Məhkəmə qərarları › İş №1(033)-43/2025

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-43/2025

22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-43/2025 22.10.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X18 Əli qızının katibliyi, Dövlət ittihamçısı Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci ildə Zaqatala rayonu, Yengiyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Zaqatala rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, orta təhsilli, işsiz, subay, Zaqatala rayonu, Yengian kəndində qeydiyyatda olmaqla tutulanadək həmin kənddə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X10 həbsdə saxlanılan və barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 22 oktyabr 2025-ci il tarixdə, saat 15:00-da Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 15 mart 2025-ci il tarixdən 19 mart 2025-ci il tarixədək olan müddətdə tanışlarına kirayəyə götürdüyü və giriş qapısının açarı onda olan, Zaqatala rayonu Kebeloba kənd sakini X7 məxsus evin yataq otağından Zərərçəkmiş şəxs1 məxsus, divardan asılan 1200 manat dəyərində bir ədəd «LG» markalı 43LF631V modelli televizoru, 30 manat dəyərində bir ədəd televizor asqısını, 20 manat dəyərində bir ədəd «Starsat» 4080 markalı tüneri, digər yataq otağından 250 manat dəyərində bir ədəd «West» markalı tozsoran, həmin yataq otağından 100 manat dəyərində bir ədəd «West» markalı ütünü, mətbəxdən 200 manat dəyərində bir ədəd «Harlem» markalı elektrik sobasını və 150 manat dəyərində bir ədəd «Scarlett» markalı şirəçəkəni vahid niyyətlə oğurlayıb Zərərçəkmiş şəxs1 1950 manat maddi ziyan vurmaqla qəsdən oğurluq cinayət əməlini etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı Zaqatala rayon Yengiyan kəndində olan evinə pəncərədən keçməklə qanunsuz daxil olub evin mətbəxində divardan asılan 720 manat dəyərində olan “Samsung” markalı «UE 32T4500» modelli televizoru oğurlayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla qəsdən təkrar oğurluq cinayət əməlini etmişdir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakıdan dostları gələcəyi üçün Şamildən kirayə ev götürmüşdür. Bir aya yaxın müddət ərzində dostları həmin evdə qalmış, evin pulunu da əvvəlcədən ödəmişdilər. Bir aydan sonra dostları Bakıya qayıtmış və evin açarlarını da ona vermişdirlər. Evin sahibi də açarın onda olmasını bilmişdir. Belə ki, dostları kirənin vaxtı bitməmişdən getdiklərindən açarı ona vermişdirlər, O, da kirənin vaxtı bitdikdən sonra açarı Şamilə verəcəkdi. Həmin evdən aldığı əşyaları satıb müalicəsi üçün istifadə etmişdir. Zərərçəkmiş şəxs2 ilə bağlı bildirir ki, Zərərçəkmiş şəxs2 onların qapı qonşusudur. Sərvanə kənddə, həmçinin öz həyətlərində onun barəsində demişdir ki, «Samir kimdi, lapatka vurub başına öldürərəm». O da Sərvanənin evinə girmiş, ilk öncə televizoru sındırmaq istəmiş, lakin daha sonra fikrini dəyişmiş, həmin televizoru satmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin evə Sərvanə ilə söhbət etmək üçün getmiş, qapını döymüş, lakin heç kəs qapını açmamışdır. O da pəncərədən evə daxil olmuşdur. Əməlindən peşiman olduğunu, müharibə iştirakçısı olduğu üçün ona köməklik olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Samirə və iki nəfər yanında olan şəxsə evi bir aylıq 250 manata kirayə vermiş, pulu da Samirdən almışdır. Kirənin vaxtının bitməsinə bir gün qalmış, o evə açarı götürmək üçün getmiş, lakin evdə heç kimin olmadığını görmüşdür, dərhal Samirə zəng etmiş, Samir isə açarı kərpiçin altına qoyduğunu bildirmişdir. O, da açarı götürüb evə daxil olmuş, bu zaman televizorun yerində olmadığını görmüşdür. Samirə zəng edib bu halı soruşmuş, Samir isə digər şəxslərin işi olduğunu demişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, oğurlanmış mallar qaytarılmışdır. Təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Bildirir ki, səhər saat 09:40 radələrində uşaqları bağçaya qoyub evinə qayıtmışdır. Bacısı əməliyyat oldunduğundan və o da bacısının yanında qaldığından gecələri evdə olmamış, yalnız gündüzləri evə gəlib-getmişdir. Evə gəldiyi zaman palazın dağıldığını, gül vazasından düşüb sındığını, pəncərənin açıq olduğunu, həmçinin televizorun yerində olmadığını görmüşdür. Bu əməlin Samir tərəfindən törədildiyini bilmiş, dərhal anasıgilə getmiş, olanları demişdir. Daha sonra isə polisə zəng etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, oğurlanmış əmlakı geri qaytarılsa da, şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, “İnstagram” sosial şəbəkəsində satışda şirəçəkən maşın olduğunu görmüş, elə həmin sosial şəbəkədən inzibatçı xanıma yazmış, xanım malı satan şəxsin nömrəsini ona vermişdir. Əlaqə saxlayan zaman şəxs Car məscidinin yanına gətirəcəyini bildirmişdir. Yoldaşı ilə birgə Car məscidinin yanına gedib, həmin şəxsdən şirəçəkəni alıb, qarşılığında 30 manat ödəniş etmişdirlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, oğurluq malı qaytarmışdır, lakin ödədiyi 30 manat qaytarılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, “İnstagram” sosial şəbəkəsində elektrik sobası satıldığını görmüş, şəxs 30 manata satdığını demiş, həmçinin uşağının xəstə olduğunu demiş, o da 40 manata ödəniş etməklə həmin malı alımışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, oğurluq malı qaytarsa da, etdiyi ödəniş geri qaytarılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onun “İnstagram” sosial şəbəkəsində məişət mallarının alqı-satqısını təmin edən səhifəsi vardır. Şəxslər satılacaq əşyaları şəkillərini ona göndərirlər, o da öz səhifəsində həmin əşyaların şəklini paylaşır və əşya satılan zaman öz payını alır. Təqsirləndirilən şəxs də satmaq üçün ilk öncə televizorun şəklini göndərmiş, o da satılacağı təqdirdə 15 manatı alacağını bildirmişdir. Şəkili paylaşmış, daha sonra “whatsapp” social şəbəkəsindən şəxs onunla əlaqə saxlayaraq, həmin televizoru almaq istədiyini demişdir. O, da təqsirləndirilən şəxsin nömrəsini vermişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona ödənilməli olan 15 manat ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, “İnstagram” sosial şəbəkəsində ikinci əl mallar satan səhifədə ütü satıldığını görmüş, səhifəni sahibinə yazmış, səhifə sahibi uşağı xəstə olduğu üçün həmin şəxsin bu malları satdığını demişdir. O da ütünü almaq istədiyi üçün səhifə sahibindən həmin şəxsin nömrəsini götürmüş və əlaqə saxlamışdır. Razılaşaraq “Dəniz” marketin qarşısında ütünü almışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ütünü qaytarsa da, tərəfindən ödənilmiş 40 manat pul geri qaytarılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır, yalnız alqı-satqı zamanı görmüşdür. Bildirmişdir ki, sosial şəbəkədə 300-270 manata televizor satıldığını görmüş, əlaqə yaratmışdırlar. Təqsirləndirilən şəxs qazi olduğunu bildirmiş, müalicəsi üçün satdığını bildirmişdir. Onlar pulun hissə-hissə ödənilməsinə razılaşmışdırlar. Daha sonra təqsirləndirilən şəxs zəng edərək uşağının qolunun sındığını bildirmiş, həmçinin bununla bağlı şəkildə göndərmiş və televizorun pulunun ödənilməsini istəmişdir. O, da dostundan borc alaraq pulu ödəmişdir. Daha sonra şöbədən onu çağırıb, oğurluq malı təhvil verməsini istəmişdirlər. O, da aldığı kimi qaytarmışdır, lakin ödədiyi pul geri qaytarılmamışdır. Məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş sənədlər: İş materiallarına əlavə edilmiş 30 aprel 2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin tərkib əlaməti olması nəzərə alınaraq, fakt üzrə Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə cinayət işi başlanmış və icraata qəbul edilərək, istintaqı aparılmış, Zaqatala rayonu, Kebeloba kənd sakini Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 11:04-də X3 verdiyi evə baxış keçirən zaman kirayə verdiyi şəxsin evdən ona məxsus məişət əşyalarının oğurlandığı barədə məlumat vermişdir. İş materiallarına əlavə edilmiş 21 mart 2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, X11 məxsus bir ədəd «LG» markalı televizor, bir ədəd televizor asqısı, bir ədəd «Starsat» markalı tüner, bir ədəd «West» markalı tozsoran, bir ədəd «Harlem» markalı elektrik sobası, bir ədəd «Scarlett» markalı şirəçəkən, bir ədəd «West» markalı ütü oğurlandığı hadisə yeri Zaqatala rayon Kebeloba kəndi, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd «Samsung» markalı televizorun oğurlandığı hadisə yeri Zaqatala rayon Yengiyan kəndidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik tədqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-11/2-4438/2025 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 əşyalarının oğurlanması ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş, tədqiqata təqdim edilmiş əl izlərinin müqayisəli tədqiqat nəticəsində 14 ədəd əl izləri Təqsirləndirilən şəxs aid olduğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş 08 may 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və həmin maddə ilə ona ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 08 may 2025-ci il tarixli “ittiham elan edilməsi üçün şəxsin tutulması məqsədilə axtarışın elan edilməsi haqqında” qərardan görünür ki, ittiham elan edilməsi üçün tutulması məqsədilə Zaqatala rayonu, Yengiyan kəndində yaşayan və qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş 08 may 2025-ci il tarixli “cinayət işinin istintaqının dayandırılması haqqında” qərardan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim olunana qədər cinayət işinin istintaq icraatı dayandırılmışdır. İş materiallarına əlavə edilmiş 05 iyun 2025-ci il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə olan 250410026 nömrəli cinayət işi üzrə icraat təzələnmiş və istintaqın davam etdirilməsi üçün icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 05 iyun 2025-ci il tarixli “cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, icraatda olan ********* nömrəli cinayət işi, ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* statistik nömrə ilə aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 15 may 2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən xx.xx.2025-ci il tarixdə ibtidai istintaq orqanına təqdim edilmiş ərizədən görünür ki, xx.xx.2025-ci il tarixdə ona məxsus evdən dəyəri təxminən 700 manat olan Samsung markalı televizor oğurlanmışdır. Odur ki, evinə daxil olaraq oğurluq edən şəxsin tapılmasına köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 10 may 2025-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” qərardan və protokoldan görünür ki, Şahid1 könüllü təqdim etdiyi bir ədəd “Samsung” markalı televizor sübut əhəmiyyətinə malik ola biləcək əşya kimi mühüm əhəmiyyət kəsb etdiyindən baxış keçirilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş 10 may 2025-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan və 01 ədəd DVD diskdən görünür ki, diskdə bir ədəd 13 saniyə davam edən video görüntüdə Təqsirləndirilən şəxs televizoru satarkən, «Bu televizor mənimdir, Samsunqdu, İsmayıl dayıya satıram, özümün şəxsi televizorumdur, pula ehtiyacım olduğuna görə satıram, adım Təqsirləndirilən şəxs» deməsi öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş 05 iyun 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 3(033)-282/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətinə inzibati həbs edilmiş, inzibati xəta törədən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilmiş, inzibati həbsə alınmanın əvvəli xx.xx.2025-ci il tarixdən, saat 18:50-dən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 1(033)-60/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasınа məhkum edilmiş, Təqsirləndirilən şəxs 29 iyul 2022-ci il tarixdən 31 iyul 2022-ci il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 4 (dörd) gün həmin cəzadan çıxılmış və onun üzərində qəti cəza olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 7(033)-10/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqdimat verən şəxs Zaqatala rаyоn İcrа və Probasiya Şöbəsinin sınaq müddətində olan böyük icra məmuru (probasiya üzrə) X2 təqdimatı təmin edilərək, məhkum Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 1(033)-60/2022 nömrəli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 04 (dörd) ay 09 (doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 8 (səkkiz) ay 04 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 1(033)-16/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş 19 iyun 2025-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” qərardan və protokoldan, həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid3 könüllü təqdim etdiyi bir ədəd ”LG” markalı televizor, bir ədəd dəmirdən olan asılqan, bir ədəd həmin televizora aid pult, bir ədəd antena ötürücüsü aparatı, bir ədəd həmin televizora aid kabel və 04 ədəd anker bolt baxış keçirilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 4(033)-13/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, vəsatət təmin olunaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs – xx.xx.2001-ci ildə Zaqatala rayonu Yengiyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Zaqatala rayonu Yengian kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Təqsirləndirilən şəxs barəsində əvvəli 19 iyun 2025-ci il tarixdən hesablanmaqla 02 (iki) ay 7 (yeddi) gün müddətinə, yəni, 26 avqust 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 4(033)-22/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, təqdimat təmin edilərək, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs – xx.xx.2001-ci ildə Zaqatala rayonu Yengiyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Zaqatala rayonu Yengian kəndində qeydiyyatda olan və həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X10 saxlanılan Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 gün müddətinə, yəni 11 sentyabr 2025-cü il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş 20 iyun 2025-ci il tarixli “ifadənin yerində yoxlanması” haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs istintaqa vermiş olduğu ifadəsindəki göstərdiyi xüsusatları bir daha təsdiq edərək oğurluq etdiyi hadisə yerini və hadisənin baş vermə mexanizmini əyani surətdə göstərmişdir. İş materiallarına əlavə edilmiş 10 iyul 2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus olan oğurladığı əşyaların «İnstagram” sosial şəbəkəsində "Zaqatala ikinci əl əşyaları" onlayn satış profilində satmaq üçün elan yerləşdirməsi öz əksini taprmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Bədirov X15 rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Zaqatala rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Zaqatala rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il, 04 (dörd) ay 09 (doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 8 (səkkiz) ay 04 (dörd) gün müddətə azadlıqdan məhrutetmə cəzası ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddətinin bitməsi ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. Bundan başqa Zaqatala rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala «LG Elektoronika» mağazasının 07 iyul 2025-ci il tarixli, 12 nömrəli məktubundan görünür ki, təqdim olunmuş bir ədəd «Samsung» markalı «UE 32T4500» modelli (82 ekran) televizorun 2025-ci ilin may ayına olan bazar qiyməti nəğd satışda 450 (dörd yüz əlli) manat olmuşdur. Həmin televizorun hazırki nəğd satış bazar qiyməti 400 (dörd yüz) manatdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Yengiyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-82-36/2-70/2025 saylı, 10 iyul 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Bədirov X1 yaşadığı dövr ərzində davranışları ilə müsbət cəhətdən seçilməmişdir. Dəfələrlə vətəndaşların evlərinə, həyətlərinə icazəsiz daxil olmuş, onlara maddi, mənəvi, psixoloji ziyan vurmuşdur. İctimaiyyət arasında heç kimin özünü və əmlakını təhlükəsiz hiss etmədiyi bir xof yaratmışdır. Törətdiyi qanunsuz əməllərə görə məhbus həyatı yaşamış, lakin islah olunmamış, azadlığa çıxdıqdan sonra öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Kənddə yaşadığı son dövr ərzində onun barəsində nümayəndəliyə çox saylı şifahi şikayət daxil olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Yengiyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-82-36/2-71/2025 saylı, 10 iyul 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atasından, anasından və özündən ibarətdir. İş materiallarına əlavə edilmiş İ-10825 saylı Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş X14 tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən, həmin tarixli qəbzdən, fotocədvəldən və “əşyaların maddi sübut kimi tanınması barədə” qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 məxsus bir ədəd “Samsung” markalı televizor cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və qəbzlə sahibi Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 25 iyul 2025-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” qərardan, həmin tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan və fotocədvəldən görünür ki, Şahid4 könüllü təqdim etdiyi bir ədəd “Harlem” markalı elektrik sobası baxış keçirilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş 30 iyul 2025-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” qərardan, həmin tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan və fotocədvəldən görünür ki, Şahid5 Şahmir oğlunun könüllü təqdim etdiyi bir ədəd “West” markalı ütü baxış keçirilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş 30 iyul 2025-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” qərardan, həmin tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan və fotocədvəldən görünür ki, Şahid6 könüllü təqdim etdiyi bir ədəd “Scarlett” markalı şirəçəkən baxış keçirilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş 31 iyul 2025-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” qərardan, həmin tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan və fotocədvəldən görünür ki, Şahid7 könüllü təqdim etdiyi bir ədəd “West” markalı tozsoran baxış keçirilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş Zaqatala «LG Elektoronika» mağazasının 01 avqust 2025-ci il tarixli, 14 nömrəli məktubundan görünür ki, təqdim olunmuş məişət texnikaları və elekektrik cihazlarının 2025-ci ilin mart ayına olan bazar qiymətləri aşağıdakı kimi olmuşdur: bir ədəd 2016-cı il istehsallı «LG» markalı 43LF631V modelli (109 ekran) televizorun bazar qiyməti 300 manat, bir ədəd televizor asqısı 30 manat, bir ədəd «Starsat» 4080 markalı tüner 20 manat, bir ədəd «West» markalı tozsoran 200 manat, bir ədəd «Harlem» markalı elektrik sobası 100 manat, bir ədəd «Scarlett» markalı şirəçəkən 100 manat, bir ədəd «West» markalı ütü 100 manatdır. İş materiallarına əlavə edilmiş 01 avqust 2025-ci il tarixli «təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177,2,2 və 177,2,3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş 01 avqust 2025-ci il tarixli « cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə» qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş xx.xx.2025-ci il tarixli ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması, barəsində seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 177.2.1-ci və 179-cu maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələr ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Şahid2, Şahid1, Şahid3, Şahid4, X4, Şahid6, Şahid7, X8 və X9 əməllərində Azərbaycan Respublikası CM-nin 32, 177.2.1, 32, 177.2.3 və 194-cü maddələrinin tərkib əlamətləri olmadığından barələrində həmin maddələrlə cinayət işinin başlanması rədd edilməməsi, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd «Samsung» markalı televizorun xx.xx.2025-ci il taixli qərarla maddi sübut kimi tanınması və qəbzlə sahibi Zərərçəkmiş şəxs2 qızına qaytarılmasının nəzərə alınması, Zərərçəkmiş şəxs1 məxsus, ədəd «LG» markalı televizor, bir ədəd televizor asqısı, bir ədəd «Starsat» markalı tüner, bir ədəd «West» markalı tozsoran, bir ədəd «West markalı ütü, bir ədəd «Harlem» markalı elektrik sobası və bir ədəd «Scarlett» markalı şirəçəkən maddi sübut kimi tanınması, saxlama müddəti ərzində Zaqatala rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılması, Təqsirləndirilən şəxs məxsus 14 ədəd əl izləri maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, Şahid1 təqdim etdiyi bir ədəd Disk sübut növü kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, X5 cinayət işində zərərçəkmiş şəxs qismində tanımasına əsaslar olmadığına görə onun iş üzrə zərərçəkmiş şəxs qismində tanımaması, Zərərçəkmiş şəxs1 məxsus əşyaların oğurlanması epizodu üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin tərkibi olmadığına görə həmin xüsusat üzrə barəsində CM-nin 177.2.3-cü maddəsilə cinayət təqibi başlanması rədd edilməsi, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməməsində oğurluq yolu ilə talanmış əmlakların qiyməti barədə kifayət qədər məlumatların olması və Məhkəmə Ekspertizsı Mərkəzinin rəisinin 04 mart 2025-ci il tarixli, 3-16-16/2-119/25 nömrəli məktubunun nəzərə alınması, oğurluğun törədilməsi nəticəsində ələ keçirilmiş əmlakın dəyərinə dair mübahisə yaranmadığına görə zərərçəkmiş şəxslərin ifadələrində göstərdiyi məbləğlərinin nəzərə alınması, Şahid1, Şahid3, Şahid4, X6, Şahid6, Şahid7, Təqsirləndirilən şəxs qarşı tələbləri mülki tələb olduğuna görə iddia qaydasında məhkəməyə şikayət etmək hüququnun izah olunması, işdə olan zərərçəkmiş şəxslərin, təqsirləndirilən şəxsin ifadələri, şahidlərin ifadələri, maddi sübutlar, ifadənin yerində yoxlanılması protokolu, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq sənədləri obyektiv olub cinayət işinin materialları ilə uyğunluq təşkil etdiyindən ittihamı təsdiq edən sübut kimi qiymətləndirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş 12 avqust 2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış ona məxsus bir ədəd «Samsung» markalı televizorun ona qaytarılmışdır. İş materiallarına əlavə edilmiş Şahid1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs cinayət işi ilə əlaqədar istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İşə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Şahid7 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli teleqramdan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi ilə əlaqədar istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Himayəsində 2 yaşlı və 10 aylıq iki azyaşlı övladı olduğuna görə məhkəməyə gələ bilmir. İşə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-cil tarxili ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi zərəri ödəmişdir. Hazırda onunla barışmışdır. Ondan heç bir şikayət və ya tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-35-88/2-91149/2025 saylı arayışıdan görünür ki, xx.xx.2001-ci il tarixdə anadan olmuş və Zaqatala rayonu Yengiyan kəndində qeydiyyat olan, Azərbaycan Respublikasının vətəndaşı X22 barəsində ondan ötrü ki, o Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(033)-16/2025 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası barədə göstəriş xx.xx.2025-ci il tarixdə Zaqatala rayon icra və probasiya şöbəsinə daxil olmuş ( böyük icra məmuru (probasiya üzrə) Rəbiyə Əzimova), məhkum xx.xx.2025-ci il tarixdə qeydiyyata götürülmüş və həmin tarixdə ona elektron nəzarət vasitəsi tətbiq olunmuşdur. xx.xx.2025-ci il tarixə məhkum Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanın 5 gününü çəkmiş, 1 il 5 ay 25 gün müddətinə çəkilməmiş cəzası qalmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsi barədə” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsində oğurluq cinayətinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir, yəni mənzildə, binada, anbarda, digər saxlanc yerində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə edilən əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. Maddədə qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqları, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi təchiz edilmiş binalar, qurğular, xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Eyni zamanda, həmin qərarda qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz girmə kimi qiymətləndirilməli, açıq və gizli maneələri aradan qaldırmaqla, oradakı insanların, mühafizəçilərin müqavimətini qırmaqla, ya onları aldatmaqla və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, habelə cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə cinayətlərdə talama cinayəti öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Mülkiyyətin müxtəlif obyektinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayəti adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanuna zidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması, yəni oğurluq kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və yaxud onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir(7-ci bənd); özgənin əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən bilavasitə özgənin əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayət iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçıların, təhrikçilərin, köməkçilərin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya birbaşa kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapı, cəftə və qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət əməli aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); bu Məcəllənin 177-ci maddəsi “Qeyd” hissəsinin 3-cü bəndinə görə oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin “təkrarlıq” əlamətləri üzrə tövsif edilməsi üçün həmin Məcəllənin 177, 178, 180 və 181-ci maddələri ilə, habelə 179, 182, 183, 184 və 185-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsi (hər hansı ardıcıllıqla) əsas ola bilər (15-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan özgənin əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir (18-ci bənd); yaşayış sahəsinə, binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə - oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakının qiyməti müəyyən olunarkən, cinayətin törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə, istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında isə məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı təqsirləndirilən şəxsin təqsirləndirildiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs X13 ilə barışıq əldə edilməsini, törətdiyi cinayət əməlinə görə peşimançılıq hissləri keçirməsini həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən “Vətən Müharibəsi”sində iştirak etməsini, medalla təltif edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunması və hal-hazırda cəza çəkməsi, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi onun sabit kriminal meyilliliyinə dəlalət edir. Ona cərimə və azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyi halda həmin cəza təqsirləndirilən şəxs tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almamaqla yanşı cəzanın məqsədini təmin edə bilməz (CM-nin 41.2). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hazırki iş üzrə hökm çıxarılarkən Təqsirləndirilən şəxs tərəfindən bundan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Zaqatala Rayon Məhkəməsinin 1(033)-16/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək ona təyin edilmiş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi halı nəzərə alınmalı, eyni zamanda hazırda baxılan cinayət işi üzrə törədilmiş əməllərdən biri sözgedən hökm çıxarılanadək digəri isə birinci hökm qanuni qüvvəsini aldıqdan sonra törədildiyindən Azərbaycan Respublikası CM-nin həm 66.5-ci maddəsinin, həm də ki, 67-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli 04 saylı Plenum Qərarının 17-ci bəndinə əsasən məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Axırda isə CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə qəti cəza müəyyən edilir. Başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. İş materiallarından müəyyən edilmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 4(033)- 13/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 19 iyun 2025-ci il tarixdən hesablanmaqla 02 (iki) ay 7 (yeddi) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və Zaqatala Rayon Məhkəməsinin 4(033)-13/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə 4(033)-22/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 gün müddətinə, yəni 11 sentyabr 2025-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli barəsində 19 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış hadisə yerinə baxış zamanı götürülmüş Təqsirləndirilən şəxs məxsus əl-barmaq izlərinin əks olunduğu 14 ədəd lent kəsiyi və Şahid1 təqdim etdiyi 01 (bir) ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində cinayət işində saxlanılmalı, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd «Samsung» markalı televizor və Zərərçəkmiş şəxs1 məxsus, bir ədəd «LG» markalı televizor, bir ədəd televizor asqısı, bir ədəd «Starsat» markalı tüner, bir ədəd «West» markalı tozsoran, bir ədəd «West» markalı ütü, bir ədəd «Harlem» markalı elektrik sobası və bir ədəd «Scarlett» markalı şirəçəkənin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7 onlara dəymiş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında Təqsirləndirilən şəxs qarşı məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərcinin və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Zaqatala Rayon Məhkəməsinin 1(033)-16/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 05 (beş) ay 25 (iyirmi beş) gün hissəsi azadlığın məhdudlaşdırılması cəzasının Azərbaycan Respublikası CM-nin 68.1.1- 1-ci maddəsinə əsasən iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək, ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu 19 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, hadisə yerinə baxış zamanı götürülmüş Təqsirləndirilən şəxs məxsus əl-barmaq izlərinin əks olunduğu 14 ədəd lent kəsiyi və Şahid1 təqdim etdiyi 01 (bir) ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində cinayət işində saxlanılsın, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd «Samsung» markalı televizorun və Zərərçəkmiş şəxs1 məxsus bir ədəd «LG» markalı televizorun, bir ədəd televizor asqısının, bir ədəd «Starsat» markalı tünerin, bir ədəd «West» markalı tozsoranın, bir ədəd «West» markalı ütünün, bir ədəd «Harlem» markalı elektrik sobasının və bir ədəd «Scarlett» markalı şirəçəkənin sahiblərinə qaytarılması nəzərə alınsın. Şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7 onlara dəymiş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında Təqsirləndirilən şəxs qarşı məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. İş üzrə mülki iddianın, məhkəmə xərcinin və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 gün müddətinə Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan), 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar