Məhkəmə qərarları › İş №1(033)-47/2021

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-47/2021

12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-47/2021 12.10.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxx 1989-cu il tarixdə Zaqatala rayonu, Yuxarı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 nəfər azyaşlı uşağı olan, işsiz, Tərtər Hərbi məhkəməsinin 29 oktyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cəzasına məhkum edilmiş, Zaqatala rayonu, Yuxarı Tala kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 aprel 2021-ci il tarixdə saat 12 radələrində Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış olmayan yarımtikili fərdi yaşayış evinin həyətinə hasarından tullanaraq qanunsuz daxil olub evin həyətində yerləşən istixananın nəfəsliyindən istixanaya qanunsuz daxil olaraq sonuncuya məxsus 1 ədədinin dəyəri 670 manat olan 3 ədəd 2010 manat dəyərində İtalya istehsalı olan “DAB ACTİVE J1 82M” markalı genişləndici su nasoslarını, 1 ədəd 6000 manat dəyərində olan Almaniya istehsalı istilik sisteminin qızdırıcı qazanının beyin hissəsini, daha sonra evin zirzəmisinin nəfəsliyindən evə qanunsuz daxil olaraq yarımtikili evin mərtəbələrindən 1 ədədinin dəyəri 5 manat olan 47 ədəd 235 manat dəyərində “Pakkens” markalı yarımçıq radiator vintillərini gizli olaraq talamaqla oğurluq etdikdən sonra, o, vahid niyyətlə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 22 aprel 2021-ci il tarixdə saat 19 radələrində həmin fərdi yaşayış evinə hasarından tullanaraq qanunsuz daxil olub 20 aprel 2021-ci il tarixdə evə qanunsuz daxil olduğu zaman oğurlamaq məqsədi ilə istixanadan söküb çıxararaq evin həyətinə qoyduğu 1 ədəd 4100 manat dəyərində “Wolf” markalı, 191 litr tutumlu isti su çəni boyleri ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda, yəni 12345 (on iki min üç yüz qırx beş) manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 20 aprel 2021-ci il tarixdə qonşusu Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluq etmək qərarına gəlmiş, həmin gün təxminən saat 12 radələrində həmin evə yaşadığı evin baxçasında yerləşən hasarından tullanıb aşaraq həyətə daxil olmuşdur. Həyətdə hasara bitişik istixananın açıq nəfəsliyindən içəri keçərək istixananın qapısını içəri tərəfdən açmışdır. O, istinxanada olan 3 ədəd genişləndirici su nasosu və bir ədəd isti su çəni olan boyler görmüşdür. Həmin qurğuları oğurlamaq qərarına gəlmişdir. O, evin zirzəmisinin açıq vəziyyətdə olan nəfəsliyindən içəri daxil olmuş, zirzəmidən bir ədəd bolt və vintil açmaq üçün istifadə edilən açar tapmışdır. O, açardan istifadə edərək evin birinci və ikinci mərtəbəsində olan istilik sistemi üçün nəzərdə tutulmuş vintilləri açmış və ümumilikdə 47 ədəd vintili oğurlamışdır. Daha sonra nəfəslikdən evin həyətinə çıxmış, açardan istifadə edərək 3 ədəd genişləndirici su nasosunu və boylerin boltlarını açmışdır. O, ilk öncə 3 ədəd nasosları və 47 ədəd vintilləri yaşadığı evin baxça hissəsinə qoymuş və daha sonra boyleri geri götürmək üçün yenidən geri qayıtmış, ancaq gücü çatmadığı üçün götürə bilməmişdir. O, həmin boyleri bir gün sonra oğurlamağı niyyətində tutmuşdur. 20 aprel 2021-ci il tarixdə günorta saatlarında o, İradənin evindən oğurladığı 47 ədəd vintilləri və bir ədəd genişləndirici su nasosunu satmaq üçün Samir adlı şəxsin işlədiyi santexnik malları satılan mağazaya getmişdir. O, satıcıdan Samirə zəng edib satılıq əşya gətirməsini deməsini xahiş etmiş, satıcı mobil telefonu ilə Samirə zəng edərək mağazaya çağırmış, təxminən 5-10 dəqiqədən sonra Samir mağazaya gəlib satmaq istədiyi əşyalara baxmışdır. O, Samirə gətirdiyi 47 ədəd vintili 30 manata, DAB markalı genişləndirici su nasosunu 45 manata satmasını demişdir. Samir onun təklifi ilə razılaşaraq mağazaya satmaq üçün gətirdiyi əşyaların pulunu ona vermişdir. 21 aprel 2021-ci il tarixdə o, Tap.az saytından 2 ədəd DAB markalı su nasosunu satmaq üçün müştəri axtarmış və Rafiq adlı şəxslə 2 ədəd su nasosunu satmağa razılaşmışdır. O, Ağsaray ticarət mərkəzinin qarşısından Mercedes markalı tanımadığı taksi ilə 2 ədəd su nasosunu Bakı şəhərinə yola salmışdır. 22 aprel 2021-ci il tarixdə səhər saatlarında Rafiq Nissan markalı taksi ilə 90 manat pulu ona göndərmiş və o, keçidin yanından həmin pulu götürmüşdür. 22 aprel 2021-ci il tarixdə axşam saat 19 radələrində əvvəlcədən oğurlamaq niyyətində olduğu 1 ədəd boyleri oğurlamaq üçün İradənin evinin həyətinə hasardan aşaraq daxil olmuşdur. Özü ilə qalın kəndir aparmışdır. O, evin həyətində olan nərdivandan istifadə etməklə kəndirə bağladığı boyleri hasardan aşıraraq yaşadığı evin baxçasına salmışdır. O, sürüyərək boyleri yaşadığı evin qabağına çıxarmış, hava qaranlıq olmuş, o, əsas yola çıxaraq VAZ 2106 markalı taksi saxlatmış və həmin takisini yaşadığı evin qarşısına sürdürmüşdür. Boyleri həmin taksiyə yükləmiş, o, ilk öncə boylerin Ariston istilik sistemi olmasını zənn etmiş, buna görə də 1 ədəd isti su çəni boyleri satmaq üçün Zaqatala şəhəri Sevil Qaziyeva küçəsində yaşayan dostu Abidə satmaq istəmişdir. Abidə zəng edərək yaşadığı evə aid Ariston satmaq istədiyini demiş, Abid ona aristonu görmək istəməsini demişdir. Taksi ilə boyleri Abidin yaşadığı evə aparmış, Abidlə köməkləşərək boyleri evin həyətinə qoymuş, evin həyətində başqa heç kəs olmamışdır. Abid ona qurğunun Ariston olmadığını deyib ala bilməyəcəyini bildirmişdir. O da Boyler ağır olduğu üçün daşıya bilmədiyindən Abiddən xahiş edərək boyleri yaşadığı evin həyətində saxlamışdır. Abidə səhəri gün Boyleri gəlib götürəcəyini bildirmişdir. 23 aprel 2021-ci il tarixdə yenidən Samirin işlədiyi mağazaya getmiş, Samirə isti su çəni olan boyleri başqa evdə qoyduğunu və həmin çəni də 120 manata satmaq istədiyini demişdir. Samir yenə onun təklifi ilə razılaşmış və Samirlə birlikdə idarə etdiyi avtomaşınla Abidin yaşadığı evin həyətinə getmişlər. Samir isti su çəni olan boylerə baxaraq 120 manat pul verərək həmin boyleri almışdır. O, əlavə olaraq ifadəsində göstərdi ki, evin istixanasından 3 ədəd su nasosu, bir ədəd boyler, evin içərisindən 47 ədəd vintil oğurlamışdır. O, ilk ifadəsində məsuliyyətinin yüngül olacağını zənn edib qızdırıcı qazanın beynini oğurladığını bildirmiş, ancaq reallıqda həmin qızdırıcı qazanın beynini oğurlamamışdır. 2 ədəd su nasosunu satdığı Rafiq adlı şəxsin şəxsiyyəti barədə dəqiq məlumatı olmamışdır. O, həmin şəxslə Tap.az saytında tanış olmuşdur. O, Samir, Rafiq və Abid adlı şəxslərə əşyaların yaşadığı evə aid olduğunu və pula ehtiyacı olduğu üçün satmağını bildirmişdir. O, tək oğurluq etmiş, onunla birlikdə heç kim iştirak etməmiş və ona heç kim köməklik göstərməmişdir. O, radiator vintillərini su genişləndirici nasoslar ilə eyni vaxtda oğurlamış və eyni vaxtda da Samirə satmışdır. O, başqa cinayət əməlləri törətməmişdir. Etdiyi hərəkətdən çox peşmandır. Hazırda dəymiş ziyanı ödəmək imkanı yoxdur. Gələcəkdə dəymiş ziyanı ödəyəcəkdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclası zamanı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Bakı şəhərində yaşadığı müddətdə Zaqatala rayon Yuxarı Tala kəndində 10 sot torpaq alaraq 2010-cu ildən ev tikməyə başlamış, lakin bu günə kimi evi tikib hazır vəziyyətə gətirib çıxara bilməməsinə baxmayaraq evin bütün istilik sistemlərini düzüb qoşmuşdur. Evin istilik sistemi hazır vəziyyətdə olmuş, o, 2021-ci ilin fevral ayında Bakı şəhərindən Zaqatala şəhərinə gəlib qeyd etdiyi evə baş çəkmiş, lakin həmin vaxt evdə heç nə oğurlanmamışdır. O, 2021-ci ilin fevral ayında Bakı şəhərinə gedərək oradakı evdə qaldıqdan sonra 2021-ci ilin aprel ayında Zaqatala şəhərinə gəlib qızı Firuzənin evində qalmışdır. 09 may 2021-ci il tarixdə səhər saat 11 radələrində o, Yuxarı Tala kəndində yerləşən qeyd etdiyi ona məxsus olan evə baş çəkmək məqsədi ilə gedib evə daxil olanda həmin evin həyətində istixana yerləşən otağın qapısının açıq vəziyyətdə olmasını görmüşdür. O, həmin yerə daxil olanda istilik sisteminin qızdırıcı qazanın beyninin, isti su çəni “Boyler” və 3 ədəd genişləndirici su nasosun oğurlanmasını bilmişdir. Bundan sonra o, Zaqatala rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. O, yaşadığı evə əlavə baxan zaman evin otaqlarına quraşdırılmış 47 ədəd radiator vintillərinin oğurlanması ona məlum olmuşdur.O, əlavə olaraq ifadəsində göstərdi ki, həmin əşyalar 2021-ci ilin fevral ayının əvvələrindən 2021-ci ilin 09 may tarixədək vaxtlarda oğurlanmışdır. Oğurlanmış əşyaları 2012-ci ildə Bakı şəhərindən almışdır. İstilik sisteminin qızdırıcı qazanın beyninin dəyər qiyməti 6000 manat, WOLF markalı isti su çəni “Boyler” 4100 manat, İtalya istehsalı DAB ACTİVE J1 82M markalı 3 ədəd genişləndirici su nasosunun hər birinin dəyəri 670 manat, ümumi dəyəri 2010 manat olmuşdur. Radiator vintillərinin dəyərini isə bilməmişdir. İstilik sisteminin qızdırıcı qazanın beyni, isti su çəni “Boyler”in, 3 ədəd genişləndirici su nasosunun oğurlandığı yerin giriş qapısı açıq vəziyyətdə olmuş, qapının üzərində heç bir sınıq sökük izləri olmamışdır. Həmin giriş qapısını açarla bağlanaraq açarı özündə saxlamışdır. Evin zirzəmisinin də pəncərəsi açıq olmuş, evə zirzəmidən daxil olunmuşdur. İstilik sisteminin qızdırıcı qazanın beyninin dəyər qiymətinin 6000 manat olmasına dair hər hansı sənədləri olmamışdır. Həmin beyni onun oğlu düzəltdirmiş, qiyməti isə təxmini onun yadındadır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Ona dəymiş ziyan tam şəkildə ödənilməmişdir. Ona həbs cəzası verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, uzun müddətdir ki, kombi ustası kimi fəaliyyət göstərmiş, eləcə də Zaqatala şəhəri Faiq Əmirov küçəsində yerləşən mağazada istilik sisteminin alqı-satqısı ilə məşğul olub həmin mağazada istilik sisteminin avadanlıqlarını satmışdır. 15 aprel 2021-ci il tarixdə sonradan tanıdığı Nurlan adlı şəxs işlədiyi mağazaya gələrək krediti olmasını, ödəyə bilmədiyi üçün bir az pul verməsini istəmişdir. O, pulunun olmadığını deyəndə Nurlan ona istilik sistemlərin avadanlıqları olduğunu, həmin avadanlıqların müəyyən hissəsini satmasını demiş, qalan hissəsini ona satmağı təklif etmişdir. O, Nurlana yalnız gedib yerində baxıb deyə biləcəyini bildirmişdir. Lakin Nurlan onu aparmayaraq bir neçə gün onun işlədiyi mağazaya gəlib onu istilik sistemləri olan yerə aparmaq istəmişdir. O, isə müxtəlif bəhanələr gətirərək Nurlanın dediyi yerə getməmişdir. 21 aprel 2021-ci il tarixdə o, mağazada olmadığı müddətdə mağazada satıcı işləyən Çingiz onun mobil telefonuna zəng vurub Nurlan adlı şəxsin su nasosu və radiator vintillərini satmaq məqsədi ilə gətirməsini bildirmişdir. Həmin vaxt o, mağazaya gəlib Nurlanın gətirdiyi əşyalara baxmış və bundan sonra Nurlan ona mağazaya gətirdiyi 47 ədəd yarımçıq radiator vintillərinə görə 30 manat, su matoruna 45 manat pul istəmişdir. Nurlan su çəni olan Boyler ağır olduğu üçün gətirə bilmədiyini bildirmişdir. Eləcə də həmin isti su çəni olan boyleri 120 manata ona satacağını bildirmişdir. O, Nurlanın təklifi ilə razılaşıb 47 ədəd yarımçıq radiator vintillərinə görə 30 manat, su matoruna görə isə 45 manat pul vermişdir. Bundan sonra o, Nurlanla birlikdə dediyi yerə getmişdir. Zənnincə Nurlan onu Zaqatala şəhəri İ.Şamil küçəsində tanımadığı evə aparıb həmin isti su çəni olan boyleri ona göstərmişdir. O, 120 manat pul verib isti su çəni olan boyleri idarə etdiyi avtomobilə qoyub mağazaya gətirmişdir. 10 may 2021-ci il tarixdə o, işlədiyi mağazada olarkən polis əməkdaşları mağazaya gələrək Nurlanın əvvəllər istilik sisteminin avadanlıqlarını satıb satmadığını soruşmuşlar. Təxminən 21 aprel 2021-ci il tarixdə Nurlanın ona istilik sisteminin avadanlıqları satmasını bildirmişdir. O, əlavə olaraq ifadəsində göstərdi ki, Nurlanın ona satdığı 47 ədəd vintil istilik sisteminin radiatorların baş hissəsində olan vintillər olmuşdur. Həmin vintillərin radiatora birləşən hissəsi olmamışdır. Nurlanın ona satdığı 47 ədəd yarımçıq vintilləri, su matorunu və isti su çəni boyleri o, işlədiyi mağazaya satmaq üçün qoymuş, 1 ədəd su matorunu tanımadığı şəxsə satmışdır. Nurlanın ona satdığı isti su çəni boylerin dəyər qiymətini bilməmiş, Nurlan ona 120 manata satdığı üçün almışdır. Nurlanın ona satdığı su nasosunun və radiator vintillərin dəyər qiymətini bilməmişdir. Nurlan qeyd olunan əşyaları ona satanda həmin əşyaları hardan əldə etməsini soruşmuş, Nurlan ona atası rəhmətə getdiyi üçün evi satmaq istədiyini, buna görə evin istilik sistemlərini söküb satdığını bildimişdir. O, da Nurlanın dediklərinə inanmış, həmin əşyaların oğurluq olmasından xəbəri olmamışdır. Məhkəmə iclası zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanımış, təxminən 2021-ci ilin aprel ayının sonlarında yaşadığı evdə olan zaman Nurlan ona zəng edərək 1 ədəd elektrik ilə işləyən isti su çəni olmasını bildirib yağış yağan zaman xarab olmaması üçün bir günlük onun yaşadığı evin həyətində saxlamağı xahiş etmişdir. Nurlanın yaşadığı həyət evinin həyətinin üzəri örtülü olmadığından o razılaşmış, çünki, onun yaşadığı evin həyətinin çardağı olmuşdur. O, Nurlandan həmin əşyanın oğurluq olubolmaması barədə soruşduqda Nurlan ona uşağının canına and verərək oğurluq olmamasını bildirmişdir. Biraz keçmiş axşam saatlarında Nurlan xatırlamadığı taksi ilə ağ rəngli, üzərində qara rəngli qapağı olan həmin su çənini gətirmiş, Nurlan həmin su çənini yaşadığı evin həyətinə qoymuşdur. Nurlan həmin vaxt ona su çənini sata biləcəyini desə də, o, ehtiyacı olmadığı üçün almaq istəməmişdir. Nurlan səhər gəlib su çənini götürəcəyini deyərək onunla sağollaşıb ayrılmış, səhəri gün səhər saatlarında Nurlan ona zəng edərək su çənini gəlib götürmək istəməsini demişdir. O, həmin vaxt evdə olmamış, Nurlana evin darvazasının açıq olmasını demiş və su çənini evin həyətindən götürməyə icazə vermişdir. Nurlan həmin gün gedib su çənini evin həyətindən götürmüşdür. Bundan sonra onun Nurlan ilə əlaqəsi olmamışdır. Bir müddət keçdikdən sonra televiziya kanallarında Nurlanı görən zaman həmin su çənini oğurlaması ona məlum olmuş, Nurlan qonşularından oğurluq etmişdir. O, əlavə olaraq ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs isti su çənini oğurlamasından xəbəri olmamışdır. Nurlan ondan bir gecəlik su çənini saxlamasını xahiş etmiş və o da xahişini yerə salmamışdır. Onun heç bir maddi marağı olmamışdır. Təqsirləndirilən şəxs ona başqa hər hansı əşyalar satmağı təklif etməmişdir. İşdə olan 10 may 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən yer Zərərçəkmiş şəxs məxsus Zaqatala rayon Yuxarı Tala kəndində yerləşən fərdi yaşayış evi və evin həyətidir. Ev 2 mərtəbədən ibarət olmaqla 15 sot həyəti vardır. Həyətə giriş qapısı dəmir materialdan olmaqla iki laylıdır. Həyət qapısından həyətə daxil olanda təxminən eni 8 metr olan altıaçıq yerləşir. Həmin altıaçığın altı ilə düz getdikdə qarşı tərəfli həyətin giriş qapısına doğru 2 mərtəbəli ev yerləşir. Evin sol tərəfində isə istixana yerləşir. Şifahi sorğu zamanı Zərərçəkmiş şəxs qeyd etdi ki, şikayət ərizəsində göstərdiyi əşyalar 2021-ci ilin fevral ayının əvvəlindən 09 may 2021-ci il tarixədək naməlum şəxslər tərəfindən oğurlanmışdır. Zərərçəkmiş şəxs məxsus 2 mərtəbəli evin sol tərəfində olan istixananın və evin həyətində fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. İşdə olan 10 may 2021-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, 1 ədəd Wolf markalı isti su çəni boyler və 47 ədəd radiator vintillər götürülmüş, qablaşdırılmış və 62 saylı möhürlə möhürlənmişdir. İşdə olan 11 may 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs 1 ədəd Wolf markalı isti su çəni boylerin və 47 ədəd radiator vintillərinin ona məxsus olmasını bildirmişdir. İşdə olan 10 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2021-ci il tarixdə saat 12 radələrində qonşusu Zərərçəkmiş şəxs məxsus həmin evə yaşadığı evin baxçasında yerləşən hasarından tullanıb aşaraq həyətə daxil olduğunu göstərdi. Həyətdə hasara bitişik istixananın açıq nəfəsliyindən içəri keçmiş, istixananın qapısını içəri tərəfdən açmışdır. O, evin zirzəmisinin açıq vəziyyətdə olan nəfəsliyindən içəri daxil olaraq zirzəmidən bir ədəd bolt və vintil açmaq üçün istifadə edilən açar tapmışdır. O, açardan istifadə edərək evin birinci və ikinci mərtəbəsində olan istilik sistemi üçün nəzərdə tutulmuş vintilləri açmış və ümumilikdə 47 ədəd vintili oğurlamışdır. Daha sonra nəfəslikdən evin həyətinə çıxıb açardan istifadə edərək istixanada olan 3 ədəd genişləndirici su nasosunu və boylerin boltlarını açmışdır. O, ilk öncə 3 ədəd nasosları və 47 ədəd vintilləri yaşadığı evin baxça hissəsinə qoymuşdur. Daha sonra boyleri geri götürmək üçün yenidən geri qayıtsa da, ancaq gücü çatmadığı üçün götürə bilməmiş və həmin boyleri bir gün sonra oğurlamağı niyyətində tutmuşdur. 22 aprel 2021-ci il tarixdə axşam saat 19 radələrində əvvəlcədən oğurlamaq niyyətində olduğu 1 ədəd boyleri oğurlamaq üçün İradənin evinin həyətinə hasardan aşaraq daxil olmuş, özü ilə qalın kəndir aparmışdır. O, evin həyətində olan nərdivandan istifadə etməklə kəndirə bağladığı boyleri hasardan aşıraraq yaşadığı evin bağçasına salmışdır. Daha sotva Təqsirləndirilən şəxs göstərməsi ilə ünvan 1 ünvanında yerləşən evin qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs göstərdi ki, taksi ilə boyleri Abidin yaşadığı həmin evə aparmış, Abidlə köməkləşərək boyleri evin həyətinə qoymuşdur. Abid qurğunu almamış, Boyler ağır olduğu üçün daşıya bilmədiyindən boyleri bir günlük həmin evin həyətində saxlamışdır. 23 aprel 2021-ci il tarixdə boyleri 120 manata Samirə satmışdır. Daha sonra Təqsirləndirilən şəxs göstərməsi ilə Zaqatala şəhəri Faiq Əmirov küçəsində yerləşən evin “Baxi” adlı mağazanın qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs göstərdi ki, 20 aprel 2021-ci il tarixdə günorta saatlarında İradənin evindən oğurladığı 47 ədəd vintilləri və bir ədəd genişləndirici su nasosu Samir adlı şəxsə həmin mağazada satmışdır. 47 ədəd vintili 30 manata, DAB markalı genişləndirici su nasosunu 45 manata satırmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyun 2021-ci il tarixli 9/3508 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 3 adda malların təzə və istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1055,0 manat müəyyən edilir. Digər 1 adda Almaniya istehsalı olan istilik sisteminin qızdırıcı qazanın beyni haqqında ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. İşdə olan 28.09.2021-ci il tarixli Zaqatala rayonu Faiq Əmirov 14 ünvanında yerləşən Baxi mağazası tərəfindən təqdim edilmiş məktubdan görünür ki, 1 ədəd Almaniya istehsalı Wolf markalı qazanxana üçün nəzərdə tutulmuş qızdırıcı qazanın beyin hissəsinin pərakəndə satış qiyməti 2500 (iki min beş yüz) manat dəyərindədir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tərtət Hərbi Məhkəməsinin 29.10.2009-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 62 maddəsi tətbiq edilməklə 400 manat cərimə cəzasına məhkum edilmişdir. İşdə olan Tərtər Hərbi Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli 146/2019 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlkəsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət etməkdə təqsirli bilinib barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 400 (dörd yüz) manat cərimə cəzasına məhkum edilmişdir. İşdə olan Zaqatala Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 16 iyun 2021-ci il tarixli 613 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 29.10.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlkəsinin 332.1-ci maddəsi ilə təqsirli bilinib 400 manat miqdarında cərimə cəzasına məhkum olunmuş, cəriməni ödəmiş cəzasını çəkib bitirmişdir. İşdə olan 649 nömrəli 25 may 2021-ci il tarixli Yuxarı Tala kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs bir övladı var və onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İşdə olan 10 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs saat 19:00-da Azərbaycan Resppublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 12.05.2021-ci il tarixli 4(033)-20/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə, yəni 10 may 2021-ci il tarixdən hesablanmaqla 10 avqust 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş 30.07.2021-ci il tarixli ərizədən görünür ki o Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə əlaqədar olan cəzanın verilməsini xahiş etmişdir. İşdə olan 649 nömrəli 25 may 2021-ci il tarixli Yuxarı Tala kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2019-cu il təvəllüdlü “Tunar” adlı uşağı var, lakin uşaq anası ilə çıxıb getmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsində 1 ədəd 2500 manat dəyərində olan Almaniya istehsalı istilik sisteminin qızdırıcı qazanının beyin hissəsini oğurlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs özünü müdafiəsi üçün gətirdiyi dəlillər inandırıcı deyildir. Ona görə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs ilkin ifadələrində Almaniya istehsalı istilik sisteminin qızdırıcı qazanının beyin hissəsini Bakı şəhər sakini Rafiq adlı şəxsə göndərdiyini bildirmiş, lakin pulunu almadığını qeyd etmişdir. Qeyd olunanlara əsasən, iş materiallarında olan sənədləri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini sübut qismində qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu xüsusatlarla bağlı məhkəmədə verdiyi ifadəsi, iş materiallarında olan, məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla təkzib edilir və o, belə bir ifadə verməklə törətdiyi cinayət əməlinə görə ala biləcəyi cəzadan yayınmağa çalışır. Beləliklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 aprel 2021-ci il tarixdə saat 12 radələrində Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış olmayan yarımtikili fərdi yaşayış evinin həyətinə hasarından tullanaraq qanunsuz daxil olub evin həyətində yerləşən istixananın nəfəsliyindən istixanaya qanunsuz daxil olaraq sonuncuya məxsus 1 ədədinin dəyəri 670 manat olan 3 ədəd 2010 manat dəyərində İtalya istehsalı olan “DAB ACTİVE J1 82M” markalı genişləndici su nasoslarını, 1 ədəd 2500 manat dəyərində olan Almaniya istehsalı istilik sisteminin qızdırıcı qazanının beyin hissəsini, daha sonra evin zirzəmisinin nəfəsliyindən evə qanunsuz daxil olaraq yarımtikili evin mərtəbələrindən 1 ədədinin dəyəri 5 manat olan 47 ədəd 235 manat dəyərində “Pakkens” markalı yarımçıq radiator vintillərini gizli olaraq talamaqla oğurluq etdikdən sonra, o, vahid niyyətlə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 22 aprel 2021-ci il tarixdə saat 19 radələrində həmin fərdi yaşayış evinə hasarından tullanaraq qanunsuz daxil olub 20 aprel 2021-ci il tarixdə evə qanunsuz daxil olduğu zaman oğurlamaq məqsədi ilə istixanadan söküb çıxararaq evin həyətinə qoyduğu 1 ədəd 4100 manat dəyərində “Wolf” markalı, 191 litr tutumlu isti su çəni boyleri ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda, yəni 8.845 (səkkiz min səkkiz yüz qırx beş) manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsində göstərilir ki, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. İşdə olan 28.09.2021-ci il tarixli Zaqatala rayonu Faiq Əmirov 14 ünvanında yerləşən Baxi mağazası tərəfindən təqdim edilmiş məktubla müəyyən edildi ki, 1 ədəd Almaniya istehsalı Wolf markalı qazanxana üçün nəzərdə tutulmuş qızdırıcı qazanın beyin hissəsinin pərakəndə satış qiyməti 2500 (iki min beş yüz) manat dəyərindədir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərdən ibtidai istintaq zamanı 1 ədəd 6000 manat dəyərində qiymətləndirilmiş Almaniya istehsalı istilik sisteminin qızdırıcı qazanının beyin hissəsinin gizli olaraq talama epizodunun 3500 manat hissəsinin ittihamdan çıxarılmasını qanuni və ədalətli hesab edir. Oğurluq, yəni yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakının gizli talanmasına görə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri, ekspert rəyini və maddi sübutları sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biridigərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bütün bunlara əsasən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə peşmançılıq çəkməsini və dəymiş ziyanın qismən ödənilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini nəzərə almaqla təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 10 may 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. İbtidai istintaq zamanı 6000 manat dəyərində qiymətləndirilmiş lakin faktiki dəyəri 2500 manat olan 1 ədəd Almaniya istehsalı istilik sisteminin qızdırıcı qazanının beyin hissəsinin gizli olaraq talama epizodu üzrə əlavə hesablanmış 3500 manat Təqsirləndirilən şəxs verilmiş ittihamdan xaric edilməli və dəymiş ümumi zərərin məbləği 8.845 manat məbləğində müəyyən edilməlidir. İş üzrə maddi sübutlar – Zaqatala RPŞ-in maddi sübutların saxlanc yerində saxlanılan 1 ədəd Almaniya istehsalı olan Wolf markalı, 191 litr tutumlu isti su çəni boyler və 47 ədəd Pakkens markalı yarımçıq radiator vintilləri hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs təhvil verilməlidir. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli tutulduğu tarixdən, yəni 10 may 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. İbtidai istintaq zamanı 6000 manat dəyərində qiymətləndirilmiş lakin faktiki dəyəri 2500 (iki min beş yüz) manat olan 1 ədəd Almaniya istehsalı istilik sisteminin qızdırıcı qazanının beyin hissəsinin gizli olaraq talama epizodu üzrə əlavə hesablanmış 3500 (üç min beş yüz) manat Təqsirləndirilən şəxs verilmiş ittihamdan xaric edilsin və dəymiş ümumi zərərin məbləği 8.845 (səkkiz min səkkiz yüz qırx beş) manat məbləğində müəyyən edilsin. İş üzrə maddi sübutlar – Zaqatala RPŞ-in maddi sübutların saxlanc yerində saxlanılan 1 ədəd Almaniya istehsalı olan Wolf markalı, 191 litr tutumlu isti su çəni boyler və 47 ədəd Pakkens markalı yarımçıq radiator vintilləri hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs təhvil verilsin. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilsin. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar