Məhkəmə qərarları › İş №1(033)-53/2023

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-53/2023

12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-53/2023 12.12.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, dövlət ittihamçısı- Аzərbаycаn Respublikаsı Bаş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1960-cı ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu Aşağı Araçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Zaqatala rayon məhkəməsinin 10 sentyabr 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 may 2009-cu tarixdə "Novruz bayramı" münasibətilə Azərbaycan Respublikasi Milli Məclisinin 17 mart 2009-cu il tarixli amnistiya qərarının 1.1-ci bəndinə əsasən azad olunmuş və məhkumluğu ödənilmiş, Zaqatala rayonu Kebeloba kəndində qeydiyyatda olmaqla tutulanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 15:00-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs qanunsuz olaraq 15 avqust 2023-cü il tarixdə Zaqatala rayonu Kebeloba kəndindən keçən “Miçqar” çayının ətrafında yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərindən yığıb gələcəkdə qurudub istifadə etmək niyyətilə, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə, yəni 2010,0 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmamış marixuana əldə edib yaşadığı Zaqatala rayonu Kebeloba kəndindəki evində saxlamış, keçirilmiş-əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə narkotik vasitələr saxlamasına dair əsaslı şübhələr yarandığından Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən Zaqatala Rayon Məhkəməsinin hakimi Tural Həsənovun 27 iyul 2023-cü il tarixli, 5(033)-31-2023 nömrəli qərarına əsasən 17 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Zaqatala rayonu Kebeloba kəndində yerləşən fərdi yaşayış evinə, həmin evin həyətyanı sahəsinə və yardımçı binalarına 17 avqust 2023-cü il tarixdə saat 10:46-dan 11:03-dək olan müddət ərzində baxış keçirilmiş və yaşadığı evin yataq otağında yerləşən çarpayının altından bir ədəd qara rəngli sintetik kisədə təmiz çəkisi 2010,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmamış marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, çay kənarına böyürtkən yığmağa gedərkən üç ədəd yabanı halda bitən narkotik tərkibli çətənə bitkisinə rast gəlmişdir. O, əvvəllər də çətənə bitkisini istifadə etmişdir. Rast gəldiyi çətənə bitkilərini öz istifadəsi üçün yığıb evə gətirmişdir. Çətənə bilkilərini evə gətirmiş, sonrakı günü polis əməkdaşları gəlib narkotik vasitəsinin saxlamasında şübhəli olduğunu bildirmişlər. Onun nevroloji problemləri var. Bunun üçün dəfələrlə müalicə alsa da heç bir xeyri olmamışdır. Çətənə bitkisini yığmasında məqsəd ondan dərman kimi istifadə edərək əsəblərini sakitləşdirmək olmuşdur. Düşünmüşdür ki, qurudub istifadə etsə ağrıları azalar. Çətənə bitkisini yığmaqda başqa heç bir məqsədi olmamışdır. Həmçinin bildirir ki, hazırda ağır xəstədir, vəziyyəti yaxşı deyil, qurudulmuş marixuana istifadəçisi olmuşdur. Çəkisini dəqiq bilmir, yığdığı narkotik vasitəni kömür kisəsinə yığmışdır. Evində aşkar olunan narkotik vasitə ona məxsusdur. Ancaq yaşadığı evdən aşkar olunub. Əməlindən peşmandır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, Zaqatala RPŞ-nin CAB-nin rəisi vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs tanıyır, qohum deyil, ədavəti yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və evində saxlaması ilə bağlı məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsi ilə bağlı Zaqatala Rayon Məhkəməsinin qərarı əldə olunmuşdur. Həmin qərar əsasında o və digər polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Yaşayış evinə baxış keçirilən zaman təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evində, həmin evin həyətyanı sahəsində və yardımçı binalarda hər-hansı qanunsuz əşya və ya maddə olub-olmaması barədə soruşaraq olduğu halda könüllü olaraq təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs video çəkiliş altında yabanı halda yığdığı narkotik maddə olan marixuananı təqdim etmişdir. Sonra fərdi yaşayış evinin həyətyanı sahəsinə və yardımçı binalara əlavə baxış keçirilmiş, qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Zaqatala Rayon Polis Şöbəsinə gedərək orada Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş qurudulmamış narkotik vasitəsinin çəkisi təxmini olaraq 2 kiloqramdan bir qədər çox olardı. Sözügedən narkotik vasitəsini baxış zamanı təqsirləndirilən şəxs özü təqdim edib və deməsinə görə pulunun olmadığı üçün siqaret əvəzi istifadə edib. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, Zaqatala rayon polis şöbəsinin X1 baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, qohum deyil, ədavəti yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və evində saxlaması ilə bağlı məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə, həmin evin həyətyanı sahəsinə və yardımçı binalarına baxış keçirilməsi ilə bağlı Zaqatala Rayon Məhkəməsinin qərarı əldə olunmuşdur. Həmin qərar əsasında o, Zaqatala RPŞ-nin CAB-nin rəisi Şahid1 və Zaqatala rayon polis şöbəsinin CAB-nin kiçik inspektoru Şahid4 Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Orada Təqsirləndirilən şəxs video çəkiliş altında təhqiqatçı tərəfindən məhkəmə qərarı oxunmuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evində, həmin evin həyətyanı sahəsində və yardımçı binalarda hər-hansı qanunsuz əşya və ya maddə olub-olmaması barədə soruşaraq olduğu halda könüllü olaraq təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs video çəkiliş altında yaşadığı evin yataq otağında yabanı halda yığdığı narkotik maddə olan marixuana olduğunu bildirmiş, yataq otağına keçərək çarpayının altında bir ədəd qara rəngli sintetik kisəni çıxardıb təqdim edərək içərisində yabanı halda yığdığı narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs moruq yığıb bazarda satdığını, həmin narkotik vasitə olan marixuananı da moruq yığmağa gedərkən əldə etdiyini demişdir. Sonra fərdi yaşayış evinin həyətyanı sahəsinə və yardımçı binalara əlavə baxış keçirilmiş, qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Zaqatala Rayon Polis Şöbəsinə gedərək orada təhqiqatçının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, Zaqatala rayon polis şöbəsinin CAB-nin kiçik inspektoru vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs tanıyır, qohum deyil, ədavəti yoxdur. 17 avqust 2023-cü il tarixdə Zaqatala RPŞ-nin CAB-nin rəisi vəzifəsində xidmət edən Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin istifadəsi və evində saxlaması ilə bağlı məlumat daxil olduğunu bildirmişdir. Onlar birlikdə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsi ilə bağlı getmişlər. Orada Təqsirləndirilən şəxs video çəkiliş altında Zaqatala Rayon Məhkəməsinin qərarı oxunmuş və həmin qərar əsasında yaşayış evinə baxış keçirilmiş, baxış keçirilən zaman təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evində, həmin evin həyətyanı sahəsində və yardımçı binalarda hər-hansı qanunsuz əşya və ya maddə olub-olmaması barədə soruşaraq olduğu halda könüllü olaraq təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs video çəkiliş altında yaşadığı evin yataq otağında yabanı halda yığdığı narkotik maddə olan marixuana olduğunu bildirmiş, yataq otağına keçərək çarpayının altında içərisində yabanı halda yığdığı narkotik vasitə sayılan marixuana olan bir ədəd qara rəngli sintetik kisəni çıxardıb təqdim etmiş, pulunun olmadığı üçün siqaret əvəzi qurudub istifadə etdiyini bildirmişdir. Daha sonra Zaqatala Rayon Polis Şöbəsinə gedərək orada Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş qurudulmamış narkotik vasitəsini moruq yığmağa gedərkən əldə etdiyini və qurudub istifadə edəcəyini bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, Zaqatala rayon polis şöbəsinin KTQ-nin baş inspektor kriminalist vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, qohum deyil, ədavəti yoxdur. Qeyd olunan tarixdə xidməti otağında olan zaman şöbənin növbətçi hissəsindən zəng gəlmiş, keçiriləcək prosesi video lentə alacağı bildirilmişdir. Bununla bağlı hadisə yerinə getmişlər. Hadisə yerində təqsirləndirilən şəxs və digər şəxslər iştirak etmişlər. Təqsirləndirilən şəxsin yaşadığı evə birinci dəfə getmişdir. Evin həyət qapısının qarşısında təqsirləndirilən şəxsə məhkəmə qərarı izah olunduqdan sonra yaşadığı ünvana daxil olmuşlar və sonra baxış keçirilməyə başlanılmışdır. Pilləkənləri qalxdıqdan sonra solda yataq otağına daxil olmuşlar. Həmin otaqda pəncərə tərəfdə çarpayının altında qara rəngli sintetik kisə aşkar olunmuşdur. Həmin kisənin içərisinə baxış keçirilən zaman yaşıl rəngli, spesifik iyə malik, çətənə bitkisinə bənzər bitki olduğu müəyyən edilmişdir. Aşkar edilmiş həmin kütlə təhqiqatçı tərəfindən sintetik kisə ilə birlikdə elektron tərəzidə çəkilmiş və ağ rəngli zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Sonra baxış davam etdirilmiş, fərdi yaşayış evinə, həyətyanı sahəsinə və yardımçı binalara əlavə baxış keçirilmişdir. Daha sonra baxış yekunlaşmışdır. Baxış zamanı qeydə aldığı video lenti və foto şəkilləri DVD diskinə köçürərək təhqiqatçıya təqdim etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 5(033)-31-2023 nömrəli qərarından görünür ki, Zaqatala Rayon Polis Şöbəsinin icraatında olan 20974 nömrəli əməliyyat işi ilə əlaqədar Təqsirləndirilən şəxs yaşadığı Zaqatala rayonu Kebeloba kəndində yerləşən fərdi yaşayış evinə, həmin evin həyətyanı sahəsinə və yardımçı binalarına daxil olma və baxış keçirmə əməliyyat-axtarış tədbirinin əməliyyat işinin sonuncu müddətinədək, yəni xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində aparılmasına icazə verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 17 avqust 2023-cü il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 10:46-dan saat 11:03-dək olan müddət ərzində Zaqatala Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 5(033)-31-2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs yaşadığı Zaqatala rayonu, Kebeloba kəndində yerləşən fərdi yaşayış evinə, həmin evin həyətyanı sahəsinə və yardımçı binalarına daxil olmaqla polis əməkdaşları və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinə, həmin evin həyətyanı sahəsinə və yardımçı binalarına daxil olmazdan və baxış keçirilməzdən öncə baş təhqiqatçı Kamil Qurbanov tərəfindən Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 5(033)-31-2023 nömrəli qərarı ilə tanış edilmiş və Təqsirləndirilən şəxs baxış keçirilməsinə heç bir etiraz olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında yerləşən çarpayının altından bir ədəd qara rəngli sintetik kisəni çıxardıb təqdim edərək içərisində yabanı halda bitmiş narkotik vasitə olan marixuana olduğunu bildirmiş, həmin bir ədəd qara rəngli sintetik kisə açılıb içərisinə baxıldıqda orada yaşıl rəngli, qurudulmamış, spesifik iyə malik, çətənə bitkisinə bənzər bitki aşkar edilmiş və aşkar edilmiş bitki qara rəngli sintetik kisə ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisinin 2040,0 qram olduğu müəyyən edilmiş və ağ zərfə qoyularaq möhürlənmişdir. Baş təhqiqatçı Kamil Qurbanovun şifahi sualına cavab olaraq Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar olunan marixuanaya bənzər kütləni yabanı halda Kebeloba kəndindən keçən “Miçqar” çayının ətrafından şəxsi istifadəsi üçün yığdığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinə, həmin evin həyətyanı sahəsinə və yardımçı binalarına baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və maddə aşkar edilməmişdir. Sonda baxış zamanı qeydə alınmış videogörüntü 01 ədəd DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Baxış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət, vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X5 Bölməsi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 17 avqust 2023-cü il tarixli 17/624 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində "Zaqatala rayon Kebeloba kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 1 (bir) ədəd qara rəngli sintetik kisədə narkotik tərkibli yaş marixunaya oxşar kütlə." sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sintetik kisədə, təmiz çəkisi- 2010,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmamış marixuanadır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 17 avqust 2023-cü il tarixli Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2023-cü il tarixdə saat 10:46-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(033)-23/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Zaqatala Rayon Xalq Məhkəməsinin xx.xx.1982-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 143-cü maddəsinin 2-ci hissəsi ilə, 143-cü maddəsinin 3-cü hissəsi ilə 38 maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Zaqatala Rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhəri Nərimanov Rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 39, 226-1 maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2009-cu il tarixli Amnistiya qərarının 1.1-ci bəndinə əsasən 08 may 2009-cu il tarixdə azad olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala Rayon Məhkəməsinin 10 sentyabr 2007-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02(iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala Rayon Mərkəzi X4 Şəxsin 24 avqust 2023-ci il tarixli, PHŞ-6-78/2-955/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Zaqatala Rayon Mərkəzi X4 Şəxsin psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Kebeloba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə məhkum olunmuş, inzibati və cinayət məcəllələrinə məruz qalmış, kənd və ictimayət arasında ünsiyyət yaratmamış, kənd ictimayəti tərəfindən keçirilən tədbirlərdə və iməciliklərdə iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 08 sentyabr 2023-cü il tarixli 1492 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan marixuanadan sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, şahidlərin ifadələri, ekspert rəyləri və baxış protokolu, maddi sübut və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq 15 avqust 2023-cü il tarixdə Zaqatala rayonu Kebeloba kəndindən keçən “Miçqar” çayının ətrafında yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərindən yığıb gələcəkdə qurudub istifadə etmək niyyətilə, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə, yəni 2010,0 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmamış marixuana əldə edib yaşadığı Zaqatala rayonu Kebeloba kəndindəki evində saxlamış, keçirilmiş-əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə narkotik vasitələr saxlamasına dair əsaslı şübhələr yarandığından Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən Zaqatala Rayon Məhkəməsinin hakimi Tural Həsənovun 27 iyul 2023-cü il tarixli, 5(033)-31-2023 nömrəli qərarına əsasən 17 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Zaqatala rayonu Kebeloba kəndində yerləşən fərdi yaşayış evinə, həmin evin həyətyanı sahəsinə və yardımçı binalarına 17 avqust 2023-cü il tarixdə saat 10:46-dan 11:03-dək olan müddət ərzində baxış keçirilmiş və yaşadığı evin yataq otağında yerləşən çarpayının altından bir ədəd qara rəngli sintetik kisədə təmiz çəkisi 2010,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmamış marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, əvvəllər dəfələrlə məhkum olunmasını, 63 yaşında olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, onun evində saxladığı narkotik vasitənin çəkisinin şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını, şəxsin azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, cəzasının əvvəli tutulduğu 17 avqust 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılmalıdır. Məhkəmə iş üzrə aparılmış məhkəmə narkoloji ekspertizasının rəyinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Zaqatala Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 (bir) ədəd qara rəngli sellofan bükümdə, qalıq çəkisi 2009,80 qram qurudulmamış marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli həbsə alındığı tarixdən, yəni 17 avqust 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və narkomaniyadan məcburi müalicə olunsun. O, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Zaqatala Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 (bir) ədəd qara rəngli sellofan bükümdə, qalıq çəkisi 2009,80 qram qurudulmamış marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar