Məhkəmə qərarları › İş №1(033)-35/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №1(033)-35/2025

04.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 1(033)-35/2025 04.08.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 Əli qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1972-ci ildə Zaqatala rayonu, Yuxarı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmayan, Zaqatala rayon Yuxarı Tala kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına məhkəmənin binasında saat 16:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 03 iyun 2025-ci il tarixdə, saat 16 radələrində Zaqatala rayonu Yuxarı Tala kənd sakinləri Təqsirləndirilən şəxs və sonuncunun arvadı Zərərçəkmiş şəxs arasında həmin kənddə yerləşən yaşadıqları evdə şəxsi münasibətlər zəminində, yəni Akif Mənmmədovun spirtli içkiyə alüdə olub tez-tez spirtli içki qəbul etməsinin üstündə yaranmış mübahisə zamanı sonuncu qəsdən qisas almaq niyyəti ilə arvadı Zərərçəkmiş şəxs üz nahiyəsinə yumruqla, bədəninə təpiklə zərbələr vurmuş və həmin zərbələr nəticəsində Zərərçəkmiş şəxs üst dodağın sol tərəfdə şişkinlik, qançır, dodağın selikli qişasında əzilmiş yara, sol bazusunda 3 (üç) ədəd, sağ bazusunda 1 (bir) ədəd qançırlar, sol diz oynağı nahiyəsində 1 (bir) ədəd sıyrıqlar xarakterli, dərəcəsinə görə üst dodağında şişkinlik, qançır, dodağın selikli qişasında əzilmiş yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, sağ və sol bazularında qançırlar və sol diz oynağı nahiyəsində sıyrıq isə birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmə baxışı iclasında dindirilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, etdiyi əməldən peşmandır, səhv etmişdir və zərərçəkmiş şəxslə barışmaq istəyir. Bildirir ki, o ara-sıra içki içmiş, içki aludəçisi olmamışdır. O, fərdi əməklə məşğul olmqla işə gedib-gəlir. Yoldaşı isə bir-iki gün adı ilə anasıgilə gedib həftə ilə evə qayıtmamışdır. O yoldaşından niyə gec qayıtdığını soruşmuş, yoldaşı isə cavab qaytarmış, onun nəsli, ailə üzvləri barəsində nalayiq ifadələr işlətmiş, daha sonra qeyd edilən hadisə baş vermişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş ziyanı ödənilib, odur ki, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs (şikayət vermiş şəxs) Zərərçəkmiş şəxs təhqiqat zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Hadisə zamanı əri içkili evə gəlmiş və elə içkinin üstündə qeyd edilən hadisə baş vermişdir. Bildirir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. İşin icraatına xitam verilməsinə etiraz etmir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 14:17-də DİN-nin “102” xidmətindən Zaqatala rayon, Aşağı Tala kənd sakini Mahmudova Bahar həyat yoldaşı Akif adlı şəxs tərəfindən döyüldüyünü bildirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, onun müraciəti əsasında araşdırmanın məhkəməyədək sadələşdirilmiş icraat qaydasında aparılmasına heç bir etirazı yoxdur. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, barəsində aparılan araşdırmanın məhkəməyədək sadələşdirilmiş icraat qaydasında aparılmasına heç bir etirazı yoxdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “baxış aparılması haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zaqatala rayonu, Yuxarı Tala kənd sakini Zərərçəkmiş şəxs əri tərəfindən yaşadığı evdə döyülməsi ilə bağlı müraciəti əsasında onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilmişdir. Zərərçəkmiş şəxs yaşadığı ev Zaqatala rayon Yuxarı Tala kəndində, Aşağı Tala kəndinin yaxınlığında yerləşir. Çöl darvazadan həyətyanı sahəyə daxil olduqda sol tərəfdə bir mərtəbəli kürsülü fərdi ev yerləşir. Evin qiriş hissəsi arxa tərəfindəndir. Evə qapıdan daxil olduqda təmirsiz boş sahə yerləşir və həmin təmirsiz sahədə evin içinə çıxan 5 pillədən ibarət pilləkən müşahidə olunur. Həmin pilləkənləri qalxıb qapıdan içəri daxil olduqda mətbəx kimi istifadə olunan otaq və həmin otağın sağ tərəfində yataq otağı və sol tərəfində isə qonaq otağı olması müşahidə edildi. Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə aralarında baş vermiş mübahisə zamanı əri Təqsirləndirilən şəxs ona mətbəx kimi istifadə olunan otaqda vurub xəsarət yetirmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən izlər aşkar olunmamişdir. Baxış zamanı çəkilən fotoşəkillər protokola əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsi tərəfindən verilmiş 09 iyun 2025-ci il tarixli, 180 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibb müayinəsi zamanı aşkar edilən xəsarətlər-üst dodağın sol tərəfdə şişkinlik, qançır, dodağın selikli qişasında əzilmiş yara, sol bazusunda 3 (üç) ədəd, sağ bazusunda 1 (bir) ədəd qançırlar, sol diz oynağı nahiyəsində 1 (bir) ədəd sıyrıq-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə üst dodağında şişkinlik, qançır, dodağın selikli qişasında əzilmiş yara yumruqla vurulmaqla, sol və sağ bazularındakı qançırlar əl barmaqları ilə tutub sıxmaqla, sol diz oynağındakı sıyrıq isə yerə yıxılarkən bərk müstəviyə dəyməklə əmələ gələ bilərdi, üst dodağında şişkinlik, qançır, dodağın selikli qişasında əzilmiş yara dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, sağ və sol bazularında qançırlar və sol diz oynağı nahiyəsində sıyrıq isə birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 5-82-39/2-430/2025 saylı, 11 iyun 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiətən Zaqatala rayonu, Yuxarı Tala kəndində yaşayır. İş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 5-82-39/2-433/2025 saylı, 11 iyun 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi özündən, yoldaşından və 2007-ci il təvəllüdlü İİİ qrup əlilliyi olan oğlu X1 ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 238 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 2007-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Şəki RPX-da HPK tərəfindən müayinə olunmuşdur. Barəsində orta dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən ciddi davranış pozuntusu diaqnozu qoyulmuşdur. İş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 5-82-39/2-434/2025 saylı, 11 iyun 2025-ci il tarixli arayışdan görünür ki, 1972-ci il təvəllüdlü Məmmədov X5 rayonu, Yuxarı Tala kəndində doğulmuşdur. Hal-hazırda Yuxarı Tala kəndində yaşayır. Evlidir, bir övladı var. Onun barəsində ərazi nümayəndəliyinə şifahi və yazılı şəkildə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 12 aprel 2007-ci il tarixdən "xxxx" MMC-də fəhlə vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əmək fəaliyyəti dövründə alicənab işçi kimi tanımışdırlar. İşlədiyi müddətdə işinə və iş davamiyyətinə məsuliyyətlə yanaşmış, iş icraçısının göstərişlərinə əməl etmiş və iş yoldaşlarının yanında hörmət qazanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan 21 iyun 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, toplanmış dəlillər vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsinin sübuta yetirilməsi üçün kifayət hesab edilmiş və barəsində böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən göürünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən göürünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır və ona dəymiş ziyanı ödəmişdir. Barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsindən əlavə, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizanın rəyi, eləcə də işin digər obyektiv halları ilə tam sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, təhqiqat zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurumuş ziyanın ödənildiyi, onunla barışdığını, ondan heç bir şikayəti və tələbinin olmadığını bildirməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs da məhkəməyə ərizə təqdim edərək, zərərçəkmiş şəxslə barışdığını, ona vurduğu ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxsin onun barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmiş və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Republikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 141.2-1, 142.1, 142.2, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs - Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Belə olan halda Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını məhkəmə qanuni, ədalətli və əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 344-347, 356, 358, 384 və 385-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə əsasən, onun barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar