Məhkəmə qərarları › İş №1(033)-56/2024

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-56/2024

26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-56/2024 26.11.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, himayəsində anadan gəlmə birinci qrup əlil azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, Zаqаtаlа şəhəri, Təbriz küçəsi, ev 13 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 26 noyabr 2024-cü il tarixdə, saat 16:00-da Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq xeyli miqdarda, yəni 21,459 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək əldə edərək üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə, saat 17:45 radələrində Zaqatala şəhəri, Azərbaycan prospektində həmin narkotik vasitəni satış məqsədi olmadan qanunsuz daşıyarkən Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmiş və həmin gün saat 18:17-dən saat 18:32-dək olan müddət ərzində üzərində vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibində bir ədəd gümüşü rəngli falqa kağızda xeyli miqdarda narkotik vasitə, yəni təmiz çəkisi 21,459 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilirək ifadəsində göstərmişdir ki, o uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etmir, lakin qeyd edilən narkotik vasitəni tapdığından və həmin vasitə ona tanış olduğundan istifadə etmək məqsədi ilə götürmüşdür. Bildirir ki, narkotik vasitəni elə tutulduğu ərazidən tapmışdır. Tutulduqdan sonra şöbəyə dəvət edilmişdir, üzərində videogörüntü vasitəsi ilə şəxsi axtarış keçirilmiş, axtarış zamanı qeyd edilən vasitə sağ cibindən çıxmışdır. Həmçinin qeyd etmişdir ki, övladlarından biri birinci dərəcəli əlildir və onun müalicəsi xərcələrini günə muzd işlərdə işləməklə qarşılayır. O, həbs olunarsa maddi durumu əlverişsiz vəziyyətə düşəcək, barəsində həbslə əlaqədar olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zaqtala RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Bildirdi ki, 20 avqust tarixində Təqsirləndirilən şəxs narkotik vasitələrin daşınmasında və istifadsində şübhəli olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında şəxsi Azərbaycan prospekti ərazisində saxlayıb şöbəyə dəvət etmişdirlər. Təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilmiş daha sonra video çəkiliş vasitəsi ilə üzərinə axtarış keçirilmiş, üzərində qanunsuz vasitə olduğu təqdirdə könüllü təqdim etməsi xahiş olunmuş, şəxs isə qeyd edilən vasitəni könüllü şəkildə təqdim etmişdir. Şəxsə qarşı tərəflərindən hər hansı təzyiq və təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zaqatala RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 və Zaqatala RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis X8 təhqiqatçısı, polis baş leytenantı X14 tərəfindən qəbul edilmişi 21 avqust 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 20 avqust 2024-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən xx.xx.1981-ci ildə Zaqatala şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, 2 övlad atası, işsiz, deməsinə görə əvəllər məhkum olunan, Zaqatala şəhəri, Təbriz küçəsi, ev 13 qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 20 avqust 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, xx.xx.1981-ci ildə Zaqatala şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, 2 övlad atası, işsiz, deməsinə görə əvəllər məhkum olunan, Zaqatala şəhəri, Təbriz küçəsi, ev 13-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 20 avqust 2024-cü il tarixdə Zaqatala Rayon Polis Şöbəsində saat 18:10-da müdafiəçi, Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə tutulmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması müddəti onun azadlığının faktiki məhdudlaşdırıldığı 20 avqust 2024-cü il tarixdən saat 17:45-dən hesablanması müəyyənləşdirilmişdir. İş materiallarına əlavə edilmiş 20 avqust 2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan, ona əlavə edilmiş fotocədvəldən və “01” ədəd DVD diskdən görünür ki, həmin tarixdə saat 18:17-dən saat 18:32-dək olan müddət ərzində vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə onun narazılığının olub-olmaması soruşulmuşdur. O, bildirmişdir ki, heç bir etirazı yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində qeyd edilmiş hüquq və vəzifələri izah edilmiş, video və foto çəkilişdən istifadə ediləcəyi elan edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunsuz saxladığı narkotik vasitə, eləcə də silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmetlər vardırsa onları təqdim etsin. Təqsirləndirilən şəxs bildirmişdir ki, özünün istifadəsi üçün üzərində qanunsuz saxladığı narkotik vasitə olan tiryək vardır. Belə ki, o, əyninə geydiyi boz rəngli şalvarın sağ yan cibindən içərisində bir ədəd gümüşü rəngdə olan alüminium falqanın içərisində narkotik vasitə olan tiryəkə oxşar kütləni və özünə məxsus eynəyi çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi narkotik vasitə olan tiryəkdir. Həmin bir ədəd gümüşü rəngli alüminium falqa açıldıqda içərisində narkotik vasitə olan tiryəkə bənzər kütlə aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs əynində olan paltarının ciblərinə baxış keçirilmişdir, lakin üzərində başqa heç bir predmet və əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs məxsus olan eynək şəxsi axtarış zamanı özünə geri qaytarılmışdır. Həmin bir ədəd gümüşü rəngdə olan alüminium falqanın içərisində narkotik vasitə olan tiryəkə oxşar kütlələr elektron tərəzi vasitəsi ilə çəkilmiş və 22.05 qram çəkidə olması müəyyən olunmuşdur. Həmin narkotik vasitənin tərkibinin və xalis çəkisinin müəyyən olunması, ekspertiza tədqiqatı üçün təhqiqatçı tərəfindən götürülmüş və 1 ədəd ağ rəngli zərfə qoyularaq Zaqatala RPŞ-nin 62 saylı möhürü ilə möhürlənmişdir. Lakin başqa hərhansı bir qanunsuz əşya və yaxud narkotik tərkibli maddələr aşkar edilməmişdir. Eləcə də, aparılmış video çəkilişə aid görüntülər 1 ədəd DVD diskə köçürülərək qablaşdırılıb protokola əlavə edilmişdir. Daha sonra, bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və iştirak edən şəxslərə ucadan oxunmuşdur. İştirak edən şəxslər tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X16 Bölməsi tərəfindən verilmiş 21 avqust 2024-cü il tarixli 17/726 nömrəli ekspert rəyindən görünür ki, tədqiqаtа təqdim olunmuş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar olunaraq götürülmüş narkotik vasitə olan tiryəkə bənzər maddə.” yazısı, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd gümüşü rəngli falqa kağızı bükümündə, təmiz çəkisi- 21,459 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- tiryəkdir. Tiryək 28 iyun 2005-ci il tarixdə Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. Tiryəkin təmiz çəkisi- 21.459qr, təhqiqata sərf edildi 0,100 qr, qalıq 21.359 qr. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X16 Bölməsi tərəfindən verilmiş 21 avqust 2024-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 69.10 (altmış doqquz manat on qəpik)-dir. İş materiallarına əlavə edilmiş 22 avqust 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. İş materiallarına əlavə edilmiş 22 avqust 2024-cü il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs- xx.xx.1981-ci ildə Zaqatala şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, 2 övlad atası, işsiz, əvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Zaqatala şəhəri, Təbriz küçəsi, ev 13 qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 22 avqust 2024-cü il tarixli “təqsirləndirilən şəxsin həbsdən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Zaqatala RPŞ-nin X13 azad edilmişdir. İş materiallarına əlavə edilmiş “ifadənin yerində yoxlanması haqqında” 03 sentyabr 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs оğlu ifadəsində göstərdiyi xüsusatları yerində bir daha təsdiq etmiş, Zaqatala şəhəri, Azərbaycan prospektində narkotik vasitə olan tiryəki əldə etdiyi yeri göstərmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X22 “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş 27 avqust 2024-cü il tarixli 18-1-78/2-1033/2024 saylı məktubdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü ünvan 1 ünvanda yаşаyаn X1 RMX PHŞ-nin Psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Аzərbаycаn Rеspublikаsı CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzаsınа məhkum еdilmiş, xx.xx.2016-cı il tarixdə 04 ay 13 gün vaxtından əvvəl cəzadan şərti azad olunmuşdur. Həmçinin Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli hökmü ilə Аzərbаycаn Rеspublikаsı CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzаsınа məhkum еdilmiş, xx.xx.2022-ci il tarixdə 03 ay 09 gün vaxtından əvvəl cəzadan şərti azad edilmişdir. Məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 1(033)-67/2021 saylı xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 03 sentyabr 2024-cü il tarixli 1484 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Halhazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala rayon Zaqatala Bələdiyyəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı ərazidən Zaqatala Bələdiyyəsinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİH-nin Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Zaqatala şəhəri, Təbriz küçəsi, ev 13 ünvanında yaşayır. Ailə tərkibi özündən, anasından, qızından və oğlundan ibarətdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X10 arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqında akt kitabında xx.xx.2012-ci il tarixdə 65 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, xx.xx.2009-ci il təvəllüdlü X7 və xx.xx.2006-ci il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X12 barəsində orqanizmin funksiyalarının 90 faiz pozulması ilə müddətsiz birinci dərəcəli əlillik müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsindən görünür ki, ilk iddia ərizəsi qismən təmin edilərək, tərəflərin nikahından 06 dekabr 2006-cı il tarixdə anadan olmuş X4 yanında saxlanılması üçün anası cavabdeh X3 alınaraq, atası iddiaçı Təqsirləndirilən şəxs verilməsi, qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməməsi, tərəflərin nikahından 30 yanvar 2009-cu il tarixdə anadan olmuş X7 yetkinlik yaşma çatanadək saxlanılması üçün iddiaçı Təqsirləndirilən şəxs cavabdeh X5 xeyrinə tutulan Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2011-ci il tarixli 2(060)-3531/2011 nömrəli qətnaməsi ilə təyin edilmiş hər ay 75 (yetmiş beş) manat sabit pul məbləğində aliment artırılaraq, hər ay 120 (bir yüz iyirmi) manat sabit tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş 04 sentyabr 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutların kifayət etmiş hesab olunması, Təqsirləndirilən şəxs 22 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinаyət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham onun törətmiş olduğu cinayət əməlini tam əhatə etdiyindən, həmçinin ittihama əlavə və düzəlişlər edilməsi zərurəti olmadığından dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Təqsirləndirilən şəxs götürülmüş еkspеrtizа tədqiqаtındаn sоnrа qalıq qalmış 01 (bir) ədəd gümüşü rəngli falqa kağızı bükümündə qalıq çəkisi 21,359 qr. tiryək cinаyət işi üzrə mühüm əhəmiyyət kəsb еtdiyindən mаddi sübut kimi tаnınması və Zаqаtаlа RPŞ-nin mаddi sübutlаrın sахlаmа оtаğındа sахlаnılması, şəxsi axtarış protokolu, şahidlərin və təqsirləndirilən şəxsin dindirilməsi barədə protokollar, məhkəməbioloji ekspertizasının 21 avqust 2024-cü il tarixli, 3-16-16/2-17/726 nömrəli rəyi, Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 03 sentyabr 2024-cü il tarixli, 1484 nömrəli rəyi, maddi sübut, ifadənin yеrində yохlanılması istintaq hərəkəti və digər istintаq sənədləri ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirilməsi qərara alınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə tövsif olunmuş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar aşkar edilməmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur.” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının” İ siyahısının 182-ci bəndinə görə tiryək xeyli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 0.5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 50 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli 8 №-li Qərarının 27-ci bəndinin mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, himayəsində bir yetkinlik yaşına çatmayan və bir anadan gəlmə birinci qrup əlil azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri və onun barəsində maddənin yuxarı həddində cəza təyin olunması ailəsinin əlverişsiz vəziyyətə düşməsinə səbəb olacağını, bununla da onun ailəsinin həyat şəraitinə təsiri, belə ki, himayəsində olan uşaqlarından birinin anadangəlmə birinci qrup əlil olması, onun saxlanması və müalicəsinin qarşılanması üçün təqsirləndirilən şəxsin yeganə qazanc mənbəyi olması, həmçinin «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını da nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bu zaman onun şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yeri olan Zаqаtаlа şəhəri, Təbriz küçəsi, ev 13 ünvanında yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 03 sentyabr 2024-cü il tarixli 1484 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Halhazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2024cü il tarixdən 22 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət təqsirləndirilən şəxsə təyin ediləcək cəzadan çıxılmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış və Zaqatala Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş еkspеrtizа tədqiqаtındаn sоnrа qalıq qalmış 01 (bir) ədəd gümüşü rəngli falqa kağızı bükümündə qalıq çəkisi 21,359 qr. tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD disk hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 69.10 (altmış doqquz manat on qəpik) manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM 198.1.) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 20 avqust 2024-cü il tarixdən 22 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs qəti olaraq ona təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yeri olan Zаqаtаlа şəhəri, Təbriz küçəsi, ev 13 ünvanında yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Cinayət işi üzrə maddi sübut - Zaqatala Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş еkspеrtizа tədqiqаtındаn sоnrа qalıq qalmış 01 (bir) ədəd gümüşü rəngli falqa kağızı bükümündə qalıq çəkisi 21,359 qr. tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 69.10 (altmış doqquz manat on qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar