Məhkəmə qərarları › İş №1(033)-49/2024

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-49/2024

20.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-49/2024 20.11.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsun, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1991-ci ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 6ində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 20 noyabr 2024-cü il tarixdə, saat 15:30-da Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ondan ötrü təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o, vahid tamah niyyəti ilə əhatə edilən qəsdlə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə sərxoş vəziyyətdə 19 noyabr 2023-cü il tarixdən 20 noyabr 2023-cü il tarixə keçən gecə başqa saxlanc yerinə, yəni Zaqatala rayonu Lahıc kəndində yerləşən, maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutularaq hasarla təchiz olunmuş, xx.xx.1956-cı ilə təvəllüdlü olub qoca vəziyyətdə olan Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evindən təcrid edilmiş ərazi sahəsinə ətrafındakı daş hasarı aşmaqla daxil olmuş və yaşayış sahəsinin eyvanına qalxan pilləkənlərinin aşağı hissəsindən 180 manat dəyərində 30 kq qabıqlı qozu, 250 manat dəyərində 50 kq qabıqlı fındığı, habelə həmin yaşayış sahəsinə qanunsuz daxil olaraq eyvanda olan masanın üzərindən 160 manat pulu gizli yolla ələ keçirib qəsdən talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 590 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilirək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, Əliabad şadlıq sarayında kəndlisinin toyu olmuş, o özü qeyd edilən mərasimdə iştirak etmiş, toydan çıxan zaman İbadullah onu söymüşdür. O, İbadullahın onu söyməsindən əsəbləşib, içkili olduğundan İbadullaha məxsus hasarı aşaraq pilləkənin aşağı hissəsindən bir kisə qoz və fındıq götürmüşdür. Etdiyi əməldə peşmandır, içkili olmuşdur, həmçinin zərərçəkmiş şəxsə də dəymiş ziyanı ödəmişdir. Barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsinin məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onun qonşusudur, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Şərif tüfeyli həyat tərzi keçirən bir insandır, içkiyə meyillidir. 19 noyabr 2023-cü il tarixdə onun evindən oğurluq olduğunu müəyyən etmişdir. Araşdırma vaxtı müəyyən olunmuşdur ki, onun evindən oğurluq edən şəxs qonşusu Təqsirləndirilən şəxsdur. O, təqsirləndirilən şəxsin tutulmasını istəmir. Ona dəymiş ziyandan bir hissəsi ödənilmişdir. Hal-hazırda 355 manat borcu qalmışdır. O, həmin borcu da təqsirləndirilən şəxsə bağışlayır. Heç bir şikayət və tələbi yoxdur. Şəxs barəsində yüngül cəza təyin edilməsinin məhkəmədən xahiş edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid iş materiallarına əlavə edilmiş məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o ünvan 6ində yaşayıb böyümüş, 2010-cu il tarixdə Yevlax rayon sakini X4 ilə ailə həyatı quraraq Yevlax rayonuna köçmüş və həmin tarixdən də ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, onun atası 2008-ci ildə, anası isə 2018-ci ildə vəfat etmiş və o ünvan 6ində yerləşən ata yurduna ildə bir dəfə baş çəkmək üçün gəlir, 2023-cü ilin oktyabr ayında toy mərasimi ilə əlaqədar Zaqatala rayonuna gəlmiş və ata yurdunun qarşısında olan zaman Şərif onu görmüş və bildirmişdir ki, nənəsigilin həyətində qoz var və kilosunu 2 manatdan satır, o Şərifə bildirmiş ki, “hazırda ona qoz lazım deyil, dekabr ayında Zaqatalaya gələndə alaram” o təkrar olaraq noyabr ayında əri Kamil ilə 2 günlük Zaqatala rayonuna gəlmişlər, səhər yuxudan durduqdan sonra görmüş ki, evin eyvanında içərisində təxminən 6-7 kq qoz olan ağ rəngli kisə var idi, o, qozu görüb bacısı ilə əlaqə saxlamış ki, “sən gətirmisən qozu bizə, bacısı da bildirmiş ki, o gətirməyib”. Daha sonra saat 09 radələrində o evdən çölə çıxmış və evlərinin yanında olan dükanı işlədən İlhamı görmüş və ona bildirmiş ki, onların eyvanda kisədə qoz var və ondan soruşmuş ki, “görməmisən həmin qozu kim gətirib onlara eyvana qoyub”, İlham demiş ki, qonşuluqda yaşayan İbadullah kişinin həyətindən qoz oğurlanıb, bəlkə onun oğurlanmış qozları ola bilər, sonra isə İlham İbadullah kişiyə zəng vurub bu barədə ona demiş, təxminən 5 dəqiqə sonra İbadullah kişi onların yanına gəlmiş və gələndə əlində təxminən 4-5 ədəd qoz var imiş, İbadullah kişi gətirdiyi qozlarla kisədə olan qozları yan-yana tutub bildirmiş ki, onun eyvanına kisədə qoyulan qozlar gətirdiyi qozlarla eynidir və ona məxsusdur, bundan əlavə İbadullah kişi bildirmiş ki, o oğurluqda həmkəndliləri Şərifdən şübhələnir və onun evindən gecə pul və qoz oğurlandığını bildirmiş, sonra isə İbadullah kişi kisəni götürmüş və bildirmiş ki, bu barədə polisə məlumat verəcəkdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis Şöbəsinin, İstintaq Bölməsinin polis kapitanı X7 tərəfindən qəbul edilmişi 13 mart 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış materiallar üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş 22 noyabr 2023-cü il tarixli “baxış və götürmə keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs İsrafil oğlunun yaşadığı ev Zaqatala rayonu Lahıc kəndində yerləşir. Evin həyətyanı sahəsi küçə tərəfdən daş hasardır. Həyətin giriş darvazası dəmirdəndir. Həyətə daxil olduqda sol tərəfdə tövlə, təxminən 40 m irəlidə sağ tərəfdə kürsülü fərdi yaşayış evi həmin evin yanında sol tərəfdə yarımçıq tikili (navest) vardır. Həyətə daxil olduqda sağ tərəf qonşu ilə sərhəddə dəmir tordan hasar çəkilmişdir. Sol tərəf qonşu ilə sərhəddə də daş hasardır. Zərərçəkmiş şəxs yaşadığı evin pilləkənləri taxtadandır, qırmızı rəngdə boyanmışdır. Həmin pilləkənlə evin eyvanına qalxdıqda sağ tərəfdə evin giriş qapısı yerləşir. Baxış zamanı evin eyvanında və pilləkənin üzərində plastik yeşiklərdə fındıq olduğu, pilləkənlə eyvana qalxdıqda sol tərəfdə masa olduğu müşahidə olundu. Baxışda iştirak edən Zərərçəkmiş şəxs evin eyvanına qalxan pilləkənin üzərini göstərib xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrindən 20:00 radələrinə qədər olan müddət ərzində həmkəndlisi Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olub eyvanın pilləkəni üzərində olan bir ədəd içərisində 30 kq qoz olan və iki ədəd hər birinin içərisində 20-25 kq fındıq olan kisələri və evin eyvanında olan masanı göstərib həmin masanın üzərindən isə 160 manat nəğd pulunu oğurladığını bildirdi. Bundan sonra Zərərçəkmiş şəxs küçə tərəfdən yaşağıdı evin həyət darvazasının yanında darvaza ilə üz-üzə dayandıqda sol tərəfdə daş hasarın dibini göstərib həmin yerdə xx.xx.2023-cü il tarixdə yerə dağılmış vəziyyətdə qoz (təxminən bir kiloqram) tapdığını, Təqsirləndirilən şəxs oğurladığı qozu hasarın üzərindən küçəyə çıxardığını və həmin vaxt qozu yerə dağıtdığını bildirdi. Baxışda iştirak edən ekspert kriminalist Məhəmməd Mehtiyev hadisə yerini müayinə etdikdən sonra iş üçün əhəmiyyət kəsb edən iz və s. aşkar etmədiyini bildirdi. Baxış zamanı protokola əlavə olunması üçün foto şəkillər çəkildi. İş materiallarına əlavə edilmiş Zaqatala-Bazar Açıq Səhmdar Cəmiyyəti tərəfindən 29 noyabr 2023-cü il tarixdə verilmiş məktubundan görünür ki, 1 kq fındıq dəyəri 4.20 (dörd manat iyirmi qəpik)- 4.60 (dörd manat altmış qəpik) manat, 1 kq qoz 2.50 (iki manat əlli qəpik)- 5.00 (beş) manat aralığında təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş 01 fevral 2024-cü il tarixli 18-1-78/2-175/2024 saylı məktubdan görünür ki, xx.xx.1991-cü il təvəllüdlü Zaqatala rayonu Lahıc kəndində qeydiyyatda olmaqla həmin ünvanda yаşаyаn Xəlilov X6 RMX PHŞ-nin Narkoloji kabinetində qeydiyyatda yoxdur. Zaqatala RMX PHŞ-nin Psixiatrik kabinetində F32.3 Psixiotik simptomlarla müşahidə olunan ağır dərəcəli depressiv epizod diaqnozu ilə xx.xx.2024-cü ildən qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş 16 fevral 2024-cü il tarixli 18-1-78/2-249/2024 saylı məktubdan görünür ki, xx.xx.1991-cü il təvəllüdlü Zaqatala rayonu Lahıc kəndində qeydiyyatda olmaqla həmin ünvanda yаşаyаn Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində Zaqatala RMX PHŞ-yə müraciət etmiş və həmin tarixdə (F32.2) “Psixotik simptomlarla müşahidə olunan ağır dərəcəli depressiv” diaqnozu ilə X1 göstəriş verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 tərəfindən verilmiş Kompleks məhkəmə psixiatrikpsixoloji ekspertizasının 26 yanvar 2024-cü il tarixli 63 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əziyyət çəkmir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən əməli törədərəkən psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, yaxud onları idarə edə bilmə iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs görmüş olduğu hadisələri düzgün qavramaqla həmin hadisələr barədə düzgün izahat verə bilər. Hazırkı mərhələdə Təqsirləndirilən şəxs hər hansı cinayət əməli şamil edilmədiyindən qoyulmuş sualın son hissəsinə (anlaqlı vəziyyətdə olmuşdur?) cavab vermək mümkün deyildir. İş materiallarına əlavə edilmiş Şəki rayon Psixatriya Xəstəxanasının 20 fevral 2024cü il tarixli 180 nömrəli məktubundan görünür ki, 1991-ci il təvəllüdlü Zaqatala rayonu Lahıc kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Şəki rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. İş materiallarına əlavə edilmiş 16 mart 2024-cü il tarixli “cinayətin törədilməsində şübhə yarandıqda şəxsin tutulmasına dair” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə sübhəli şəxs qismində tutulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 16 mart 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs müdafiəçisi X5 iştirakı ilə Zaqatala RPŞ-də 16 mart 2024-cü il tarixdə, saat 16:40-da tutulmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması müddəti onun azadlığının faktiki məhdudlaşdırıldığı 16 mart 2024-cü il tarixdən saat 15:30-dan hesablanması müəyyənləşdirilmişdir. İş materiallarına əlavə edilmiş 18 mart 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qəradan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. İş materiallarına əlavə edilmiş 18 mart 2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs xx.xx.1991-ci ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, rəsmi işsiz, məhkumluğu olmayan, ünvan 6ində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 18 mart 2024-cü il tarixli “təqsirləndirilən şəxsin həbsdən azad edilməsi haqqında” qərardan görünür ki, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs saxlanıldığı Zaqatala RPŞ-nin X8 azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 fevral 2024-cü il tarixli 9/195 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 430,00 manat müəyyən olunur. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində aşağıdakı kimi göstərilmişdir: 1 kiloqramı 6 manat olmaqla 30 kiloqram qabıqlı qozun qiyməti 180 manat, 1 kiloqramı 5 manat olmaqla 50 kiloqram qabıqlı fındığın qiyməti 250 manatdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09 fevral 2024-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən 27 mart 2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs оğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zaqatala rayon İcra Hakimiyyəti Lahıc kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş 27 mart 2024-cü il tarixli, 5-82-26/2-91/2024 və 5-82-26/2- 90/2024 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Lahıc kənd sakinidir. Ailə tərkibi özündən, atasından, anasından və iki qardaşından ibarətdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon İcra Hakimiyyəti Lahıc kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Xəlilov X2 tam orta məktəbini bitirmişdir. Məktəbi bitirdikdən sonra hərbi xidmətə getmişdir. Hərbi xidməti bitirdikdən sonra doğulduğu Lahıc kəndə qayıtmışdır. Subaydır. Kənd ictimaiyyəti arasında heç bir nüfuza və hörmətə sahib olmayan şəxs kimi tanınır. Spirtli içkilərə meyillidir. Əmək fəaliyyəti olsa da, hər hansı faydalı işlə məşğul olmur. Demək olar ki, asudə vaxtlarını küçədə keçirir. Rast gəldiyi kənd sakinləri ilə əsası olmayan mübahisələr etdiyi müşahidə edilmişdir. İş materiallarına əlavə edilmiş 16 aprel 2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və oan əlavə edilmiş fotocədvəldən görünür ki, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş 19 iyun 2024-cü il tarixli axtarışda olan “şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00-da Bakı şəhəri ərazisində tutularaq həmin tarixdə Zaqatala RPŞ-yə gətirilərək X11 təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 19 iyun 2024-cü il tarixli “təqsirləndirilən şəxsin həbsdən azad edilməsi haqqında” qərardan görünür ki, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs saxlanıldığı Zaqatala RPŞ-nin X8 19 iyun 2024-cü il tarixdə saat 23:30-da azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət müşaviri Elçin Məmmədov tərəfindən qəbul edilmiş, xx.xx.2024cü il tarixli ibtidai istintaq müddətinin uzadılması haqqında qərardan görünür ki, Zaqatala Rayon Polis X3 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə ibtidai istintaq müddəti 2 (iki) ay, 5 (beş) ayadək, yəni 24 iyun 2024-cü il tarixdən 24 avqust 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 417 saylı yəydən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əziyyət çəkmir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən əməli törədərəkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmiş və ya onları idarə edə bilmək iqtidarında olmuşdur, yəni ANLAQLİ vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş 06 avqust 2024-cü il tarixli “axatrışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Zaqatala rayonu ərazisində tuularaq xx.xx.2024-cü il tarixdə saat 16:40-da Zaqatala RPŞyə gətirilmişdir. İş materiallarına əlavə edilmiş 06 avqust 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutların kifayət etmiş hesab olunması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini və ona elan olunmuş ittihama dəyişikliklər və əlavələr edilməsi zərurətinin yaranmasını nəzərə alaraq ona Cinayət Məcəlləsinin həmin maddəsi ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılması, ekspert rəyi daha mötəbər və dəqiq olmasını nəzərə alaraq predmentlər ekspertiza rəyində göstərildiyi kimi qiymətləndirilməsi, istintaqa verdiyi ifadəyə əsasən Təqsirləndirilən şəxs hadisə baş verdiyi zaman vəziyyəti sərxoş kimi qiymətləndirilməsi, Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsindən oğurluq nəticəsində dəymiş maddi ziyan 590 manat qəbul edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 177.2.2 və 297-ci maddələrinin tərkibi olmadığından barəsində həmin maddələr cinayət işinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs oğurladığı qoz və fındığı satdığı istintaqa məlum olmayan şəxs(lər)in əməlində cinayət tərkibinin olmadığı sübuta yetirilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi, cinayət işi üzrə zərərçəkmiş şəxsin ifadəsi, kompleks məhkəmə psixiatrikpsixoloji, əlavə məhkəmə psixiatrik və məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi istintaq materiallarına uyğun verildiyi üçün sübut kimi tanınsın və cinayət işinə əlavə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 07 avqust 2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham ealn etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş 07 avqust 2024-cü il tarixli “təqsirləndirilən şəxsin həbsdən azad edilməsi haqqında” qərardan görünür ki, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılması səbəbindən Təqsirləndirilən şəxs saxlaıldığı Zaqatala RPŞ-nin X8 azad edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 1(033)-49/2024 saylı qərardan görünür ki, təqsirləndirilən şəxs-xx.xx.1991-ci ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 6ində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilərək axtarış elan olunmuşdur. İş materiallarına əlavə edilmiş 24 oktyabr 2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Zaqatala rayonu ərazisində tutularaq Zaqatala RPŞ-nin X11 təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs İsrafil oğlu tərəfindən məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir, onunla barışmışdır və ona qarşı şikayəti yoxdur. Odur ki, təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, axtarış və baxış protokolu, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif olunmuş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəməsini (CM-59.1.12-59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61- ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına, həmçinin «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını da nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bu zaman onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yeri olan ünvan 6i ünvanında yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3- cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu baxımdan Təqsirləndirilən şəxs 16 mart 2024-cü il tarixdən 18 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət, 19 iyun 2024-cü il saat 16:00-dan 19 iyun 2024-cü il saat 23:50-dək tarixədək tutulduğu müddət, 06 avqust 2024-cü il tarixdən 07 avqust 2024-cü il tarixədək tutulduğu müddət və Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(033)-49/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilərək axtarış elan olunması və 24 oktyabr 2024-cü il tarixdən 20 noyabr 2024-cü il tarixədək həbsdə saxlandığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM 198.1.) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəm H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 16 mart 2024-cü il tarixdən 18 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, 19 iyun 2024-cü il saat 16:00-dan 19 iyun 2024-cü il saat 23:50-dək tutulduğu 1 gün müddət, 06 avqust 2024-cü il tarixdən 07 avqust 2024-cü il tarixədək tutulduğu 2 gün müddət və 24 oktyabr 2024-cü il tarixdən 20 noyabr 2024-cü il tarixədək həbsdə saxlandığı 28 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 66 (altmış altı) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs qəti olaraq ona təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yeri olan ünvan 6ində yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar