Məhkəmə qərarları › İş №1(033)-2/2024

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-2/2024

04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-2/2024 04.06.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəlilova Nuridə Əli qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinib 11 il 03 ay azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublıkası Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, həmin məhkumluğu ödənilməmiş, Zaqatala rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cəzası 06 ay azaldılaraq 02 il təyin edilmiş, Şəki rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən 01 ay 25 gün vaxtından əvvəl cəza çəkməkdən azad edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234-1.1-ci maddəsi ilə təqsirki bilinərək 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Zaqatala rayon Çökək kəndində yaşayan, barəsində azadlıqdan məhrumetmə cəzasının təyin olunması nəzərə alınmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 04 iyun 2024-cü il tarixdə, saat 14:00-da Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o, 16 mart 2023-cü il tarixdə, saat 19:30 radələrində alkoqol sərxoşluğu vəziyyətində Zaqatala şəhəri, Mollamuhuma Eminov küçəsində yerləşən yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs2 ilə aralarında baş vermiş mübahisə zamanı sonuncu onun aqressiv hərəkətlərindən qorxaraq evdən həmin küçəyə çıxdıqdan sonra o, Zərərçəkmiş şəxs2 ünvanına söyərək arxasınca qaçmış, həmin küçədə yerləşən Zərərçəkmiş şəxs1 evinin qarşısında ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə arvadı Zərərçəkmiş şəxs2 heç bir bir əsaslı səbəb olmadan nalayiq söyüşlər işlədib ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs2 əli ilə vurub yerə yıxdıqdan sonra sonuncu yenidən vurmaması üçün möhkəm qışqırmış, həmin vaxt səsə çölə çıxan Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs bu hərəkətlərini qarşısını alarkən sonuncu ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən digər şəxs, yəni Zərərçəkmiş şəxs1 müqavimət göstərib silah qismində istifadə olunan məişət təyinatlı turist bıçağından istifadə etməklə heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 döş qəfəsinin sol tərəfinə bıçaqla qəsdən bir zərbə vuraraq döş qəfəsinin sol yarısında 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaqla xuliqanlıq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 261,49 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana əldə edərək üzərində saxlamış, 17 mart 2023-cü il tarixdə saat 13:45 radələrində Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin narkotik vasitəni satış məqsədi olmadan üzərində qanunsuz daşıyarkən Zaqatala rayon Çökək kəndi ərazisində saxlanılaraq Zaqatala RPŞ-yə gətirilmiş, polis şöbəsində üzərində həmin gün saat 15:12dən 15:26-dək şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli koftanın altında 01 (bir) ədəd sarı rəngli sellofan bağlamada təmiz çəkisi 261,49 qram olan, bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilirək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, içkili vəziyyətdə evə gəlmiş, lakin yoldaşını evdə görməmiş, onu axtarmağa başlamışdır. Qohumlarına, bacısına zəng etmiş lakin yoldaşını tapa bilməmişdir. Daha sonra onun kəndin başından gəldiyini görmüş, onu səsləmişdir. Lakin yoldaşı gəlməmiş, qaçmağa başlamış və qarşıda yıxılmışdır. O da onun üzərinə yıxılmış, bu zaman səsə Yusif çıxmış, o isə onların ailə münasibətlərinə qarışmamasını istəmişdir. O, yoldaşını vurmamışdır. Ayağa qalxarkən bıçaqla Yusifə xəsarət yetirmiş, lakin Yusif özü hiss etməmişdir, ona xəsarət yetirməsini özü demişdir. Həmçinin evində narkotik vasitə olmuşdur. Həmin narkotik vasitəni evdən çıxarmaq istəyən zaman polis əməkdaşları onu saxlamışdırlar. Belə ki, hər iki epizod üzrə özünü təqsirli bilir, hal-hazırda himayəsində bir azyaşlı uşağı var nəzərə alınmasını xahiş edir. İbtidai istintaq vaxtı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə 4 il bundan əvvəl qeyri rəsmi nigahla evlənmiş, birgə evliliklərindən Rahilə adlı bir qız övladı vardır. Zərərçəkmiş şəxs1 tanımır, qohum deyil, ədavəti yoxdur. 16 mart 2023-cü il tarixdə saat təxminən 19:30 radələrində Rəfayel içkili sərxoş vəziyyətdə Yusifin evindən təxminən 100 metr aralıda olan kirayədə yaşadığıqları evə gəlmiş, sərxoş vəziyyətdə heç bir əsas və səbəb olmadan onunla mübahisə etmiş, həmin vaxt o, evdən çölə çıxmış, Rəfayel onu evə çağırmış, lakin evə getməmiş, həmin vaxt Rəfayelin bacısı qızı Nərmin və bacısı Ramilə də onlarda olmuşdur. Rəfayel içkili vəziyyətdə onun arxasınca düşmüş, ona söymüş, qorxub həyətdən çıxıb küçəyə qaçmış, evdən küçəyə çıxıb qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 evinin qarşısına çatanda Rəfayel onu itələyib yerə yıxmış, Rəfayel ona çatıb, başının üstə dayanmış, Rafayılın onu vuracağından qorxub möhkəm qışqırmış, lakin Rəfayel onu vurmamış, Rəfayel içkili olduğuna görə ona evə getmədiyini demiş, onun qışqırtı səsinə Zərərçəkmiş şəxs1 yaşadığı evdən küçəyə çıxmış, Yusif yaxınlaşıb Rəfayeli ondan kənarlaşdırıb dalaşmamalarını demiş, Rəfayel Yusifə "bizim ar-arvadıq işimizə qarışma" dedikdə Yusif Rəfayelə "mənim evimin qarşında mübahisə etməyin gedin öz evinizdə mübahisə edin" demiş, o, həmin vaxt ayağa qalxıb 2 yaşlı qızı Rahiləni götürüb ordan qaçıb getmiş, Rəfayel orda qalmış, bundan sonra nə baş verdiyni bilməmiş, sonradan polis şöbəsində Rəfayelin Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirdiyini bilmişdir. Rəfayeldən heç bir şikayəti və tələbi yoxdur. Hadisə Zaqatala şəhər Mollamuhuma Eminov küçəsində Zərərçəkmiş şəxs1 yaşdığı evin qarşısında baş vermiş, təxminən 5 dəqiqə davam etmiş, hadisəni bacısı Ramilə və Rəfayelin bacısı qızı Nərmin görmüşdür. Rafayil hadisə zamanı ona xəsarət yetirməmişdir. Rəfayellə əvvəllər aralarında dava olmamış, onu vurmamış, lakin içikili halda evə gələndə aralarında mübahisə olmuşdur. xx.xx.2023cü il tarixdə əri Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan qurudulmuş marixuana gəzdirərkən polis əməkdaşları tərəfindən saxlanılmasını, Rəfayel həmin narkotik vasitəni yaşadığı evdə qurudub yatdığı çarpayının altında gözlətdiyini bilməmiş, bundan heç bir xəbəri və məlumatı olmamış, Rəfayel tutulanda bilmişdir. Narkotik maddələri tanımadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 ərizə təqdim edərək əri Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, mart ayında axşam tərəfi çayxanaya çıxarkən küçədən səs gəlmiş, küçəyə çıxan zaman görmüşdür ki, bir qadın yerdə uzanmış, təqsirləndirilən şəxs isə ayaq üstə dayanmış, yanlarındakı qadın isə “vurma-vurma” deyir. Onlara yaxınlaşıb ayırmağa çalışmış, nə etdiyini soruşmuş, qarşı tərəf isə onun ailə işinə qarşımamasını demişdir. O, isə Rəfayelə "mənim evimin qarşında mübahisə etməyin gedin ailə işinizi öz evinizdə həll edin" demişdir. Rafayel 10 metr getdikdən sonra geri gəlmiş, o isə Rafayeli itələmiş «çıx get» deyib onu özündən kənarlaşdırmış, daha sonra qadına kömək etmək üçün yaxınlaşan zaman Rəfayel onu bıçaqla xəsarət yetirdiyini bildirmiş, o isə yaşadığı evə keçmiş, əynini dəyişib xəstəxanaya getmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Onun barəsində heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayşsıdır, həmin gün dayısının zəngi üzrə onlara qonaq getmişdir. Çatdığı zaman dayısı ilə yoldaşının mübahisə etdiyini görmüşdür, bu zaman dayısının qonşularında birinin onları ayırdığını gömüş, həmçinin həmin şəxsin əlindəkə taxta bənzəri bir predmetlə dayısına vurmuş, onu itələmiş, dayısı isə ona bıçaq vurmuşdur. Həmçinin hadisə yerində dayısının yoldaşının bacısını da görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2004-cü il tarixdən DİO-da, 2019-cu ildən Zaqatala RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Mart aylarında Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və üzərində daşımasında şübhəli olması barədə Zaqatala rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupuna daxil olmuş əməliyyat məlumatı əsasında o, Zaqatala rayon Çökəkoba kəndi ərazisində saxlnamış, Zaqatala rayon polis şöbəsinə gətirmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs özü könüllü olaraq bir ədəd sellofan bağlamanı çıxardıb təqdim etmiş, bildirmişdir ki, həmin torbanın içərisində qurudulmuş marixuana vardır, Makov kəndindən yığdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zaqatala rayon polis şöbəsinin X1 baş inspektoru vəzifəsində işləyən polis kapitanı Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis Şöbəsinin, Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X6 tərəfindən qəbul edilmişi 18 mart 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 17 mart 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, xx.xx.1976-ci ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmuş, Zaqatala şəhəri, Sülh küçəsi, ev 9, mənzil 13-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Zərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, onun şübhəli şəxs qismində tutulması müddəti onun azadlığının faktiki məhdudlaşdırıldığı 17 mart 2023-cü il saat 13:45-dən hüsablanmışdır. İş materiallarına əlavə edilmiş 17 mart 2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan, ona əlavə edilmiş fotocədvəldən və “01” ədəd DVD diskdən görünür ki, Zaqatala RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısının və NMQ-nun və CABnin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan boz rəngli gödəkçənin altından geyindiyi qara rəngli papaqlı koftanın altından bir ədəd sellofan bağlamanı çıxardıb təqdim etmiş, təqdim edilmiş bir ədəd sellofan bağlamanın içərisində olan narkotik vasitə elektron tərəzidə çəkilmiş, müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə X4 Regional Bölməsi tərəfindən verilmiş 18 mart 2023-cü il tarixli 17/266 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə “Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik maddə marixuanaya bənzər kütlə..” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki, 01 (bir) ədəd sarı rəngli sellofan bağlamada, təmiz çəkisi 261,49 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. Təhqiqata sərf edildi 0.05 qr, qalıq 261.44 qr. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə X4 Regional Bölməsi tərəfindən verilmiş 18 mart 2023-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 35.97 (otuz beş manat doxsan yeddi qəpik) manatdır. İş materiallarına əlavə edilmiş 19 mart 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. İş materiallarına əlavə edilmiş 19 mart 2023-cü il tarixli “polisin nəzrəti altına vermə qətimkan tədbirinin seçilməsi” haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs xx.xx.1976-ci ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum olunmuş və həmin məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, Zaqatala şəhəri, Sülh küçəsi, ev 9, mənzil 13-də qeydiyyatda olmaqla, Çökəkoba kəndində kirayə yaşayan Təqsirləndirilən şəxs barəsində polisin nəzrəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 19 mart 2023-cü il tarixli “təqsirləndirilən şəxsin həbsdən azad edilməsi” haqqında qərardan görünür ki, barəsində “polisin nəzrəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs saxlandığı Zaqatala RPŞ-in X7 azad edilmişdir. İş materiallarına əlavə edilmiş 17 mart 2023-cü il tarixli “baxış və götürmə keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş foto-cədvəldən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəsarət yetirdiyi yer Zaqatala şəhəri Mollamuhuma Eminov küçəsində Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısıdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə saat 19:45 radələrində yaşadığı evin həyətində olduğu zaman küçədə səs-küy eşitdiyi və buna görə həyətdən küçəyə çıxdığını həmin vaxt adlarını sonradan bildiyi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 döydüyünü gördüyünü Rəfayel ilə Nazilənin yanında olan tanımadığı qadının onları ayırmağa çalışdığını gördüyünü, yaxınlaşıb Rəfayeli Nazilədən kənarlaşdırdığı, həmin vaxt Rəfayelin üzərinə hücum çəkib, ona biçqla xəsrət yetirdiyi bildirmiş, hadisə yerinə baxış zamanı Zərərçəkmiş şəxs1 həyət darvazası ilə üzbəüz olan X2 həyətyanı sahəsinin kənarına çəkilmiş metal hasarın qəhvəyi rəngli metal dam örtüyündən çəkilmiş hasarın beton bünövrəsinin dibində açıq vəziyyətdə üzərində qan və qana bənzər ləkələr olan cib biçağı olduğu müşadihə edilmişdir. Baxış zamanı həmin biçağın tiyəsinin üzərində “stainless” yazısı olduğu tutacaq yerinin üzərində isə timsah şəkili olduğu müşahidə olunmuşdur. Həmin bıçaq iş üçün əhəmiyyət kəsb etdiyindən ağ rəngli zərfdə qablaşdırılaraq götürülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X8 X16 tərəfindən verilmiş 18 mart 2023-cü il tarixli 65 saylı rəydən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 bədəni üzrində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli PHŞ-6-78/2-329/2023 saylı məktubdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Çökəkkoba kəndində kirayə ünvanda yaşayan xx.xx.1976-cı il təvəllüdlü Heydərov X5 RMX PHŞ-nin Poliklinika şöbəsinin Narkoloji və Psixiatrik xəstəlikləri kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən 30 mart 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Heydərov X5 Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2001-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Heydərov X5 Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinib 11 il 03 ay azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublıkası Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, həmin məhkumluğu ödənilməmişdir. Heydərov X5 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Şəki rayon məhkəməsinin qərarına əsasən cəzası 6 ay azaldılaraq 2 il təyin edilmiş, xx.xx.2022-ci il tarixdə Şəki rayon Məhkəməsinin qərarına əsasən 01 ay 25 gün vaxtından əvvəl cəzadan şərti azad edilmiş, həmin məhkumluğu ödənilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X8 X16 tərəfindən verilmiş 31 mart 2023-cü il tarixli 66 saylı rəydən görünür ki, vət. Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarət - döş qəfəsinin sol yarısında 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara - iti alətin təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcədə yardım üçün Zaqatala RMX-ya müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə deşici-kəsici alətin, ola bilsin, bıçağın tiyəsinin təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasın səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 18 aprel 2023-cü il tarixli 662 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 1(033)-17/2021 saylı xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19 aprel 2023-cü il tarixli 3/578 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə X4 Regional Bölməsi tərəfindən verilmiş 19 aprel 2023-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manatdır. İş materiallarına əlavə edilmiş 11 may 2023-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin məcəllənin 221.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarına əlavə edilmiş 11 may 2023-cü il tarixli “zərərçəkmiş şəxs kimi tanınma” haqqında qərardan görünür ki, X9 iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış və qərar ona elan edilmişdir. İş materiallarına əlavə edilmiş 17 may 2023-cü il tarixli “zərərçəkmiş şəxs kimi tanınma” haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış və qərar ona elan edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala rayonu Zaqatala Bələdiyyəsi tərəfindən verilmiş 212 saylı 23 may 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, qeydiyyatda olduğu ərazidən Təqsirləndirilən şəxs barəsində Zaqatala Bələdiyyəsinə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 7(075)-325/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsində cəza çəkən, Zaqatala Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli hökmü ilə CM-nin 221.3- cü maddəsinə əsasən 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində ‘‘8 noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 1 il 9 ay 8 gün azadlıqdan məhrumetmə cəzası 06 (altı) ay azaldılmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 7(075)-235/2021 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs ərizəsi təmin edilərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəzadan şərti olaraq 1 (bir) ay 25 (iyirm beş) gün vaxtından əvvəl azad edilsin. İş materiallarına əlavə edilmiş “məhkum edilmiş bir sıra şəxslərin əfv olunması” haqqında Azərbaycan Respublikası Prezidentinin 16 mart 2019-cu il tarixli Sərancamından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş 06 iyun 2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş 07 iyun 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü və 234.1-ci maddələri ilə elan olunmuş xx.xx.2023-cü il tarixli ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixli qərarla seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkibi olmadığına görə barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə cinayət təqibi başlanması rədd edilsin, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsilə cinayət təqibi başlanması rədd edilmiş, ekspertizaya təqdim edilmiş narkotik vasitə - təmiz çəkisi 261,49 qram olan narkotiik vasitə qurudulmuş marixuananın 0,05 qramının tədqiqata sərf olunması və qalıq təmiz çəkisi 261,44 qram olan qurudulmuş marixuananın Zaqatala rayon polis şöbəsinə göndərilməsi ibtidai istintaqın sonrakı gedişində nəzərə alınmış, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqata sərf olunduqdan sonra qalıq təmiz çəkisi 261,44 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınsın və saxlama müddəti ərzində Zaqatala rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk sübut növü kimi tanınmış, cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, Ədliyyə Nazirliyi Məhkəmə X4 Regional Bölməsinin 18 mart 2023-cü il tarixli 17/266 nömrəli rəyində göstərilən çəki yəni, qurudulmuş marixuananın təmiz çəkisi 261,49 qram olması qəbul edilmiş və ibtidai istintaqın sonrakı gedişində nəzərə alınmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəsarət yetirdiyi bir ədəd bıçaq cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut kimi tanınmış, saxlama müddəti ərzində Zaqatala rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılmış, iş üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, ekspert rəyləri, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq sənədləri obyektiv olub cinayət işinin materialları ilə uyğunluq təşkil etdiyindən sübut növü kimi qəbul edilsin və cinayət işinin materiallarına əlavə edilərək şəxsin məhkəmə məsuliyyətinə verilməsi üçün kifayət hesab olunmuşdur. İş materiallarına əlavə edilmiş Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-253/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-39/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-253/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(033)-15/2023 saylı qərarından görünür ki, vəsatət qismən təmin olunaraq, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs – xx xxxxxx 1976-cı ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, ünvan 5 ünvanında qeydiyyatda olmaqla tutulanadək Zaqatala şəhəri Mollamuhuma Eminov küçəsində yaşayan Təqsirləndirilən şəxs barəsində 14 iyun 2023-cü il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə, yəni 14 avqust 2023-cü il tarixə saat 16:50-dək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan hər hansı tələbi və şikayəti yoxdur. Ərizəsinin nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, onun barəsində heç bir şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, şəxsi axtarış və baxış protokolu, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci və 221.3cü maddələri ilə tövsif olunmuş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar aşkar edilməmişdir. Məhkəmə təqsirkəndirilən şəxs Təqsirləndirilən şəxs qeyri rəsmi yaşadığı Zərərçəkmiş şəxs2 qarşı cinayət törətməsinə dair ittiham üzrə özünü təqsirli bilməməsinə tənqidi yanaşır və bunu məsuliyyətdən yayınmaq üçün seçdiyi üsul kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 234.1-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 234.1-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. İş materiallarından göründüyü kimi Heydərov X5 Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2001-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Heydərov X5 Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinib 11 il 03 ay azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublıkası Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, həmin məhkumluğu ödənilməmişdir. Heydərov X5 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Şəki rayon məhkəməsinin qərarına əsasən cəzası 6 ay azaldılaraq 2 il təyin edilmiş, xx.xx.2022-ci il tarixdə Şəki rayon Məhkəməsinin qərarına əsasən 01 ay 25 gün vaxtından əvvəl cəzadan şərti azad edilmişdir. Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətdikdən sonra məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət törətdiyinə görə Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-253/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli cinayətin xüsusi təhlükəli residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3-cü maddəsinə görə qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə, qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətlərin residivi xüsusi ilə təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xüsusi təhlükəli residivə görə cəzanın təyin edilməsini tənzimləyən 65.2-ci maddəsində göstərilir ki, xüsusi təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə — xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci və 61.1.1-ci maddələrinə əsaslanaraq, Təqsirləndirilən şəxs əməlinin cinayətin təhlükəli residivini yaratmasını onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını, əməlindən peşiman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, əməlində cinayətin residivi olması nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından göründüyü kimi hazırki iş üzrə cinayət əməli 16 mart 2023-cü il tarixdə baş vermiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)- 253/2023 nömrəli hökmü isə 04 sentyabr 2023-cü il tarixdə qəbul edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 1(091)-253/2023 nömrəli hökmü ilə təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilən cəzaya qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzasının əvvəli onun tutulduğu 14 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs 17 mart 2023-cü il tarixdən 19 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və narkomaniyadan məcburi müalicə olunmalıdır. İş üzrə maddi sübutlar – 261,44 qram tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana və bir ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 99,97 (doxsan doqquz manat doxsan yeddi qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinə ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilən cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 1(091)-253/2023 nömrəli hökmü ilə təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilən cəzaya qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 17 mart 2023-cü il tarixdən 19 mart 2023-cü il tarixədək tutulub saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 2 (iki) gün həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 06 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli tutulduğu tarixdən, yəni 14 iyun 2023-cü il tarixdən hesablansın. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə maddi sübutlar – 261,44 qram tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana və bir ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 99,97 (doxsan doqquz manat doxsan yeddi qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinə (X3, Kod : 210005; VÖEN **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; VÖEN **********; hesab № AZ34CTRE********************) ödənilsin. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar