Məhkəmə qərarları › İş №1(033)-46/2023

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-46/2023

13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-46/2023 13.09.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə israfil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Müdafiəçi – Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Azərbaycan prospekti ev 87, mənzil 3 ünvanında qeydiyyatda olan və X8 saxlanılan 24 iyul 2023-cü il tarixdə Zaqatala rayon məhkəməsinin qərarı əsasında barəsində 01 ay 17 gün müddətinə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 13 sentyabr 2023-cü il tarixdə saat 16:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, tamah niyyəti və özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirtmək məqsədilə sərxoş vəziyyətdə 2023-cü ilin iyun ayının 1-də, saat 21 radələrində Zaqatala şəhər bazarının yaxınlığında, yəni Zaqatala şəhəri, V.İsmayılov küçəsində yerləşən, Zərərçəkmiş şəxs məxsus, başqa saxlanc yeri hesab edilən ərzaq mağazasına dam örtüyü və tavanı sındırmaqla qanunsuz daxil olmuş və həmin mağazadan 1500 manat məbləğində pul, ümumilikdə 2070 manat dəyərində - "xxxx" MMC-yə aid 200 manat dəyərində 200 ədəd olmaqla 1 manatlıq, 200 manat dəyərində 100 ədəd olmaqla 2 manatlıq, 300 manat dəyərində 100 ədəd olmaqla 3 manatlıq, 500 manat dəyərində 100 ədəd olmaqla 5 manatlıq, 100 manat dəyərində 10 ədəd olmaqla 10 manatlıq, "xxxx" MMC-yə aid 30 manat dəyərində 30 ədəd olmaqla 1 manatlıq, 60 manat dəyərində 30 ədəd olmaqla 2 manatlıq, 30 manat dəyərində 10 ədəd olmaqla 3 manatlıq, 50 manat dəyərində 10 ədəd olmaqla 5 manatlıq, 50 manat dəyərində 5 ədəd olmaqla 10 manatlıq, "xxxx" MMC-yə aid 400 manat dəyərində 200 ədəd olmaqla 2 manatlıq, 100 manat dəyərində 20 ədəd olmaqla 5 manatlıq, 50 manat dəyərində 5 ədəd olmaqla 10 manatlıq danışıq kartlarını, 400 manat dəyərində 10 blok “Kent” markalı, 420 manat dəyərində 10 blok “Sobranie” markalı və 380 manat dəyərində 10 blok “Winston” markalı siqaretləri gizli yolla ələ keçirib qəsdən talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 4770 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı elan olunmuş ittihamda tam təqsirli bilərək gəstərmişdir ki, subaydır, tutulana qədər ailəsi ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayırdı. 2016-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə 6 il müddəsinə azadlıqdan məhrum etmə cəzası ilə məhkum olunmuş və xx.xx.2021-ci il tarixdə həbsdən azad olunmuşdur. Həbsdən çıxdıqdan sonra o, Zaqatala rayonu ərazisində fərdi olaraq fəhlə kimi işləmiş və mütamadi olaraq spirtli içki qəbul etmişdir. xx.xx.2023-cü il tarixdə günorta vaxtı tək Zaqatala rayonunda yerləşən bazarın ərazisində adı və ünvanı yadında qalmayan kefedə təxminən 500 qrama yaxın spirtli içki qəbul etdikdən sonra Zaqatala şəhəri ərazisində tək gəzintiyə çıxmışdır, həmin gün təxminən saat 20 radələrində dükandan 500 qramlıq spirtli içki və 250 qramlıq fanta içkisi alıb “şamlıq” adlanan ərazidə onları içmişdir. İçki qəbul etdikdən təxminən 2 saat sonra Zaqatala bazarının ərazisi ilə hərəkətdə olan zaman qarşısına dükan çıxmış və həmin dükanın üst hissəsindən dükana girmək üçün şərait olduğunu görərərk oğurluq etmək qərarına gəlmişdir. O həmin dükanın üst hissəsinə çıxaraq oradan dükanın tavanında olan lambrini əli lə itəliyərək dükana daxil olmuş və dükana daxil olan kimi kassaya yaxınlaşaraq kassada olan sonradan saydığı kağız və qəpiklərlə birlikdə 1500 manat olan pulu və orada olan danışıq konturlarını götürmüşdür. Daha sonra isə kassanın yanında olan rəfdən 3 ədəd sellofan torba götürərək təxminən 25-30 ədəd müxtəlif növ siqaret bloklarını torbaya yığmışdır. Daha sonra isə dükanı ətraflı axtarmış, lakin başqa dəyərli heçnə tapmadığı üçün oğurladığı əşyaları götürüb dükandan girdiyi yolla çıxmışdır. Dükandan çıxdıqdan sonra “Tac” şadlıq sarayının arxa hissəsindən dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı və öncədən tanımadığı taksiyə minib Bakı şəhərinə getmək üçün Zaqatala avtovoğzalına getmiş. Taksiyə 5 manat ödəniş etdikdən sonra avtovoğzal ərazisində taksidən düşmüş və takisidə olduğu müddətdə taksi sürücüsü ilə heçnə danışmamışdır. Avtovoğzalda həmin vaxt iki avtobus olmuş, o Bakı şəhərinə getmək üçün öncədən bilet almamışdır. Avtovoğzalda olan iki avtobusdan biri 00:30-da, digəri isə 01:00 da yola düşürmüş, o 00:30-da yola düşən avtobusa əyləşmiş və təxminən 5-10 dəqiqə sonra avtobus yola düşmüşdür. Avtobus xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhərində avtovoğzala çatmış və çatdıqdan sonra o orada olan tanımadığı kafelərdən birində səhər yeməyi yeyib 6 manat ödəniş etmişdir. Sonra isə o avtovoğzalın ətrafında olan yarımçıq tikilinin ərazisində tənha bir yerə çəkilib oğurladığı pulları saymış və təxminən 1500 manata yaxın pul olduğunu görmüşdür. Daha sonra o oğurladığı danışıq konturlarını və siqaretləri satmaq üçün avtovoğzalın ərazsində və ətrafda olan köşklərə və dükanlara yaxınlaşmış, lakin almaq istəyən olmamışdır. Sonra isə o Bakı şəhərində “20 Yanvar” və “3-cü Mikrorayon” dairələrində gəzərək tanımadığı şəxslərə siqaretləri satmış və təxminən 5-6 gün ərzində siqaretləri satıb qurtarmışdır. Siqaretin satışından nə qədər pul əldə etdiyini hesablamadığı üçün neçə manat əldə etdiyini bilməmişdir. O, danışıq konturlarını keç kim almadığı üçün Bakı avtovoğzalı ətrafında olan yarımçıq tikilinin ərazisinə atmışdır. O, Bakı şəhərində gündəlik 3 manata olan evlərdə gecələmiş və dükandan oğurladığı 1500 manata yaxın pulu və siqareti sataraq əldə etdiyi pulları gündəlik tələbatlarına, yəni gecələməyinə və qidalanmasına xərcləmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində göstərmişdir ki, oğurluiq etdiyi dükanın sahibini tanımır, onunla ədavəti yoxdur. Etdiyi əməldən peşmandır, birdə belə əməllərə yol verməyəcəyini bildirdi. Pulu olmadığı üçün vurulmuş ziyanı ödəyə bilmir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 15 ildir ki, Zaqatala şəhərində yerləşən “Bazar”da özünə məxsus təxminən 40 kv.m sahəsi olan “Müşfiq” adlı gündəlik təlabat malları dükanı işlədir. Dükanın iki qapısı var, bir qapı jalüz vasitəsi ilə, digər qapı isə dəmir barmaqlıqlarla bağlanır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində işlətdiyi dükanın hər iki qapısını qıfılla bağlayıb evə getmiş və səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə saat 06:30 radələrində dükana gəlib jalüzlə bağlanmış qapını açıb dükana girmişdir. Dükana girən kimi dükanın qarşı sağ küncündə tavandan lambirinin sallandığını görmüş və düşünmüşdür ki, küləyin təsirindən baş verib. Daha sonra dükanın digər dəmir barmaqlıqla bağlanmış qapısını açmış və sonra dükana ətraflı axtıqda həmin sallanmış lambirinin altında olan rəflərin dağıldığını görmüşdür. Sonra isə kassaya yaxınlaşıb baxdıqda kassada olan 200 ədəd 1 manatlıq, 100 ədəd 2 manatlıq, 100 ədəd 3 manatlıq, 100 ədəd 5 manatlıq və 10 ədəd 10 manatlıq “sim” danışıq kartı olmaqla ümumilikdə 1300 manatlıq dəyərində, 30 ədəd 1 manatlıq, 30 ədəd 2 manatlıq, 10 ədəd 3 manatlıq, 10 ədəd 5 manatlıq və 5 ədəd 10 manatlıq “baksel” danışıq kartı olmaqla ümumilikdə 220 manat dəyərində və 200 ədəd 2 manatlıq, 20 ədəd 5 manatlıq və 5 ədəd 10 manatlıq “nar” danışıq kartı olmaqla ümumilikdə 550 manatlıq dəyərində olmaqla ümumilikdə 2070 (iki min yetmiş) manat dəyərində danışıq kartı, bir ədədi 3,90 qəpik olmaqla içərisində 10 ədəd olan 10 ədəd “Kent” markalı siqaret qutunun dəyəri 390 manat, bir ədədi 4,20 qəpik olmaqla içərisində 10 ədəd olan 10 ədəd “Sobranie” markalı siqaret qutunun dəyəri 420 manat və bir ədədi 3,60 qəpik olmaqla içərisində 10 ədəd olan 10 ədəd “Winston” markalı siqaret qutunun dəyəri 360 manat olmaqla ümumilikdə 1170 (min yüz yetmiş) manat dəyərində siqaret qutuları oğurlanmış, kassadan oğurlanmış nağd şəkildə olan 1500 manatı isə müxtəlif növ mallarının satışından əldə etmiş, danışıq kartlarının satılmamış hissədindən qalan kartların oğurlanması nəticəsində 2070 (min səkkiz yüz yetmiş) manat, siqaret qutularının oğurlanması nəticəsində 1170 (min bir yüz yetmiş) manat və nağd şəkildə olan pulun oğurlanması nəticəsində 1500 (min beş yüz) manat olmaqla ümumilikdə 4740 (dörd min qırx) manat dəyərində maddi ziyan dəymiş, istifadəsində olan ərzaq mağazasına dam örtüyünü sındırıb daxil olmaqla, içəridə olan bir neçə vitrinlərin qırılması nəticəsində təxminən ona 250-300 manat məbləğində maddi ziyan dəymiş, hazırda o, mağazanın dam örtüyünü və vitrinləri təmir etdirmişdir. Hal-hazırda ona dəymiş ziyan ödənilməmişdir. Dəymiş ziyanı tələb edir, şikayətçidir. İş materiallarında olan Kriminalistik Tədqiqatlar İdarəsinin 07 iyun 2023-cü il tarixli 3- 13-11/2-7180/2023 nömrəli məktubuna görünür ki, müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izlərindən 02 ədədi (B2 və T3) (daktiloskopik xəritəsi Zaqatala RPŞ-dən daxil olmuş) xx.xx.1985-ci ildə Zaqatala rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta, adsız, barmağının əksi ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 08 iyun 2022-ci il tarixli qərardan görünür ki, Pərvin Rüstəmov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına olan təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və icraatın dayandırılması haqqında xx.xx.2022-ci il tarixli qərarlardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun müəyyən edilib tutularaq istintaqa təqdim edilənədək icraat dayandırılmışdır. İş materiallarına olan axtarışda olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23:40 radələrində Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Yasamal rayonu ərazisində tutulub Zaqatala RPŞ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarına olan cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında xx.xx.2023-cü il tarixli qərarlardan məlum olur ki, xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə icraat müstəntiq polis kapitanı Surac Əhmədov tərəfindən təzələnmişdir. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(033)- 18/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay 17 (on yeddi) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına olan məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə xx.xx.2023-cü il qərarından görünür ki, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan “cinayət işinin icraata qəbul edilməsi barədə” 31 iyul 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi Zaqatala RPŞ-nin İB-nin baş müstəntiqi, polis baş-leytenantı Pərvin Rüstəmovun icraatına qəbul edilmişdir. İş materiallarında olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 avqust 2023-cü il tarixli 9/5676 nömrəli rəyində aşağıdakılar göstərilmişdir:

1. Ekspertiza təyini haqqında qərarda göstərilən malların 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 3270,00 manat müəyyən olunur. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində aşağıdakı kimi göstərilmişdir:  200 ədəd olmaqla 1 manatlıq “sim danışıq kartı” 200 manat  100 ədəd olmaqla 2 manatlıq “sim danışıq kartı” 200 manat  100 ədəd olmaqla 3 manatlıq “sim danışıq kartı” 300 manat  100 ədəd olmaqla 5 manatlıq “sim danışıq kartı” 500 manat  10 ədəd olmaqla 10 manatlıq “sim danışıq kartı” 100 manat  30 ədəd olmaqla 1 manatlıq “baksel danışıq kartı” 30 manat  30 ədəd olmaqla 2 manatlıq “baksel danışıq kartı” 60 manat  10 ədəd olmaqla 3 manatlıq “baksel danışıq kartı” 30 manat  10 ədəd olmaqla 5 manatlıq “baksel danışıq kartı” 50 manat  10 ədəd olmaqla 5 manatlıq “baksel danışıq kartı” 50 manat  200 ədəd olmaqla 2 manatlıq “nar danışıq kartı” 200 manat  20 ədəd olmaqla 5 manatlıq “nar danışıq kartı” 100 manat  5 ədəd olmaqla 10 manatlıq “baksel danışıq kartı” 50 manat  10 blok olmaqla Kent markalı siqaret qutusu 400 manat  10 blok olmaqla Sobranie markalı siqaret qutusu 420 manat 10 blok olmaqla Winston markalı siqaret qutusu 380 manat. Cəmi 3270 azn müəyyən olunur. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 9/5676 saylı, 08 avqust 2023-cü il tarixdə aparılmış tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 may 2016-ci il tarixli 1(091)-073/16 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlığdan məhrum etmə cəzanısa məhkum olunmuşdur. Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə cəza müddəti 05 il 10 ay 11 günə endirilib. 29 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs cəza müddətinin sonu ilə azad edilib. İş materiallarında olan Zaqatala rayon X9 Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli, PHŞ-6-78/2-891/2023 nömrəli məktubundan görünür ki, Nağıyev X10 rayon X2 şöbəsinin psixatrik və narkoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Zaqatala rayon Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 388 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi: özü- Təqsirləndirilən şəxs, atası- X5, anası- X1, qardaşı- X6, qardaşı- X7 ibarətdir. İş materiallarında olan Zaqatala rayon Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 4770 manat pulun mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, məhkəmə prosesində iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuş DVD diskə baxış keçirməklə iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə tam təqsirli olduğu zərərçəkmiş şəxsin, eləcə də şahidlərin verdiyi ifadələrlə, ekspertiza rəyi və cinayət işinin bütün materialları ilə tam sübuta yetirililmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə düzgün olaraq tövsif edilmişdir və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin Qeyd hissəsinin şərh edilməsi haqqında 04 mart 2013-cü il tarixli Qərarında olan hüquqi mövqeyindən məlum olur ki, şəxsiyyətin, cəmiyyətin və dövlətin müdafiəsinə, habelə cinayətlərin qarşısının alınmasına yönəlmiş cinayət-hüquq institutları ümumi (publik) hüquq münasibətlərinin sözügedən sahəsində şəxsin konstitusiya təminatlarına sözsüz riayət edilməklə, ədalət və cinayət məsuliyyətinin cinayət qanunvericiliyi ilə müdafiə olunan dəyərlərə mütənasibliyi prinsiplərinə əsaslanmalıdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayəti residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğ ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs sonuncu məhkumluğu ilə əlaqədar azadlığa çıxmasından altı il keçmədən yenidən qəsdlə cinayət törətdiyni nəzərə alaraq məhkəmə hesab edir ki, ona cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 65-ci maddəsinə uyğun olaraq residivə görə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs özünü törətdiyi cinayət əməlində təqsirli bilməsini, peşmançılıq hisləri keçirməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddət azadlıqdan təcrid olunması törətdiyi əməl barəsində düşünməsinə və gələcəkdə cəmiyyətə tam yararlı insan olaraq qayıtmasına köməklik edəcəkdir. Belə ki, məhkəmənin əvvəllər onun barəsində törətdiyi cinayətinə görə azadlıqdan məhrum etmə cəzası təyin etməsinə baxmayaraq o, tam islah olmayaraq məhkumluğu ödənilmədən yenidən qəsdlə cinayət törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş üzrə 50 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zərurui olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-in 354-cü maddəsinə asasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianını tam və ya qismən təmin edilməsi; iddianın rədd edilməsi; iddianın baxılmamış saxlanması haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hüsab edir ki, mülki iddia tam həcmdə təmin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Cinayət işi üzrə öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən 01 DVD disk maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 381-ci maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını “ciddi” rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvədə saxlanılsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin X3, Kod : 210005; VÖEN **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; VÖEN **********; hesab № AZ34CTRE********************) ödənilsin. İş üzrə malki iddia təmin edilsin, mülki cavabdeh Təqsirləndirilən şəxs 4770 (dörd min yeddi yüz yetmiş) manat məbləğində maddi ziyan alınaraq mülki iddiaçı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Cinayət işi üzrə öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən 01 DVD disk maddi sübut kimi cinayət işinin materiallarında saxlanılsın. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar