Məhkəmə qərarları › İş №1(033)-18/2025

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-18/2025

12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-18/2025 12.05.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Dövlət ittihamçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə İdаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1992-ci ildə Zaqatala rayonunun Muğanlı kəndində doğulan və həmin ünvanıda qeydiyyatda olmaqla yaşayan Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllə məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, barəsində 16 dekabr 2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1 və 134-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 12 may 2025-ci il tarixdə, saat 14:30-da Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1 və 134cü maddələri ilə ondan ötrü təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o, 25 sentyabr 2024-cü il tarixdə həmkəndlilərinin toyunda iştirak edərkən uzaq qohumu, yəni həyat yoldaşı Şahid1 bibisi və həmkəndlisi Zərərçəkmiş şəxs2 həmin toyda onun həyat yoldaşı Şahid1 əynindəki koftanın boğaz hissəsinin açıq olması səbəbli sinə nahiyəsinin qismən görünməsinə görə sonuncuya geyimini düzəltməsi ilə bağlı məsləhət verməsini həyat yoldaşı Şahid1 geyimi haqqında xoşagəlməz ifadələr işlədilməsi kimi düşünüb qəbul edərək bundan narazı qalmış, sonradan şəxsiyyətini gizlədərək Zərərçəkmiş şəxs2 döyməklə qisas almaq qərarına gəlmiş, bu məqsədlə hadisə yerində əl-barmaq izlərinin düşməməsi üçün əlcəklər geyindikdən, üzünün görünməməsi üçün isə parça kəsiyi ilə gözlərinə kimi örtdükdən sonra alkoqol sərxoşluğu vəziyyətində 15 oktyabr 2024-cü il tarixdə, saat 02 radələrində qoca vəziyyətdə olan Zərərçəkmiş şəxs2 xx.xx.2015-ci il təvəllüdlü azyaşlı nəvəsi Zərərçəkmiş şəxs3 ilə birlikdə yaşadığı, Zaqatala rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evinə yaxınlaşmış, evin həyətini əhatə edən daş hasarın sökülmüş hissəsindən asanlıqla həyətə keçmiş, həyət işıqlandırıldığından görünməmək üçün həyətdəki elektrik sayğacının üzərində olan elektrik açarı vasitəsilə elektrik verilişini dayandırmaqla qaranlıq şərait yaratmış, eləcə də onun qanunazidd hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs2 internet vasitəsilə hər hansı şəxsə məlumat verə biləcəyindən ehtiyatlanaraq evə daxil olan telefon və internet xəttini kəsmiş, daha sonra evin həyətindəki nərdivandan istifadə etməklə qəsdən Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, Zərərçəkmiş şəxs2 və nəvəsi Zərərçəkmiş şəxs3 iradəsi ziddinə, yaşadıqları Zaqatala rayonunun Muğanlı kəndində yerləşən mənzilə pəncərədən daxil olmaqla onların mənzil toxunulmazlığı hüququnu pozmuşdur. O, həmin tarixdə qeyd edilən mənzilə daxil olduqdan sonra Zərərçəkmiş şəxs2 səsə oyanaraq nəvəsini yuxudan oyatmış və mənzilindəki şəxsi qismən görünən üzündən tanıyaraq qohumu və həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu müəyyən etmiş, sonuncu tanındığını görərək Zərərçəkmiş şəxs2 döyülməsi ilə bağlı planlaşdırdığı cinayət əməlini həyata keçirməsə də, sonuncunun mənzili dərhal tərk etməsi ilə bağlı tələblərinə və azyaşlının qorxaraq ağlamasına heç bir məhəl qoymayaraq onların üzərinə doğru getmiş, qoca vəziyyətdə olan Zərərçəkmiş şəxs2 25 sentyabr 2024-cü il tarixdə keçirilən toy məclisi zamanı arvadının geyimi barədə dediklərini xatırladaraq qisas almaq niyyəti ilə öldürəcəyi ilə qəsdən hədələmiş və özünü, eləcə də nəvəsini qorumaq məqsədi ilə əllərini qabağa verən Zərərçəkmiş şəxs2 istintaq zamanı əldə olunması mümkün olmayan bıçaqla zərbə endirərək sağ əlin 4-cü barmağının səthi kəsilmiş yarası, eləcə də əlindəki ağac parçası ilə zərbə endirərək alın nahiyəsinin qançırı xarakterli, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə hədənin icra ediləcəyi üçün real əsasların olduğu şəraitdə zərərçəkmiş Zərərçəkmiş şəxs2 öldürməklə hədələmişdir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ifadəsində göstərmişdir ki, o toyda olan hadisə barədə eşitmiş və Yasəmən xanımgilə getmişdir. Hadisə ondan ibarətdir ki, Yasəmən xanım yoldaşının arxasınca danışmışdır. Bu söhbət toyda olmamış, toydan sonra olmuşdur. Toydakı söhbətdən onun xəbəri yoxdur, həmin söhbət onların öz aralarında olmuşdur. O, Yasəmən xanımdan belə bir hadisənin olub-olmadığını soruşmuş, Yasəmən xanım da olmadığını demişdir. O da həqiqətən danışmaması barədə and içməsini istəmişdir. Hadisə günü deyirlər ki, onun əlində bıçaq olmuşdur, lakin onun əlində bıçaq olmamışdır, ağac parçası olmuşdur. Amma qeyd edilənlərin əksinə heç kəsə hədə qorxu gəlməmişdir. O, Yasəmən xanımgildə oturub çay içmiş, ondan sonra da evinə qayıtmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin zaman sərxoş vəziyyətdə olmuş, baş verən hadisə yadına düşdüyü üçün o, Yasəməngilə getmək qərarına gəlmişdir. Evə getməkdə məqsədi hadisəni soruşmaq olmuşdur. Yəni Yasəmən xanımın yoldaşının geyimi barədə danışıb-danışmamasını aydınlaşdırmaq olmuşdur. Bu hadisə sonradan, yəni toydan 15-20 gün sonra olmuşdur. O, Yasəmən xanımgilə gedəndə saat 02 olmamışdır, o onlardan çıxanda saat təxminən 02 olardı. O, təxminən gecə saat 11-dən sonra getmişdir. Üzündə maska, əlində əlcək olmamışdır. Üzündə maska olacağı təqdirdə onu tanımazdılar. Pəncərədən girmək onun səhvi olmuşdur. Taxta parçasını isə həyətdə it olar deyə götürmüşdür. Həyətdə it olmadığı üçün elə həmin evdə də qoyub çıxıb getmişdir. Evə girdikdən sonra xanımın yatdığı otağın qapısını döymüş, xanım da qapını açmışdır. Söhbət edib sözünü soruşub çıxıb getmişdir. Həmin vaxt uşaq da oyanmışdır. Öncə qorxmuş, lakin daha sonra söhbət etmiş, çay içmişdirlər. Ağacı da atsınlar deyə evdə qoymuşdur. İşığı isə qonşular görməsin və ya həyətdə onu görməsinlər deyə söndürmüşdür. Həmin vaxt içkinin təsiri altında olmuşdur. Telefon xəttini və ya başqa bir şeyi kəsməmişdir, sadəcə işığı söndürmüşdür. Həmçinin əgər xanımın əlində nəsə məişət cızığı varsa, bu o demək deyil ki, həmin cızığı o yetirmişdir. O, şəxsən özü Yasəmən xanımdan üzr istəməmişdir, barışmaq üçün onun qapısına ağsaqqalarını göndərmişdir, lakin Yasəmən xanım onunla barışmaqdan imtina etmişdir. Himayəsində azyaşlı uşaqlarının olması halının nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ifadəsində göstərmişdir ki, o, Zaqatala rayonu Muğanlı kəndində azyaşlı nəvəsi ilə biryerdə yaşayır. Gecə saat 02 radələrində, o yatan zaman qapının səsinə ayılmışdır. Hiss etmişdir ki, içəridə adam var, lakin içəri qaranlıq olduğundan səsini çıxartmağa qorxmuşdur. O, uşağı tərpətmiş, “Sahib dur, dur” demişdir. Həmin şəxs isə “uşağı durquzma, əgər durquzsan, bıçaqla səni deşikdeşik edəcəm” sözlərini demişdir. Həmin şəxsin əlində də ağac olmuşdur. O, demişdir ki, “ağacla vurub öldürəcəm, ağacla ölümünə döyməyə gəlmişəm”. O, uşağı durquzmuş, döşəkçənin altında telefon olmuşdur, uşaq həmin telefonu da yandırmışdır. Həmin vaxt o, şəxsin Orxan olduğunu bilmiş və niyə belə gəldiyini soruşmuşdur. O, da onu ölümünə döyməyə gəldiyini demişdir. O, səbəbini soruşmuşdur. Orxan da onun yoldaşının koftasına “bu nə koftadır geyinmisən” dediyini bildirmiş, o isə elə ifadə demədiyini, əksinə yoldaşının narahat olduğunu demiş, o da koftanı arxaya etməsini demişdir. Söhbət belə olmuşdur. Orxan isə yox demiş, onları qorxutmuş, bıçağı qaldırmış, uşaq qorxur demişdir. O, “Orxan, Orxan” dedikcə, Orxan sərxoşluqdan ayılmış, onu tanıdığını bilmişdir. Uşaq çox qorxduğu üçün su içmiş, Orxan da olsa çay içəcəyini demişdir. O da canlarının qorxusundan Orxana çay qoymuşdur. Həmin zaman Orxanın pencəyindən çıxan bıçağın ucunu görmüşdür. Orxan ondan ağac parçasını tullamasını istəmiş, o da pəncərəni açıb ağacı tullamışdır. Orxan çıxanda o ondan işıqları yandırmasını istəmiş, qorxduqlarını bildirmişdir. Saat 03:30-da Orxan evdən çıxmış, işığı da yandırmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, uşaq işığı yandıranda o Orxana “eləmə, eləmə” demiş, əlini tutmuş, həmin zaman bıçaq əlini deşmişdir. Ağacı da qaldıranda alnını sıyırmışdır. Orxan istəmişdir ki, onları döyüb-öldürüb elə getsin. Bıçağı isə cibinə qoyub aparmışdır. Onu elə böyük bıçağı olmamış, stollarının üstündə də bıçaq qoymamışdır. O, çığırıb-bağıranda “Orxan qorxmayın-qorxmayın daha heç nə etmirəm” demişdir. Təqsirləndirilən şəxslə barışmayıb, hələ də ondan qorxur, qanuni cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında azyaşlı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş azyaşlı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, həmin günü xatırlayır. Orxan gecə vaxtı evlərinə girmişdir. Nənəsinə qarşı bıçaq və dəyənək qaldırmışdır. Dəyənəyi qaldıranda deyənək nənəsinin alnına dəymiş, sonra da əlini bıçaqla deşmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Orxanı tanımış, onu kənddə görmüşdür, lakin Orxan əvvəllər heç onlara qonaq gəlməmişdir. Orxan evə girən zaman başında əski, əlində isə əlcək olmuşdur, həmin vaxt onlar qorxmuşdurlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Onunla 2010-cu ildə ailə həyatı qurmuşdur, nikahlarından iki övladları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxsi tanıyır, bibisidir. Bildirir ki, bibisi ilə onun arasında geyim söhbəti olmuşdur. Belə ki, o koftasını tez-tez düzəltdiyi üçün, bibisi də demişdir ki, açıq geyinmisən, koftan düşür. Bir az arxaya çəkməsini demişdir. Aralarında başqa söhbət olmamışdır. Bu söhbəti Orxana kim deyib bilmir, necə eşidib bilmir. O, heç evdə də bibisi ilə aralarında olan söhbəti deməmişdir. Elə o söhbət orda da qalmışdır. Verilmiş suallar cavab olaraq bildirmişdir ki, hadisə zamanı yoldaşı biraz içkili olmuşdur. Yoldaşı çölə çıxıram deyib, evdən çıxmışdır amma dəqiq hara getdiyini ona deməmişdir və onun evdən çıxdığı saatı da yadında deyil. Orxan evdən çıxarkən nəsə götürdüyünü də görməmişdir. Evə saat neçədə qayıtdığını da bilmir. Belə ki, o işdən evə yorğun gəlib yatmışdır və gecə oyanmamışdır. Hadisə ilə bağlı sabahısı gün məlumat alımışdır. Bibisi zəng edib demişdir. O həmin vaxt işdə olmuşdur. Qayıdanda yoldaşının üstündən heç nə tapmamışdır, mətbəxdə də hər hansı bıçaq əksik olmamışdır. Axşam evə gələndə isə yoldaşı şöbədə olmuşdur. Qayıdanda hadisənin səbəbini soruşmuş, yoldaşı peşman olduğunu demişdir. Bu söhbətdən sonra bibisigilə yalnız iki-üç dəfə üzr istəmək üçün getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zaqatala RİHB-nın Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi tanıyır. Aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. Bildirir ki, 2024-cü ilin oktyabr ayının 15-i səhər saatlarında Zərərçəkmiş şəxs2 nümayəndəliyin inzibati binasına, onun iş otağına gəlmiş, baş vermiş hadisəni danışmışdır. Demişdir ki, gecədən xeyli keçmiş saat 24:00 radələrində onların evinə Orxan daxil olmuşdur. Evə işıqları söndürüb aynadan daxil olmuşdur. Üzü bağlı, əlində isə ağac olmuşdur. Uşaq tanıyanda üzünü açmış, əlindəkini stolunun üstünə qoymuşdur. O, Orxanın onların evinə girməsi səbəbini soruşmuş, Yasəmən isə guya Orxanın yoldaşının geyiminin düzgün olmamsı bağlı dedikləri söz üstündə olduğunu demişdir. O, Yasəməndən nümayəndəliyə gələnədək kimin yanında olduğunu soruşmuş, o da anasının və qardaşının yanında olmasını demişdir, onların nə dediklərini soruşduqda onlar şikayət etməsini dediklərini demişdirlər. O, Yasəmənə Orxanın yoldaşının onun qardaşı qızı olmasını da xatırlatmışdır. Yasəmən də qohumluq münasibətlərinin olmasına baxmayaraq şikayət edəcəyini bildirmişdir. Daha sonra verilmiş suallara cavab olaraq bildirmişdir ki, o hadisənin şahidi olmamışdır. Yasəmən xanıma məxsus ev Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilib, həmin evdə xanım özü və nəvəsi yaşayırlar. Evin kommunal xərclərini və digər xərclərini Yasəmən ödəyir. Ev Yasəmənə məxsusdur. Yasəmənin bıçaq barəsində nəsə deyib-deməməsini xatırlamır. Həmçinin bildirir ki, Orxan barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Ailəsini də tanıyır. Kəndin işlərində iştirak etmişdir. Verilmiş suallara cavab olaraq N.Safquliyev bildirmişdir ki, ibtidai istintaq vaxtı verdiyi ifadəsində Təqsirləndirilən şəxs əlində bıçaq olduğunu bildirməsinin səbəbi Zərərçəkmiş şəxs2 ona dedikləri olmuşdur, hazırda hadisədən çox vaxt keçdiyi üçün hadisənin detalları onun yadında qalmaya bilər. İş materiallarına əlavə edilmiş Zaqatala rayon prokuroru, baş ədliyyə müşaviri X7 tərəfindən qəbul edilmiş 21 noyabr 2024-cü il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, 121C-24 nömrəli material üzrə 12 sentyabr 1992-ci il tarixdə Zaqatala rayonunun Muğanlı kəndində anadan olan və həmin ünvanda daimi qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmayan, fərdi əməklə məşğul olan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. İş materiallarına əlavə edilmiş 15 oktyabr 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 09:51 radələrində DİN-nin “102” xidmətindən daxil olmuş məlumatda, Zaqatala rayonu, Muğanlı kənd sakini Zərərçəkmiş şəxs2 zəng edərək, gecə saatlarında Orxan adlı şəxs onun evinin işıqlarını söndürməsi, internet xəttini kəsməsi və əlində bıçaq və dəyənəklə pəncərədən onun evinə daxil olması, arvadını məsxərəyə qoymasına narazılıq etməsi, onun əl nahiyəsinə bıçaqla xəsarət yetirməsi, dəyənəklə onu vurması və uzaqlaşması barədə məlumat vermişdir. İş materiallarına əlavə edilmiş 15 oktyabr 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Zaqatala rayonunun Muğanlı kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evidir. Baxış zamanı evin dəmir materialdan olan giriş qapısının kənarının deşildiyi, evin istifadə olunmayan yataq otağının pəncərəsinə nərdivan söykəndiyi, pəncərəyə iti alətlə müdaxilə olunduğu, pəncərənin açıldığı yataq otağının çarpayısının üzərində palçıqların olduğu, internet xəttinin kəsildiyi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X5 X12 tərəfindən verilmiş “canlı şəxsin ekspertizasına” dair xx.xx.2024-cü il tarixli, 369 saylı ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- alın nahiyəsində qançır- bərk küt əşyanın, sağ əlinin barmağında səthi kəsilmiş yara isə- kəsici səthə malik iti əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, birlikdə və ayrıayrılıqda sağlamlığa ZƏRƏR VURMAYAN xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Vətəndaş Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı alın nahiyəsində aşkar edilmiş qançır alın nahiyəsinə ağac parçası ilə vurmaqla əmələ gələ bilərdi. vətəndaş Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı sağ əlinin İV barmağında aşkar edilmiş səthi kəsilmiş yaranın yetirilmə mexanizmini təhqiqat yolu ilə araşdırılması daha məqsədə uyğundur. İş materiallarına əlavə edilmiş 09 dekabr 2024-cü il tarixli “şahidin qanuni nümayəndəsinin təyin edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə şahid Zərərçəkmiş şəxs3 qanuni nümayəndəsi qismində Zaqatala rayon İcra Hakimiyyəti Başçısı Aparatının böyük məsləhətçisi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məhsul katibi, ikinci dərəcəli dövlət qulluqçusu Qanuni nümayəndə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 dekabr 2024-cü il tarixli, 5-82-31/2-511/2024 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Muğanlı kənd sakinidir və Muğanlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 dekabr 2024-cü il tarixli, 5-82-31/2-511/2024 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi özündən, arvadı Şahid1, oğlu 2010-cu il təvəllüdlü X6, qızı 2016-cı il təvəllüdlü X1 ibarətdir. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-nın Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 mart 2016-cı il tarixli, AZ İİİ 730508 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxs, anası Şahid1dır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 20 iyul 2016-cı il tarixli, AZ İİİ 789766 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X4 atası Təqsirləndirilən şəxs, anası Şahid1dır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 1992ci ildə Zaqatala rayonun, Muğanlı kəndində anadan olmuşdur. Hal-hazırda Muğanlı kəndində yaşayır və fərdi təsərrüfatla məşğuldur. Kənddə yaşadığı dövrdə ictimaiyyət arasında özünü yaxşı aparmış, ictimai işlərdə fəallıq göstərmiş, onun barəsində nümayəndəliyə heç bir yazılı və şifahi müraciət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş 14 dekabr 2024-cü il tarixli “əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1 və 134-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olduğundan ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsindən həmin məcəllənin 157.1 və 134-cü maddələrinə tövsif edilmişdir. İş materiallarına əlavə edilmiş 15 dekabr 2024-cü il “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş 15 dekabr 2024-cü il tarixli “zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 qanuni nümayəndəsi qismində Zaqatala rayon İcra Hakimiyyəti Başçısı Aparatının böyük məsləhətçisi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məhsul katibi, ikinci dərəcəli dövlət qulluqçusu Qanuni nümayəndə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş 16 dekabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1 və 134-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddələrlə ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş 16 dekabr 2024-cü il tarixli “başqa yerə etməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə etməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 17 dekabr 2024-cü il tarixli “baxış aparılması haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən istintaq orqanına təqdim etdiyi ağac parçasına baxış keçirilən zaman onun dairəvi formada və uzunsov olduğu müəyyən olunmuş, ağac parçasının uzunluğu 92,5 sm, diametri isə 4,4 sm olmuş, bir ucu zədəsiz, digər ucunun yan tərəfi isə çapılmış vəziyyətdə olmaqla üzərində çatlar əmələ gəlmişdir. Baxış zamanı baxışda iştirak edən Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs2 mənzilinə daxil olan zaman əlində olan ağac parçasının sonuncu tərəfindən təqdim edilmiş həmin ağac parçası olduğunu təsdiqləmişdir. Həmin ağac parçası törədilmiş cinayətin predmeti olduğuna görə 17 dekabr 2024-cü il tarixli qərarla maddi sübut hesab edilmişdir. İş materiallarına əlavə edilmiş 17 dekabr 2024-cü il tarixli “əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş ağac parçası maddi sübut hesab edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən “Azərişıq ASC- Zaqatala ES”-nin hesabına 4.64 manat istehlak haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən “Azərişıq ASC- Zaqatala ES”-nin hesabına 4.64 manat istehlak haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş 18 dekabr 2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə də demiş, ifadəsini onun da yanında təsdiq edərək Təqsirləndirilən şəxs onun yaşadığı mənzilə qapıdan yox, pəncərədən daxil olduğunu, həmin pəncərənin qarşısına həyətdəki nərdivanın qoyulduğunu, pəncərənin kənarlarında iti alətlə yetirilməyə xarakterik xırda zədələr olduğunu, pəncərədən evə daxil olan zaman pəncərənin qarşısındakı çarpayının üzərində palçıq izləri qaldığını, Təqsirləndirilən şəxs bir əlində mətbəx bıçağı, digər əlində isə ağac parçası olduğunu, onun barmağında olan xəsarətin bıçaq vasitəsilə, alnında olan xəsarətin isə ağac parçası vasitəsilə Təqsirləndirilən şəxs tərəfindən yetirildiyini, həmçinin, sonuncunun onu ölümünə döyməklə hədələdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş 18 dekabr 2024-cü il tarixli “vəsatətə baxılması haqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs özünü qismən təqsirli hesab etməsi ilə bağlı özünü müdafiə xarakterli vəsatəti əsassız olduğundan tam rədd edilmişdir. İş materiallarına əlavə edilmiş 07 yanvar 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlinin tövsifinin düzgün hesab edilməsi və ona 16 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 157.1 və 134-cü maddələri ilə elan edilmiş ittihamın qanuni və əsaslı olduğundan qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs əməllərində qəsdən adam öldürməyə və ya qəsdən sağlamlığa ağır zərər vurmaya hazırlıq cinayətlərinin tərkib əlamətləri olmadığına görə barəsində Azərbaycan Respublikası CMnin 28, 120-ci və ya 28, 126-cı maddələri ilə cinayət təqibinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Təqsirləndirilən şəxs əməllərində xuliqanlıq cinayətinin tərkib əlamətləri olmadığına görə barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Təqsirləndirilən şəxs soyuq silahı əldə etmə və gəzdirmə cinayətinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə barəsində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə cinayət təqibinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən rədd edilməsi, hazırkı qərarın 2-4-cü bəndlərində göstərilən cinayət təqibinin başlanması rədd edilmiş epizodlarla bağlı icraatın bu hissəsinə aid olan materiallar ********* nömrəli cinayət işindən ayrıca icraata ayrılaraq qeydiyyata alınmaqla, saxlanılması üçün Zaqatala rayon prokurorluğunun arxivinə təqdim olunması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 14 yanvar 2025-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1 və 134-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. İş materiallarına əlavə edilmiş 04 fevral 2025-ci il tarixli “təqsirləndirilən şəxsin könüllü gəlməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1 və 134-cü maddələri ilə təqsirləndirilməklə barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə axtarışı elan edilmiş Təqsirləndirilən şəxs 04 fevral 2025-ci il tarixdə saat 10:45-də könüllü olaraq Zaqatala rayon prokurorluğuna gələrək özünü təqdim etmişdir. İş materiallarına əlavə edilmiş 04 fevral 2025-ci il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraatın dayandırılması üçün əsas olmuş hal aradan qalxdığına görə dayandırılmış icraat Azərbaycan Respublikası CPM-nin 279.1.1-ci maddəsinə əsasən təzələnmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-ci maddəsinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 157.1 və 134-cü maddələrin ilə tövsif olunmuş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 144-cü maddəsi məhkəmədən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 təqdim etdiyi qəbzlərdən görünür ki, yaşadığı mənzilin kommunal xidmətlərinə görə ödənişlər onun adına hesablanmışdır. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş Zaqatala RİHB-nın Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid2 ittiham aktında qeyd edilən evin Zərərçəkmiş şəxs2a məxsus olduğunu bildirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi onun özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkəti protokolları ilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə özünü təqsirli bilsə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə özünü təqsirli bilməmiş, heç kəsi öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmədiyini, əlində isə bıçağın olmadığını bildirmiş, odun parçasını isə həyətdə it olacağından şübhələndiyi üçün götürdüyünü qeyd etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsinə əsasən öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 09:51 radələrində DİN-nin “102” xidmətindən daxil olmuş məlumatda, Zaqatala rayonu, Muğanlı kənd sakini Zərərçəkmiş şəxs2 zəng edərək, gecə saatlarında Orxan adlı şəxsin onun evinin işıqlarını söndürməsi, internet xəttini kəsməsi və əlində bıçaq və dəyənəklə pəncərədən onun evinə daxil olması, arvadını məsxərəyə qoymasına narazılıq etməsi, onun əl nahiyəsinə bıçaqla xəsarət yetirməsi, dəyənəklə onu vurması və uzaqlaşması barədə məlumat vermişdir. Həmçinin məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 və azyaşlı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs əlində bıçaq və odun parçası, əllərində əlcək, üzüdə isə tanınmamaq üçün maska olmasını və həmin bıçaq və odun parçası ilə Zərərçəkmiş şəxs2 xəsarət yetirməsini bir daha bildirmişdirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X12 tərəfindən verilmiş “canlı şəxsin ekspertizasına” dair xx.xx.2024-cü il tarixli, 369 saylı ekspert rəyində də vətəndaş Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- alın nahiyəsində qançır- bərk küt əşyanın, sağ əlinin barmağında səthi kəsilmiş yara isə- kəsici səthə malik iti əşyanın təsirindən törəndiyi, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi qeyd edilmişdir. İbtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə tərəfindən tədqiq edilmiş yuxarıda qeyd edilən sübutlardan da göründüyü kimi Təqsirləndirilən şəxs qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs2 öldürəcəyi ilə qəsdən hədələmiş və özünü, eləcə də nəvəsini qorumaq məqsədi ilə əllərini qabağa verən Zərərçəkmiş şəxs2 istintaq zamanı əldə olunması mümkün olmayan bıçaqla zərbə endirərək sağ əlin 4-cü barmağının səthi kəsilmiş yarası, eləcə də əlindəki ağac parçası ilə zərbə endirərək alın nahiyəsinin qançırı xarakterli, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə hədənin icra ediləcəyi üçün real əsaslar yaratmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməməsi barədə ifadəsini özünü müdafiə xarekterli və cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir Məhkəmənin gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq məhkəmə tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilməlidir. Odur ki, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 157.1 və 134-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4.-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən cinayət əməllərinin azyaşlı şəxsə qarşı törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.7-cı maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətlədirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, zərərçəkmiş şəxsin şikayətçi olmasını, törədilmiş əməlin zərərçəkmiş şəxslərə mənəvi-psixi təsirini, yaranmış qorxu hissinin hələ də davam etməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmasını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə, Azərbaycan Respublikası CM-nin 134-cü maddəsinin sanksiyasında nəzərdə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsinin ilə təyin edilmiş islah işləri cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən toplanılarkən islah işlərinin dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs ona qəti cəza təyin edilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqında” iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X3 yerləşdirilməsi üçün Zaqatala Rayon Polis Şöbəsinə təvil verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış və Zaqatala Rayon Prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılan Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş ağac parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. İş üzrə mülki iddianın, məhkəmə xərcinin və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəm H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 157.1ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təyin edilmiş qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə işləri cəzasının dörd günü, azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla, 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə az ciddi cəza daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqında” iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 12 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X3 yerləşdirilməsi üçün Zaqatala Rayon Polis Şöbəsinə təhvil verilsin. Cinayət iş üzrə maddi sübut kimi tanınmış və Zaqatala Rayon Prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılan Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş ağac parçası hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə mülki iddianın, xüsusi müsadirə olunmalı əmlakın və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 gün müddətinə Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan), 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar