Məhkəmə qərarları › İş №1(033)-20/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №1(033)-20/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 1(033)-20/2023 12.04.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o, 07 mart 2023-cü il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs ilə əri Təqsirləndirilən şəxs arasında Zaqatala şəhəri, A.Eminov və M.P.Vaqif küçələrində sonuncunun idarə etdiyi “VAZ-2109” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda qısqanclıq zəminində baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs qisas almaq niyyəti ilə arvadı Zərərçəkmiş şəxs üz və baş nahiyələrinə sağ əlinin üstü ilə zərbələr vuraraq təpə nahiyəsində şişkinlik, sağ gözaltında qançır, burnun yumşaq toxumalarında şişkinlik və qançır, burun sümüklərinin yerdəyişməyən qapalı sınığı xarakterli, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxışı iclasında dindirilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2014-cü ildə Zaqatala şəhər sakini Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 2 övladı var.2020-ci il tarixdə aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs valideyinlərinin evinə qayıtmış və həmin vaxtdan övladları ilə həmin ünvanda yaşayır. O, mütamadi olaraq övladlarını görməyə gedir və Saliyə ilə əlaqə saxlayır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Saliyə ona zəng edib mağazaya gedəcəyini demişdir. Həmin gün saat 20 radələrində o, Saliyənin valideyinləri ilə yaşadığı ünvana idarə etdiyi “VAZ-2109” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə getmişdir. O, Saliyə ilə əlaqə saxlamaq istəyədə sonuncunun telefonuna zəng çatmamışdır. Bundan sonra o, Saliyənin gedəsi mağazanın ətrafında və yolda onu axtarmağa başlamışdır. Təxminən 1 saatdan Saliyəni yaşadığı küçədə görmüş və avtomobili yanına sürüb saxlamışdır. O, Saliyədən avtomobilə oturmasını xahiş etmişdir. Saliyə avtomobilə oturandan sonra ondan hardan gəldiyini soruşmuşdur. Saliyə cavab olaraq mağazadan gəldiyini demişdir. Bundan sonra Saliyədən telefonu niyə söndürdüyünü soruşmuşdur. Saliyə cavab olaraq onunla danışmaq istəmədiyini demişdir. Həmin vaxt o, əsəsbləşib əlinin üstü ilə Saliyənin ağzına vuraraq danışmasını tələb etmişdir. Bundan sonra Saliyənin telefonunu götürəndə enerjisinin olmadığını görmüş və həmin telefonu avtomobildə olan şarj cihazına qoşaraq telefonda artıq-əksik zənglərin, mesajların olmadığını görmüşdür. O, Saliyəni təkrar sorgu-sual edəndə sonuncu taksi ilə küçəyə gəldiyini ona demişdir. Bundan sonra Saliyə ilə həmin taksi sürücüsünü tapmış və sorgu-sual etmişdir. Rəşad adlı taksi sürücüsü Saliyəni hardan götürdüyünü və hara düşürdüyünü ona demişdir. Bundan sonra o, Saliyəni qısqanmağa heç bir əsas olmadığını görüb onu yaşadığı evinə düşürmüşdür. O, mübahisə zamanı əlinin üstü ilə Saliyənin ağzına və üzünə bir neçə dəfə vurduğunu, həmin vaxt avtomobildə olduqlarını, kənardan heç kim görmədiyini bildirmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Odur ki, barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2014cü ildə Zaqatala şəhər sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 2 övladı vardır. 2020-ci il tarixdə rəsmi boşanmasada Təqsirləndirilən şəxs ayrılıb valideyinlərinin evinə qayıtmış və övladları ilə həmin ünvanda yaşayır. Buna baxmayaraq Raminlə əlaqə saxlayır, ona övladları ilə münasibət saxlamağa imkan yaradır. Birgə yaşayanda qısqanclıq zəminində Raminlə tez-tez mübahisələri olurdu. Həmin mübahisələrə görə o, valideyinlərinin evinə qayıtmışdır. Son bir ay müddətində Raminin telefon nömrəsini bloklamış və onu görməmişdir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində işlədiyi məktəbin kollektivi ilə gəzməyə getmişdir. Həmin tarixdə saat 22 radələrində piyada evə gedərkən taksi sürücüsü işləyən Rəşad adlı tanışı avtomobilini yanında saxlayaraq ona əyiləşməsini və evə çatdıracağını demişdir. O, Rəşadın avtomobilinə minib yaşadığı küçəyə getmiş və avtomobildən düşüb evinə gedəndə yanında ağ rənqli avtomobil saxlamışdır. Həmin avtomobilin qapısı açılanda idarə edən şəxsin əri Raminin olduğunu görmüşdür. Ramin ondan avtomobilə əyiləşməsini tələb etmişdir. O,Ramindən nə baş verdiyini soruşub avtomobilə əyiləşmək istəmədiyini demişdir. Həmin vaxt Ramin onun gödəkçəsindən tutub dartaraq onu avtomobilə otuzdurmuşdur. Bundan sonra Ramin onu sorgu-sual edərək hardan gəldiyini soruşmuşdur. O, Raminə mağazadan gəldiyini demişdir. Ramin cavab olaraq “mən bilirəm sən hardan gəlirsən, küçənin başında niyə taksidən düşübsən?” deyərək onun yaşadığı Zaqatala şəhəri A.Eminov küçəsində üzünə yumruqla zərbə vurmuşdur. Həmin mübahisə zamanı Ramin bir neçə dəfə yumruqla onun üz nahiyyəsinə zərbələr vurmuşdur. Bundan sonra Ramin avtomobilini Rəşadın olduğu Zaqatala şəhəri M.P.Vaqif küçəsinə sürmüş, Rəşadı sorgu-sual etmişdir. Bundan sonra Ramin avtomobilə oturub yenə onunla mübahisə etmiş və həmin ünvanda onun üzünə yumruqla zərbələr vurmuş və yaşadığı evin qarşısında avtomobildən düşürmüşdür. O, Raminin ona avtomobildə vurduğunu, kənardan heç kimin görmədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Məhkəmə Tibbi Ekspertizası və PA X4 Şəxsin Zaqatala rayon şöbəsinin 15 mart 2023-cü il tarixli 55 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibb müayinəsi zamanı aşkar edilən xəsarətlər-təpə nahiyyəsində şişkinlik, sağ gözaltında qançır, burunun yumşaq toxumalarında şişkinlik və qançır, burun sümüklərinin yerdəyişməyən qapalı sınığı – bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcə də yardım üçün Zaqatala MRX-ya müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələrinin (əl və s.) təsirindən əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəbə olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən verilmiş tələbnamədən görünür ki, vət. Təqsirləndirilən şəxs xx.xx.2010-cu ildə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2013-cü il tarixli amnistiya qərarının 1.1-ci bəndinə əsasən cəzasının qalan hissəsindən azad edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini, ondan heç bir şikayətinin və tələbinin olmadığını bildirməklə, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Zaqatala şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 17 mart 2023-cü il tarixdə verilmiş 420 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi özündən, arvadı Zərərçəkmiş şəxs, oğlu 2016-cı il tarixdə doğulmuş X3 və 2019-cu il tarixdə doğulmuş X2 ibarətdir. İş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Zaqatala şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 17 mart 2023-cü il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsindən əlavə, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizanın rəyi, eləcə də işin digər obyektiv halları ilə tam sübuta yetirildi. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12-ci və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış icraat materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tututlan cinayət əməlini törətmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərəçəkmiş şəxslə barışdığına və zərərçəkmişə vurduğu ziyanı aradan qaldırdığına görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə məhkəmə iclasında xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İşdə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 43.3, 173, 344-347, 356, 358 və 384-cü maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyinə görə onun barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar