Məhkəmə qərarları › İş №1(033)-16/2025

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-16/2025

07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-16/2025 07.04.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Dövlət ittihamçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə İdаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 5ində qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 07 aprel 2025-ci il tarixdə, saat 14:30-da Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o, vahid qəsdlə əhatə edilən tamah niyyəti və özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirtmək məqsədi ilə 2024-cü ilin sentyabr ayının sonlarında yaşayış sahəsinə, yəni ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qapısını dəmir burğacla açmaqla qanunsuz daxil olmuş, evin qonaq otağından 1200 manat dəyərində 1 ədəd künc divanı və 1 ədəd jurnal masası, 600 manat dəyərində 1 ədəd stol və 06 ədəd stulu, 200 manat dəyərində bir ədəd tozsoranı qəsdən gizli talayaraq qoca vəziyyətdə olan Zərərçəkmiş şəxs1 ümumilikdə 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs onun bibisidir. Bir gün qəfildən qeyd edilən evindən oğurluq etmək fikrinə düşmüşdür. Həmin əməli törədərkən isə tək olmuşdur. İlk öncə oğurlayacağı əşyaların şəkillərini “Whatsapp” qrupuna yerləşdirmiş, sosial şəbəkə vasitəsi ilə əşyaları alan şəxslər özləri əşyaları maşına yükləyib getmişdirlər. Lakin evin açarları onda olmamışdır, belə ki, qapı dəmir olduğu üçün itələyib açmışdır. İçəri qapının isə kilidini dəyişib ayrı kilid qoymuşdur. Evdən stol-stulları, tozsoranı oğurlamış, lakin pul, qızıl oğurlamamışdır. Verilmiş sullara cavab olaraq bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir, həmçinin bildirir ki, əşyaları alan şəxslər həmin əşyaların oğurluq mal olmasından məlumatları olmamışdır. Satdığı əşyaları öz əşyaları kimi təqdim etmişdir. Oğurluyub satdığı mallar geri qaytarılmışdır. Qaytarılmamış digər əşyanın dəyərini ödəməyə razıdır. Əməlindən peşmandır. Bağışlanmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs qardaşının oğludur və aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. Həmin ev Rusiyada yaşayan digər qardaşının evidir. Qardaşı Rusiyaya gedən zaman açarlardan birini ona, digərini isə ustaya vermişdi. Usta evə baxmaq üçün getdikdə qapının açılmadığını görmüş və tez qardaşına zəng etmişdir. Qardaşı da ona zəng etmiş, o da rəhmətlik yoldaşı ilə birgə evə getmiş ondakı açar ilə qapını açmağa çalışmış, lakin qapı açılmamışdır. Qardaşı evə girənin tapılması üçün şöbəyə ərizə verilməsini istəmişdir. Onlar da vermişdirlər. Bir saatdan sonra cinayətkarın tapıldığını demişdirlər. Həmin şəxsin isə qardaşı oğlu olduğu məlum olmuşdur. Verilmiş suallara cavab olaraq bildirir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Bildirir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi qardaşı Bəhram Bədirovun adına olsa da qardaşı həmin evi onun istifadəsinə vermişdir. O, qazanc əldə etmək məqsədilə həmin evi kirayəyə vermək istəmiş və öz hesabına əşyalar alıb evə qoymuşdur. Qeyd edir ki, əşyaların oğurlanması nəticəsində ona ümumilikdə 2000 manat ziyan dəymişdir. Götürülən əşyalar qaytarılmışdır. Yalnız tozsoran qaytarılmayıb, o da lazım deyil. Bildirir ki, təqsirləndirilən şəxslə barışmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi üçüncü səfərdir görür, aralarında heç bir ədavət və düşmənşilik yoxdu. Əşyaları sosial şəbəkə üzərindən satış səhifəsi vasitəsilə tapmışdır. “Rahatsat” internet səhifəsində satışda əşyaların olduğunu görmüş, qeyd edilən nömrəyə zəng etmiş, alacağı əşyanın qiymətinin 200 manat olduğunu öyrənmiş, əşyaların yeri ilə maraqlanmışdır. Daha sonra Bazar massivinə özü maşın göndərmiş, pulunu verib divanı alımışdır. Hadisənin üzərindən bir müddət keçdikdən sonra ona polisdən zəng edib xəbərdar etmişdirlər ki, aldığı divan oğurluqdur. O, bunu bilən kimi həmin malı yenidən maşın tutub, hardan alımışdırsa, ora təhvil vermişdir. Lakin ödədiyi pulu geri ala bilməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, əşyaların oğurluq olduğunu bilməmişdir. Həmin əşyaları isə müstəntiq Pərvinin zəngi ilə geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi stulları alandan sonra tanımışdır, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Zaqatala alqı-satqı qrupu vasitəsi ilə satışda olan əşyaları görmüş və qeyd edilən nömrə ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs satdığı əşyaların özünə məxsus olduğunu bildirmişdir. Qiyməti də 150 manata razılaşmışdırlar. Maşını ilə getmiş, təqsirləndirilən şəxs qapını açmış, o da maşını içəri salmış və köməkli şəkildə əşyaları yığmışdırlar. Həmin əşyalar 1 stol, 6 stuldan ibarət olmuşdur. Həmin əşyaları evinə aparmışdırlar, elə orda da pulunu vermişdir. Daha sonra Samiri Bazar massivinə aparmışdır. Üç-dörd gün sonra şöbədən zəng edib malların oğurluq olduğunu bildirmişdirlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin əşyaların oğurluq olduğunu bilməmişdir. Əşyaları isə polisə təhvil vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 iş materiallarına əlavə edilmiş, məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, hazırda ailəsi ilə birlikdə göstərilən ünvanda yaşayır. Təqsirləndirilən şəxs uzun illərdir tanıyır, dostdurlar, aralarında düşmənçilik və ədavət yoxdur. Zərərçəkmiş şəxs1 tanımır, aralarında düşmənçilik və ədavət yoxdur. 2024-cü ilin sentyabr ayının sonlarında Təqsirləndirilən şəxs ona zəng edərək əmisinin övladı olmadığı üçün övlad əvəzi kimi ona ev hədiyyə etdiyini, hazırda orada qaldığını bildirib onu həmin evə dəvət etmiş, o da Samirə bildirmişdir ki, hazırda Bakıdadır, işdən rayona qayıdanda gələr. Təxminən 2-3 gün keçmiş o, rayona qayıdıb Samirlə əlaqə saxlamış, Samir ona həmin evin ünvanını izah etmiş və o da oraya getmişdir. Həmin gün Samirlə birlikdə həmin yaşayış evində qalmışlar. Samir ona bildirmişdir ki, pulu olmadığından evdə olan tozsoranı 50 manat məbləğində satmışdır, eyni zamanda demişdir ki, evin digər əşyalarını da satsınlar. Samir evin əşyalarını istifadə etdiyi telefon vasitəsilə videolentə alaraq votsap sosial şəbəkəsi üzərindən ucuz alış-veriş platformasında satışa çıxartmışdır. Belə ki, Samir evdə olan 1 ədəd künc divanını və 1 ədəd jurnal masasını 195 manat qarşılığında bir şəxsə, 1 ədəd stol və 6 ədəd stulu 150 manat qarşılığında adını bilmədiyi şəxsə satmışdır. Həmin evə Samirin qanunsuz daxil olması barədə hər hansı bir məlumatı olmamışdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis X3 baş müstəntiqi, polis baş leytenantı X5 tərəfindən qəbul edilmişi 02 oktyabr 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 01 oktyabr 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evidir. Həmin fərdi yaşayış evi X4 adınadır. Fərdi yaşayış evi 2 mərtəbədən ibarətdir. Evə daxil olduqda 1-ci mərtəbədə dəhliz yerləşir. Daha sonra birinci mərtəbədən 2-ci mərtəbəyə qalxmaq üçün taxta pilləkən vardır. 2-ci mərətəbəyə qalxdıqda qonaq otağı yerləşir. Qonaq otağına daxil olduqda Məryəm Əlixanova ona məxsus 1200 manat dəyərində 1 ədəd künc divanının, 1 ədəd jurnal masasının, 600 manat dəyərində 1 ədəd stolun, 6 ədəd stulun və 200 manat dəyərində 1 ədəd tozsoranın oğurlandığını qeyd etmişdir. Daha sonra yataq otağına daxil olduqda orada çarpayı, paltar şkafı, güzgü yerləşir. Mətbəxə daxil olduqda mətbəx şkafı vardır. Zərərçəkmiş şəxs1 ona dəymiş ümumi zərərin 2000 (iki min) manat olduğunu bildirmişdir. Yaranmış zərurətlə əlaqədar evin 1-ci mərtəbəsində yerləşən mətbəxin işçi masası üzərindəki şəffaf göy tutacaqlı çay stəkanının üstündən, “Berqa” yazısı olan çay qabının üstündən, “FAİRY” yazısı olan qab şampununun üstündən və evin 1-ci mərtəbəsindəki yataq otağında içərisində “KENT” siqaret kötüyü olan qabın üstündən əl-barmaq izləri götürülmüşdür. Götürülmüş 21 ədəd əl-barmaq izləri qablaşdırılaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 02 oktyabr 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1959-cu il təvəllüdlü, ünvan 5ində qeydiyyatda olmaqla, ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş 03 oktyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. İş materiallarına əlavə edilmiş 03 oktyabr 2024-cü il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, xx.xx.2001-ci ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkumluğu olan, ünvan 5ində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 07 oktyabr 2024-cü il tarixli “götürmə haqqında” qərardan, protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs3 könüllü olaraq təqdim etdiyi 01 ədəd künc divanı və 01 ədəd jurnal masası iş üçün əhəmiyyət kəsb etdiyi üçün Zərərçəkmiş şəxs3 götürülmüşdür. İş materiallarına əlavə edilmiş 07 oktyabr 2024-cü il tarixli “götürmə haqqında” qərardan, protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs4 könüllü olaraq təqdim etdiyi 01 ədəd stol və 06 ədəd stul iş üçün əhəmiyyət kəsb etdiyi üçün Zərərçəkmiş şəxs4 götürülmüşdür. İş materiallarına əlavə edilmiş 07 oktyabr 2024-cü il tarixli “əşyanın maddi sübut kimi tanınması haqqında” qərardan görünür ki, 01 ədəd künc divanı, 01 ədəd jurnal masası, 01 ədəd stol və 06 ədəd stul iş üzrə maddi sübut hesab edilmiş və hökm qanuni qüvvəyə minənədək saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 15 oktyabr 2024-cü il tarixli 3-13-11/2-11209/2024 saylı məktubdan görünür ki, tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində əl izlərindən 08 ədədi (ADİS-in məlumat bankına Zaqatala RPŞ-dən daxil olan) xx.xx.2001-ci il tarixdə Zaqatala rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin orta (04 dəfə), şəhadət (02 dəfə), adsız və sol əlinin orta barmaqlarının (göy tutacaqlı stəkanın və berqa yazılan çay qutusunun üzərindən götürülmüş) əksləri ilə, 01 ədədi (ADİS-in məlumat bankına Zaqatala RPŞ-dən daxil olan) xx.xx.2002-ci il tarixdə Zaqatala rayonunda anadan olmuş Zərərçəkmiş şəxs2 sağ əlinin orta barmağının (yataq otağında içərisində siqaret olan qabın üzərindən götürülmüş) əksi ilə eynilik təşkil etmişdir. İçərisində əl izləri olan möhürlənmiş 01 ədəd zərf məktuba əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Bədirov X7 rayon məhkəməsinin xx.xx.2022-cü il tarixli hökmü ilə Аzərbаycаn Rеspublikаsı CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzаsınа məhkum еdilmiş, xx.xx.2023-cü il tarixdə Zaqatala rayon məhkəməsinin qərarı ilə xx.xx.2022-ci il tarixli hökmlə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il, 04 (dörd) ay, 09 (doqquz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 08 (səkkiz) ay 04 (dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 1(033)-60/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasınа məhkum edilmiş, Təqsirləndirilən şəxs 29 iyul 2022-ci il tarixdən 31 iyul 2022-ci il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 4 (dörd) gün həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 7(033)-10/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqdimat verən şəxs Zaqatala rаyоn İcrа və Probasiya Şöbəsinin sınaq müddətində olan böyük icra məmuru (probasiya üzrə) X1 təqdimatı təmin edilərək, məhkum Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 1(033)-60/2022 nömrəli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 04 (dörd) ay 09 (doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 8 (səkkiz) ay 04 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, məhkum Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsə alınaraq cəzasının əvvəli həbsə alındığı tarixdən, yəni, 06 mart 2023-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 7(075)-234/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilərək o, cəzadan şərti olaraq on bir gün vaxtından əvvəl azad edilmişdir İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “X13” X15 tərəfindən verilmiş 26 noyabr 2024-cü il tarixli, 18-1-19/2- 1478/2024 saylı məktubdan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Zaqatala RMX-nın göndərişi ilə çox ağır vəziyyətdə TTY briqadası tərəfindən X9 gətirilmişdir. Barəsində “Yanıq xəstəliyi” başın, sifətin, hər iki qulaq seyvanının, boyunun dairəvi, hər iki yuxarı ətrafların və əllərin dairəvi, sinənin və kürəyin İİ-İİİ-İV dərəcəli termiki alov yanığı. YTYY Yanıq şoku. S=25% diqanozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş 26 noyabr 2024-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Yengiyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-82-36/2-03/2025 saylı, 09 yanvar 2025-ci il tarixli və 5-82-36/0-04/2025 saylı, 09 yanvar 2025-ci il tarixli məktublardan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Yengiyan kənd sakinidir və halhazırda Yengiyan kəndində yaşayır. Ailə tərkibi özündən, atasından və anasında ibarətdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Yengiyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 yanvar 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, xx.xx.2001-ci ildə ünvan 5ində anadan olmuş, azərbaycanlı, tam orta təhsilli Təqsirləndirilən şəxs doğulduğu gündən bugünədək ünvan 5ində yaşamışdır. Yengiyan kəndində yaşadığı dövr ərzində davranışları ilə müsbət cəhətdən seçilməmişdir. Kənddə yaşadığı dövr ərzində onun barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi tərəfindən 11 oktyabr 2021-ci il tarixxdə verilmiş Mİ 011781 saylı vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə iştirakçısıdır. Vəsiqənin statusu üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş İ-10825 saylı Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X8” X15 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1069/KEŞ saylı “canlı şəxsin məhkəmə-tibbi müayinəsinə” dair ekspert rəyindən görünür ki, onda yanıq xəstəliyi, başın, sifətin, hər iki qulaq seyvanının, boynun dairəvi, hər iki yuxarı ətrafların, əllərin dairəvi, sinənin və kürəyin İİ-İİİ-İV dərəcəli termiki alov yanığı, S-25%+YTYY-dan sonrakı vəziyyət aşkarlanmış, onun bu xəstəliyi xroniki gedişlidir, vəziyyətinin kafi olması nəzərə alınaraq hal-hazırda onunla istintaq hərəkətlərinin aparılması mümkündür. İş materiallarına əlavə edilmiş 11 yanvar 2025-ci il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi barədə” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 20 noyabr 2024-cü il tarixli, 9/8516 saylı ekspert yəyindən görünür ki, 01 ədəd taxta materialdan hazırlanmış jurnal masası 40 manat, 3 ədəd döşəkçə ilə birlikdə 4,2 metr uzunluğunda, məxməri parçadan hazırlanmış künc divanı 650 manat, toxunma üsulu ilə hazırlanmış 1 ədəd stol və 6 ədəd stul 380 manat, 2024-cü il istehsallı, 3 L toz torbası tutumlu, 3,4 kq çəkisi olan naqilli tozsoranın qiymətləndirilməsi mümkün olmamışdır. Tədqiqatın nəticəsinə əsasən analoji mallara müvafiq olaraq, ekspertiza təyini haqqında qərarda və təqdim edilmiş fotocədvəldə 03 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1070,00 manat müəyyən edilir. Qərarda qeyd edilən digər 01 ədəd 2024-cü il istehsallı, 03 L toz torbası tutumlu, naqilli tozsoran barədə ətraflı məlumat (markası, modeli, istehsal ili, istismar müddəti və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsi tərəfindən verilmiş 20 noyabr 2024-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X16 tərəfindən verilmiş 10 yanvar 2025-ci il tarixli 18-1-78/2-26/2025 saylı məktubdan görünür ki, ünvan 5ində qeydiyyatda olan və yaşayan Bədirov X7 RMX PHŞ-nin Narkoloji və Psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş 15 yanvar 2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutların kifayət etmiş hesab olunması, sənədlərin Təqsirləndirilən şəxs tərəfindən imzalana bilməməsinə və onun əvəzinə müdafiəçisinin imzalamasına münasibətdə onun aldığı yanıq xəsarətlərindən ibarət fiziki qüsuru və CPM-in 51.5-ci maddəsinin tələblərinin nəzərə alınması, Təqsirləndirilən şəxs əməllərinin cinayətin residivi kimi qiymətləndirilməməsi, hadisə yerinə baxış zamanı götürülmüş əl-barmaq izlərinin maddi sübut növü kimi tanınması və cinayət işində saxlanılması, Təqsirləndirilən şəxs 03 oktyabr 2024-cü il tarixdə Аzərbаycаn Rеspublikаsı CM-nin 177.2.3-cü mаddəsi ilə ona elan edilmiş ittihama düzəlişlər olduğundan ona həmin maddə ilə yenidən ittiham elan edilməsi və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılması, cinayət işinin ibtidai istintaqı zamanı cinayətin Təqsirləndirilən şəxs tərəfindən təkbaşına törədilməsi müəyyən edildiyindən onun barəsində CM-nin 177.2.1-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 307 və 194.1-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilməsi, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və 1 ədəd tozsoranın satıldığı istintaqa məlum olmayan şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsinin tərkib əlamətləri sübuta yetirilmədiyindən onların barəsində həmin maddə ilə cinayət işinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs1 ifadəsində müəyyən edilmiş qiymətlərlə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razı olmadığını, həmin məişət əşyalarını müvafiq qiymətlərə aldığını bildirdiyinə görə edilmiş оğurluq nəticəsində vurulmuş maddi ziyan 2000 manat qəbul еdilməsi, cinаyət işi üzrə zərərçəkmiş şəхs və şahid ifadələri, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-11/2- 11209/2024 nömrəli məktubu, baxış və götürmə protokolları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 16 yanvar 2025-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqından” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif olunmuş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar aşkar edilməmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Yuxarıda qeyd olunduğu kimi, cinayət hüququnda yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri, mülkiyyət formasından asılı olmayaraq yaşayış sahələri, mənzil fonduna daxil edilmiş və daimi və ya müvəqqəti yaşamaq üçün yararlı olan fərdi yaşayış binası, habelə mənzil fonduna daxil olmayan, lakin müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş digər binalar və ya tikililər başa düşülür. “Daxilolma” anlayışını əmlakı oğurlamaq məqsədi ilə evə, binaya, qapalı sahəyə və ya digər saxlanc obyektinə qanunsuz daxil olmaq kimi müəyyən edilə bilər. “Daxilolma” oğurluq etmək məqsədi ilə bu obyektlərə gizli və ya açıq müdaxilədir. O, həm insanların müqavimətini, həm də digər maneələri aradan qaldırmaqla, o cümlədən texniki vasitələrdən (baş açarlardan, qapı və ya qıfılları sındırmaq üçün alətlərdən və s.) istifadə etməklə və ya maneəsiz, həm də təqsirkarın sahəyə girmədən oğurlanmış əşyaları çıxarmağa imkan verən qurğuların köməyi ilə gizli və ya aşkar şəkildə həyata keçirilə bilər. Cinayət Məcəlləsi evə, binaya və ya digər yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq törətməyə görə məsuliyyətin artırılmasını nəzərdə tutur. Evə, binaya və ya digər sahəyə daxil olmağı bu cinayətləri təsnif edən hallardan biri kimi təsnif edən qanunverici haqlı olaraq nəzərə almışdır ki, başqasının əmlakına girişə mane olan hər hansı maneənin (tikintinin, hasarın, konstruktiv maneələrin, kilidləmə vasitələrinin) aradan qaldırılması ilə əlaqədar özgənin əmlakının ələ keçirilməsi cinayətkarın şəxsiyyətinin daha böyük cəmiyyətə zidd istiqamətindən xəbər verir. Oğurluq törətmə üsulu kimi daxilolma, bir qayda olaraq, cinayətkar davranış üçün eqoist motivasiyanın yüksək intensivliyinin göstəricisidir; cinayətkarın nə olursa olsun, başqasının əmlakına sahib olmaq istəyinə dəlalət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama həmin Məcəllənin 177.1-ci maddəsinin cinayət tərkibini, eyni əməllər yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə isə həmin Məcəllənin 177.2.3-cü maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 83.3 və 83.3.2-cü maddələrinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, “Vətən Müharibəsi”sində iştirak etməsini, medalla təltif edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-nin 61.1.7-ci maddəsinə əsasən cinayətin təqsirkar üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın, habelə azyaşlı, qoca və ya köməksiz vəziyyətdə olan və ya təqsirkardan asılı vəziyyətdə olan şəxsə qarşı törədilməsi cəzanı ağırlaşdıran haldır. Məhkəmə qeyd edir ki, şəxsin qoca vəziyyətdə olmasının cəzanın ağırlaşdıran hal hesab edilməsinin vacib şərti ondan ibarətdir ki, təqsirkar aşkar surətdə şəxsin qoca vəziyyətdə olmasını bilir və bundan istifadə edərək cinayət törədir. Lakin işin hallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman Zərərçəkmiş şəxs1 evdə olmamış, həmçinin təqsirləndirilən şəxs həmin evin əmisinə məxsus olduğunu, onun isə həmin əməli törədən zaman ölkə xaricində olduğunun fərqində olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, cinayətin qoca vəziyyətdə olan şəxsə qarşı törədilməsi sübutlara əsasən müəyyən edilmədiyindən bu halın cəzanın ağırlaşdıran hal kimi nəzərə alınması yolverilməzdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngüllədirən halları və ağırlaşdıran halların olmamısını, o cümlədən təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmadan islah olunmasını mümkün hesab edir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yeri olan ünvan 5i ünvanında yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd künc divanının, 1 ədəd jurnal masasının, 1 ədəd stolun, 6 ədəd stulun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs dindirilməsi barədə xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd DVD diski və iş üzrə maddi sübut kimi tanınmış içərisində əl izləri olan zərf hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir (CPM 198.1.). Həmçinin zərərçəkmiş şəxs X2 200 manat dəyərində olan tozsoranın oğurlanması nəticəsində ona dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs qəti olaraq ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətində azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də axşam saat 23:00-dan, səhər saat 07:00-dək yaşayış yeri olan ünvan 5ində yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvədə saxlanılsın. Cəzanın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd künc divanının, 1 ədəd jurnal masasının, 1 ədəd stolun, 6 ədəd stulun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs dindirilməsi barədə xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd DVD diski və iş üzrə maddi sübut kimi tanınmış içərisində əl izləri olan zərf hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Zərərçəkmiş şəxs1 vurularaq ödənilməmiş maddi ziyanın tələbi ilə bağlı Təqsirləndirilən şəxs qarşı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar