Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-66/2021 24.11.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxxx 1989-cu il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu Yuxarı Tala kəndində qeydiyyatda olan və Zaqatala rayonu Çüdülübinə kəndində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs 09 sentyabr 2021-ci il tarixdə, saat 11 radələrində Zaqatala rayonu Çüdülübinə kəndi ərazisində yabanı halda bitmiş narkotik vasitə olan çətənə bitkisinin yarpaqlarından yığmaqla satış məqsədi olmadan öz istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmiş və yaşadığı, Zaqatala rayonu, Çüdülübinə kəndində saxlamış, 10 sentyabr 2021-ci il tarixdə, saat 18:21 radələrində Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaşadığı evdə baxış keçirilərkən həmin narkotik vasitələr, yəni 277,98 qram çəkidə, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmamış marixuana onun qurutmaq məqsədilə saxladığı yerdə evin eyvanında aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, narkotik vasitə olan qurudulmuş marixuanadan vaxtaşırı olaraq istifadə edir, yaşadığı Çüdülübinə kəndində xırda buynuzlu heyvanlar yəni qoyun saxlayır. O, həmin heyvanları özü yaşadığı kəndin kənarında olan meşə sahəsində özü otarır. Özünəməxsus qoyunları meşədə otaran vaxt meşədə yabanı halda bitmiş çətənə bitkisinin olduğunu görmüş, həmin çətənə bitkisinin yarpaqlarını qurudub özü istifadə edə biləcəyini düşdündüyü üçün 09 sentyabr 2021-ci il tarixdə, saat təxminən 11 radələrində yenə qoyunları meşədə otaran vaxt həmin çətənə bitkisinin yarpaqlarından qoparıb sellofan torbaya yığmış və evə qayıdan vaxt özü ilə gətirmişdir. O, meşədən yığıb evə gətirdiyi çətənə bitkisinin yarpaqlarını qurutmaq üçün yaşadığı evin qarşısında eyvanda olan stolun üzərinə kardon qoyub yığmışdır. 10 sentyabr 2021-ci il tarixdə, saat 17:30 radələrində yaşadığı evdə olan vaxt evin qarşısına bir neçə polis əməkdaşları gəlmiş, polis əməkdaşları onu Zaqatala rayon məhkəməsi tərəfindən yaşadığı evə və evin həyətyanı sahəsinə və digər yardımçı tikililərə baxış keçirilməsinə dair qərar ilə tanış etmişlər. O, məhkəmənin qərarı ilə tanış olduqdan sonra evinə və həyətyanı sahəyə baxış keçirilməsinə etiraz etməmişdir. Baxış keçirilən zaman yaşadığı evin eyvanına qurumaq üçün yığdığı çətənə bitkisinin yarpaqlarını könüllü olaraq təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun qurutmaq üçün yığdığı çətənə bitkisinin yarpaqları bir ədəd sellofan torbaya yığılaraq elektron tərəzi vasitəsi ilə çəkilmiş və 300 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin sellofan torba bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərf tərəflərindən imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, yaşadığı evdən aşkar edilmiş qurudulmamış marixuananı 09 sentyabr 2021-ci il tarixdə yaşadığı kəndin kənarında yerləşən meşə sahəsində olan çətənə bitkilərindən yığmış, özü narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyi üçün məqsədi həmin marixuananı qurudub özü istifadə etmək olmuşdur. Etdiyi hərəkətdən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, 2008-ci ildən DİO-da, 2020-ci ilin aprel ayından isə Zaqatala rayon polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Zaqatala rayonu, Yuxarı Tala kənd sakini Təqsirləndirilən şəxs Zaqatala rayonu Çüdülübinə kəndində yerləşən fermasında narkotik vasitələri yığıb saxlaması barədə Zaqatala rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında barəsində əməliyyat işi açılmışdır. Təqsirləndirilən şəxs ətrafında aparılmış əməliyyat işləri zamanı müəyyən edilmişdir ki, o fermada narkotik vasitə olan marixuana qurutmaq ilə məşğul olur. Təqsirləndirilən şəxs Çüdülübinə kəndində olan fermasına, fermada olan fərdi yaşayış evinə, evin həyətyanı sahəsinə və yardımçı binalarına daxil olma, eyni zamanda nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə Zaqatala rayon məhkəməsindən alınmış qərar əsasında 10 sentyabr 2021-ci il tarixdə şöbə rəhbərliyi tərəfindən cinayət axtarış bölməsinin əməkdaşları ilə bərabər icazə verilmişdir. Təqsirləndirilən şəxs Çüdülübinə kəndində olan fermasına, fermada olan fərdi yaşayış evinə, evin həyətyanı sahəsinə və yardımçı binalarına daxil olma, eyni zamanda nəqliyyat vasitəsinə baxış keçirilməsində onunla bir yerdə CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və TB-nin təhqiqatçısı, polis mayoru Namiq Orucov da iştirak etmişdir. Təqsirləndirilən şəxs Zaqatala rayon məhkəməsinin qərarı elan edildikdən sonra fermasında və ya nəqliyyat vasitəsində hər-hansı qanunsuz əşya və ya predmet olubolmaması, əgər varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə heç bir etirazı olmadığını və saxladığı narkotik vasitəni təqdim edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Çüdülübinə kəndində olan fermasına, fermada olan fərdi yaşayış evinə, evin həyətyanı sahəsinə və yardımçı binalarına və həyətdə olan VAZ-21013 markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobilinə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı həyətdə olan taxtadan tikilmiş «fin evi» deyilən evin qarşısındakı açıq eyvanda olan oturacaq stulunun üzərində açılmış vəziyyətdə olan kağız kartonun içərisində yaşıl rəngli qurudulmamış, spesifik iyə malik narkotik vasitə olan marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkinin yabanı şəkildə yetişmiş çətənə bitkisi olduğunu və onu 09 sentyabr 2021-ci il tarixdə saat 11 radələrində Çüdülübinə kəndinin ətrafında yerləşən meşə ərazisində qoyun otaran vaxt çətənə bitkisinin budaqlarından yığdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş narkotik vasitə olan qurudulmamış marixuana bir ədəd sellofan torbaya yığılaraq elektron tərəzidə çəkilmiş və çəkisinin 300 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitə olan qurudulmamış miarixuana olan bir ədəd sellofan torba zərfə qoyularaq qablaşdırılmış və bundan başqa Təqsirləndirilən şəxs Çüdülübinə kəndində olan fermasında, fermada olan fərdi yaşayış evində, evin həyətyanı sahəsində və yardımçı binalarında, həmçinin VAZ-21013 markalı, **-BX-*** markalı avtomobilindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etdiyini bildirdilər və Şahid1 ifadəsinə uyğun ifadə verərək onun ifadəsində göstərdiklərini təsdiq etdilər. İş materiallarına əlavə edilmiş 10 sentyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış Zaqatala rayon Məhkəməsinin 08.09.2021-ci il tarixli 5(033)-63- 2021 nömrəli qərarına əsasən Zaqatala rayonu Çüdüllübinə kəndində yerləşən, Təqsirləndirilən şəxs iştirakı və razılığı ilə fermasının ərazisində yerləşən fərdi yaşayış evinə, həyətyanı sahəsinə, yardımçı tikililərə və digər yerlərdə aparılmışdır. Həyətyanı sahəsinin girişi taxta və dəmir tordan düzəldilmiş bir laylı darvazadır. Fermanın ərazisinə daxil olduqda bir qədər açıq sahə, sonra isə fındıq bağı yerləşir. Qarşıda sağ tərəfdə tövlə yerləşir, tövlənin içərisində boş sintetik kisələr və boş çən vardır. Ondan sonra ayaq yolu və hin yerləşir. Tövlənin yan tərəfində «Vaz-21013» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmışdır, avtomobilin salonunda, saxlanc yerində və yük yerində iş üçün əhəmiyyətli əşya yoxdur. Bir qədər qarşıda taxta materiallarla inşa edilmiş fin evi vardır. Evin qarşısında olan açıq eyvana çıxdıqda orada olan oturacaq stulunun üzərinə açılmış vəziyyətdə kağız karton qoyulmuşdur. Həmin kartonun içərisində isə yaşıl rəngli, qurudulmamış, spesifik iyə malik, çətənə bitkisinə bənzər bitki aşkar edildi. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, həmin bitki yabanı şəkildə yetişmiş çətənə bitkisidir və o, 09 sentyabr 2021-ci il tarixdə saat 11 radələrində Çüdüllübinə kəndinin ətrafında yerləşən meşəlik ərazidə xırda buynuzlu heyvanlarını otardığı zaman çətənə bitkisinin yabanı şəkildə yetişməsini aşkar etmiş, onun budaqlarının yarpaqlarını qopararaq şəxsi istifadəsi üçün yaşadığı evə gətirib kartonun üzərində qurutmağa başlamışdır. Həmin çətənə bitkisinə bənzər bitki kartonun üzərində sellofan torbaya yığılaraq elektron tərəzi vasitəsi ilə çəkilmiş, 300 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin bitkilər zərfdə qablaşdırılaraq Zaqatala RPŞ-nin 62 nömrəli möhürü ilə möhürləndi. Bundan başqa evə baxış keçirilmiş, evin 1-ci mərtəbəsində və çardağında əlavə olaraq iş üçün əhəmiyyət kəsb edə biləcək narkotik tərkibli maddə və yaxud başqa əşya aşkar edilməmişdir. Video çəkiliş Məhəmməd Mehtiyev tərəfindən «Samsung» markalı mobil telefonu vasitəsi ilə aparılmış, aparılmış video çəkilişin görüntüləri 01 ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsi tərəfindən verilmiş məhkəmə bioloji ekspertizasının 11 sentyabr 2021-ci il tarixli 17/685 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs bağ evinin eyvanından aşkar edilərək götürülmüş qurudulmamış… kütlə…» sözləri yazılmış zərfin içərisində bir ədəd sellofan torbada, nəm vəziyyətdə, təmiz çəkisi 277.98 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər səhiyyə idarəsinin rayonlararası narkoloji dispanserinin 14 oktyabr 2021-ci il tarixli 1231 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizotik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 10 sentyabr 2021-ci il tarixli qərardan və həmin tarixli protokoldan görünür ki, Əsgərov X1 RPŞ-in TB-nin təhqiqatçısı X3 tərəfindən həmin gün saat 19:15-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan 12 sentyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Tala kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yazılı və şifahi olaraq heç bir şikayət olmamışdır, o yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və baxış protokolları, maddi sübut və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2021-ci il tarixdə, saat 11 radələrində Zaqatala rayonu Çüdülübinə kəndi ərazisində yabanı halda bitmiş narkotik vasitə olan çətənə bitkisinin yarpaqlarından yığmaqla satış məqsədi olmadan öz istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmiş və yaşadığı, Zaqatala rayonu, Çüdülübinə kəndində saxlamış, 10 sentyabr 2021-ci il tarixdə, saat 18:21 radələrində Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaşadığı evdə baxış keçirilərkən həmin narkotik vasitələr, yəni 277,98 qram çəkidə, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmamış marixuana onun qurutmaq məqsədilə saxladığı yerdə - evin eyvanında aşkar olunaraq götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməsi tövsiyə olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, əməlini səmimi etiraf etməsi onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Onun əməlində cəzanı ağırlaşdıran halların mövcud olmaması, şəxsiyyətini, özünün həyat şəraiti, etdiyi əməlin az ağır cinayətlər qrupuna aid edilməklə, xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az təhlükəli olması, törətdiyi əmələ görə səmimi peşman olması bunu deməyə əsas verir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs 10 sentyabr 2021-ci il tarixdə tutularaq 12 sentyabr 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hesablanmalı, onun barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə onun üzərinə Zaqatala rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut qismində Zaqatala RPŞ-nin saxlanc yerinə saxlanılan bir ədəd zərfdə 277.93 qram çəkidə narkotik vasitə olan qurdulmamış marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 35,97 manat məbləğində eksperiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 10 sentyabr 2021-ci il tarixdə tutularaq 12 sentyabr 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də saat 22:00-dan saat 06:00-dək yaşayış yeri olan Zaqatala rayonunun Cüdülübinə kəndində yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Zaqatala Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində Zaqatala RPŞ-nin saxlanc yerinə saxlanılan bir ədəd zərfdə 277.93 qram çəkidə narkotik vasitə olan qurdulmamış marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 35,97 manat məbləğində eksperiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №1(033)-66/2021
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-66/2021
24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver