Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 1(033)-46/2021 13.07.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X1, onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1996-cı ildə Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu Yuxarı Tala kəndində qeydiyyatda olmaqla Zaqatala rayonu Aşağı Tala kəndində yaşayan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 21 iyun 2021-ci il tarixdə, saat 18:20 radələrində X2 ilə baldızı Zərərçəkmiş şəxs arasında yaşadıqları, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evinin həyətində şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Xədicə Cumaəliyeva baldızı Zərərçəkmiş şəxs burun nahiyəsindən qəsdən yumruqla vuraraq burun beli üzərində sıyrıqlı qançır və burun sümüyünün qapalı yerdəyişməyən sınığı ilə müşayiət edilən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bununla da, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı iclasında dindirilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X2 ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2018-ci ildə Zaqatala rayonu Aşağı Tala kənd sakini Şahid3 ilə ailə qurmuşdur. O, ailə qurduqdan sonra Aşağı Tala kəndində əri Mənsur, qayınatası Əhmədxan, qayınanası Səlyaz və baldızı Həcərlə bir evdə yaşayır. İlk öncə mehriban yaşasalar da sonradan qayınatası Əhmədxan, qayınanası Səlyaz və baldızı Həcər onunla yola getməmişlər. O, bir evdə yaşamalarına baxmayaraq təxminən bir ildir Əhmədxan, Səlyaz və Həcərlə danışmır. Mənsurla onun yeyib-içmələri ayrıdır. O, Mənsurla özü üçün ayrıca xörək hazırlayır. Onun qayınanası Səlyaz isə əri ilə qızı üçün ayrıca xörək hazırlayır. O, 21.06.2021-ci il tarixdə təxminən saat 18 radələrində yaşadığı evin həyətindəki, üzərində qayınanasının xörək qazanı olan odun sobasına əlindəki kağız parçasını atmışdır. Həmin vaxt qayınatası yaxınlaşıb “sobanın üzərindəki xörək qazanımızın içərisinə nə atdın” deyib onun ünvanına nəlayiq ifadələr işlətmiş, onu söyüb təhqir etmişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı baldızı Həcər arxadan yaxınlaşıb saçlarından tutub onu yerə yıxmışdır. Həmin vaxt qayınanası Səlyaz onun üzərinə hüçum çəkmişdir. Səlyazla Həcər saçlarından tutub onu sürümüş, boğaz, sinə və hər iki qolunu dırnaqları ilə cırmaqlamışlar. O, Səlyazla Həcərin əlindən çıxıb ayağa qalxdıqdan sonra burun nahiyəsinə yumruq vurub baldızı Həcərə xəsarət yetirmişdir. Elə həmin vaxt əri Mənsur həyətə gəlmiş və onu həyətdən evin içərisinə aparmışdır. Mübahisə yaşadığı evin həyətində baş vermiş, ümumilikdə mübahisə təxminən 20 dəqiqə ərzində başlayıb qurtarmışdır. Mübahisəni ailə üzvlərindən başqa kənar şəxslərdən heç kim görməmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsdən üzr istəyir. X8 ilə barışmışdır. Ona vurduğu ziyanı ödəmişdir. Odur ki, barəsində başlanmış cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs (şikayət vermiş şəxs) X7 ifadəsində göstərdi ki, 2018-ci ildə qardaşı Mənsur Zaqatala rayonu Yuxarı Tala kənd sakini X2 ilə ailə qurmuşdur. Qardaşı ailə qurduqdan sonra ata evində onunla birgə yaşayır. İlk öncə onlar mehriban yaşasalar da sonradan Xədicə onunla və valideynləri ilə yola getməmişdir. Bu səbəbdən aralarında tez-tez söz-söhbətlər baş verir. Təxminən bir ildir o və valideynləri bir evdə yaşamalarına baxmayaraq Xədicə ilə danışmırlar. Onunla valideynlərinin yeyib-içməkləri ayrıdır. Xədicə Mənsurla özü üçün ayrıca xörək hazırlayır. Onunla anası isə özləri üçün ayrıca xörək hazırlayırlar. Yay aylarında yaşadıqları ev qızmasın deyə onun anası Səlyaz xörəkləri həyətlərindəki odun sobasının üzərində bişirir. O, 21.06.2021-ci il tarixdə təxminən saat 18:20 radələrində yaşadığı evin içərisində olduğu zaman həyətdə Xədicənin atası Əhmədxanla mübahisə etdiyini eşitmiş və buna görə evdən həyətə düşmüşdür. O, həyətə düşdüyündə orada atası Əhmədxanın olmadığını, anası Səlyazla Xədicənin olduğunu görmüşdur. O, həyətə düşüdüyü zaman Xədicənin xörək qazanının qapağını qaldırdığını, buna görə atası Əhmədxanla aralarında mübahisə yarandığını bilmişdir. Buna görə də Xədicəyə “bizim xörək qazanımızla nə işin var” demişdir. Bu zaman Xədicə qəfil üzərinə hücum çəkib onun burnuna bir dəfə yumruq vurmuşdur. Bu zaman onun burnundan qan gəlmişdir. O, qanı görüb qorxub qışqırmışdır. Həmin vaxt Mənsur həyətə gəlmiş və Xədicəni evin içərisinə aparmışdır. Mənsurun ardınca atası həyətə gəlmişdir. Atası onu xəsarət aldığı üçün xəstəxanaya aparmışdır. Mübahisə yaşadığı evin həyətində baş vermiş, ümumilikdə mübahisə təxminən 20 dəqiqə ərzində başlayıb qurtarmışdır. Mübahisəni ailə üzvlərindən başqa kənar şəxslərdən heç kim görməmişdir. O, mübahisə zamanı anası Səlyazın ümumiyyətlə Xədicəyə yaxınlaşmadığını, Xədicəyə toxunmadığını, həmçinin mübahisə zamanı Xədicəni yerə yıxıb dartışdırmadığını, Xədicənin Səlyazla ona böhtan atdığını, Xədicəyə xəsarət və ya fiziki ağrı yetirmədiklərini qeyd etdi. X6 ilə barışmışdır. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. Odur ki, Xədicə Cumaəliyevna barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 qızı ifadəsində göstərdi ki, 2018-ci ildə oğlu Mənsur Zaqatala rayonu Yuxarı Tala kənd sakini X2 ilə ailə qurmuşdur. Mənsur ailə qurduqdan sonra onunla bir evdə yaşayır. İlk öncə onlar mehriban yaşasalar da sonradan Xədicə onunla, əri Əhmədxanla, qızı Həcərlə yola getməmişdir. Bu səbəbdən aralarında tez-tez söz-söhbətlər baş vermişdir. Təxminən bir ildir Xədicə bir evdə yaşamalarına baxmayaraq onunla, Əhmədxan və Həcərlə danışmır. Xədicə Mənsurla özü üçün ayrıca xörək hazırlayır. O isə əri ilə qızı üçün ayrıca xörək hazırlayır. O, yay aylarında yaşadıqları ev qızmasın deyə xörəkləri həyətdəki odun sobasının üzərində bişir. O, 21.06.2021-ci il tarixdə təxminən saat 18:15 radələrində həyətində evin yan tərəfində olduğu zaman evin qarşısında Əhmədxanla Xədicənin mübahisə etdiklərini eşidib onlara yaxınlaşmışdır. Yaxınlaşdığı zaman Əhmədxan ona Xədicənin xörək qazanının qapağını qaldırdığını gördüyünü bildirmiş və ondan Xədicənin qazanın içərisinə nə isə atıbatmadığına baxmasını istəyib özü həyətlərinə bitişik olan Tacəddin adlı şəxsin fındıq bağına doğru addımlamağa başlamışdır. O, yaxınlaşıb qazanın içərisinə baxmış, qazanın içərisinə heçnə atılmadığını görmüşdür. Həmin vaxt Həcər evdən həyətə düşmüş və Xədicənin xörək qazanının qapağını qaldırdığını, buna görə mübahisə yarandığını bilmişdir. Buna görə də Həcər Xədicəyə “bizim xörək qazanımızla nə işin var” demişdir. Bu zaman Xədicə qəfil üzərinə hücum çəkib burun nahiyəsinə yumruq vuraraq Həcərə xəsarət yetirmişdir. Həcərin burnundan qan gəlməyə başlamışdır. Bu zaman Həcər qorxub qışqırmışdır. Həmin vaxt Mənsur həyətə gəlmişdir. Mənsurun ardınca Əhmədxan həyətə gəlmişdir. Əhmədxan Həcəri xəsarət aldığı üçün xəstəxanaya aparmışdır. O, mübahisə zamanı ümumiyyətlə Xədicəyə yaxınlaşmadığını, Xədicəyə toxunmadığını, həmçinin Həcərin də Xədicəni yerə yıxıb dartışdırmadığını, Xədicəyə xəsarət və ya fiziki ağrı yetirmədiklərini, Əhmədxanın mübahisə zamanı Xədicəni söyüb təhqir etmədiyini, Əhmədxanın Xədicəni söyüb təhqir etdiyini eşitmədiyini, Xədicənin onlara böhtan atdığını, mübahisə zamanı Xədicənin ona xəsarət və ya fiziki ağrı yetirmədiyini qeyd etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2018-ci ildə oğlu Mənsur Zaqatala rayonu Yuxarı Tala kənd sakini X2 ilə ailə qurmuşdur. Mənsur ailə qurduqdan sonra onunla bir evdə yaşayır. İlk öncə mehriban yaşasalar da sonradan Xədicə onunla, arvadı Səlyaz, qızı Həcərlə yola getməmişdir. Bu səbəbdən aralarında teztez söz-söhbətlər baş verir. Təxminən bir ildir Xədicə bir evdə yaşamalarına baxmayaraq onunla, Səlyaz və Həcərlə danışmır. Xədicə Mənsurla özü üçün ayrıca xörək hazırlayır. Arvadı Səlyaz isə Həcərlə onun üçün ayrıca xörək bişirir. Yay aylarında yaşadıqları ev qızmasın deyə Səlyaz xörəkləri həyətlərindəki odun sobasının üzərində bişirir. Onun yaşadığı evin həyətinə bitişik Tacəddin adlı şəxsin fındıq bağı vardır. O, Tacəddinin fındıq bağına nəzarət edir. O, 21.06.2021-ci il tarixdə təxminən saat 18:15 radələrində Tacəddinin fındıq bağından həyətinə gəldiyi zaman Xədicənin əli ilə həyətdəki odun sobasının üzərində olan arvadı Səlyazın xörək qazanının qapağını qaldırdığını, həmin vaxt Xədicənin digər əlində çirkli əski olduğunu görmüşdür. O, Xədicənin Səlyazın xörək qazanının içərisinə nə isə atmaq istədiyini düşünmüş və Xədicəyə qazanın qapağını qaldırdığına görə irad bildirmişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Səlyaz Xədicə ilə onun yanına yaxınlaşmışdır. O, Səlyaza Xədicənin xörək qazanının qapağını qaldırdığını gördüyünü bildirmiş və Səlyazdan xörək qazanının içərisinə baxmasını istəyib mübahisə böyüməsin deyə həyətindən Tacəddinin bağına doğru addımlamağa başlamışdır. O, Tacəddinin bağına çatdığı zaman qızı Həcərin qışqıran səsini eşidib həyətinə qayıtmışdır. Yaxınlaşdığı zaman həyətdə Mənsur, Səlyaz, Həcər və Xədicənin olduğunu, Həcərin burun nahiyəsindən qan gəldiyini görmüş, nə baş verdiyini soruşmuşdur. Həcər Xədicənin onun burun nahiyəsinə yumruq vurduğunu bildirmişdir. O, Həcəri xəsarət aldığı üçün xəstəxanaya aparmışdır. O, Xədicə ilə aralarında mübahisə yarandıqdan sonra Tacəddinin bağına getdiyini, buna görə də Həcərlə Xədicə arasında olan mübahisəni görmədiyini, yanlarında olmadığından Xədicənin Həcərə vurduğunu görmədiyini, mübahisə zamanı Xədicəni söyüb təhqir etmədiyini, Xədicənin ona xəsarət və ya fiziki ağrı yetirmədiyini qeyd etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Şahid1 qızı və Şahid2 ilə oxşar məzmunlu izahat verərək onların dediklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Məhkəmə Tibbi Ekspertizası və PA X10 Şəxsi şöbəsinin 22.06.2021-ci il tarixli 232 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibb müayinəsi zamanı aşkar edilən xəsarət: burun beli üzərində sıyrıqlı qançır və burun sümüyünün qapalı yerdəyişməyən sınığı bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 21.06.2021-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəbə olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən verilmiş 29.06.2021ci il tarixli tələbnamədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X1 məhkumluğu yoxdur. Məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsindən əlavə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizanın rəyi, eləcə də işin digər obyektiv halları ilə tam sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, təhqiqat zamanı X1 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə baxışı iclasında zərərçəkən şəxs X7 ərizə təqdim edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X2 ilə barışdığını, dəymiş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirməklə, Xədicə Cumaəliyeva barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X2 da məhkəməyə ərizə təqdim edərək, zərərçəkmiş şəxslə barışdığını və onun barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Republikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1-ci və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs - X2 zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə aradan qaldırmışdır. Belə olan halda X2 barəsində cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını məhkəmə qanuni, ədalətli və əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 344-347, 356, 358, 384 və 385-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA A L D İ: X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin onunla barışması və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsinə görə xitam verilsin və o cinayət məsuliyyətindən azad edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №1(033)-46/2021
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №1(033)-46/2021
13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver