Məhkəmə qərarları › İş №1(033)-29/2025

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-29/2025

19.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-29/2025 19.05.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Dövlət ittihamçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə İdаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, rəsmi işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 19 may 2025-ci il tarixdə, saat 14:30-da Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 47,533 qram olan, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əldə edib üzərində saxlamış, 17 mart 2025-ci il tarixdə, saat 12:30 radələrində həmin narkotik vasitəni satış məqsədi olmadan Zaqatala şəhəri, Ə.Mahmudov küçəsində qanunsuz daşıyarkən Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və həmin küçədə üzəri yoxlanılarkən əynindəki sarı rəngli şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli sellofan bükümdə təmiz çəkisi 47,533 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, səhər saat 9-da taxta sexində işə gedib 5-də işdən çıxır və günlük 10 manat gəlir əldə edir. 9 manatını ailəsinə saxlayır, geri qalan 1 manatla isə Talaçaydan başlayaraq Sumaylıyadək bir-iki kilo balıq tutub, 15 manatdan satır. Sumaylı ətrafında olan zaman həmin narkotik vasitəni tapmış, bir gün cibində saxlamış, ikinci gün “Tac”-ın qarşısında polis əməkdaşları onu tutub şöbəyə aprmışdırlar. O üzərindəki həmin predmeti könüllü təqdim etmişdir. O, həmin maddənin qramına baxmamışdır, həmin vəziyyətdə tapmışdır. Bağışlanmasını məhkəmədən xahiş edir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Ona fiziki və ya psixi təsir göstərilməmişdir. Həmin vasitəni tapmış, lakin istifadəçisi olmamşdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zaqtala RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. Daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitəsinin daşınmasında və istifadəsində şübhəli olan Balayev Zahid əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanmış, saxlanan zaman videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilmiş və tiryək aşkar edilmişdir. Baxış yekunlaşdıqdan sonra Zahid Balayev tərəflərindən şöbəyə dəvət edilmiş, təhqiqatçının iştirakı ilə predmetə təkrar baxış keçirilmişdir. Şəxs şifahi dindirmə zamanı narkotik vasitəni tapdığını bildirmiş və tanıdığı üçün cibinə qoyduğunu demişdir. Verilmiş suallara cavab olaraq bildimidir ki, ibtidai sitintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Tərəflərindən şəxsə qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Təhqiqatçı tərəfindən şəxsin üzərinə baxış keçirilən zaman müdafiəçinin iştirakı təmin edilmiş və baxış videoçəkiliş vasitəsilə keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zaqatala RPŞ-nin KTQ-nin baş inspektor kriminalist Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində dindirilmiş Zaqatala RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 elan edilmiş ifadəsindən görünür ki, Zaqatala RPŞnin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 17 mart 2025-ci il tarixdə ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və üzərində daşınmasında şübhəli olması barədə Zaqatala rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupuna daxil olmuş əməliyyat məlumatı əsasında Zaqatala RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Zaqatala RPŞ-nin KTQ-nin baş inspektorkriminalisti, polis kapitanı Şahid3 ilə birlikdə 17 mart 2025-ci il tarixdə saat 12:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Zaqatala şəhəri, Əhməd Mahmudov küçəsində müəyyən edib saxlamışdırlar. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib, videoçəkilişdən istifadə edilməklə üzərində narkotik vasitələrin qanunsuz daşımasında və istifadəsində şübhəli olduğunu dedikdən sonra üstünün yoxlanılmasını ona bildirmişdirlər. Sonra videoçəkilişdən istifadə edilməklə NMQ-nun baş əməliyyat müvəkkili Fərd Hüseynov tərəfindən Təqsirləndirilən şəxs saxlanıldığı yerdə hüquq və vəzifələri izah edilmişdir. Videoçəkilişi KTQ-nin baş inspektor-kriminalisti Şahid3 etmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs üzərində nə kimi qanunsuz əşya və ya narkotik maddə varsa, könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üstü yoxlanılarkən əynindəki qəhvəyi rəngli şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli kağız büküm aşkar edilmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs iştirakı ilə həmin gümüşü rəngli kağız büküm açıb içərisinə baxış keçirilmiş və spesifik qoxulu tünd qəhvəyi rəngli narkotik vasitə olan tiryəkə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs üstündə başqa heç bir qeyri-qanuni əşya olmadığını demişdir. Sonra bükümdəki kütlə kağız ilə birlikdə elektron tərəzicə çəkildikdə ümumi çəkisinin 48,35 qram olması müəyyən olunmuşdur. Elektron tərəzidə çəkildikdən sonra həmin büküm 1 ədəd boz rəngli zərfə qablaşdırılıb möhürlənmiş, götürülmüşdür. Zərfin üzərinə iştirakçılar imza etmişdirlər, Təqsirləndirilən şəxs özü də imza etmişdir. Orada şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan tiryəkə bənzər kütləni 15 mart 2025-ci il tarixdə Zaqatala rayonu, Sumaylı kəndi ərazisində Talaçayın kənarında yerləşən çaylaq sahədən tapdığını və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Daha sonra tərəflərindən müvafiq sənədləşmə aparılması üçün Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişdirlər və onu polis şöbəsinə gətirmişdirlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üstünün yoxlanılması barədə protokol tərtib edilmiş, protokol iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Sonra KTQ-nin baş inspektor-kriminalisti Şahid3 tərəfindən videolentə alınmış görüntülər bir ədəd DVD diskə köçürülərək həmin protokola əlavə edilməsi üçün təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd zərfdə olan tiryəkə bənzər kütlə müvafiq sənədləşmə ilə birlikdə raportla təhqiqatçıya təqdim edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs vəkil təqdim edilmiş, videoçəkilişdən istifadə edilməklə vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilmişdir. Videoçəkilişi KTQ-nin baş inspektor-kriminalisti Şahid3 aparılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hər hansı fiziki və psixi təzyiqə və təsirə məruz qalıbqalmamağı soruşulmuş, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı fizikı və psixi təsirə və təzyiqə məruz qalmadığını bildirmişdir. Baxış zamanı təhqiqata təqdim olunmuş içərisində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan tiryəkə bənzər kütlə olan zərfin üzərində “xx.xx.2025-ci il tarixdə vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə tiryəkə bənzər kütlə” sözləri, Təqsirləndirilən şəxs, Şahid3, onun və Şahid1 imzaları olduğu və zərfin Azərbaycan Respublikası DİN-in zərflər üçün 62 nömrəli möhürü ilə möhürləndiyi müşahidə edilmişdir. Həmin zərf təhqiqatçı tərəfindən açılanda içərisində 1 ədəd gümüşü rəngli büküm olduğu müşahidə olunmuşdur. Həmin gümüşü rəngli bükümə baxış keçirilərkən içərisində tiryəkə bənzər kütlə olduğu müşahidə edilmişdir. Təhqiqatçı tərəfindən elektron tərəzidə çəkiləndə kağız bükümdəki tiryəkə bənzər kütlənin gümüşü bükümlə birlikdə ümumi çəkisinin 48.36 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra həmin kağız bükümdəki tiryəkə bənzər kütlə yenidən eyni zərfə təhqiqatçı tərəfindən qoyularaq Azərbaycan Respublikası DİN-in zərflər üçün 62 nömrəli möhürü ilə möhürlənərək qablaşdırılmışdır. Təhqiqatçının şifahi sorğusu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tiryəkə bənzər kütləni 15 mart 2025-cı tarixdə Zaqatala rayonu, Sumaylı kəndi ərazisində Talaçayın kənarında yerləşən çaylaq sahədən tapdığını və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Baxış videoçəkilişlə keçirilmişdir. Baxış zamanı qeydə alınmış həmin video və foto görüntülər DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və iştirak edən şəxslərə ucadan oxunmuşdur. İştirak edən şəxslər tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis X2 müstəntiqi, polis kapitanı X7 tərəfindən qəbul edilmiş 18 mart 2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Zaqatala şəhər sakini Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin istifadəsində və üzərində daşınmasında şübhəlidir. İş materiallarına əlavə edilmiş 17 mart 2025-ci il tarixli “videoçəkilişlə əməliyyataxtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanması və əşyaların götürülməsi haqqında” protokoldan, ona əlavə edilmiş fotocədvəldən və 01 ədəd DVD diskdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:30-da Zaqatala RPŞ-nin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs Zaqatala şəhəri, Əhməd Mahmudov küçəsində saxlanıldığı yerdə hüquq və vəzifələri izah edilmiş, üstünün yoxlanılması zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki sarı rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd gümüşü rəngli bükümü təqdim etmiş, içərisində tiryək olduğunu bildirmiş, təqdim edilmiş 1 (bir) ədəd gümüşü rəngli bükümdə olan narkotik vasitə elektron tərəzidə çəkilmiş, müvafiq qaydada qablaşdırılaraq götürülmüş, istintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 17 mart 2025-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən xx.xx.1979-cu ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, deməsinə görə məkum olunmayan, Zaqatala şəhəri, Azərbaycan prospekti, ev 104-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 17 mart 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, xx.xx.1979-cu ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, deməsinə görə məkum olunmayan, Zaqatala şəhəri, Azərbaycan prospekti, ev 104-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 17 mart 2025-ci il tarixdə Zaqatala Rayon Polis Şöbəsində saat 13:30-da müdafiəçi, Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə tutulmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması müddəti onun azadlığının faktiki məhdudlaşdırıldığı 17 mart 2025-ci il tarixdən saat 12:30-dan hesablanması müəyyənləşdirilmişdir. İş materiallarına əlavə edilmiş 17 mart 2025-ci il tarixli “əməliyyat tədbiri keçirilməsinə müvəkkil olunmuş şəxs tərəfindən təqdim olunmuş əşyalara baxış keçirilməsi haqqında” protokoldan, ona əlavə edilmiş fotocədvəldən və 01 ədəd DVD diskdən görünür ki, həmin tarixdə saat 13:47-dən saat 13:59-dək olan müddət ərzində vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə təhqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan tiryəkə bənzər kütlə olan 1 ədəd zərfə təhqiqatçı tərəfindən baxş keçirilmişdir. Baxışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs baxış keçirilməsi barədə onun narazılığının olub-olmaması soruşulmuşdur. O, bildirmişdir ki, heç bir etirazı yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində qeyd edilmiş hüquq və vəzifələri izah edilmiş, video və foto çəkilişdən istifadə ediləcəyi elan edilmişdir. Baxış zamanı təhqiqata təqdim olunmuş içərisində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik maddə olan tiryəkə bənzər kütlə olan zərfin üzərində “xx.xx.2025-ci il tarixdə vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə tiryəkə bənzər kütlə” sözləri, Təqsirləndirilən şəxs, Şahid3, Şahid2 və qablaşdıran Şahid1 imzaları olduğu və zərfin Azərbaycan Respublikası DİN-in zərflər üçün 62 nömrəli möhürü ilə möhürləndiyi müşahidə edilmişdir. Həmin zərf təhqiqatçı tərəfindən açılanda içərisində 1 ədəd gümüşü rəngli büküm olduğu müşahidə olunmuşdur. Həmin gümüşü rəngli bükümə baxış keçirilərkən içərisində tiryəkə bənzər kütlə olduğu müşahidə edilmişdir. Təhqiqatçı tərəfindən elektron tərəzidə çəkiləndə kağız bükümündəki tiryəkə bənzər kütlənin gümüşü bükümlə birlikdə ümumi çəkisinin 48,36 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra həmin gümüşü kağız bükümdəki tiryəkə bənzər kütlə yenidən eyni zərfə təhqiqatçı tərəfindən qoyularaq Azərbaycan Respublikası DİN-in zərflər üçün 62 nömrəli möhürü ilə möhürlənməklə qablaşdırılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tiryəkə bənzər kütləni 15 mart 2025-ci il tarixdə Zaqatala rayonu, Sumaylı kəndi ərazisində Talaçayın kənarında yerləşən çaylaq sahədən tapdığını və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Baxış videoçəkilişlə keçirilmişdir. Baxış zamanı qeydə alınmış həmin video və foto görüntülər DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Odur ki, bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və iştirak edən şəxslərə ucadan oxunmuşdur. İştirak edən şəxslər tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsi tərəfindən verilmiş 17 mart 2025-ci il tarixli 17/250 nömrəli ekspert rəyindən görünür ki, tədqiqаtа təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə tiryəkə bənzər kütlə...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd gümüşü falqa bükümdə, təmiz çəkisi - 47,533 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Tiryəkin təmiz çəkisi- 47.533 qr, təhqiqata sərf edildi 0,100 qr, qalıq 47.433 qr. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsi tərəfindən verilmiş 17 mart 2025-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 71.94 (yetmiş bir manat doxsan dörd qəpik) manatdır. İş materiallarına əlavə edilmiş 19 mart 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. İş materiallarına əlavə edilmiş 19 mart 2025-ci il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs xx.xx.1979-cu ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, rəsmi işsiz, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 19 mart 2025-ci il tarixli, saat 11:40-da tərtib edilmiş “təqsirləndirilən şəxsin həbsdən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Zaqatala RPŞ-nin X4 azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş 02 aprel 2025-ci il tarixli 18-1-78/2-339/2025 saylı məktubdan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Balayev X5 RMX RPŞ-nin Psixiatrik və Narkoloji kabinetlərin qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən 02 aprel 2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Zaqatala Rayon Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 07 aprel 2025-ci il tarixli 157 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 4-də yaşayır və ailə tərkibi özündən, yoldaşından, 2007-ci il təvəllüdlü qızından və 2011-ci il təvəllüdlü X1 ibarətdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala Bələdiyyəsi tərəfindən verilmiş 04 aprel 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı ərazidən Zaqatala Bələdiyyəsinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 09 aprel 2025-ci il tarixli 547 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş 17 aprel 2025-ci il tarixli “ifadələrin yerində yoxlanması haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs оğlu ifadəsində göstərdiyi xüsusatları yerində bir daha təsdiq etmiş, Zaqatala rayonu, Sumaylı kəndi ərazisində Talaçayın kənarında yerləşən çaylaq sahədən narkotik vasitə olan tiryəki əldə etdiyi yeri göstərmişdir. İş materiallarına əlavə edilmiş 18 aprel 2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutların kifayət etmiş hesab olunması, Təqsirləndirilən şəxs 19 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinаyət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham onun törətmiş olduğu cinayət əməlini tam əhatə etdiyindən, həmçinin ittihama əlavə və düzəlişlər edilməsi zərurəti olmadığından dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Təqsirləndirilən şəxs götürülmüş еkspеrtizа tədqiqаtındаn sоnrа qalıq qalmış 01 (bir) ədəd gümüşü rəngli falqa bükümdə qalıq çəkisi 47,433 qram tiryək cinаyət işi üzrə mühüm əhəmiyyət kəsb еtdiyindən mаddi sübut kimi tаnınması və Zаqаtаlа RPŞ-nin mаddi sübutlаrın sахlаmа оtаğındа sахlаnılması, videoçəkilişlə əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol, həmin protokola əlavə edilmiş bir ədəd DVD disk, əməliyyat tədbiri keçirilməsinə müvəkkil edilmiş şəxs tərəfindən təqdim olunmuş əşyalara baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş bir ədəd DVD disk, şahidlərin və təqsirləndirilən şəxsin dindirilməsi barədə protokollar, məhkəmə-kimyəvi ekspertizasının 17 mart 2025-ci il tarixli, 17/250 nömrəli rəyi, Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 09 aprel 2025-ci il tarixli, 547 nömrəli rəyi, ifadənin yerində yoxlanılması haqqında protokol, maddi sübut və digər istintаq sənədləri ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirilməsi qərara alınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi Təqsirləndirilən şəxs etirafedici ifadəsi ilə yanaşı, toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar aşkar edilməmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur.” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının” İ siyahısının 182-ci bəndinə görə tiryəkin xeyli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 0,5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 50 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında » Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli 8 №-li Qərarının 27-ci bəndinin mənasına görə Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşaq olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirini etiraf edib səmimi peşmanlıq hiss etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarekteri, ictimai təhlükəlilik dərəcəsi, üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarı nəzərə alınaraq təqsirli bilindiyi cinayət əməlinə görə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində müəyyən olunmuş hədlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin olunması daha məqsədəmüvafiqdir. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 mart 2025ci il tarixdən 19 mart 2025-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 (iki) gün müddəti nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlandığı 02 (iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbirlərinin tətbiq olunmasına ehtiyacı yoxdur, lakin Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış və Zaqatala Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş еkspеrtizа tədqiqаtındаn sоnrа qalıq qalmış 01 (bir) ədəd gümüşü rəngli falqa bükümdə qalıq çəkisi 47,433 qr. tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarına əlavə edilmiş 02 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 71.94 (yetmiş bir manat doxsan dörd qəpik) manat pul təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir (CPM 198.1.) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. İş üzrə mülki iddianın və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəm H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 17 mart 2025-ci il tarixdən 19 mart 2025-ci il tarixə qədər həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 19 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X3 yerləşdirilməsi üçün Zaqatala Rayon Polis Şöbəsinə təhvil verilsin. Cinayət iş üzrə maddi sübut kimi tanınmış və Zaqatala Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş еkspеrtizа tədqiqаtındаn sоnrа qalıq qalmış 01 (bir) ədəd gümüşü rəngli falqa bükümdə qalıq çəkisi 47,433 qr. tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş materiallarına əlavə edilmiş 02 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profiloktik qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 71.94 (yetmiş bir manat doxsan dörd qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 gün müddətinə Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan), 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar