Məhkəmə qərarları › İş №1(033)-28/2022

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-28/2022

12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-28/2022 12.04.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, dövlət ittihаmçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X6 və onun müdafiəçisi, Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxxxx 2000-ci ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Zaqatala rayonu, Dağlı kəndində qeydiyyatda olan və Zaqatala şəhəri, Anar Həmidov küçəsi ev 101-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında saat 16:00-da baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X14 tamah niyyəti və özgə əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər dostluq münasibətində olduğu Zaqatala rayonu, Zilban kənd sakini X4 İİ Qarabağ müharibəsi zamanı keçirilmiş hərbi əməliyyatlar nəticəsində şəhid olmasına görə ailəsinə dövlət tərəfindən pul vəsaitinin ayrılmasını bilib Mütəllib Serovun qardaşı Zərərçəkmiş şəxs məxsus əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə sonuncu ilə aralarında dostluq münasibətlərindan yaranmış qarşılıqlı inam və etibardan sui-istifadə edib, həmin şəxsə yeni və işlənmiş elektronik əşyaların alqı-satqısı ilə məşğul olmaqla pul qazanmağa köməklik edəcəyi və alacağı pul vəsaitlərini həmin malların alışına xərcləyəcəyi barədə qəsdən yalan vəd və məlumatlar verib inandırmaqla aldadaraq vahid niyyətlə ilk dəfə 2021-ci ilin may ayında yaşadığı Zaqatala şəhəri, Anar Həmidov küçəsində 100 manat məbləğində pulu, daha sonra 2021-ci ilin may ayının sonlarında həmin küçədə 700 manat məbləğində pulu, 2021-ci ilin iyun ayının əvvəllərində Zaqatala şəhəri, Heydər Əliyev prospektində 1500 manat məbləğində pulu, 2021-ci ilin iyun ayının sonlarında Zaqatala rayonu, Zilban kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında 1500 manat məbləğində pulu, 2021-ci ilin iyul ayının əvvəllərində Zaqatala şəhəri, Anar Həmidov küçəsində 3000 manat məbləğində pulu, 12 iyul 2021-ci il tarixdə Zaqatala rayonu, Zilban kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin həyətində 3500 manat məbləğində pulu, 30 iyul 2021-ci il tarixdə Zaqatala şəhəri, Anar Həmidov küçəsində 2500 manat məbləğində pulu, 2021-ci ilin avqust ayında ünvan 1 ünvanında yerləşən özünün yaşadığı evin qarşısında 3150 manat məbləğində pulu, 2021-ci ilin sentyabr ayında Zaqatala rayonu, Zilban kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin həyətində 3200 manat məbləğində pulu, 2021-ci ilin oktyabr ayında Zaqatala şəhəri, Anar Həmidov küçəsində 1500 manat məbləğində pulu, 2021-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs Zaqatala şəhəri ərazisində yerləşən ödəmə terminalı vasitəsi ilə ona məxsus 4169 7413 8199 2237 nömrəli, Kapital Bank-a aid plastik kart hesabına göndərdiyi 600 manat məbləğində pulu, sonuncu dəfə isə 09 dekabr 2021-ci il tarixdə Zaqatala şəhəri, Anar Həmidov küçəsində 500 manat məbləğində pulu, ümumilikdə isə Zərərçəkmiş şəxs məxsus 21750 (iyirmi bir min yeddi yüz əlli) manat məbləğində pulu ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs X14 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanımış, onun Rəsulun qardaşı Qarabağ müharibəsi şəhidi X13 ilə yaxşı münasibəti olmuşdur. O, Mütəlliblə bir orta məktəbdə oxumuş, Mütəllib şəhid olan vaxt yas mərasimində də iştirak etmişdir. O, yas mərasimi vaxtı Rəsulla söhbət əsnasında Rəsul ona qardaşı Mütəllibin şəhid olmasına görə dövlət tərəfindən ailəsinə 10000 (on min) manat məbləğində yardım edilməsini demişdir. Rəsul sakit və hər şeyə inanan xarakterli adam olmuş, o, yas mərasimdə həmişə iştirak etdiyi və Rəsulgilin yaşadığı evdə tikinti işləri aparılan zaman işlədiyi üçün Rəsulun etibarını qazanmışdır. O, Rəsulu aldadaraq şəhid ailəsinə dövlət tərəfindən verilmiş pulun bir hissəsini ələ keçirib öz ehtiyaclarına və kef məclislərinə xərcləmək qərarına gəlmişdir. Həmçinin Rəsul yaşadıqları evdə işləməsinə baxmayaraq onun heç bir ehtiyacını qarşılamadığı üçün Rəsuldan heyf çıxmaq istəmişdir. 2021-ci ilin may ayında o, Rəsula işlənmiş və yeni elektronik əşyalarının, noutbuk və komputerlərin alqı-satqısı ilə məşğul olaraq pul qazanmağı təklif etmişdir. Rəsulu Bakı şəhərində yaşayan Rövşən adlı tanışının vasitəsi ilə xarici ölkələrdən həmin əşyaları sifariş edəcəyi və həmin əşyaları Zaqatala rayonunda mağaza açıb satacaqlarına inandırmış, əslində isə Rövşən adlı şəxs ümumiyyətlə olmamışdır. Rəsul da həmişə Zaqatala şəhəri ərazisində mağaza açmaq istəmiş, buna görə də Rəsul onunla razılaşmışdır. Razılığa əsasən alqı-satqı ilə bağlı bütün pul məsələlərini Rəsul həll etməli olmuş, digər işləri isə o həll etməli olmuşdur. Bir neçə gün sonra o, Rəsulu inandırmaq üçün istifadəsində olan 055 565 45 19 mobil nömrəsinin “Votsap” mobil tətbiqi vasitəsi ilə noutbuk və komputer şəkilləri göndərərək Rəsula həmin əşyaları almaq üçün 700 manat pul lazım olmasını bildirmiş, Rəsul onunla razılaşmış və yaşadığı küçədə 700 manat pul vermişdir. O, həmin pulu kef məclislərində xərcləmək qərarına gəlmiş, spirtli içki qəbul etdikdən sonra Zaqatala şəhər sakini özünü ona Aygün kimi təqdim edən lakin sonradan adının Çimnaz olduğunu bildiyi qadınla cinsi əlaqədə olmağa getmişdir. O, həmin qadınla 2020-ci ilin yanvar ayından tanış olmuş, Çimnazın yanına həmişə cinsi əlaqə olmaq üçün getmişdir. O, hər dəfə Çimnazla cinsi əlaqədə olduqdan sonra 40 manat pul vermiş, Çimnaz ilə yaşadığı Zaqatala şəhəri «7 mərtəbə» deyilən binanın 3-cü mərtəbəsində yerləşən evində görüşmüşdür. O, Çimnazla cinsi əlaqədə olduqdan sonra Çimnaz ona 2021-ci ilin may ayında yaşadığı evdə cinsi əlaqədə olan vaxt videosunu çəkdiyini bildirmiş və həmin videonu sosial şəbəkələrdə yaymaqla hədələyib ondan pul istəmişdir. O, bundan sonra həmin videoya baxmış və həqiqətən videonun olmasının şahidi olmuşdur. Bundan sonra Çimnaza pul verməyə razılıq vermiş, həmin vaxt Rəsuldan aldığı cibində olan 600 manata yaxın pulu Çimnaza vermişdir. Onun pulu olmadığı üçün Rəsulu aldadaraq pulunu ələ keçirməyə davam etmək qərarına gəlmiş, Rəsula müxtəlif elektronik əşyaların şəkillərini göndərərək hər dəfə hissə-hissə müxtəlif məbləğlərdə pul almışdır. Rəsul həmin pulları ona nəğd formada Zaqatala rayonu ərazisində vermiş, yalnız bir dəfə Rəsula ona məxsus bank kartının şəkilini göndərmiş, Rəsul da həmin karta 600 manat pul göndərmişdir. O, ümumilikdə Rəsuldan 8000 manat civarında pul almış, həmin məbləğdən 4500 manat məbləğində hissəsini Çimnaz onu hədələdiyi üçün vermiş, yerdə qalan hissəsinə isə gəzmiş, yeyib içmişdir. Sonuncu dəfə Rəsuldan 09.12.2021-ci il tarixdə elektronik əşya almaq adı ilə yaşadığı Zaqatala şəhəri, Anar Həmidov küçəsində 500 manat pul almış, həmin pulu da öz şəxsi ehtiyaclarına xərcləmişdir. 2021-ci ilin oktyabr ayında o, Rəsuldan elektronik əşyalar almaq üçün 1500 manat pul almış, bir neçə gün sonra Rəsul onun yanına gələrək təcili evə pul lazım olduğunu, həmin pulu geri qaytarmasını istəmişdir. O isə artıq həmin pulu xərcləmiş, Rəsula anasının faizlə borc pul verən tanışı olduğunu, anası ilə danışıb pul tapa biləcəyini demişdir. Rəsula anasına Rəsulun mağazasını təmir etdirməsi üçün pul lazım olmasını deyəcəyini bildirmiş, Rəsul onunla razılaşmışdır. O, anası ilə danışıb Rəsula borca 1500 manat pul tapmasını istəmiş, həmçinin Rəsul da anası ilə danışaraq mağazasını təmir etdirməsi üçün 1500 manata ehtiyacının olmasını demişdir. Anası tanışından 1500 manat faizlə borca pul götürüb Rəsula yaşadığı evdə vermiş, Rəsul da borcun əvəzi olaraq bank kartını anasına vermişdir. Razılaşmaya əsasən 1500 manat ödənilənə kimi həmin karta aylıq köçürülən 250 manat pulu borc verən şəxs götürməli olmuşdur. O, Rəsulu qoyunları və danaları satmağa məcbur etməmiş, qoyunların və danaların satılması nəticəsində əldə edilmiş pulu Rəsul ona verməmişdir. Rəsul ondan qoyunları necə çoxalda biləcəyi barədə maraqlanmış, o da bir neçə cins qoyunun şəklini taparaq Rəsula göndərmiş, ancaq sonradan Rəsul qoyunları çoxaltmaq fikrindən daşınmışdır. Rəsul anasının adına kreditə götürdüyü pulu ona verməmişdir. O, Rəsuldan ümumilikdə 21750 manat pul almamış, onun hesablamalarına görə Rəsulu aldadaraq ümumilikdə 5000 manat civarında pul almışdır. Zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmək imkanı yoxdur, gələcəkdə işləyib ödəmək niyyətindədir. Törətdiyi əməlindən peşmandır. Göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, fərdi əmək kimi gündəlik olaraq fəhləlik etməklə pul qazanmış, fəhləlik etməzdən əvvəl də mobil telefonları təmir etmişdir. Onun qardaşı X13 10.10.2020-ci il tarixdə İİ Qarabağ müharibəsi zamanı Füzuli rayonu ərazisində gedən hərbi əməliyyatlar zamanı aldığı xəsarətlərin təsirindən şəhid olmuşdur. X12 adlı dostu olmuş, Yunis qardaşı şəhid olduqdan sonra yaşadığı evə mütəmadi olaraq gəlib-getməyə başlamışdır. Qardaşının dəfn mərasimində və yas günlərində əlindən gələn köməkliyi göstərmiş, həmin vaxtdan sonra onun Yunislə sıx münasibəti olmağa başlamışdır. Onun qardaşı Mütəllib Serovun şəhid olmasına görə dövlət tərəfindən ailəsinə yardım edilmiş, qardaşı şəhid olduğu üçün ailəsinə ilkin olaraq Heydər Əliyev fondundan 10000 manat və bir neçə gün sonra isə dəfn xərclərini qarşılamaq üçün 3000 manat pul verilmişdir. Bundan başqa qardaşı şəhid olmasına görə 23.12.2020-ci il tarixdə atası Şahid2 Xalq Bank hesabına 5500 manat və 24.12.2020-ci il tarixdə anası Şahid3 Xalq Bank hesabına 5500 manat pul köçürülmüşdür. Atası hesabına köçürülən pulu özündə saxlamış və heç kimə verməmişdir. Həmçinin kənd sakinləri və Rusiya Federasiyasında yaşayan Zaqatala sakinləri tərəfindən onlara xeyli miqdarda maddi yardım edilmişdir. O, anası ilə birlikdə 23500 manat məbləğində pulu saxlaması üçün atasının xalası oğlu Şahid1 vermiş, məqsədləri həmin pulla evlərini təmir etdirmək olmuşdur. 2021-ci ilin may ayında Yunis ona Bakı şəhərindən işlənmiş və yeni elektronik əşyalar alıb-satmağı təklif etmiş, Yunis ilk öncə noutbuk və komputer alıb-satmağı təklif etmişdir. O da gələcəyi üçün iş qura biləcəyini fikirləşmiş və Yunisin təklifi ilə razılaşmışdır. O, anası ilə məsləhətləşmiş və anasını razı salmışdır. Ancaq atası ailəyə biganə yanaşdığı üçün onun gördüyü işlərdən xəbəri olmamış, Yunis ona işlənmiş elektronik əşyaların şəkillərini və qiymətlərini “Votsap” proqramı vasitəsi ilə göndərməyə başlamışdır. O, 2021-ci ilin may ayında Yunisin yaşadığı A.Həmidov küçəsində birinci dəfə Yunisə 100 manat pul vermişdir. Bundan sonra o, 2021-ci ilin may ayının sonlarında Yunisə yaşadığı küçədə 700 manat, 2021-ci ilin iyun ayının əvvəllərində Zaqatala şəhəri, Heydər Əliyev prospektində görüşərək 1500 manat pul vermişdir. 2021-ci ilin iyun ayının sonlarında Yunisə yaşadığı Zilban kəndində evlərinin qarşısında 1500 manat pul vermişdir. Bundan sonra 2021-ci ilin iyul ayının əvvəllərində Yunisə A.Həmidov küçəsində 3000 manat pul vermiş, o, həmin pulları anasının razılığı qohumu Elmuraddan müxtəlif adlarla hissə-hissə götürmüşdür. Həmçinin 12.07.2021-ci il tarixdə qardaşı şəhid olduğu üçün Yaşat fondundan atası Şahid2 bank hesabına 5000 manat pul köçürülmüş, həmin pulu evi təmir etdirmək üçün anası özündə saxlamışdır. Həmin gün pulun 3500 manatını da yaşadığı evin həyətində Yunisə vermişdir. Yunisdən əşyaların nə vaxt göndəriləcəyini soruşanda 28-ci sırada olduqlarını, sıranın çatmadığını demişdir. Bundan başqa Yunis ondan əşyaları gətirən şirkətə gömrük xərcləri üçün 2500 manat pul verməsini istəmiş, o da 30.07.2021-ci il tarixdə anası ilə birlikdə Zaqatala rayonu, Kapital bank filialına getmişdir. Anasının adına 2500 manat pul götürmüş, həmin gün pulu da Zaqatala şəhəri, Anar Həmidov küçəsində Yunisə vermişdir. Bundan başqa dövlət tərəfindən 2021-ci ilin iyul ayında ailəsinə 21 baş qoyun verilmiş, o, Yunis istədiyi üçün avqust ayında həmin 21 baş qoyunu ümumilikdə 3150 manata Zaqatala rayonu, Əliabad bazarında sataraq A.Həmidov küçəsində Yunisə vermişdir. 2021-ci ilin sentyabr ayında Elmuraddan 3200 manat pul götürüb yaşadığı evin qarşısında Yunisə vermişdir. 2021-ci ilin oktyabr ayında artıq Yunisə verməyə pulu qalmamış, Yunis də onun etibarını qazandığı üçün hər dəfə onu müxtəlif vədlərlə inandırmışdır. Amma həmin vaxtadək heç bir əşya gəlməmiş, Yunis ondan guya şirkətin rəhbəri Rövşən adlı şəxsə göndərmək üçün 1500 manat pul istəmişdir. O, pulunun olmadığını bildirdikdə Yunis ona anasının sələm borcuna faizlə pul verən tanışının olduğunu və ona pul verə biləcəyini demişdir. O, Yunislə razılaşdıqdan təxminən 3 gün sonra Yunis ona zəng edərək anasının pul tapmasını və gəlib götürməsini istəmişdir. Yunis ona anası Elnarə soruşsa, evin təmiri üçün pulun lazım olmasını deməsini bildirmişdir. O da anası Mərziyədən Beynəlxalq bank təqaüd kartını götürmüş, anasına qurduğu işlə əlaqədar kartı girov qoyub borc pul götürəcəyini bildirmişdir. O, Yunisin yaşadığı evə getmiş, Yunis də evdə olmuşdur. Elnarə ondan nəyə görə pulun lazım olmasını soruşan zaman evin təmir xərcləri üçün lazım olmasını demişdir. O, bank kartını Elnarəyə vermiş və 1500 manat sələm borcuna faizlə pul götürmüşdür. Elnarənin bank kartının anasına məxsus olmasından məlumatı olmamışdır. O, evdən çıxaraq küçədə gözləmiş, Yunis də onun arxasınca küçəyə çıxmış, o, həmin 1500 manat pulu Yunisə vermişdir. Bundan sonra yaşadığı evdə saxladığı 2 baş dananı 2021-ci ilin noyabr ayının ortalarında Zaqatala rayonu, Əliabad bazarında 600 manata sataraq həmin pulu Yunisin ona şəklini göndərdiyi bank kartına Zaqatala şəhəri ərazisində yerləşən ödəmə terminalı vasitəsi ilə göndərmişdir. Sonuncu dəfə o, 09 dekabr 2021-ci il tarixdə işləyərək yığdığı 500 manat pulu Zaqatala şəhəri, Anar Həmidov küçəsində Yunisə vermişdir. Yunis ondan yenə də pul istədiyi üçün o, kənd camaatından borc pul istəməyə başlamışdır. Atası Arifin bundan məlumatı olduğu üçün nəyə görə pulun lazım olmasını soruşan zaman baş verənləri danışmışdır. Həmin vaxt atasına təxminən 10000 manat pul verməyini demiş, atası da Yunisin onu aldatmasını görüb polis şöbəsinə gedərək ərizə ilə müraciət etmişdir. O, 2021-ci ilin may ayından 09.12.2021-ci il tarixədək olan müddətdə ümumilikdə 21750 (iyirmi bir min yeddi yüz əlli) manat pulu işlənmiş və yeni elektronik əşyalar alqı-satqısı ilə məşğul olmaq üçün Yunisə vermişdir. O, Yunislə təklikdə görüşərək pulu vermişdir. Yunisin həmin pul vəsaitlərinin qardaşı şəhid olduğu üçün dövlət tərəfindən ailəsinə yardım məqsədi ilə verilməsindən məlumatı olmuşdur. Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödəməmiş, təqsirləndirilən şəxsə qanuna uyğun ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, onun qohumu X13 10.10.2020-ci il tarixdə İİ Qarabağ müharibəsi zamanı Füzuli rayonu ərazisində gedən hərbi əməliyyatlar zamanı aldığı xəsarətlərin təsirindən şəhid olmuşdur. Mütəllib Serov şəhid olduğu üçün ailəsinə ilkin olaraq Heydər Əliyev fondundan 10000 manat və bir neçə gün sonra isə dəfn xərclərini qarşılamaq üçün 3000 manat pul verilmişdir. Bundan başqa Mütəllib Serovun şəhid olmasına görə 23.12.2020-ci il tarixdə atası Şahid2 Xalq Bank hesabına 5500 manat və 24.12.2020-ci il tarixdə anası Şahid3 Xalq Bank hesabına 5500 manat pul köçürülmüşdür. Atası hesabına köçürülən pulu özündə saxlamış və heç kimə verməmişdir. Həmçinin kənd sakinləri və Rusiya Federasiyasında yaşayan Zaqatala sakinləri tərəfindən şəhidin ailəsinə xeyli miqdarda maddi yardım edilmişdir. Mütəllibin qardaşı Rəsul anası Mərziyə ilə birlikdə 23500 manat məbləğində pulu evlərinə gəlib-gedən çox olduğu üçün saxlaması üçün ona vermişlər. Onların məqsədi həmin pulla evlərini təmir etdirmək olmuşdur. 2021-ci ilin yaz aylarından başlayaraq Rəsul ona saxlamaq üçün verdikləri puldan hissə-hissə götürməyə başlamışdır. Rəsul hər dəfə ondan pul götürməyə gələndə o, anası Mərziyəyə zəng edərək Rəsulun pul istəməsi barədə məlumat vermişdir. Anası Mərziyə də həmişə evin təmirinə pul lazım olmasını bildirdiyi üçün o, Rəsulun istədiyi məbləği vermişdir. O, Rəsul və atası ilə birlikdə bir neçə dəfə tikinti materialı almaq üçün getmiş, təxminən 6000 manat tikinti materiallarına xəclənmişdir. Bundan əlavə pulun bir hissəsi yas mərasiminə və evə yeni alınmış əşyalara xərclənmişdir. Həmçinin Rəsul ondan istədiyi üçün 2021-ci ilin oktyabr ayının əvvəllərinə kimi təxminən 10000 manat pul vermişdir. 2021-ci ilin oktyabr ayında həmin 23500 manat pulun 3260 manatı onda qalmış, o, həmin pulu da Rəsulun atası Arifə Serova vermişdir. Rəsulun 10000 manat pulu işlənmiş və yeni elektronik əşyaların alqı-satqısı ilə məşğul olmaq üçün X14 adlı şəxsə verməsindən məlumatı olmamışdır. Çünki, anası Mərziyə ona evin təmiri üçün xərcləmələrini demiş, Arif polisə şikayət etdikdən sonra onun bu barədə məlumatı olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun oğludur. Onun digər oğlu X13 10.10.2020-ci il tarixdə İİ Qarabağ müharibəsi zamanı Füzuli rayonu ərazisində gedən hərbi əməliyyatlar zamanı aldığı xəsarətlərin təsirindən şəhid olmuşdur. Mütəllibin Yunis adlı dostu olmuş, Yunis oğlu şəhid olduqdan sonra yaşadığı evə mütəmadi olaraq gəlib-getməyə başlamışdır. Oğlunun dəfn mərasimində və yas günlərində əlindən gələn köməkliyi göstərmişdir. Həmin vaxtdan sonra oğlu Rəsulun Yunislə sıx münasibəti olmağa başlamış, oğlu Mütəllib Serovun şəhid olmasına görə dövlət tərəfindən ailəsinə yardım edilmişdir. Ailəsinə ilkin olaraq Heydər Əliyev fondundan 10000 manat və bir neçə gün sonra isə dəfn xərclərini qarşılamaq üçün 3000 manat pul verilmişdir. Bundan başqa 23.12.2020-ci il tarixdə əri Şahid2 Xalq Bank hesabına 5500 manat və 24.12.2020-ci il tarixdə onun Xalq Bank hesabına 5500 manat pul köçürülmüşdür. Əri hesabına köçürülən pulu özündə saxlamış və heç kimə verməmişdir. Həmçinin kənd sakinləri və Rusiya Federasiyasında yaşayan Zaqatala sakinləri tərəfindən onlara xeyli miqdarda maddi yardım edilmişdir. O, oğlu Rəsulla birlikdə 23500 manat məbləğində pulu saxlaması üçün ərinin xalası oğlu Şahid1 vermişdir. Məqsədləri həmin pulla evi təmir etdirmək olmuşdur. 2021-ci ilin may ayında Yunis oğluna Bakı şəhərindən işlənmiş və yeni elektronik əşyalar alıbsatmağı təklif etmişdir. Oğlu Rəsul da onunla məsləhətləşmiş və onu razı salmışdır. Ancaq ərinin bundan xəbəri olmamışdır. Oğlu Rəsul bu məqsədlə 2021-ci ilin may ayından oktyabr ayının əvvəllərinə qədər olan müddət ərzində onun razılığı ilə qohumu Elmuraddan müxtəlif adlarla hissə-hissə ümumilikdə 10000 manat pul götürüb Yunisə vermişdir. Həmçinin 12.07.2021-ci il tarixdə Yaşat fondundan Şahid2 bank hesabına 5000 manat pul köçürülmüşdür. Həmin pulu evi təmir etdirmək üçün o, özündə saxlamış, həmin pulun 3500 manatını da oğlu Rəsul yaşadığı evin həyətində Yunisə vermişdir. Bundan başqa, 30.07.2021-ci il tarixdə Rəsul onun adına 2500 manat pul kredit götürüb Yunisə vermişdir. Bundan başqa dövlət tərəfindən 2021-ci ilin iyul ayında ailəsinə 21 baş qoyun verilmiş, Rəsul həmin qoyunları da 3000 manata sataraq pulunu Yunisə vermişdir. 2021-ci ilin oktyabr ayında Rəsul ona məxsus bank kartını Yunisin anası Elnarəyə verib sələm borcuna faizlə 1500 manat pul götürüb Yunisə vermişdir. Bundan sonra yaşadığı evdə saxladıqları 2 baş dananı 2021-ci ilin noyabr ayının ortalarında Rəsul 750 manata sataraq həmin pulu Yunisə vermişdir. Sonuncu dəfə Rəsulun deməsinə görə o, 09 dekabr 2021-ci il tarixdə işləyərək yığdığı 500 manat pulu Zaqatala şəhəri, Anar Həmidov küçəsində Yunisə vermişdir. Yunis yenə də pul istədiyi üçün Rəsul kənd camaatından borc pul istəməyə başladıqda atası Arifin bundan məlumatı olmuşdur. Rəsul baş verənləri Arifə danışmış, həmin vaxt atasına təxminən 10000 manat pul verməsini demişdir. Arif də polis şöbəsinə gedərək ərizə ilə müraciət etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində Şahid3 ifadəsinə uyğun ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, Zərərçəkmiş şəxs oğlu olan Yunisin dostudur. Rəsulun qardaşı Mütəllib şəhid olmuşdur. Mütəllib də oğlu Yunis ilə dost olmuşdur. 2021-ci ilin oktyabr ayında Yunis ondan Rəsula mağazanı təmir etdirməsi üçün pul tapmağa kömək etməsini xahiş etmiş, Yunisin onun biraz pul yığmasından məlumatı olmuşdur. Bir neçə gün keçmiş Rəsul yaşadığı evə gələrək ondan mağazanı təmir etdirməsi üçün 1500 manat pul tapmasını xahiş etmişdir. O, Rəsula valideynlərinin bu məsələdən xəbəri olub-olmamasını soruşduqda Rəsul anasının xəbərinin olmasını demişdir. O, Rəsuldan ailəsinə qardaşının şəhid olması ilə bağlı verilən pullardan nəyə görə xərcləməməsini soruşduqda Rəsul ona atasının bütün pulu karta köçürdüyü üçün onlara xərcləməyə imkan verməməsini bildirmişdir. O, Rəsuldan pul verəcəyi halda ona necə ödəyəcəyini soruşduqda Rəsul ancaq bank kartı ilə pulu ödəyə biləcəyini bildirmişdir. Rəsul cibindən Beynəlxalq bank elektron plastik kartını çıxarıb göstərərək həmin karta aylıq 250 manat yüklənməsini, aylıq həmin kartdan pulu çəkə biləcəyini demişdir. O, Rəsuldan həmin kartın kimə məxsus olmasını soruşmuş, çünki kartın üzərində ad yazılmamışdır. Rəsul həmin kartın özünə məxsus olmasını demiş, Rəsulun ona yalan danışmayacağına inandığı üçün Rəsula inanmışdır. O, yaşadığı evdən özünə məxsus 1500 manat pulu Rəsula verdikdən sonra Rəsul çıxıb getmiş, həmin gün bu barədə oğlu Yunisə də bildirmişdir. O, kartdan pul çəkməyi bilmədiyi üçün kartı pulu çıxarması üçün oğlu Yunisə vermiş, 2021-ci ilin noyabr ayında Yunis kartdan 250 manat pul çıxararaq ona vermişdir. Bundan başqa həmin kartdan pul çıxarılmamışdır. Zərərçəkmiş şəxs oğlu Yunisə 21750 manat pul verməsindən heç bir məlumatı olmamış, Yunis ona bu barədə heç bir söz deməmişdir. O, Rəsula faizlə borc pul verməmişdir. Rəsul bank kartının özünə məxsus olmasını deyərək ona vermiş və borcun əvəzi olaraq aylıq 250 manatı kartdan çəkməsini istəmişdir. Rəsulun həmin pulu Yunisə verməsindən onun məlumatı olmamışdır. İş materiallarında olan “Xalq Bank” tərəfindən 23.12.2020-ci il tarixdə verilmiş kassa məxaric orderindən görünür ki, Şahid2 şəhid ailəsinə ödənilən məbləğ təyinatlı 5500 manat pulu bankdan almışdır. İş materiallarında olan “Xalq Bank” tərəfindən 24.12.2020-ci il tarixdə verilmiş kassa məxaric orderindən görünür ki, Şahid3 şəhid ailəsinə ödənilən məbləğ təyinatlı 5500 manat pulu bankdan almışdır. İş materiallarında olan “Xalq Bank” tərəfindən 12.07.2021-ci il tarixdə verilmiş kassa məxaric orderindən görünür ki, Serov X11 Fondundan daxil olan vəsait təyinatlı 5000 manat pulu bankdan almışdır. İş materiallarında olan 30.07.2021-ci il tarixli GTZK3994145A139 saylı kredit müqaviləsinə əlavənin surətindən görünür ki, Serova X3 Bank ASC-in Zaqatala rayon filialından kreditlər 2500 manat pul götürmüşdür. İş materiallarında olan 10 fevral 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd CD diskə baxış zamanı müəyyən edilmişdir ki, X6 istifadəsində olan 055 565 45 19 mobil nömrəsinin “Votsap” mobil tətbiqi vasitəsi ilə Yunis Əmirov Zərərçəkmiş şəxs istifadə etdiyi “Votsap” mobil tətbiqinə noutpuk, komputer, mikroskop, otbiçən aparat, mətbəxdə istifadə edilən elektronik əşyalar, drel, velosiped, moped, səs gücləndirici qurğular, elektrik mişar şəkillərini və həmin əşyaların qiymətlərini yazaraq göndərmişdir. Yunis Əmirov mesajların və səsli mesajların məzmununda həmin elektronik əşyaları Zərərçəkmiş şəxs göstərdiyi qiymətlərə almağı təklif etmişdir. Yunis Əmirov özünə məxsus 4169 7413 8199 2237 nömrəli Kapital Bank elektron plastik bank kartının şəklini Şahid2 göndərərək həmin bank kartına pul göndərməsini istəmişdir. İş materallarına əlavə edilmiş 24 dekabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, 24.12.2021-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Zaqatala rayonu Dağlı kəndində qeydiyyatda olan və Zaqatala şəhəri A.Həmidov küçəsi ev 101-də yaşayan X1 Rayon Polis Şöbəsində Zaqatala vəkil bürosunun vəkili X5 iştirakı ilə saat 17:30-da tutulmuşdur. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 26.12.2021-ci il tarixli 4(033)- 51/2021 nömrəli qərarından görünür ki, X14 barəsində 24 dekabr 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materallarına əlavə edilmiş Zaqatala Bələdiyyəsi tərəfindən verilmiş 43 nömrəli 08 fevral 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, X14 barəsində Bələdiyyəyə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17.02.2022-ci il tarixli tələbnamədən görünür ki, X14 məhkum edilməmişdir. Beləliklə təqsirləndirilən şəxs X6 törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, X14 tamah niyyəti və özgə əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər dostluq münasibətində olduğu Zaqatala rayonu, Zilban kənd sakini X4 İİ Qarabağ müharibəsi zamanı keçirilmiş hərbi əməliyyatlar nəticəsində şəhid olmasına görə ailəsinə dövlət tərəfindən pul vəsaitinin ayrılmasını bilib Mütəllib Serovun qardaşı Zərərçəkmiş şəxs məxsus əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə sonuncu ilə aralarında dostluq münasibətlərindan yaranmış qarşılıqlı inam və etibardan sui-istifadə edib, həmin şəxsə yeni və işlənmiş elektronik əşyaların alqı-satqısı ilə məşğul olmaqla pul qazanmağa köməklik edəcəyi və alacağı pul vəsaitlərini həmin malların alışına xərcləyəcəyi barədə qəsdən yalan vəd və məlumatlar verib inandırmaqla aldadaraq vahid niyyətlə ilk dəfə 2021-ci ilin may ayında yaşadığı Zaqatala şəhəri, Anar Həmidov küçəsində 100 manat məbləğində pulu, daha sonra 2021-ci ilin may ayının sonlarında həmin küçədə 700 manat məbləğində pulu, 2021-ci ilin iyun ayının əvvəllərində Zaqatala şəhəri, Heydər Əliyev prospektində 1500 manat məbləğində pulu, 2021-ci ilin iyun ayının sonlarında Zaqatala rayonu, Zilban kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında 1500 manat məbləğində pulu, 2021-ci ilin iyul ayının əvvəllərində Zaqatala şəhəri, Anar Həmidov küçəsində 3000 manat məbləğində pulu, 12 iyul 2021-ci il tarixdə Zaqatala rayonu, Zilban kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin həyətində 3500 manat məbləğində pulu, 30 iyul 2021-ci il tarixdə Zaqatala şəhəri, Anar Həmidov küçəsində 2500 manat məbləğində pulu, 2021-ci ilin avqust ayında ünvan 1 ünvanında yerləşən özünün yaşadığı evin qarşısında 3150 manat məbləğində pulu, 2021-ci ilin sentyabr ayında Zaqatala rayonu, Zilban kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin həyətində 3200 manat məbləğində pulu, 2021-ci ilin oktyabr ayında Zaqatala şəhəri, Anar Həmidov küçəsində 1500 manat məbləğində pulu, 2021-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs Zaqatala şəhəri ərazisində yerləşən ödəmə terminalı vasitəsi ilə ona məxsus 4169 7413 8199 2237 nömrəli, Kapital Bank-a aid plastik kart hesabına göndərdiyi 600 manat məbləğində pulu, sonuncu dəfə isə 09 dekabr 2021-ci il tarixdə Zaqatala şəhəri, Anar Həmidov küçəsində 500 manat məbləğində pulu, ümumilikdə isə Zərərçəkmiş şəxs məxsus 21750 (iyirmi bir min yeddi yüz əlli) manat məbləğində pulu ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs X14 məhkəmə iclası zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs məxsus 5000 manat civarında pul vəsaitini ələ keçirməsini bildirmişdir. Lakin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, X19 Serova məxsus 21750 manat məbləğində pul vəsaitini ələ keçirmişdir. Belə ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş qəbzlərin, kredit müqaviləsinin surətlərindən, həmçinin iş üzrə dindirilmiş şahidlərin ifadələrindən görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi məbləğləri Yunis Əmirova vermişdir. Bundan başqa Zərərçəkmiş şəxs üzləşdirmə istintaq hərəkəti zamanı Yunis Əmirovun üzünə qarşı ifadəsində göstərdiyi halları bir daha məhkəmə iclasında da demişdir. Yunis Əmirovun göstərdiyi xüsusatlar özünün müdafiəsinə və maddi ziyanın məbləğini azaltmağa yönəlmişdir. Yunis Əmirov vermiş olduğu ilkin izahatında məsuliyyətdən yaxa qurtarmaq üçün ümumiyyətlə Zərərçəkmiş şəxs göstərdiyi xüsusatları inkar etmiş və Zərərçəkmiş şəxs yalnızca 600 manat borcu olmasını bildirmişdir. Həmçinin, X14 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinə məhkəmə iclasında baxılan zaman o, ifadəsində özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs komputerlərin satışı ilə məşğul olacaqlarını yalandan vəd verməklə sonuncunun 2-ci Qarabağ müharibəsi zamanı şəhid olmuş qardaşı X7 görə dövlət tərəfindən verilmiş puldan hissə-hissə 2021-ci ilin may ayından dekabr ayına kimi olan müddət ərzində Zaqatala şəhəri ərazisində 10000 manat pulunu alaraq, sonradan verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs qarşı xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti etdiyini etiraf etmişdir. Bütün bunlar Zərərçəkmiş şəxs ifadəsində bəzi halları təkzib edərək özünün müdafiəsinə və maddi ziyanın məbləğini azaltmağa yönəlmiş ifadələr verməsini bir daha sübut edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinin dəlilləri ilə razılaşmır. Çünki, məhkəmənin fikrincə təqsirləndirilən şəxs X6 bu xüsuatlarla bağlı verdiyi ifadələri, eləcə də bununla bağlı göstərdiyi dəlillər obyektiv gerçəkliyi əks etdirmədiyindən inandırıcı qəbul edilməməli və təqsirləndirilən şəxsin bu ifadəsi özünü müdafiə xarakteri daşıyan ifadə kimi qiymətləndirilməlidir. Məhkəmə onun verdiyi ifadəsinə hüquqi qiymət verərək, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdikləri ifadələrini və digər sübutları qiymətləndirərək hesab edir ki, təqsiləndirilən şəxs X6 bu xüsusatla bağlı məhkəmədə verdiyi ifadəsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübutlarla təkzib edilir və o, belə bir ifadə verməklə törətdiyi cinayət əməlinə görə ala biləcəyi cəzadan yayınmağa çalışır. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ibtidai istintaq və məhkəmədə verdikləri ifadələrlə, işdə olan digər sənədlərlə) təqsirləndirilən şəxsin məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 1-ci bəndinə görə törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Sözügedən Qərarın 3-cü bəndində göstərilmişdir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməllərində cinayət tərkibi vardır. X6 törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs X6 cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs X10 cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs X6 törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxs X10 hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, təqsirləndirilən şəxsin işləmədiyini, gəlirinin olmadığını və cərimə cəzasının icrasının mümkün olmadığını, həmçinin, zərərçəkmiş şəxsə vurduğu zərərin ödənilməsini təmin etməmiş şəxsin azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X14 Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, cəzasının əvvəli həbsə alındığı 24 dekabr 2021-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 4127 2211 1643 5191 nömrəli plastik kartın sahibi Şahid3 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə məhkəmə xərclərinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, təqsirləndirilən şəxs X14 hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli həbsə alındığı tarixdən, yəni, 24 dekabr 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs X14 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 4127 2211 1643 5191 nömrəli plastik kartın sahibi Şahid3 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərclərinin, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökm elan olunduğu andan (təqsirləndirilən şəxs X10 hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (təqsirləndirilən şəxs X10 hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar