Məhkəmə qərarları › İş №1(033)-31/2023

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-31/2023

07.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-31/2023 07.08.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X17 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ikinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxxxx 1967-ci ildə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olanmaqla yaşayan, barəsində tərəfimdən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 17:20-də məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 19,383 qram olan, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əldə edib üzərində saxlamış, 16 may 2023-cü il tarixdə, saat 12:30 radələrində həmin narkotik vasitəni satış məqsədi olmadan Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində qanunsuz daşıyarkən Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Zaqatala rayon polis şöbəsinə gətirilmiş və üzərində həmin gün saat 13:41 radələrində şəxsi axtarış aparılarkən əynində olan qara gödəkçənin üst sol cibindən 01 ədəd şəffaf sellefon bükümdə, təmiz çəkisi 19,383 qram olan, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər narkotikdən bəzən istifadə etmiş, xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən ona məxsus bağ sahəsindən evə qayıdarkən daşlıq yolun kənarında tünd qəhvəyi rəngli kütlə olan sellofan büküm olduğunu görmüş, həmin bükümü yerdən götürüb açmış və içərisində tiryək olduğunu görmüşdür. Özü əvvəllər narkotik istifadəçisi olduğundan həmin bükümdə olan tiryəki götürüb əynində olan gödəkçəmin cibinə qoymuş və yenidən yoluma davam edərək Aşağı Tala kəndində yaşadığı evə gəlmişdir. Həmin vaxtdan sonra tiryək narkotik maddəsini gödəkçəsinin cibində saxlamışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 12 radələrində yaşadığı ev ünvanından çıxaraq kənddə yerləşən mağazaya gedən zaman yolda olarkən Zaqatala RPŞ-nin əməkdaşları ona yaxınlaşmışlar və onu Zaqatala RPŞ-nə dəvət etmişlər. Zaqatala RPŞ-də hüquqlarının müdafiəsi üçün vəkil təyin edilmiş və o şübhəli şəxs qismində tutulmuş, şübhəli şəxs qismində tutulduqdan sonra üzərində şəxsi axtarış keçirilmiş, üzərində şəxsi axtarış keçirilərkən ona üzərində olan hər hansı bir qanunsuz əşya və ya vasitəni könüllü təqdim etmək təklif olunmuşdur. O, əynindəki qara rəngli gödəkcənin üst sol cibindən sellofan bükümü çıxarıb təqdim edərək həmin bükümdə narkotik vasitə olan tiryək olduğunu bildirmişdir. Həmin büküm açılıb içərisinə baxış keçirilmiş, sonra bükümdəki kütlə elektron tərəzidə çəkildikdə sellofan bükümlə birlikdə çəkisinin 19,51 qram olduğu müəyyən edilmiş, elektron tərəzidə çəkildikdən sonra həmin büküm 1 ədəd ağ rəngli zərfdə qablaşdırılıb götürülmüşdür. Daha sonra göstərdi ki, evdə və yaxud başqa yerdə ona məxsus narkotik və psixotrop maddə yoxdur, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamış, həmin tiryəkə bənzər narkotik maddəni yolun kənarından götürən zaman yanında başqa kimsə olmamışdır. Narkotik vasitə əldə edib saxlamasından başqa kimsənin məlumatı olmamışdır. Onun narkotik vasitəni satmaq fikri də olmamışdır. Etdiyi hərəkətdən peşmandır. Himayəsində 1 azyaşlı olmaqla 3 uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, 2010-cu ildən DİO-da xidmət edir, 2018-ci ildən etibarən isə Zaqatala rayon polis şöbəsinin X3 baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Zaqatala rayonu Aşağı Tala kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və üzərində daşıması ilə bağlı şübhəli olduğu üçün o və polis baş serjantı X5 tərəfindən 16 may 2023-cü il tarixdə saat 12:30 radələrində hərəkətdə olduğu Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində saxlanılaraq Zaqatala RPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və üzərində daşıması ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş Müdafiəçi ilə təmin olunmuşdur. Zaqatala rayon polis şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə təhqiqatçı, polis leytenantı Cəmil Əfəndiyev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə başlanılmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmədən əvvəl təhqiqatçı, polis leytenantı Cəmil Əfəndiyev ona üzərində qanunsuz saxladığı narkotik vasitə və cinayət xarakterli digər əşyalar olduğu halda təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan qara gödəkçənin üst sol cibindən 01 ədəd şəffaf sellofan bükümdə olan kütləni təqdim etmiş, həmin sellofan büküm açıldıqda içərisində narkotik vasitə olan tiryəkə oxşar kütlə müşahidə edilmişdir. Həmin kütlə sellofan bükümləri ilə birlikdə elektron tərəzidə çəkilərkən ümumi çəkisi 19.51 qram təşkil etmiş, şəffaf sellofan bükümdə narkotik vasitə tiryəkə oxşar kütlə 1 ədəd ağ rəngli zərfdə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və digər qanunsuz maddə və ya əşya aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmış, həmin maddə zərfə qoyularaq qablaşdırılmış və zərfin ağzı möhürlənmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 və X4 ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmiş və Şahid1 ifadəsinə uyğun ifadə verərək onun ifadəsində göstərdiklərini təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş 16 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunsuz saxladığı narkotik vasitə, eləcə də silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmetlər vardırsa onları təqdim etsin. Təqsirləndirilən şəxs bildirmiş ki, özünün istifadəsi üçün üzərində qanunsuz saxladığı narkotik vasitə tiryək vardır, belə ki, o, əynində olan qara gödəkçənin üst sol cibindən bir ədəd içərisində narkotik vasitə hesab edilən tiryəkə bənzər maddə olan şəffaf sellofan bükümü çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmiş ki, həmin şəffaf sellofan bükümün içərisində özünün istifadəsi üçün tiryək vardır. Həmin şəffaf sellofan açıldıqda içərisində kustar üsulla hazırlanmış tünd qəhvəyi rəngli narkotik vasitə olan tiryəkə bənzər kütlə aşkar olunmuşdur. Həmin 1 ədəd şəffaf sellofan bükümü elektron tərəzi vasitəsi ilə çəkilmiş və 19.51 qram çəkidə olması müəyyən olunmuşdur. Həmin narkotik vasitənin tərkibinin və xalis çəkisinin müəyyən olunması, ekspertiza tədqiqatı üçün təhqiqatçı, polis leytenantı Cəmil Əfəndiyev tərəfindən götürülmüş və 1 ədəd ağ rəngli zərfə qoyularaq Zaqatala RPŞ-nin 62 saylı möhürü ilə möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan paltarının ciblərinə baxış keçirilmiş, lakin başqa hər-hansı bir qanunsuz əşya və yaxud narkotik tərkibli maddələr aşkar edilməmişdir. Eləcə də, aparılmış video çəkilişə aid görüntülər 1 ədəd DVD diskə köçürülərək protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsi tərəfindən verilmiş məhkəmə bioloji ekspertizasının 16 may 2023-cü il tarixli 17/404 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində“Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd ağ rəngli sellofan bükümdə ümumi çəkisi 19.51 qram narkotik vasitə tiryəkə bənzər kütlə” sözləri, adlar və imzalar yazılmış zərfin 01 (bir) ədəd zərfin şəffaf sellefon bükümdə, təmiz çəkisi 19,383 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. (İ siyah) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər səhiyyə idarəsinin rayonlararası narkoloji dispanserinin 05 iyun 2023-cü il tarixli 959 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryəkdən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxs qismində tutma haqqında 16 may 2023-cü il tarixli qərardan və cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Yunusov X7 RPŞ-in TB-nin təhqiqatçısı X13 tərəfindən həmin gün saat 12:30-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 18 may 2023-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 18 may 2023-cü il tarixli təqsirləndirilən şəxsin həbsdən azad edilməsi haqqında qərardan görünür ki, Yunusov X7 Rayon Polis X10 Yerindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Yunusov X7 Rayon Məhkəməsinin 04 sentyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə 02 ay 17 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 04 sentyabr 2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala Rayon Mərkəzi X15 şəxs tərəfindən 22 may 2023-cü il tarixli məktubundan görünür ki, Yunusov X7 RMX PHŞ-in X2 və Narkoloji xətəlikləri kebinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Tala kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və onun barəsində nümayəndəliyə heç bir şikayət olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Tala kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən 22 may 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Yunusov X7 rayonu Aşağı Tala kəndində qeydiyyatdadır və yaşayır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Tala kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən 22 may 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi özündən, həyat yoldaşı X1, 1993-cü il təvəllüdlü qızı X8, 1998-ci il təvəllüdlü qızı X6 və 2009-cu il təvəllüdlü oğlu X9 ibarətdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş AZE 11052027 nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.2009-cu il tarixdə anadan olmuş X11 atası Təqsirləndirilən şəxsdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və baxış protokolları, maddi sübut və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 19,383 qram olan, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əldə edib üzərində saxlamış, 16 may 2023-cü il tarixdə, saat 12:30 radələrində həmin narkotik vasitəni satış məqsədi olmadan Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində qanunsuz daşıyarkən Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Zaqatala rayon polis şöbəsinə gətirilmiş və üzərində həmin gün saat 13:41 radələrində şəxsi axtarış aparılarkən əynində olan qara gödəkçənin üst sol cibindən 01 ədəd şəffaf sellefon bükümdə, təmiz çəkisi 19,383 qram olan, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, özünün etirafedici ifadəsini, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarında (50-ci bənd) qeyd edilmişdir ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməsi tövsiyə olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, əməlini səmimi etiraf etməsi onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Onun əməlində cəzanı ağırlaşdıran halların mövcud olmaması, şəxsiyyəti, özünün həyat şəraiti, etdiyi əməlin az ağır cinayətlər qrupuna aid edilməklə, xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az təhlükəli olması, törətdiyi əmələ görə səmimi peşman olması bunu deməyə əsas verir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əldə edib üzərində saxladığı narkotik vasitəsinin həcminin çox olmamasını, onun şəxsiyyətini, himayəsində azyaşlı uşağın olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, əməlindən peşman olmasını nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixdə tutularaq 18 may 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hesablanmalı, onun barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə onun üzərinə Zaqatala-Qax rayonları ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut qismində Zaqatala RPŞ-nin saxlanc yerinə saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd sellefon bükümdə qalıq çəkisi 19,283 qram narkotik vasitə-tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixdə tutularaq 18 may 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Zaqatala-Qax rayonları ərazisini, eləcə də axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yeri olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Zaqatala Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində Zaqatala RPŞ-nin saxlanc yerinə saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd sellefon bükümdə qalıq çəkisi 19,283 qram narkotik vasitə-tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar