Məhkəmə qərarları › İş №1(033)-28/2024

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-28/2024

23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-28/2024 23.04.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, X3 katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, fərdi əməklə məşğul olan, hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Zaqatala rayonu, Yuxarı Tala kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o, 15 dekabr 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən evin yataq otağında alkoqol sərxoşluğu vəziyyətində aralarında yaranmış şəxsi münasibətlər zəminində başlayan mübahisə zamanı qisas almaq niyyəti ilə yumruqla qoca olan atası Zərərçəkmiş şəxs sifət nahiyyəsinə bir dəfə vurub ona sağ göz ətrafında qançır, sağ gözün ağlı qişasına qansızma ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə baxışı iclasında dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birgə yaşayır. Baş verən hadisə onun öz səhvidir. Hadisə zamanı sərxoş olmuş və atasına vurmuşdur. Hadisə o istəmədən baş vermişdir, belə ki, həddindən artıq sərxoş olmuşdur. Dəfələrlə atası ilə barışmağa cəhd etsə də sonuncu onunla barışmamışdır. Etdiyi əməldən peşmandır, barəsində yüngül cəza seçilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsndə göstərmişdir ki, təqsirləndirilən şəxs oğludur və o, oğluna qarşı ifadə vermək istəyir. Artıq iki ildən çoxdur ki, o içki içir, sərxoş halda evə gəlir. Ona qarşı nalayiq ifadələr işlədir. Hadisə zamanı oğlu onun gözünə yumuruqla vuraraq, qapıları qırmışdır. Həmçinin öz həyat yoldaşını da döyür, evə isə heç bir maddi köməklik göstərmir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə prosesində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun oğludur. Oğlu evə gələn zaman içkili olmuşdur, bu zaman atası ilə o evdə olmuşlar. Səbəbsiz yerə mübahisə başlamışdır. Hadisə zamanı yumruq ərinin gözünə dəymişdir. Məhkəmə prosesində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun əridir, 2005-ci ildə ailə həyatı qurmuşdurlar, birgə nikahlarından dörd uşaqları dünyaya gəlmişdir. O, içkili vəziyyətdə evə gəlir, əvvəllər onu da döyürdü, lakin son vaxtlar evdəkilərin müdaxiləsi nəticəsində onu vura bilmir. Həmçinin iş yerinə içkili vəziyyətdə gəlir, onu və iş yoldaşlarını narahat edir. İş materiallarında olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 23 fevral 2024-cü il tarixli qərardan görünür ki, müstəntiq İlqar Əliyev tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə Zaqatala rayonu, Yuxarı Tala kəndində Zərərçəkmiş şəxs yaşadığı evin yataq otağında baş vermişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş 04 mart 2024-cü il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə dair” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 15 dekabr 2023-cü il tarixli, 512 saylı aktdan görünür ki, müayinə edilən Təqsirləndirilən şəxs həmin tarixdə yüngül dərəcəli sərxoş olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Məhkəmə Tibbi Ekspertizası və PA X11 Şəxsin Zaqatala rayon şöbəsinin 21 dekabr 2023cü il tarixli 447 №-li ekspert rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs Məhəmməd oğlunun bədənində aşkar edilmiş xəsarətlər-sağ göz ətrafında qançır, sağ gözün ağlı qişasına qansızma-bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcə də yardım üçün Zaqatala RMX-ya müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə insanın bədəninin hissələrinin (əl və s.) təsirindən əmələ gələ bilərdilər, dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. QEYD: Zaqatala RMX PHŞ-da oftalmoloq tərəfindən müayinə edilərkən görmə itiliyi sağ gözdə 0,2, sol gözdə əl hərəkətləri ilədir. Həmin əlamətlər patoloji proses olub, katarakt xəstəliyi ilə əlaqədardır, travma ilə əlaqəsi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Zaqatala RPŞ-nin İB-si tərəfindən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Tala kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 15 mart 2024-cü il tarixdə verilmiş 5- 82-39/2-300/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi özündən, atası Zərərçəkmiş şəxs XXX, anası Şahid2, arvadı Şahid1, oğlu 2010-cu il tarixdə doğulmuş X9, qızı 2006-cı il tarixdə doğulmuş X4 və qızı 2008-ci il tarixdə doğulmuş X5 ibarətdir. İş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Tala kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 15 mart 2024-cü il tarixdə verilmiş 5- 82-39/2-301/2024 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Zaqatala rayon X8 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli, 18-1- 78/2-337/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Zaqatala rayon Mərkəzi Xəstəxanasının PHŞ-nin Psixatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş AZE seriyalı 11269144 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə doğulmuş X6 atası Təqsirləndirilən şəxs, anası Şahid1dir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 11269142 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2008-ci il tarixdə doğulmuş X7 atası Təqsirləndirilən şəxs, anası Şahid1dir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, xx.xx.2006-ci il tarixdə doğulmuş X1 atası Təqsirləndirilən şəxsdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsindən əlavə, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizanın rəyi, eləcə də işin digər obyektiv halları ilə tam sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, himayəsində 3 yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, zərərçəkmiş şəxslə barışmağa cəht etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1.7-ci maddəsinə əsasən cinayətin qoca vəziyyətində olan şəxsə qarşı törədilməsi ağırlaşdırıcı hal kimi qiymətləndirir. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil, çünki təqsirləndirilən şəxsə həmin cəzanın təyin edilməsi cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Onun əməlində cəzanı yüngülləşdirən halla yanaşı cəzanı ağırlaşdıran halların mövcud olması, şəxsiyyəti, özünün həyat şəraiti, etdiyi əməlin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az təhlükəli olması, dəymiş zərəri qismən ödəməsi bunu deməyə əsas verir. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında da ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməsi tövsiyə olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların, onun mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, əməlini etiraf etməsi onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. O da qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs himayəsində 3 yetkinlik yaşına çatmayan uşaq var və təqsirləndirilən şəxs öz uşaqları ilə biryerdə yaşayır. Hazırda təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı cəzanın təyin edilməsi onunla birgə yaşayan yetkinlik yaşına çatmayan uşaqları ilə münasibətlərinə mənfi təsir edə və onlarla arasında geridönülməz problemlərin ərsəyə gəlməsinə səbəb ola bilər. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, əməlindən peşman olmasını, himayəsində azyaşlı uşaqların olmasını, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsnun cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək cəza olan ictimai işlərin yerinə yetirildiyi yerlərdə üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. İş üzrə mülki iddianın, maddi sübutun, məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 300 (üç yüz) saat müddətinə ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş ictimai işlər növündə cəza üzrə cəzaçəkmə müddəti saatla hesablansın və əvvəli ictimai işə başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icrasına nəzarət yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin,mülki iddianın və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar