Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-6/2025 18.04.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Dövlət ittihamçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə İdаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci ildə Naxçıvan MR, Kəngərli rayonu, Xok kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3800 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Naxçıvan MR, Kəngərli rayonu, Xok kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Dəyirman yolu, 2-ci bina, mənzil 51-də kirayədə yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 saxlanılan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 18 aprel 2025-ci il tarixdə, saat 10:00-da Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o, tamah niyyəti ilə kənd təsərrüfatı ilə məşğul olan tanışı Zərərçəkmiş şəxs2 güzəştli şərtlərlə və dəyərinin hissə-hissə ödəniləcəyi yolu ilə gübrə almasını 2000 manat pul müqabilində təşkil edəcəyini vəd edib aldatmış və zərərçəkmiş şəxsin xeyrinə hər hansı iş görmək niyyəti olmadığı halda sonuncunun 2023-cü ilin sentyabr ayında Zaqatala şəhəri, M.V.Vidadi küçəsində yerləşən Bazarstore mağazasındaki “MilliÖn” ödəmə terminalından göndərdiyi 1000 manat, daha sonra Zaqatala şəhəri, Xalidə Həsilova küçəsində yerləşən dükandakı eyni adlı terminaldan göndərdiyi 1000 manat olmaqla ümumilikdə 2000 manat pulu qəsdən ələ keçirməklə dələduzluq etmişdir. Bundan sonra o, tamah niyyəti ilə cinayət əməllərini davam etdirərək tanışı Zərərçəkmiş şəxs2 vasitəsilə tanıdığı və sonuncunun dostu olan Zərərçəkmiş şəxs1 haqqında həmin vaxt Zaqatala rayon prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməsi ona müraciət etməsindən istifadə edib sonuncuya məxsus pul vəsaitlərini qanunsuz və əvəzsiz olaraq ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə zərərçəkmiş şəxsi xeyrinə hər hansı iş görmək niyyəti olmadığı halda özünün uydurduğu, yəni reallıqda mövcud olmayan, guya əvvəllər 30 il prokuror vəzifəsində işləmiş və böyük nüfuzu olan yaxını Vəli adlı şəxs vasitəsilə həmin məsələni pul müqabilində həll edəcəyini vəd edib aldatmış və Zərərçəkmiş şəxs1 2023-cü ilin oktyabr ayında Zaqatala şəhəri, Heydər Əliyev prospektində yerləşən “Zaqatala Hotel”-in qarşısında 3000 manat, daha sonra isə Zaqatala şəhəri, M.V.Vidadi küçəsində yerləşən Zərifə Əliyeva adına parkın qarşısında 1000 manat olmaqla ümumilikdə 4000 manat pulunu qəsdən ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ifadəsində göstərmişdir ki, tanışını görmək üçün Zaqatalaya gəlmiş və həmin vaxt Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs1 barəsində şikayət olunduğundan ağackəsmə ilə prokurorluqda işinin olduğunu bildirmiş, o bu işlə bağlı bir şəxslə danışmış, həmin şəxs işi həll edəcəyini bildirmiş, lakin daha sonra həll edə bilməmişdir. Zərərçəkmiş şəxs2 isə gübrə adı ilə pul almışdır. Daha sonra gübrə işi alınmadığından pulu Azərə geri qaytarmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. Bildirir ki, Təqsirləndirilən şəxs onun işini düzəltmək adı ilə ondan pul almışdır. Belə ki, Bəhmətlidə ağacların kəsilməsi ilə bağlı prokurorluqda iş olmuş, Əyyub Abbas isə dayısının yüksək vəzifədə işlədiyini, prokuror Rasim müəllimi tanıdığını və onun işini həll edəcəyini bildirmişdir. O özü bu işlə bağlı təqsirlədirilən şəxsə 4000 manat pul vermişdir. Həmin məbləğin 3000 manat hissəsini “Grand Hotel”in qarşısında vermiş, Əyyub həmin məbləğin az olduğunu bildirmiş, 5-6 saatdan sonra 1000 manatı da Zərifə Əliyeva parkının qarşısında vermişdir. Bundan sonra təqsirləndirilən şəxs dəfələrlə zəng vurub onu Bakıya çağırmış, o da getmişdir. İşinin danışıldığını həll olacağını bildirmişdir. Həmçinin ara-ara zəng edərək Novruz bayramı üçün bağlama lazım olduğunu və ya 50 manat lazım olduğunu bildirmişdir. Həmin bağlamalardan, verilən 50 manatlardan keçir. Bu günki gündə ona ayrı-ayrılıqda 850 manat və 200 manat olmaqla, cəmi 1050 manat ödəniş edilmişdir. Geri qalan 2950 manat məbləğin yarısını verəcəyi halda təqsirləndirilən şəxsi bağışlayacaqdır. Lakin hal-hazırda şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. Bildirir ki, Təqsirləndirilən şəxs iş görmək adı ilə ondan pul alımışdır. Belə ki, o kənd təsərrüfatı ilə məşğul olduğundan Təqsirləndirilən şəxs ona ucuza gübrə alacaqdı, lakin almamışdır. Bu məqsədlə ondan 2000 manat miqdarında pul alınmışdır. Hal-hazırda pulu qaytarılmasa da, təqsirləndirilən şəxsdən şikayətçi deyildir. Yəni, təqsirləndirilən şəxsin atası ilə danışmışdır, atası pulu ödəyəcəyini bildirmiş, kartına 200 manat ödəniş də etmişdir. Həmin pulu Həsrətə vermişdir. Təqsirləndirilən şəxsin qardaşı isə ona hər ay 100 manat ödəniş edəcəyinə söz vermişdir. İlkin 100 manatı ödənilmiş, hal-hazırda 1900 manat borcu var. Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon prokuroru X10 tərəfindən qəbul edilmişi 30 aprel 2024-cü il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, 42C-24 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, cinayət işi ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Zaqatala Rayon Polis X5 göndərilmişdir. İş materiallarına əlavə edilmiş 30 aprel 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxışa 01 ədəd CD disk və 52 vərəqdə fotoşəkillər təqdim edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, CD diskdə “Əyyub” adlı şəxslə votsap mobil tətbiqində həyata keçirilmiş danışıqlar zamanı göndərilmiş səs mesajları əks olunmuşdur. 52 vərəqdə təqdim edilmiş fotoşəkillər isə həmin mobil tətbiqdə qarşılıqlı olaraq göndərilmiş ismarıcların görüntüsüdür. Əyyub adlı şəxsə “Eyyub Müəllim Bakı” kimi qeyd etmişdir. CD disk istifadədə olan HP markalı kompüterə daxil edilib açıldıqda müəyyən edilmişdir ki, diskdə 74 ədəd audiofayl vardır. Həmin səs yazılarına ayrı-ayrılıqda baxış keçirilmiş və müəyyən edilmişdir ki, səs yazılarının məzmunu Zərərçəkmiş şəxs1 tərəfindən “Əyyub” adlı şəxsə verdiyi 4000 manat pulun tələb edilməsi, əks halda hüquq mühafizə orqanlarına şikayət edəcəyini bildirməsi, “Vəli müəllim” adlı şəxsə Novruz bayramı ərəfəsində hədiyyəlik qutunun göndərilməsindən ibarətdir. Bundan sonra Zərərçəkmiş şəxs1lə “Əyyub” adlı şəxs tərəfindən qarşılıqlı olaraq votsap mobil tətbiqində göndərilmiş sms ismarıclarına baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, həmin danışıqların məzmunu Həsrət Musyev tərəfindən Əyyub adlı şəxsə verilmiş pul vəsaitinin tələb edilməsi, sonuncunun isə müxtəlif vədlərlə yayınmasından ibarətdir. Göstərilənlərdən başqa əhəmiyyət kəsb edən digər xüsusata rast gəlinməmişdir. İş materiallarına əlavə edilmiş 03 may 2024-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Zaqatala RPŞ-nin İstintaq Blməsinin müstəntiqi, polis baş leytenantı X7 icraatına qəbul edilərək istintaqı davam etdirilmişdir. İş materiallarına əlavə edilmiş 07 may 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1971-ci il təvəllüdlü, Zaqatala rayonu, Bəhmətli kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş 07 may 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1972-ci il təvəllüdlü, Zaqatala rayonu, Bəhmətli kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş 16 may 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 16 may 2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, xx.xx.1975-ci ildə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum edilmiş, Naxçıvan MR, Kəngərli rayonu, Xok kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş 20 may 2024-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Abbasov X8 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilərək cinayət məsuliyyətindən azad edilmişdir. Həmçinin Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3800 manat cərimə cəzasına məhkum edilmidşdir. İş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 1(012)-333/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 4000 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 16 sentyabr 2023-cü tarixdə tutulduğu 1 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən nəzərə alınaraq təyin edilmiş cərimə cəzasından 200 manat çıxılmaqla üzərində 3800 manat məbləğində cərimə cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan MR Kəngərli rayonu İcra Hakimiyyəti Xok kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 iyun 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, ərazidə yaşamadığı və həyat fəaliyyətindən məlumatları olmadığı üçün onun barəsində xasiyyətnamə yazılması mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan MR Kəngərli rayonu İcra Hakimiyyəti Xok kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 iyun 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi özündən, yoldaşından, 2001-ci il təvəllüdlü qızı X4 və 2001-ci il təvəllüdlü qızı X2 ibrarətdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan MR Kəngərli rayonu İcra Hakimiyyəti Xok kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 iyun 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda həqiqətən Kəngərli rayon Xok kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 28 iyul 2024-cü il tarixli “axtarışda olan şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində axtarışda olan Təqsirləndirilən şəxs könüllü olaraq Zaqatala RPŞ-yə gələrək istintaqa təslim olmuşdur. İş materiallarına əlavə edilmiş 28 iyul 2024-cü il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* saylı cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. İş materiallarına əlavə edilmiş 28 iyul 2024-cü il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs xx.xx.1975-ci ildə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, rəsmi işsiz, əvvəllər məhkum edilmiş, Naxçıvan MR, Kəngərli rayonu, Xok kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Dəyirman yolu, 2-ci bina, mənzil 51-də kirayədə yaşayan Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 28 iyul 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutların kifayət etmiş hesab olunması, Təqsirləndirilən şəxs 28 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinаyət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham onun törətmiş olduğu cinayət əməlini tam əhatə etdiyindən, həmçinin ittihama əlavə və düzəlişlər edilməsi zərurəti olmadığından dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrin tərkib əlaməti olmadığından barəsində həmin maddələr ilə cinayət işinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 32.4, 312-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət işin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 29, 312-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 29, 312-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “HTC Cliniva Hospital” tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həqiqətən xx.xx.2024-cü il tarixdə HTC Cliniva Hospitalda “sinə nahiyəsinin ateroması” diaqnozu ilə “ateromanın çıxarılması” əməliyyatı olmuşdur. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 1(033)-6/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilərək axtarış elan olunmuşdur. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 313-118/2-5522/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri ərazisində tutularaq X3 yerləşdirilməsi üçün Zaqatala RPŞ-nin MSY-yə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Zaqatala RPŞ tərəfindən xx.xx.2025-ci il tarixli 410014 nömrəli axtarışa elan olunmuş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri ərazisində saxlanılaraq Zaqatala RPŞ-yə gətirilərək MSY-yə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmət X6 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-17/37/2-1215/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən tutularaq saxlanılması üçün xx.xx.2025-ci il tarixdə X3 gətirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan MR Kəngərli Rayon İcra və Probasiya Bölməsi tərəfindən verilmiş 3-16-33-3-7/2- 185 saylı, 18 aprel 2025-ci il tarixli məktubdan görünür ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-333/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən 3800 manat məbləğində cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs hökmün icrasından qərəzli olaraq yayınmışdır. İcraat zamanı "Elektron İcra” İnformasiya sisteminə baxış zamanı məlum olmuşdur ki, məhkum Təqsirləndirilən şəxs barəsində Zaqatala Rayon Məhkəməsinin icraatında olan 1(033)-6/25 saylı, təqsirləndirilən şəxs qismində işə baxılmaqdadır. Məlumat üçün bildirirlər ki, 18 aprel 2025-ci il tarixədək cərimə cəzası ilə bağlı məhkum tərəfindən heç bir ödəniş olunmamış və 3800 manat cərimə cəzası ödənilməmiş qalmışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X9 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 4000 (dörd min) manat ziyandan 1050 (bir min əlli) manat ödənilmişdir. Buna görə də, təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 2000 manat ziyandan 100 manat ödəniş etsə də, ona qarşı şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1, 2, 3, 4 və 5ci bəndlərində qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə- dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə əməliyyat olunmasını onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini Abşeron Rayon Məhkəməsinin 1(012)-333/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2.-ci maddəsinə əsasən cərimə növlərində cəza islah işləri intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün– ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Həmçinin cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan– xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində Zaqatala Rayon Məhkəməsinin 1(033)-6/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut kimi tanınmış 01 ədəd CD disk hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində cinayət işində saxlanılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onlara dəymiş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. İş üzrə mülki iddia, məhkəmə xərclərinin və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Abşeron Rayon Məhkəməsinin 1(012)-333/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təyin edilmiş 3800 manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəza ilə tam toplanmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası və 3800 (üç min səkkiz yüz) manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 3800 (üç min səkkiz yüz) manat cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Zaqatala Rayon Məhkəməsinin 1(033)-6/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onlara dəymiş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunsun. İş üzrə mülki iddianın, məhkəmə xərclərinin və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 gün müddətinə Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan), 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(033)-6/2025
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-6/2025
18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver