Məhkəmə qərarları › İş №1(033)-23/2021

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-23/2021

23.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-23/2021 23.04.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X4 katibliyi, dövlət ittihаmçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxx 1989-cu il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Zaqatala rayonun Yuxarı Tala kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi islehlak miqdarından artıq, yəni 454,11 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək saxlamış, 15 yanvar 2021-ci il tarixdə saat 19 radələrində Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon polis şöbəsinə dəvət edilib üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli qolsuz gödəkcənin sağ yan cibindən 4.11 qram çəkidə bir ədəd üzərində «THE GOAT MERSHKİN MATCH» yazısı olan kibrit qutusunda aşkar edilmiş, Zaqatala şəhəri, V.Qurbanov küçəsində yerləşən avtomobil sexinə baxış keçirilən zaman sexdə olan sellofan torbada saxlamış olduğu 450 qram çəkidə «Levis» yazısı olan sellofan torbada aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, narkotik vasitə olan qurudulmuş marixuanadan vaxtaşırı olaraq istifadə edir. 2020-ci yay aylarında Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən sahədən evə gələrkən yolun kənarında kolların içərisində yabanı halda bitmiş bir neçə ədəd çətənə kollarının olmasını görüb həmin kolların yarpaqlarını yığıb saxlamaq qərarına gəlmiş, həmin çətənə bitkisinin üzərində olan, yəni yarpaqlarının narkotik vasitə kimi istifadə üçün yararlı olan hissələrini sellofan torbaya yığıb işlədiyi Zaqatala şəhəri V.Qurbanov küçəsində yerləşən sexə gətirərək orada qurutmuş, sonra sellofan torbanı sexdə gizlətmişdir. O, arada bir narkotik vasitə olan qurutduğu marixuanadan istifadə etmək üçün kibrit qutusuna doldurub üzərində gəzdirmişdir. 15 yanvar 2021-ci il tarixdə, saat 19 radələrində Zaqatala şəhərində yolda gedən vaxt polis əməkdaşları ona yaxınlaşaraq üzərində marixuana olduğuna şübhəli olduğu üçün Zaqatala rayon polis şöbəsinə dəvət etmişlər, o, həmin vaxt polis əməkdaşlarına heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Zaqatala rayon polis şöbəsində ona şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılacağı elan edilmiş və vəkillərin siyahısı təqdim olunmuş, o həmin siyahıda olan vəkilləri tanımadığı üçün və maddi imkanı vəkil tutmağa imkan vermədiyi üçün dövlət hesabına vəkil təqdim edilməsini xahiş etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən ona vəkil Afər Mahmudov təqdim olunmuş, tutulmağı haqqında yazılı qərar və bildiriş aldıqdan sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibində gizlətdiyi bir ədəd üzərində “THE GOAT MERSHKİN MATCH” yazısı olan kibrit qutusundakı marixuananı çıxarıb təqdim etmişdir. Onun təqdim etdiyi kibrit qutusu onun və vəkilin iştirakı ilə elektron tərəzidə çəkilmiş və qutu ilə bir yerdə çəkisi 7 qram olmuşdur. Üzərindən başqa qanunsuz əşya aşkar edilməmiş, üzərindən aşkar olunmuş kibrit qutusu bir ədəd zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş və imzalarla təsdiq edilmiş, bundan sonra onun razılığı ilə işlədiyi sexə baxış keçirilmiş, baxış zamanı orada küncdə köhnə paltarların altında gizlətdiyi, içərisində narkotik vasitə marixiuana olan üzərində “LEVİS” yazısı yazılmış sellofan paketi təqdim etmiş, həmin sellofan paket onun və müdafiəçinin iştirakı ilə elektron tərəzidə çəkilmiş və 455 qram olmuşdur. Onun sexdən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuana ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmiş və imzalanmışdır. O, vaxtaşırı marixuanadan istifadə etdiyi üçün həmin marixuananı Zaqatala rayonu, Yuxarı Tala kəndində yolun kənarında, kolların arasından yabanı halda yetişmiş vəziyyətdə aşkar edərək toplayıb qurudaraq saxlamış, həmin narkotik vasitə olan qurudulmuş marixuananı özü istifadə etmək üçün saxlamışdır. Başqa yerlərdə gizlətdiyi narkotik tərkibli maddələr yoxdur, yalnız üzərində və sexində aşkar edilmiş narkotik tərkibli qurudulmuş marixuana olmuşdur. Çətənə bitkisinin yarpaqlarını sexdə gizli olaraq sərib qurutmuş, narkotik vasitəni qurutduğunu heç kim görməmişdir. Himayəsində bir azyaşlı uşağı var, ilk dəfədir ki, cinayət əməli törədir, etdiyi hərəkətdən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, 2010-ci ildən DİO-da xidmət edir, 2018-ci ildən isə Zaqatala rayon polis şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 15 yanvar 2021-ci il tarixdə, saat 19 radələrində Zaqatala şəhəri ərazisində xidmətdə olan vaxt narkotik vasitələrin saxlamasında və daşımasında şübhəli olan Təqsirləndirilən şəxs Zaqatala şəhəri, V.Qurbanov küçəsində özünü şübhəli aparması müşahidə edildiyi üçün yaxınlaşaraq özünü təqdim etmiş və Təqsirləndirilən şəxs Zaqatala rayon polis şöbəsinə dəvət etmişdir. Zaqatala rayon polis şöbəsində Təqsirləndirilən şəxs narkotiklərin daşımasında şübhəli olduğu üçün gətirməyi barədə raport yazmış və sonra Zaqatala rayon polis şöbəsində müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə başlanılmış, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl təhqiqatçı Ramazan Hüşənov ona üzərində qanunsuz saxladığı narkotik vasitə, silah və cinayət xarakterli digər əşyalar olduğu halda təqdim etməsini təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz gödəkcənin sağ yan cibindən bir ədəd üzərində «THE GOAT MERSHKİN MATCH» yazısı olan kibrit qutusunu təqdim edərək həmin kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmiş, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin narkotik vasitə olan qurudulmuş marixuananı çöl sahəsindən özü istifadə etmək üçün yığıb qurutduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs Zaqatala şəhəri, V.Qurbanov küçəsində yerləşən qeyri-rəsmi olaraq icarə əsasında işlədiyi avtomobil təmiri sexinə baxış keçirilmiş, sexin giriş qapısından içəri girdikdə tikiş maşını olan stolun sağ tərəfində yerə atılmış köhnə istifadəsiz paltarların altında üzərində «Levis» sözü yazılmış sellofan paket aşkar edilmişdir. Həmin paketin içərisinə baxdıqda sellofan paketdə narkotik vasitə olan qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin qurudulmuş marixuananı özü qəbul etmək üçün çöl sahəsindən yığıb qurutduğunu bildirmişdir. Təqsirləndirilən şəxs iş yerindən aşkar olunmuş sellofan paketdə olan narkotik vasitə qurudulmuş marixuana ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və Şahid1 ifadəsinə uyğun ifadə verərək onun ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş 15 yanvar 2021-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o, əynində olan qara rəngli qolsuz gödəkcənin sağ yan cibindən bir ədəd üzərində «THE GOAT MERSHKİN MATCH» yazısı olan kibrit qutusunu təqdim etmişdir. Həmin kibrit qutusu açıldıqda içərisində yaşıl rəngli qurudulmuş, kəskin iyli bitki kütləsinin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş kibrit qutusunda olan bitki kütləsinin narkotik vasitə hesab edilən qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni çöl sahəsində yabanı halda bitmiş çətənə bitkilərinin yarpaqlarını yığıb qurudaraq şəxsi istifadəsi üçün saxladığını bildirdi. Onun üzərindən aşkar edilmiş kibrit qutusunda olan bitki kütləsi tərəzidə çəkildi və kibrit qutusu ilə birlikdə ümumi çəkisinin 7 qram olması müəyyən edilmişdir. Həmin kibrit qutusu 1 ədəd zərfə qoyularaq möhürlənmişdir. İş materiallarına əlavə edilmiş 15 yanvar 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs işlətdiyi sexdə küncdə köhnə paltarların altında gizlətdiyi, içərisində narkotik vasitə marixiuana olan üzərində “LEVİS” yazısı yazılmış sellofan paketin içərisində 455 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsi tərəfindən verilmiş məhkəmə bioloji ekspertizasının 16 yanvar 2021-ci il tarixli 17/34 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərində …. Aşkar edilmiş bir ədəd kibrit qutusunda yaşıl kütlə ……» sözləri yazılmış zərfin içərisindəki 01 ədəd kibrit qutusunda, təmiz çəkisi 4,11 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərinə yapışdırılmış vərəqədə «Təqsirləndirilən şəxs işlədiyi avtomobil sexinə baxış zamanı aşkar edilərək götürülmüş …..kütlə….. » sözləri yazılmış 01 ədəd ağ rəngli polietilen torbanın içərisindəki bir ədəd göy rəngli sellofan torbada təmiz çəkisi 450.00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, 01 ədəd kibrit qutusunda və 01 ədəd göy rəngli sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər səhiyyə idarəsinin rayonlararası narkoloji dispanserinin 19 fevral 2021-ci il tarixli 145 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizotik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 15 yanvar 2021-ci il tarixli qərardan və həmin tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zaqatala RPŞ-in TB-nin təhqiqatçısı Ramazan Hüşənov tərəfindən həmin gün saat 19:25-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 17 yanvar 2021ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Tala kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yazılı və şifahi olaraq heç bir şikayət olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala RİHBnın Yuxarı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 05 sentyabr 2017-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, 12 avqust 2017-ci il təvəllüdlü X1 atası Təqsirləndirilən şəxs, anası isə X2r. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və baxış protokolları, maddi sübut və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi islehlak miqdarından artıq, yəni 454,11 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək saxlamış, 15 yanvar 2021-ci il tarixdə saat 19 radələrində Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon polis şöbəsinə dəvət edilib üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli qolsuz gödəkcənin sağ yan cibindən 4.11 qram çəkidə bir ədəd üzərində «THE GOAT MERSHKİN MATCH» yazısı olan kibrit qutusunda aşkar edilmiş, Zaqatala şəhəri, V.Qurbanov küçəsində yerləşən avtomobil sexinə baxış keçirilən zaman sexdə olan sellofan torbada saxlamış olduğu 450 qram çəkidə «Levis» yazısı olan sellofan torbada aşkar olunaraq götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində bir azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməsi tövsiyə olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, əməlini səmimi etiraf etməsi onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Onun əməlində cəzanı ağırlaşdıran halların mövcud olmaması, şəxsiyyətini, özünün həyat şəraiti, etdiyi əməlin az ağır cinayətlər qrupuna aid edilməklə, xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az təhlükəli olması, törətdiyi əmələ görə səmimi peşman olması bunu deməyə əsas verir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, himayəsində azyaşlı uşağın olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, əməlindən peşman olmasını nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs 15 yanvar 2021-ci il tarixdə tutularaq 17 yanvar 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hesablanmalı, onun barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə onun üzərinə Zaqatala-Qax rayonları ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut qismində Zaqatala RPŞ-nin saxlanc yerinə saxlanılan bir ədəd kibrit qutusunda 4.06 qram çəkidə və bir ədəd göy rəngli sellofan torbada 449,95 qram narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 35,97 manat məbləğində eksperiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasınа məhkum edilsin. Təqsirləndirilən şəxs 15 yanvar 2021-ci il tarixdə tutularaq 17 yanvar 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Zaqatala-Qax rayonları ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Zaqatala Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində Zaqatala RPŞ-nin saxlanc yerinə saxlanılan bir ədəd kibrit qutusunda 4.06 qram çəkidə və bir ədəd göy rəngli sellofan torbada 449,95 qram narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 35,97 manat məbləğində eksperiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar