Məhkəmə qərarları › İş №1(033)-35/2021

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №1(033)-35/2021

14.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 1(033)-35/2021 14.06.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihаmçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Zaqatala rayon Yuxarı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmayan, Zaqatala rayonu Yuxarı Tala kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 17.05.2021-ci il tarixdə saat 17 radələrində Zaqatala rayon Üçüncü Tala (Mamqabinə) kənd sakini Zərərçəkmiş şəxs ilə ailə münasibətləri zəmnində sərxoş vəziyyətdə olan əri Təqsirləndirilən şəxs aralarında baş vermiş mübahisə nəticəsində Təqsirləndirilən şəxs yaşadıqları evin həyətyanı sahəsində və fərdi evin daxilində arvadı Zərərçəkmiş şəxs müxtəlif nahiyyələrinə qəsdən vuraraq sonuncuya baş beyin silkələnməsi ilə müşayiət edilən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığa yüngül zərər vurmaya aid, eləcə də sol gözünün üst qapağında, alt çənə nahiyəsində, sağ bazusunda, sağ saidində, sol bazusunda, sol dirsək oynağı nahiyəsində, sol saidində, sağ əlinin arxa səthində qançırlar və üst dodağın selikli qişasında qansızma isə müşayiət edilən, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı iclasında dindirilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 17.05.2021-ci il tarixdə saat 08 radələrində qayınanası Bəsti ilə sonuncunun koda düşən pensiya kartını açdırmaq üçün Zaqatala şəhərinə getmişlər. Pensiya kartını “Beynalxalq” bankda açdırdıqdan sonra pulu çəkərək kredit borclarını və bazarda yerləşən ərzaq mağazasına olan borcunu ödəmişdir. Bundan sonra, o, Bəstini evə yola salmış, özü isə şəhərdə qalaraq bazarda yerləşən kafelərin birində 1 litr pivə içkisi içmişdir. Sonra saat 15 radələrində evinə gedib yatmışdır. Həmin gün saat 17 radələrində duranda cibində olan pensiya kartı ilə şəxsiyyət vəsiqəsinin olmadığını görüb evdə axtarmağa başlamışdır. Tapa bilmədiyi üçün arvadı Fatimatdan pensiya kartını cibindən götürüb götürmədiyini soruşmuşdur. Fatimat cavab olaraq götürmədiyini ona demişdir. Sonra pensiya kartını dolabın üstünə qoyduğunu yada salıb oradan götürmüşdür. Həmin vaxt Bəsti ondan pensiya katında olan pulu hara xərclədiyini soruşmuşdur. O, cavab olaraq kredit və ərzaq mağazasına olan borclarını ödədiyini demişdir. Həmin vaxt Fatimat ona “anama düzgün cavab ver” demişdir. Bunun üstündə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Fatimat ona qışqıraraq evdən çıxıb həyətyanı torpaq sahələrindəki bulağa getmişdir. O, Fatimatın arxasınca bulağın yanına gedib onun üzünə bir dəfə sillə vurmuş və qollarından tutub “bəsdi” deyərək sirkələmişdir. Həmin vaxt Fatimatın burnundan qan gəldiyini görüb üzünə su vurmuşdur. Bundan sonra Fatimat evə keçərək mətbəx otağında qab-qacağı yerə vuraraq qırmağa başlamışdır. O, Fatimatın arxasınca mətbəx otağına gedib ondan qab-qacağı qırmamasını və sakitləşməsini xahiş etmişdir. Fatimatın sakitləşmədiyini görüb qollarından tutub onu sirkələmişdir. Bundan sonra Fatimat mətbəx otağından hamam otağına keçmiş və orada olan hamam aksesuarlarını qırmağa başlamışdır. O, yenə Fatimatın arxasınca hamam otağına keçərək ondan hərəkətlərinə son qoymasını, sakitləşməsini xahiş etmişdir. Fatimatın sakitləşmədiyi görüb əsəbiləşərək onun üzünə bir dəfə sillə vurmuş və onun qollardan tutub sirkələyərək divara itələmişdir. Bundan sonra hamamdan çıxıb öz otağına keçmişdir. O, içkili olduğu üçün Fatimata vurmuşdur və hazırdaəməlindən peşmandır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona vurduğu ziyanı ödəmişdir. Odur ki, barəsində başlanmış cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs (şikayət vermiş şəxs) Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2012-ci ildə Zaqatala rayonu Yuxarı Tala kənd sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Ailə həyatı qurandan sonra 9 ay Eyvazın valideynlərinə məxsus Zaqatala rayon Yuxarı Tala kəndində yerləşən evdə yaşamışlar. Sonra qaynı Elçin İsmayılov ailə həyatı qurduğu üçün Zaqatala rayon Üçüncü Tala kəndində yerləşən onun valideynlərinə məxsus evə köçmüşlər. Həmin evdə anası Şahid ilə yaşayırlar. Birgə nikahlarından iki övladları vardır. Təqsirləndirilən şəxsla birgə yaşadıqları dövrdə onunla kobud danışanda və içki içib evə gələndə aralarında mübahisələr baş vermişdir. 17.05.2021-ci il tarixdə saat 09 radələrində anası Bəstinin koda düşən pensiya kartını açdırmaq üçün Eyvazla anası Zaqatala şəhərinə getmişlər. Zaqatala şəhərində yerləşən “Beynalxalq” bankda koda düşən kartı açdırandan sonra Eyvaz kredit borclarını ödəmiş, sonra saat 11 radələrində anasını evə yola salmış və özü şəhərdə qalmışdır. Sonra saat 13 radələrində Eyvaz bazarlıq edərək evə sərxoş vəziyyətdə gəlib yatmışdır. Bundan sonra saat 17 radələrində Eyvaz telefonuna gələn zəngin səsinə durmuşdur. Eyvaz durandan sonra kobud formada “mənə çay tökün” demişdir. O, Eyvaza heç nə deməmiş, anası Bəsti sonuncuya çay süzmüşdür. Bundan sonra anası-Bəsti Eyvaza “pensiyanı aldınmı?” demişdir. Eyvaz cavab olaraq “əsəbsiz hamınız, görmədin pensiyanı alanda” demişdir və cibindən pensiya kartını kimin götürdüyünü soruşmuşdur. O, cavab olaraq Eyvaza “götürməmişəm, istəsəm götürərəm atağın kartı deyil” deyib evdəki zibil paketini götürüb həyətyanı torpaq sahəsinə çıxmışdır. Həyətdəki bulağın yanında olarkən Eyvaz onun arxasınca gəlib “mənimlə belə danışma” deyərək üzünə sillə vurmuşdur. Həmin zərbədən onun burnundan qan gəlmişdir. Bundan sonra, o, Eyvazdan evə qaçaraq mətbəxə keçmiş, Eyvazın arxasınca gəldiyini görüb əlinə keçən çay stəkanlarını yerə vurub qırmışdır. Eyvaz onu tutaraq sakitləşməsini xahiş etmişdir. O, Eyvazdan ona toxunmamasını və çıxıb getməsini xahiş etmişdir. Bu zaman Eyvaz onun səsini kəsmək üçün boğazından tutmuş, daha sonra üzünə sillə vurmuşdur. Bundan sonra Eyvaz onu hamam otağına salmış və ona “əl üzünü yu” demişdir. Hamam otağında aralarında olan mübahisə zamanı Eyvaz onun qollarından tutub silkələmiş və itəliyib divara vurmuşdur. Həmin vaxt başının arxası ilə divara dəymişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid qızı-Zərərçəkmiş şəxs ilə oxşar məzmunlu izahat verərək dediklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibb Ekspertizası və X2 publik hüquqi şəxsin Zaqatala rayon şöbəsinin 29.05.2021-ci il tarixli 152 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində ənsə nahiyəsində 1 (bir) ədəd şişkinlik, sol gözünün üst qapağında 1 (bir) ədəd, alt çənə nahiyəsində 1 (bir) ədəd, sağ bazusunda 2 (iki) ədəd, sağ saidində 1 (bir) ədəd, sol bazusunda 2 (iki) ədəd, sol dirsək oynağı nahiyəsində 1 (bir) ədəd, sol saidində 1 (bir) ədəd, sağ əlinin arxa səthində 1 (bir) ədəd qançırlar və üst dodağın selikli qişasında 1 (bir) ədəd qansızma və baş beyin silkələnməsi aşkar edildi. Qeyd edilmiş xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 17.05.2021-ci il tarixdə əmələ gəlməyə uyğundurlar, dərəcəsinə görə, baş beyin silkələnməsi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, sol gözünün üst qapağında, alt çənə nahiyəsində, sağ bazusunda, sağ saidində, sol bazusunda, sol dirsək oynağı nahiyəsində, sol saidində, sağ əlinin arxa səthində qançırlar və üst dodağın selikli qişasında qansızma ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa ZƏRƏR VURMAYAN xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 25.05.2021-ci il tarixli tələbnamədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsindən əlavə, zərərçəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə-tibbi ekspertizanın rəyi, eləcə də işin digər obyektiv halları ilə tam sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, təhqiqat zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə baxışı iclasında zərərçəkən şəxs Zərərçəkmiş şəxs ərizə təqdim edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödədiyini, onunla barışdığını bildirməklə, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs da məhkəməyə ərizə təqdim edərək, zərərçəkmiş şəxslə barışdığını, ona vurduğu ziyanı tamamilə ödədiyini və onun barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Republikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1-ci və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs - Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə aradan qaldırmışdır. Belə olan halda Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını məhkəmə qanuni, ədalətli və əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 344-347, 356, 358, 384 və 385-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA A L D İ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin onunla barışması və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsinə görə xitam verilsin və o cinayət məsuliyyətindən azad edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar