Məhkəmə qərarları › İş №1(033)-19/2024

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-19/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-19/2024 01.05.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, dövlət ittihаmçısı- Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X2 şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Zaqatala rayonu, Çökək kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 15:00-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, qanunsuz olaraq satış məqsədi olmadan, yəni şəxsi istifadəsi üçün 2023-cü ilin dekabr ayının əvvəllərində Zaqatala şəhəri, “Şimal-Qərb massivi” adlanan yerdə yerləşən məişət tullantıları poliqonunun ətrafında yabanı halda bitmiş iki ədəd narkotik tərkibli çətənə bitkisinin yarpaqlarından toplayıb yaşadığı Zaqatala rayonu Çökək kəndində yerləşən evində qurutmaqla xeyli miqdarda narkotik vasitə, yəni 10,71 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana əldə etmiş, xx.xx.2023-cü il tarixdə, saat 20:40 radələrində həmin narkotik vasitəni satış məqsədi olmadan Zaqatala şəhəri, F. Əmirov küçəsində yerləşən Zaqatala Rayon Mərkəzi X8 Şəxsin (keçmiş X3 Mərkəzi) yaxınlığındakı “Orbita” mağazasının yanında qanunsuz olaraq üzərində daşıyarkən Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Zaqatala Rayon Polis Şöbəsinə gətirilmiş və həmin gün saat 21:34-dən saat 22:12-dək olan müddət ərzində üzərinə vəkilinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibində üzərində “Winston” sözü yazılmış siqaret qutusunda xeyli, yəni 10,71 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, tanışı Elçin adlı oğlan ayın 30-u zəng vurularaq onlara gələcəyini bildirmiş və bu zaman onun evində spirtli içki olmuş lakin siqaret olmamışdır. Elçin onlarda olanda ona tez-tez zənglər gəlirdi. Evdə çörək olmadığlından o çörək almaq üçün marketə gedəndə onları polis saxlamışdır. Cibindəki əşyaları çıxaran zaman siqaret və narkotik də çıxdı. Onun narkotikdən xəbəri olmayıb. Elçini tanısa da lakin harada yaşadığını bilmir. Onunla evin çöl tərəfində hasarın yanında spirtli içki içmişlər. Elçinin telefonuna zəng gələndə o, dostlarının ona zəng edərək onu gözlədiyini demişdir. Onlar birlikdə Zaqatala şəhərində 9 mərtəbəli binanın yanındakı marketə çörək almaq üçün gəlmişlər. Bu zaman Elçin polisləri görüb qaçmış polislər isə onu tutmuşlar. O, narkotik vasitələrin istifadəçi deyil. Həmin an içkili olduğu üçün hadisə tam yadında deyil. O, əvvəllər dəmir yığmaqla ailəsini dolandırırdı. O, tək yaşayır, atası rəhmətə gedib, anası isə balaca qardaşı ilə yaşayır. Xəstə olduğu üçün polislərin onu vurmasından qorxub etirafedici ifadə verdiyini bildirmişdir. O, heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Polislər tərəfindən ona cibində olanların çıxarılması təklif edilən zamanı o cibindəkiləri çıxararkən orada “Winston” siqaret qutusunun da olmasını görmüşdür. Narkotik vasitənin cibinə necə düşməsindən məlumatsızdır. Heç vaxt narkotik vasitəni canlı görməmiş və tanımır. Polislər də ona izahatını alıb buraxmağı vəd etmişlər. Narkotik vasitəni cibinə Elçin qoymuş ola bilər. Onunla heç bir düşmənçiliyi yoxdur. Polis şöbəsində polisin dediyi kimi ifadə vermişdir. O, məhkəmədən ona köməklik olunmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, Zaqatala RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 30 dekabr 2023-cü il tarixdə polis əməkdaşı Şahid3la Diaqnostika Mərkəzi tərəfə getmişdirlər. Orada Təqsirləndirilən şəxs görmüşlər və narkotik vasitələrin istifadəsində şübhəli olduğundan onu Polis Şöbəsinə aparmışdırlar. Üzərinə baxış keçirilən zaman siqaret qutusunun içində narkotik vasitə aşkarlanmışdır. Özü də bildirmişdir ki, narkotik vasitəsini dəmir yığan zaman tapıb və siqaret əvəzi özünün istifadəsi üçün götürüb. Siqaretin markası yadında olmasa da, aşkar olunan siqaret paçkasının içində olub narkotik. Təqsirləndirilən şəxs tək yaxalanıb və onun yanında heçkəs olmayıb. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi tanıyır və aralarında ədavət və düşmənçilik yoxdur. Əməliyyatçı Zakirlə birlikdə əldə etdikləri əməliyyat məlumatı əsasında 30 dekabr 2023-cü il tarixdə birlikdə Diaqnostika Mərkəzinin arxasında Təqsirləndirilən şəxs müəyyən edərək Polis Şöbəsinə dəvət etmişlər. Vəkilin iştirakı ilə üzərinə baxış keçirilən zaman üzərində siqaret qutusunun içində marixuana aşkarlanmışdır. Dəmir yığmağa gedəndə tapıb və siqaret olmayanda çəkmək uçub saxladığını bildirmişdir. O təqsirləndirilən şəxsin dediyi Elçini tanımadığını və onu heç vaxt görmədiyini bildirir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsindən məlum olmuşdur ki, o, şahidlər Şahid1 və Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 30 dekabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, həmin tarixdə saat 21:34-dən saat 22:12-dək olan müddət ərzində vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra isə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynindəki qış gödəkcəsinin sol yan cibimdəki içərisində qurudulmuş marixuana olan üzərində “Winston” yazısı yazılan bir ədəd siqaret qutusunu təqdim edərək içərisində nəşə olduğunu və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün dəmir yığdığı yerdə olan zibillik sahədən yığıdığını bildirmişdir. Həmin siqaret qutusu açılıb içərisinə baxıldıqda yaşıl rəngli, spesifik iyə malik, çətənə bitkisinə bənzər bitki olduğu müəyyən edilmişdir. Daha sonra onun üzərinə təhqiqatçı, polis mayoru Şahlar Məmmədov tərəfindən şəxsi axtarış keçirilmiş və onun üzərindən qadağan olunmuş hər hansı maddə, vasitə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş çətənə bitkisi siqaret qutusu ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisinin 16,51 qram olduğu müəyyən edilmış və həmin bitki еkspеrtizаyа göndərilməsi üçün zərfə qoyularaq möhürlənmişdir. Sonda baxış zamanı qeydə alınmış videogörüntü 01 ədəd diskə köçürülərək protokola əlavə olunmuşdur. Şəxsi axtarış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət, vəsatət daxil olmamış və doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsi tərəfindən verilmiş məhkəmə bioloji ekspertizasının 31 dekabr 2023-cü il tarixli 17/887 nömrəli rəyindən görünür ki, tədqiqаtа təqdim olunmuş, üzərində “Zaqatala rayonu Çökək kənd sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...qurudulmuş marixuanaya bənzər yaşıl rəngdə kütlə..." sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd siqaret qutusunda, təmiz çəkisi – 10,71 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 10,71 qr,təhqiqata sərf edildi 0,05qr, qalıq 10,66 qram. İşmateriallarına əlavə rdilmiş ekspertiza xərclərinə dair bildirişdən məlum olur ki, ekspertiza təhqiqatının dəyəri 35.97 manatdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər səhiyyə idarəsinin rayonlararası narkoloji dispanserinin 08 fevral 2024-cü il tarixli 184 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsin tutması haqqında 30 dekabr 2023-cü il tarixli qərardan və həmin tarixli protokoldan görünür ki, Osiyev X6 RPŞ-in TB-nin təhqiqatçısı X7 tərəfindən həmin gün saat 20:40-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 31 dekabr 2023cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 31 dekabr 2023cü il tarixli təqsirləndirilən şəxsin həbsdən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin gün Zaqatala Rayon Polis X5 Yerindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Osiyev X6 Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4, 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 1500 misli miqdarında cərimə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 1(033)-10/2008 nömrəli 12 mart 2008-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, şərti maliyyə vahidi məbləğinin üç min misli miqdarında, yəni 3300(üç min üç yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nın 69 4-cü madəsinə əsasən Təqsirləndirilən şəxs 27 dekabr 2007-ci il tarixdən həbsdə saxlandığı nəzərə alınaraq təyin edilmiş cərimə cəzası azaldılaraq üzərində 1500 ( min beş yüz) manat cərimə cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 14 fevral 2024-cü il tarixli 29 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin 1(033)-10/2008 nömrəli 12 mart 2008-ci il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzası Zaqatala Rayon Məhkəməsinin 7(033)-9/2009 saylı xx.xx.2009-cu il tarixli qərarı ilə qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzası ilə əvəz edilmişdir. Dövlət nəfinə tutulma xx.xx.2011-ci ildə başa çatmış və Osiyev X6 Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala rayon İcra Hakimiyyəti Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 fevral 2024-cü il tarixli 53 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala rayon X1 Hüquqi Şəxsin 09 yanvar 2024-cü il tarixli, PHŞ-6-78/2-13/2024 nömrəli məktubundan görünür ki, Osiyev X6 Rayon X1 Hüquqi Şəxsin Poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetində qeydiyyatda yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və baxış protokolları, maddi sübut və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan, yəni şəxsi istifadəsi üçün 2023-cü ilin dekabr ayının əvvəllərində Zaqatala şəhəri, “Şimal-Qərb massivi” adlanan yerdə yerləşən məişət tullantıları poliqonunun ətrafında yabanı halda bitmiş iki ədəd narkotik tərkibli çətənə bitkisinin yarpaqlarından toplayıb yaşadığı Zaqatala rayonu Çökək kəndində yerləşən evində qurutmaqla xeyli miqdarda narkotik vasitə, yəni 10,71 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana əldə etmiş, xx.xx.2023-cü il tarixdə, saat 20:40 radələrində həmin narkotik vasitəni satış məqsədi olmadan Zaqatala şəhəri, F.Əmirov küçəsində yerləşən Zaqatala Rayon Mərkəzi X8 Şəxsin (keçmiş X3 Mərkəzi) yaxınlığındakı “Orbita” mağazasının yanında qanunsuz olaraq üzərində daşıyarkən Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Zaqatala Rayon Polis Şöbəsinə gətirilmiş və həmin gün saat 21:34-dən saat 22:12-dək olan müddət ərzində üzərinə vəkilinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibində üzərində “Winston” sözü yasılmış siqaret qutusunda xeyli, yəni 10,71 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinin dəlilləri ilə razılaşmır. Çünki, məhkəmənin fikrincə Təqsirləndirilən şəxs “Elçin adlı tanışının narkotik vasitəni onun cibinə qoyması” “Özünün narkotik vasitə istifadə etməməsi” ilə bağlı verdiyi ifadələr, eləcə də bununla bağlı göstərdiyi dəlillər obyektiv gerçəkliyi əks etdirmədiyindən inandırıcı qəbul edilməməli və təqsirləndirilən şəxsin bu ifadəsi özünü müdafiə xarakteri daşıyan ifadə kimi qiymətləndirilməlidir. Məhkəmə onun verdiyi ifadəsinə hüquqi qiymət verərək, şahidlərin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdikləri ifadələrini və digər sübutları qiymətləndirərək hesab edir ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində bu xüsusatla bağlı məhkəmədə verdiyi ifadəsi iş materiallarında olan ekspertiza rəyi və şahidlərin ifadələri, istintaq vaxtı aparılan video çəkiliş və məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübutlarla təkzib edilir və o, belə bir ifadə verməklə törətdiyi cinayət əməlinə görə ala biləcəyi cəzadan yayınmağa çalışır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarında (50-ci bənd) qeyd edilmişdir ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməsi tövsiyə olunmuşdur. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Onun əməlində cəzanı ağırlaşdıran halların mövcud olmaması, şəxsiyyəti, özünün həyat şəraiti, etdiyi əməlin az ağır cinayətlər qrupuna aid edilməklə, xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az təhlükəli olması, törətdiyi əmələ görə səmimi peşman olması bunu deməyə əsas verir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əldə edib üzərində saxladığı narkotik vasitəsinin həcminin çox olmamasını, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, əməlindən peşman olmasını nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs 30 dekabr 2023-cü il tarixdən 31 dekabr 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hesablanmalı, onun barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə onun üzərinə Zaqatala rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə iş üzrə aparılmış məhkəmə narkoloji ekspertizasının rəyinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunmalı və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə maddi sübut qismində Zaqatala RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 (bir) ədəd zərfdə təmiz çəkisi 10,66 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 35,97 manat məbləğində eksperiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 30 dekabr 2023-cü il tarixdən 31 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yeri olan ünvan 2i ünvanında yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Zaqatala Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunsun və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə icra və probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut qismində Zaqatala RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 (bir) ədəd zərfdə təmiz çəkisi 10,66 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 35.97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar