparmışdır. Psixoloq həftənin eyni günü yanına gəlməsini tövsiyyə etmişdir. Lakin o, qızını Bakıya aparmışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 1540 manat verməsindən xəbəri olmamışdır. Ona 900 manat pul çatmışdır. Məhkəmə iclasında qanuni nümayəndəsi olan anasının iştirakı ilə əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 1-ci gün idi Zaqatala şəhərində yerləşən “Dəniz” kurslarına getmişdir. Son dərs fizika fənni dərsi olmuşdur. Sinifdə 3 qız şagirdi olmuşdur. Müəllim sinifə gəlmiş, onu lövhəyə çağırmış və ona tapşırıqlar vermişdir. O, tapşırığı yerinə yetirdikdən sonra ona afərin deyərək arxa tərəfdən ona yaxınlaşaraq əlini onun sinəsinə vurmuşdur. Birinci dəfə dəydikdə təsadüfən baş verdiyini düşünmüş, sonra ikinci və üçüncü dəfə sinəsinə toxunduqda o, həyəcanlanmış və çantasını götürüb sinifdən getmişdir. O, evə getdikdə əvvəlcə nənəsini görmüş və keçirdiyi stresdən ağlamışdır, eyni zamanda burnundan qan açılmışdır. Sinifdə olarkən uşaqlar həmin hadisəni görməmişlər. Çünki o, arxaya çevrilib uşaqlara baxdıqda onlardan birinin pəncərədən sallanıb çölə baxdığını, digərinin isə parta üzərində uzanıb yatdığını görmüşdür. O, bu hadisə ilə əlaqədar bir dəfə psixoloq yanında bir seans almışdır. İkinci seansa getməmişdir. Anası onu Bakı şəhərinə aparmışdır. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 15.07.2021-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 14.07.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində 14.07.2021-ci il tarixdə saat 18:07-də tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” 16.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 16.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, qərar elan edildikdən dərhal sonra MSY-dən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21.07.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zaqatala Bələdiyyəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Zaqatala RİHB-ın Zaqatala şəhər inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən 23.07.2021-ci il tarixdə verilmiş 1040 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 24.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin öz qüvvəsində saxlanılması, Zərərçəkmiş şəxs əməlinə hüquqi qiymət verilməsi üçün barəsində cinayət işinin materiallarından ayrıca materialın ayrılması, cinayət hadisəsinin baş verdiyi yerin Zaqatala şəhəri hesab edilməsi, Emirşanova Saniyat Zubahir qızının və Kərimova Hacı Rəsul oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.4-cü maddələrinin tərkibi olmadığı üçün Azərbaycan Respublikası CM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi, Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs Şahid5 müalicəsi üçün 900 manat pul almasını göstərməsinin özünü müdafiəsi kimi qiymətləndirilməsi qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 26.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 12.02.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası CM-nin 153.3-cü maddəsinin tərkibi olmadığı üçün barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə şahid qismində dindirilmiş Şahid4 və Şahid3 ibtidai istintaq vaxtı verdikləri ifadələrindən fərqli olaraq məhkəmə prosesində verdiyi ifadələrinin guya Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs qarşı onu sosial şəbəkələrdə ifşa edəcəyi barədə hədə qorxu gələrək pul tələb etməsi halının onların yanında baş verməməsinə və bu halın şahidləri olmamaları hissəsinə tənqidi yanaşır və məhkəmə prosesində verdikləri ifadələrin həmin hissəsini inandırıcı hesab etmir. Belə ki, ibtidai istintaq və məhkəmə vaxtı şahid qismində dindirilmiş istər “Dəniz” kurslarının rəhbəri olan Şahid4 istərsə də Şahid3 ali təhsilli olmaqları ilə yanaşı cəmiyyətdə müəyyən nüfuz sahibi olmaqla savadlı şəxslərdi, Şahid3 polis orqanlarında müxtəlif vaxtlarda müxtəlif vəzifələrdə işləmiş şəxsdir, belə şəxslərin özlərinin dedikləri kimi ibtidai istintaq vaxtı verdikləri ifadəni oxumadan imzalamaqları məhkəmə tərəfindən inandırıcı olaraq qəbul edilə bilməz. Məhkmə hesab edir ki, hər iki şahidin məhkəmə prosesində ifadələrini təqsirləndirilən şəxsin xeyrinə dəyişmələri Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmasına kəməklik etmələri kimi qiymətləndirilməlidir. Bu səbədən onların məhkəmə vaxtı verdikləri ifadələrə qiymət verilərkən məhkəmə Şahid4 və Şahid3 ibtidai istintaq vaxtı vermiş olduqları ifadələri sübut kimi qəbul edir. Məhkəmə, məhkəmə prosesində verilmiş həmin ifadələri şahidlər tərəfindən təqsirləndirilən şəxsin təsiri altında verilmiş olduğu qənaətinə gəlir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bilməməsinə tənqidi yanaşır, və bunu məsuliyyətdən yayınmaq üçün seçdiyi üsul kimi qiymətləndirir. Təqsirləndirilən şəxs məhkəmə prosesində özünü müdafiə xarakteri daşıyan ifadələri zərəçəkmiş şəxsin, məkəmə və ibtidai istintaq vaxtı dindirilmiş şahid ifadələri və cinayət işinin materialları ilə təqzib olunur. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb etmədiyini, Zərərçəkmiş şəxs 900 manat pulu guya Şahid5 müalicəsi üçün aldığını göstərməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul olunur. Belə ki, məhkəmə prosesində aparılmış araşdırma nəticəsində nüəyyən olundu ki, Şahid5 cəmi bir dəfə psixoloqun seansında olub, digər seanslara getməyib, başqa yerdə müalicə olunması ilə əlaqədar məhkəməyə heç bir sübut təqdim olunmamışdır və onun ümumiyyətlə müalicəyə heç bir ehtiyacı olmamışdır. Şahid5 səhhətində ciddi problem olmadığı təqdirdə zərəçəkmiş şəxs Alqış Kazimovun hansı səbəbə gərə Təqsirləndirilən şəxs pul verməsi sonuncu tərəfindən məhkəmə prosesində izah edilə bilməmişdir. Ədalətli məhkəmə araşdırması hüquqi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı, ilk dəfə az ağır cinayət törətdiyi üçün ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddində cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə tənqidi yanaşır və bunu məsuliyyətdən yayınmaq üçün seçdiyi üsul kimi qiymətləndirir. Belə ki, o, özünün təqsiri olmamasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 14.07.2021-ci il tarixdən 16.07.2021-ci il tarixə qədər həbsdə saxlandığı 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından bir günə bir gün hesabı ilə çıxılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını “ümumi rejimli” cəza çəkmə müəssisəsində çəkməlidir. Zərərçəkmiş şəxs vurulmuş 1540 (bir min beş yüz qırx) manat maddi ziyanın tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfləri və əmlak müsadirəsi yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 381-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 14.07.2021-ci il tarixdən 16.07.2021-ci il tarixə qədər həbsdə saxlandığı 02 (iki) gün müddət ona təyin olunmuş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın Cəzasının çəkilməsinin əvvəli həbsə alındığı gündən 19.04.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvədə saxlanılsın. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs vurulmuş 1540 (bir min beş yüz qırx) manat maddi ziyanın tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar