Məhkəmə qərarları › İş №1(033)-15/2024

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №1(033)-15/2024

26.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 1(033)-15/2024 26.02.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Kərimova Şəhla Saleh qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət verən şəxs X1 iştirakı ilə, xüsusi ittiham qaydasında şikayət verən şəxs X1 Məmmədov Elçin Qurban oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək xx.xx.1987-ci il təvəllüdlü Məmmədov Elçin Qurban oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsinə dair hökm çıxarılmasını xahiş etmişdir. X2 ərizəni onunla əsaslandırmışdır ki, fevral ayının 12-də Məmmədov Elçin Qurban oğlu bəzi sosial şəbəkələrdə - "Youtube"da, “Facebook”da və “Tik-Tok”da onun haqqında şər-böhtan xarakterli videolar paylaşmışdır. O, paylaşdığı videolarda qeyd edir ki: “Bələdiyyənin möhürü kənd ərazi dairə üzrə nümayəndəsi Cuma Qurbanovda olur, bundan başqa torpaqları satır və talayır, vətəndaşlardan 50-100 manat pul alır. Bacısından 50 manat pul alıb və sair. Qeyd etmək istəyir ki. bələdiyyəyə məxsus olan möhür bələdiyyə binasındakı seyfdə saxlanılır. Əlavə olaraq bildirir ki, bələdiyyə torpaqlarının satışı bələdiyyə iclaslarında müzakirə olunaraq bələdiyyə üzvlərinin səsverməsi nəticəsində qərar qəbul edilərək notarial qaydada dəyəri ödənilməklə satışı həyata keçirilir. O, bu hərəkətləri ilə onu ağır cinayətdə ittiham etməklə böhtan atır. Onun bu əməli Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə tövsif olunmalıdır. Göründüyü kimi, Məmmədov Elçin Qurban oğlu sosial şəbəkələrdə - “Youtube"da, “Facebook"da və “Tik-Tok“da haqqında şər böhtan xarakterli videolar paylaşır, onun etdiyi paylaşımlarda deyilənlərin heç bir hüquqi əsası yoxdur. Bununla da Elçin Məmmədov sosial şəbəkələrdə həqiqətə uyğun olmayan, qərar və yalanlardan ibarət böhtan xarakterli uydurma, şəxsiyyətin şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan videolar paylaşaraq yalan məlumatları kütləvi informasiya vasitəsində yaymışdır. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş barəsində şikayət verilmiş şəxs Məmmədov Elçin Qurban oğlu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsini rəhbər tutaraq məhkəmə hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət verən şəxs X2 xüsusi ittiham qaydasında verdiyi şikayətin məzmununa uyğun izahat verdi, şahidlərinin olduğunu, ona bu hadisə nəticəsində zərər dəydiyini, Elçin Məmmədovun həmin videoları paylaşdığı zaman onun olduğu yer barədə dəqiq məlumatı olmadığını bildirdi, şikayət üzrə məhkəmə baxışının təyin edilməsini və işin məhkəmə baxışına verilməsini xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti araşdırıb, belə nəticəyə gəlir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3 və 302.1.6-cı maddələrinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. İş materiallarından görünür ki, X1 xüsusi ittiham qaydasında şikayətinin məzmunu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 293.3-cü maddəsinin tələblərinə cavab vermir. CPM-in 299.3.3-cü maddəsinə görə, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə baxılmalıdır. CPM-in 293.3.1 - 293.3.7-ci maddələrinə görə, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün) və yer, şikayəti vermiş şəxsin imzası. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 iş materiallarında olan ərizəsindən görünür ki, şikayət yazılarkən qanunvericiliyin tələbinə tam əməl edilməmiş, şikayətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələri üzrə ayrı-ayrılıqda törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərin ayrı-ayrılıqda harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməli olduğu halda, bu məlumatlar göstərilməmişdir. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 məhkəmə iclasında izahat verərkən şahidlərinin olduğunu və ona bu hadisə nəticəsində zərər dəydiyini, Elçin Məmmədovun həmin videoları paylaşdığı zaman onun olduğu yer barədə dəqiq məlumatı olmadığını bildirmişdir. Məhkəmənin qənaətinə görə şikayət vermiş şəxs izahat verərkən qeyd etdiklərini xüsusi ittiham qaydasında şikayətində də göstərməlidir. Bunların isə göstərilməməsi xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi üçün əsasdır. Məhkəmə onu da qeyd edir ki, böhtan cinayətinin anlayışı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində verilmişdir. Həmin maddəyə əsasən böhtan dedikdə yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş böhtan cinayəti obyektiv cəhətdən yalnız o vaxt mövcud ola bilər ki, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Təhqir cinayətinin anlayışı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində verilmişdir. Həmin maddəyə əsasən təhqir dedikdə isə yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatların doğru olmaması; belə məlumatların yayılması; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il 7 saylı qərarına görə, yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirmə başa düşülür. Belə məlumatların şərəf və ləyaqəti ləkələnən və ya nüfuzdan salınan şəxsin özünə deyilməsi CM-in 147-ci maddəsi ilə məsuliyyət yaratmır. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatların yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur, Yayılan məlumatlar başqa şəxsləri ləkələsə də, həqiqi məlumatlardırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktlarla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Yol verdiyi nöqsanlarla əlaqədar şəxsin tənqid olunması şərəf və ləyaqətin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Bu cinayət qanunda göstərilən üç üsulla törədilə bilər: məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaymaqla. Bu o deməkdir ki, başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar kütləvi əsərdə təsvir edilməklə qəzetlərdə, jurnallarda, radioda, televiziyada, internetdə, mitinqlərdə, piketlərdə, yürüşlərdə və ya küçəyə çıxıb qışqırmaqla və s. yayıla bilər. Böhtan cinayəti hər hansı formada (şifahi, yazılı) törədilə bilər. Bu cinayət hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar yayıldığı andan başa çatmış sayılır. Təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk edir və bunu arzu edir. Əgər şəxs yaydığı ləkələyici məlumatların həqiqətə uyğun olduğuna inanırsa, lakin əslində həmin məlumatlar yalandırsa, CM-in 147-ci maddəsi ilə cinayət məsuliyyəti istisna olunur. Göründüyü kimi, qanunverici mülki məsuliyyətə səbəb olan böhtanla (təhqirlə) cinayət məsuliyyəti yaradan böhtanı (təhqiri) bir-birindən fərqləndirmək üçün cinayətin edilmə üsulunu cinayət tərkibinin zəruri əlaməti kimi CM-in 147-ci və 148-ci maddələrinə daxil edilmişdir. CM-in 147-ci və 148-ci maddələrinə görə yalnız kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə və ya kütləvi informasiya vasitəsində ləkələyici və ya nüfuzdan salan məlumatların yayılması cinayət məsuliyyətinə səbəb olur. Qalan bütün hallarda belə məlumatların yayılması mülki məsuliyyət doğurur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 7-ci bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub-olmamasına diqqət yetirsinlər. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər (bax, başqa mənbələrlə yanaşı, Radio Frans və digərləri Fransaya qarşı, §37 və yuxarıda qeyd olunmuş Kolombani və digərləri, §65). Yerlərdə seçilmiş nümayəndələr və ya vəzifəli şəxslər tərəfindən törədilməsi güman olunan cinayətlər barədə ictimaiyyəti xəbərdar etmək vəzifəsi mətbuata aid olsa da, müəyyən şəxslərin adlarını və vəzifələrini qeyd etməklə onları birbaşa ittiham etmə jurnalistləri öz iddiaları üçün kifayət qədər faktiki əsasları təqdim etmək öhdəliyini müəyyən edir (bax, Lesnik Slovakiyaya qarşı, §57). Həmin Qərarın 8-ci bəndində göstərilmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafıq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fıkirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Göründüyü kimi ilk öncə təhqir xarakterli məlumatlar yayılmalı, sonra isə həmin məlumatların həqiqətən təhqir olub-olmaması araşdırılmalıdır. Avropa İnsan hüquqları Konvensiyasının 10-cu maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair 17 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. CM-in 147-ci maddəsinə əsasən, böhtan dedikdə, yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında nəzərdə tutulur. Həmin Məcəllənin 148-ci maddəsinə görə, təhqir dedikdə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan əməl nəzərdə tutulur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 11-ci bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarın 12-ci bəndində göstərilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1- 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1 və 300.1.3-cü maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin Məcəllənin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300, 302, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Xüsusi ittiham qaydasında şikayət verən şəxs X1 barəsində şikayət verilmiş şəxs Məmmədov Elçin Qurban oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən və şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar