Məhkəmə qərarları › İş №1(033)-25/2022

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №1(033)-25/2022

19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 1(033)-25/2022 19.04.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu sədrlik etməklə, məhkəmə iclasının katibi X2 katibliyi, dövlət ittihamçısı - Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, zərərçəkmiş şəxs X4, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1961-ci ildə Zaqatala rayonu, Yuxarı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zaqatala şəhəri, S.Qazıyeva küçəsi ev 31-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında saat 12:00-da baxaraq, məhkəmə m ü ə y y ə n e t d i : Təqsirləndirilən şəxs qabaqcadan tanıdığı Zərərçəkmiş şəxs 2018-ci ilin oktyabr ayında tanışı Rəhimey İskəndərova vasitəsilə ona müraciət edib yüksək əmək haqqısı olan işlə təmin olunmasında köməklik göstərməsini xahiş etməsindən və əri vəfat etdiyindən bir azyaşlı uşağı ilə tək yaşayaraq maddi sıxıntı keçirməsindən sui-istifadə edib Zərərçəkmiş şəxs məxsus əmlakı tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Zərərçəkmiş şəxs “X12” tərəfindən fiziki qüsurlu şəxslər üçün məktəb tikiləcəyi, onun həmin məktəbə müdir təyin ediləcəyi, Zərərçəkmiş şəxs həmin məktəbə müəllimə kimi işə götürəcəyi və sonuncunun 800 manat əmək haqqı alacağı barədə həqiqəti əks etdirməyən məlumatlar və yalan vədlər verməklə aldatmış, verdiyi həmin vədə əməl etmək və Zərərçəkmiş şəxs xeyrinə hər hansı iş görmək niyyəti olmadan 09 oktyabr 2018-ci il tarixdə “Kapitalbank”-ın Zaqatala şəhəri, Heydər Əliyev prospekti 169 ünvanında yerləşən filialının qarşısında 3000 manat pulunu, hər birinin hesabında (kredit xəttinin limiti) 300 manat olan və ələ keçirildiyi andan həmin hesabdakı pul vəsaitləri ilə bağlı istədiyi kimi sərəncam vermək imkanı yaradan 02 ədəd adsız “BirKart” kredit kartını, eləcə də 21 dekabr 2018-ci il tarixdə yenə həmin ünvanda 1500 manat, ümumilikdə isə 5100 manat pulunu aldatma yolu ilə qəsdən ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti etmişdir. Məhkəmə baxışı iclasında dindirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilmir və Zərərçəkmiş şəxs təxminən 2018-ci ildən tanımış, belə ki, o həmişə imkansız adamlara yardım etmiş, həmin vaxt ona xatırlamadığı həmkəndlilərindən kimsə Zərərçəkmiş şəxs da ərinin öldüyünü və bir azyaşlı qız uşağı ilə qaldığını bildirmişlər. O da bundan sonra Hürünü yanına çağırtdırıb görüşmüş və hər dəfə imkanı daxilində Hürüyə köməklik etmişdir. Hürü bacısı Şahid1 ilə bir evdə yaşamış, Zərərçəkmiş şəxs həmişə pul lazım olanda ondan almış və sonra isə qaytarmışdır. Bundan başqa o Hürünün dolanması üçün də özü yardım etmişdir. O, Zərərçəkmiş şəxs işə düzəltmək adı ilə 5100 manat pul almamış, Hürü ona böhtan atır, onun Zaqatala şəhəri, Nizami küçəsində Çamaşırxanası olmuş və o Zərərçəkmiş şəxs həmin çamaşırxananı satdıqda kömək kimi 1000 manat pul verəcəyini demişdir. Lakin 2021-ci ildə camaşırxana satıldıqdan sonra Hürü onunla görüşərək 3000 manat pul istəmiş, o da Hürüyə həmin pulu verməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ondan şikayət etmişdir. Hürü yalan danışır, Hürüdən işə düzəlmək adı ilə 5100 manat pul almamış, əksinə Zərərçəkmiş şəxs ondan borc pul almış, Hürü ona borcunu qaytarmaq üçün Bir Kartını vermiş, o da həmin kartı hər dəfə pulu çıxardıb ona gətirmələri üçün oğluna və kürəkəninə vermişdir. Hürü ona bacısı Şahid1 məxsus kart verməmiş, oğlu və kürəkəni kartın kimə məxsus olmasını və hansı məqsədlə onda olmasını bilməmiş, onlara pul çıxardıb verməsini xahiş etdiyi üçün onlar da kartdan pul çıxardıb ona vermişlər. Zərərçəkmiş şəxs məxsus kartdan 300 manat pul çıxartmış və sonra da həmin kartı özünə qaytarmışdır. Zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini bildirib, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs 2018-ci ilin sentyabr ayından tanışı Rəhimey İsgəndərovanın vasitəsi ilə tanımışdır. Belə ki, 2018-ci ildə Rəhimey onun vəziyyətinin yaxşı olmadığını görərək Rahilənin ona kömək edə biləcəyini bildirmiş, o da bundan sonra Rəhimey ilə birlikdə Rahilənin evinə gedib onunla görüşmüşdür. O, Rahilə ilə görüşən vaxt Rahilə Zaqatala şəhərində «X12 tərəfindən Əlillər üçün məktəb» açılacağını bildirmiş, özünün həmin məktəbdə müdir olacağını, onu isə məktəbə yüksən maaşla yəni 800 manat əmək haqqı ilə müəllimə kimi işə götürəcəyini bildirərək bunun üçün 5100 manat pul verməli olduğumu demişdir. O, Rahiləyə pulu olmadığını bildirmiş, həmin vaxt Rahilə ona bankdan kredit götürüb pulu verməyi demiş, o da bundan sonra bacısı Şahid1 ilə görüşüb vəziyyəti ona izah etmiş, bacısı da ona əgər işi düzəlirsə öz adına ona kredit götürüb kömək edəcəyini bildirmişdir. O, da bundan sonra 09 oktyabr 2018-ci il tarixdə bacısı ilə bir yerdə "xxxx" Zaqatala rayon filialına gedib müraciət etmiş, "xxxx"a müraciət etdikdən sonra o və bacısı Şahid1 hər birinə 1504 manat pul və içərisində 300 manat olan «bir kart» vermişlər. Həmin vaxt Təqsirləndirilən şəxs da yanlarında olmuş, onlar bankdan pulu götürdükdən sonra 3000 manat pulu və hər birində 300 manat olan iki ədəd «Bir kart»ı bankın qabağında Rahiləyə vermişlər. O, Rahiləyə pulu və kartları verən vaxt bacısı Qızılgül də bir qədər aralıdan onları görmüşdür. Bundan bir müddət sonra Rahilə yenə onunla görüşərək pulun qalan hissəsini yəni 1500 manatını da verməyi bildirmiş, o da bundan sonra 21 dekabr 2018-ci il tarixdə azyaşlı qızı Aygün Salehova ilə birlikdə «Azərbaycan Beynəlxalq Bank»nın Zaqatala rayon filialına gedib müraciət etmiş, əri Nazim Salehov öldüyü üçün azyaşlı qızına atasız olduğuna görə verilən 213 manat pulun kartı «Azərbaycan Beynəlxalq Bank»na aid olduğu üçün ona bankdan kredit vermişlər. O, «Azərbaycan Beynəlxalq Bank»ın Zaqatala rayon filialından isə 1600 manat kredit götürmüş, həmin krediti götürüb "xxxx"da olan kreditini bağlamış və yenidən həmin tarixdə "xxxx"dan 1580 manat kredit götürmüşdür. O, pulu bankdan götürən vaxt da Təqsirləndirilən şəxs bankın qabağında onu gözləmiş, o həmin 1580 manat pulun 1500 manatını da Rahiləyə vermiş, o həmin pulları Rahiləyə verdikdən sonra Rahilə ona dekabr ayının sonlarına kimi işinin düzələcəyini bildirmişdir. Lakin Rahilə dediyi müddət başa çatdıqdan sonra o yenidən Rahilə ilə danışmış və Rahilə ona yanvar ayında Mehriban Əliyevanın açılışa gələcəyini, işlərin ondan sonra açılacağını bildirmişdir. O, yenə Rahiləyə inanıb yanvar ayını da gözləmiş, lakin həmin müddət başa çatdıqdan sonra Rahilə ilə görüşərək işlərin nə yerdə olduğunu soruşmuş, Rahilə ona işlərin bir müddət gözləməli olduğunu bildirmişdir. O, da yenə Rahiləyə inanaraq gözləmiş, lakin sonradan Rahilə onu aldatmaqda davam etmiş, o da bundan sonra Rahilənin onu aldatdığını fikirləşərək Rəhimeyin evinə gedib Rahilə ilə qohum olduğunu, Rahiləni onun vasitəsi ilə tanıdığını deyərək pulunu qaytarmasına köməklik etməsini istəmişdir. Həmçinin artıq Rahilənin onu aldatdığını fikirləşərək Rahilədən də pulunu istəmiş, lakin bir müddət sonra Rahilə ona işləri düzəldən adamın öldüyünü, ancaq pulunu özünün qaytaracağını, Zaqatala şəhərində olan camaşırxanasını satıb pulunu qaytaracağını bildirmişdir. O, da Rahiləyə inanıb gözləmiş, 2021-ci ilin may ayında Rəhimey ona zəng vuraraq Rahilənin camaşırxananı satdığını, may ayının 18-ə qədər pulunu verəcəyini bildirmişdir. Lakin həmin müddət başa çatsa da Rahilə onun pulunu qaytarmamış və sonra Rahimey ona 2021-ci ilin iyul ayının 18-ə qədər pulu qaytaracağını demiş, o da inanıb yenə gözləmiş, həmin vaxtdan sonra isə polisə müraciət etmişdir. Məhkəmə zamanı isə Təqsirləndirilən şəxs 5100 manat pulu ona ödəmişdir. Ona görə də, təqsirləndirilən şəxslə barışmış və onu bağışlamışdır. Ona dəymiş ziyanın tam olaraq ödənildiyini, onunla barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Cumayəliyeva Hürü onun doğma bacısıdır. Hürünün əri rəhmətə getdiyi üçün bir azyaşlı uşağı ilə onunla birlikdə qalır. Təqsirləndirilən şəxs 2018-ci ilin sentyabr ayından tanışı Rəhimey İskəndərovanın vasitəsi ilə tanımış, 2018-ci ildə Rəhimey onların vəziyyətinin yaxşı olmadığını görərək Rahilənin bacısı Hürüyə işə görə kömək edə biləcəyini bildirmişdir. Bundan sonra bacısı Hürü Rəhimey ilə birlikdə Rahilənin evinə gedib görüşmüş, həmin vaxt Rahilə bacısı Hürüyə Zaqatala şəhərində «X12 tərəfindən Əlillər üçün məktəb» açılacağını, özünün həmin məktəbdə müdir olacağını, bacısı Hürünü isə məktəbə 800 manat əmək haqqı ilə müəllimə kimi işə götürəcəyini bildirmiş, bunun üçün 5100 manat pul verməli olduğunu demişdir. Bacısı Hürü də bu barədə onunla danışmış və o da X6 tanıdığını və haqqında yüksək fikir bildirdiyini deyərək razılıq vermişdir. Həmçinin o bacısı Hürüyə işinin düzəlməsi üçün kredit götürüb kömək edəcəyini bildirmişdir. Bundan sonra 09 oktyabr 2018-ci il tarixdə bacısı ilə bir yerdə "xxxx" Zaqatala rayon filialına gedib müraciət etmiş, "xxxx"a müraciət etdikdən sonra ona və bacısı Zərərçəkmiş şəxs hər birinə 1504 manat pul və hesabında 300 manat olan «bir kart» vermişlər. Onlar bankdan pulu götürdükdən sonra bacısı Hürü 3000 manat pulu və hər birində 300 manat olan iki ədəd «Bir kart»ı bankın qabağında Rahiləyə vermiş, Hürü pulu və kartları Rahiləyə verən vaxt o da kənardan görmüşdür. Bundan bir müddət sonra Rahilə yenidən Hürü ilə görüşərək pulun qalan hissəsini yəni 1500 manatı da verməyini istəmişdir. Buna görə də 21 dekabr 2018-ci il tarixdə bacısı Hürü azyaşlı qızı Aygün Salehova ilə birlikdə «Azərbaycan Beynəlxalq Bank»nın Zaqatala rayon filialına gedib 1500 manat kredit götürüb "xxxx"da olan kreditini ödəyərək yenidən "xxxx"dan 1580 manat kredit götürmüş və həmin pulun 1500 manatını da bankın qabağında Rahiləyə vermiş, Rahilə isə işin dekabr ayının sonlarına kimi düzələcəyini bildirmişdir. Lakin Rahilə dediyi müddət başa çatdıqdan sonra bacısı Hürü yenidən Rahilə ilə danışdıqda yanvar ayında Mehriban Əliyevanın açılışa gələcəyini, işlərin ondan sonra açılacağını bildirmişdir. Onlar da Rahiləyə inanıb yanvar ayını da gözləmişlər, lakin həmin müddət başa çatdıqdan sonra Hürü yenə Rahilə ilə görüşərək işlərin nə yerdə olduğunu soruşmuş, Rahilə Hürüyə işlərin bir müddət gözləməli olduğunu bildirmişdir. Bundan sonra Rahilənin onları aldatdığını fikirləşərək Rəhimeyin evinə gedib Rahilə ilə qohum olduğunu deyərək pulun qaytarmasına köməklik etməsini istəmişlər. Həmçinin o artıq Rahilənin bacısı Hürünü aldatdığını fikirləşərək pulunu istəmişdir. Lakin bir müddət sonra Rahilə bacısı Hürüyə işləri düzəldən adamın öldüyünü, ancaq pulunu özünün qaytaracağını, Zaqatala şəhərində olan camaşırxanasını satıb pulu qaytaracağını bildirmiş, lakin sonradan pulu qaytarmadığı üçün bacısı Hürü polisə müraciət etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən X1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zərərçəkmiş şəxs həmkəndlisidir, onun Hürü ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs isə qohumudur, Təqsirləndirilən şəxs ilə də heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs Zaqatala rayonunda yerləşən təmizlik sexinin müdiri işləyir, Zərərçəkmiş şəxs əri ölmüşdür və azyaşlı qızı ilə birlikdə bacısı Şahid1 ilə bir evdə yaşayır. Onun Hürü və bacısı ilə yaxşı münasibəti vardır. Zərərçəkmiş şəxs onunla görüşən vaxt Təqsirləndirilən şəxs ilə görüşməsinə köməklik etməsini xahiş etmiş, o da Rahilə ilə görüşən vaxt Hürünün kasıb bir adam olduğunu deyib, kömək etməsini xahiş etmişdir. Rahilə də ona Hürünün yanına gəlməsini bildirmiş, bundan sonra Zərərçəkmiş şəxs ilə görüşərək Təqsirləndirilən şəxs yanına getməsini demişdir. Bir müddət sonra X7 şəhərində orta məktəbə müəllimə düzəltmək üçün ondan 5100 manat pul almasını bilmiş, bu barədə Hürü və bacısı Qızılgüldən eşitmişdir. Belə ki, Qızılgül bir neçə dəfə onun yanına gələrək «qohumun Rahilə bacımın pulunu alıb onun işini düzəltmədi» demiş, o da Qızılgülə özlərinin bildiyini, məsələni özlərinin həll etməli olduğunu demiş, bir neçə dəfə Rahilə ilə görüşərək Hürünün pulunu qaytarmasını bildirmiş və bu barədə də gəlib Hürü və bacısı Qızılgülə demişdir. X9 pul verən vaxt yanlarında olmamış, ancaq sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs işə düzəltmək üçün 5100 manat pul almasını eşitmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs doğma anasıdır, anası Rahilə əvvəllər Zaqatala şəhərində yerləşən camaşırxananın müdirəsi işləmişdir. Lakin sonradan həmin camaşırxana öz fəaliyyətini dayandırdığı üçün anası işsizdir. Zərərçəkmiş şəxs təxminən 4 ilə yaxındır ki, tanıyır. Zərərçəkmiş şəxs həmişə anası Rahilənin yanına gələndə görüb tanımışdır. Belə ki, anası Rahilə imkansız adamlara kömək etmiş, Hürü də imkansız olduğu üçün anasının yanına gəlib-getmiş, o da Hürünü həmin vaxtdan tanımış, onun Zərərçəkmiş şəxs ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Zərərçəkmiş şəxs ilə anası Təqsirləndirilən şəxs arasında işlə bağlı hər hansı bir pul məsələsinin olmasını bilməmiş, istintaq tərəfindən təqdim edilmiş videodiskə baxdıqda həmin fotoşəkilin ona məxsus olduğunu görmüşdür. Həmin görüntüdə anası Təqsirləndirilən şəxs ona verdiyi bir kartdan pul çıxartmış, həmin kartın Zərərçəkmiş şəxs məxsus olmasını bilməmişdir. Bildiyi qədər Zərərçəkmiş şəxs anası Təqsirləndirilən şəxs borcu olmuş və həmin borcu qaytarmaq üçün də «Bir kartı» götürüb anasına vermiş, anası da borcunu həmin kartdan çıxmışdır. Anası Rahilə də həmin vaxt kartı ona pul çıxartmaq üçün vermiş, o da pulu çıxardıb kartı yenidən anasına vermişdir. Bundan başqa anası Rahilə ona Şahid1 məxsus da bir kart vermiş, o həmin kartdan da pul çıxardıb kartla bir yerdə anasına vermiş, anası Rahilə ona Hürünün borcu olduğu üçün özünün və bacısının kartını verdiyini demişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 05 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 26 noyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Rəhimey İsgəndərova arasında olan dialoq zamanı yazılmışdır. Zərərçəkmiş şəxs həmin səs yazısında Rəhimey İsgəndərovaya ad çəkmədən «özü boynuna alırmı pulu almasını» deyə soruşur, Rəhimey İsgəndərova isə «hə verəcəm deyir, and içdi deyir götürməmişəm, götürəndə verəcəm» deyə cavab verir. Bundan başqa Zərərçəkmiş şəxs ilə Rəhimey İsgəndərova arasında pulun verilməsi barədə dialoq gedir. İş materiallarında olan 05.01.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05.01.2022-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş “Qətimkan tədbirinin seçilməsi haqqında” 05 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 06 yanvar 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx"Açıq Səhmdar Cəmiyyətindən daxil olmuş diskə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs məxsus plastik kartdan 14 fevral 2019-cu il tarixdə saat 16:42:10 dəqiqədə Təqsirləndirilən şəxs oğlu Şahid3 bankomata yaxınlaşaraq kartı salıb pul çıxartmaq üçün əməliyyata başlayır və 14 fevral 2019-cu il tarixdə saat 16:44:17 dəqiqədə isə əməliyyatı başa çatdırır. Bundan başqa 05 mart 2019-cu il tarixdə saat 21:21:27 dəqiqədə Təqsirləndirilən şəxs kürəkəni X5 bankomata yaxınlaşaraq kartı salıb pul çıxartmaq üçün əməliyyata başlayır və 05 mart 2019-cu il tarixdə saat 21:24:02 dəqiqədə isə əməliyyatı başa çatdırır. Bundan başqa 07 may 2019-cu il tarixdə saat 14:37:03 dəqiqədə Təqsirləndirilən şəxs oğlu Şahid3 bankomata yaxınlaşaraq kartı salıb pul çıxartmaq üçün əməliyyata başlayır və 07 may 2019-cu il tarixdə saat 14:37:50 dəqiqədə isə əməliyyatı başa çatdırır. İş materiallarında olan 10 yanvar 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx"Açıq Səhmdar Cəmiyyətindən daxil olmuş diskə baxış protokolundan görünür ki, Şahid1 məxsus plastik kartdan 18 dekabr 2018-ci il tarixdə saat 17:17:32 dəqiqədə Təqsirləndirilən şəxs oğlu Şahid3 bankomata yaxınlaşaraq kartı salıb pul çıxartmaq üçün əməliyyata başlayır və 18 dekabr 2018-ci il tarixdə saat 17:19:27 dəqiqədə isə əməliyyatı başa çatdırır. Bundan başqa Şahid1 məxsus plastik kartdan 12 yanvar 2019-cu il tarixdə saat 20:46:04 dəqiqədə Təqsirləndirilən şəxs oğlu Şahid3 bankomata yaxınlaşaraq kartı salıb pul çıxartmaq üçün əməliyyata başlayır və 12 yanvar 2019-cu il tarixdə saat 20:53:01 dəqiqədə isə əməliyyatı başa çatdırır. Bundan başqa Şahid1 məxsus plastik kartdan 11 aprel 2019-cu il tarixdə saat 18:25:16 dəqiqədə Təqsirləndirilən şəxs oğlu Şahid3 bankomata yaxınlaşaraq kartı salıb pul çıxartmaq üçün əməliyyata başlayır və 17 aprel 2019-cu il tarixdə saat 18:26:12 dəqiqədə isə əməliyyatı başa çatdırır. Bundan başqa Şahid1 məxsus plastik kartdan 07 may 2019-cu il tarixdə saat 14:36:11 dəqiqədə Təqsirləndirilən şəxs oğlu Şahid3 bankomata yaxınlaşaraq kartı salıb pul çıxartmaq üçün əməliyyata başlayır və 07 may 2019-cu il tarixdə saat 14:37:00 dəqiqədə isə əməliyyatı başa çatdırır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 şəxsin 3 saylı X11 Filialı tərəfindən 14 mart 2022-ci il tarixdə verilmiş arayışından görünür ki, Təqsirləndirilən şəxs 23.11.2001-ci il tarixdən İİ qrup ümumi xəstəlikdən əlil kimi 268,62 manat pensiya alır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 19 aprel 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə 1275 manat ödəniş edilmişdir. Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 5100 manat maddi ziyan ona tam şəkildə ödənmiş, onunla barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizədən görünür ki, zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Həmçinin cinayət nətcəsində vurulmuş ziyanın 25 faizini dövlət büdcəsinə ödəmişdir. Ona görə də Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun ifadəsi və ərizəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, cinayət işinin icraatına xitam verilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1 -ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə işin hallarını, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin işin icraatına xitam verilməsini xahiş etmələrini, cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 3 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Qeyd olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-cü maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələbinə əsasən, onun barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 3 ədəd disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə maddi ziyan və mülki iddianın olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar