Məhkəmə qərarları › İş №1(033)-7/2022

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-7/2022

26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-7/2022 26.04.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu sədrlik etməklə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Zaqatala rayon Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında saat 16:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 13 iyun 2021-ci il tarixdə, saat 13 radələrində yaşadığı Zaqatala şəhəri, Faiq Əmirov küçəsi ev 47 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən otaqda rəsmi nigahda olan arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailədaxili münasibətlər zəminində yaranmış mübahisə zamanı qisas almaq niyyəti ilə çoxsaylı yumruq zərbələri ilə sonuncunu qəsdən vuraraq sağlamlığın uzun müddətə pozulmasına səbəb olub sağlamlığa az ağır zərər vurmaya aid edilən - hər iki göz ətrafında qançırlar, sağ gözün ağlı qişasına qansızma, sol gözün görmə itiliyinin 0,1 əmsala qədər azalması ilə müşayiət olunan sol gözün ağlı qişasında və göz dibində qansızma, alt çənədə, sağ saidində, sol bazusunda, sağ sağrısında və sağ baldırında qançırlar, baş beyin silkələnməsi, sağ dirsək sümüyünün sümüküstlüyünün sınığı xəsarətlərini yetirməklə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə baxışı iclasında dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, 10.09.2016-cu il tarixdə Zərərçəkmiş şəxs ailə həyatı qurmuş, həmin nigahdan 1 övladı olmuşdur. Evləndiyi gündən sonrakı vaxtlarda aradabir ailədaxili münasibətlər zəminində Ülviyyə ilə mübahisələri olmuş, ancaq ailələri dağılmaması üçün barışmışlar. 12.06.2021-ci il tarixdə gecə saatlarında gedib Ülviyyə və uşağını götürdüyü üçün Ülviyyə ona gec gəldiyinə görə yüksək səslə irad bildirmiş və uşağın nadinclik etməsini demişdir. O da Ülviyyəyə bibisinin yanında irad bildirdiyi üçün evdə başa salacağını bildirmiş, həmin gecə Ülviyyə ilə ümumiyyətlə danışmamış, aralarında soyuq münasibət olmuşdur. 13.06.2021-ci il tarixdə günorta saatlarında yaşadığı evin ikinci mərtəbəsində olan zaman Ülviyyə anasıgilə gedəcəyini ona dedikdə Ülviyyənin dünən onunla yüksək səslə danışmasına görə heç bir yerə getməyə icazə vermədiyini bildirmişdir. Ülviyyə də buna görə onunla sözlə mübahisə etmiş, Ülviyyə ona belə evliliyin davam etməyəcəyini, birlikdə psixoloqa görünmək lazım olmasını bildirmişdir. O, Ülviyyənin dediklərindən əsəbləşərək onu vurmuşdur. O, Ülviyyəni aparıb çarpayıya uzatmış, anasına da Ülviyyənin yıxılmasını demişdir. 14.06.2021-ci il tarixdə səhər saatlarında Ülviyyənin ağrıları olduğuna görə xəstəxanaya aparması üçün bacısı Ayseli çağırmışlar. Aysel yaşadığı evə gəlmiş və Ülviyyəni həmin vəziyyətdə gördükdən sonra təcili tibbi yardım avtomobili çağırmışdır. Ülviyyəni təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. O, əlavə olaraq ifadəsində göstərmişdir ki, Ülviyyə bibisinin yanında yüksək səslə ona irad bildirdiyi və anasıgilə getməyə icazə vermədiyi üçün aralarında yaranmış mübahisə zamanı hadisə baş vermişdir. Hadisəni heç kim müşahidə etməmişdir. Hadisə baş verən zaman onun əlində hər hansı alət olmamışdır. O, izahatında və ilkin ifadəsində Zərərçəkmiş şəxs pilləkənlərdən yıxılaraq xəsarət almasını danışmışdır. O, Zərərçəkmiş şəxs baş vermiş həmin hadisə zamanı sağlamlığına az ağır zərər dəyməsi barədə ekspert rəyi ilə razı deyil və zərərçəkmiş şəxsə dəymiş zərərin daha yüngül olması fikrindədir. Ona görə ki, hadisə ilə bağlı 20 sentyabr 2021-ci il tarixli ekspert rəyi var, hansı ki, həmin rəydə zərərçəkmiş şəxsin xəsarətləri sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilməmişdir. Hansısa səbəbdən həmin rəy cinayət işinin materiallarına əlavə edilməmişdir. Həmin rəyin əsas götürülərək barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 10.09.2016-cı il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, həmin nigahdan 1 övladı olmuşdur. Evləndiyi gündən etibarən mütəmadi olaraq Mehman onunla lüzumsuz yerə mübahisələr etmiş və aradabir onu yaşadığı evdə döymüş, o isə ailəsinin dağılmaması üçün Mehmandan şikayət etməmişdir. 12.06.2021-ci il tarixdə o, uşağı ilə birlikdə Mehmanın bibisigilin evində olmuş, Mehman gecə saatlarında gəlib onları götürdüyü üçün o, Mehmana gec gəldiyi üçün irad bildirmiş və uşağın nadinclik etməsini demişdir. Mehman da bibisinin yanında irad bildirdiyi üçün onu evdə başa salacağını bildirmiş, həmin gecə Mehmanla ümumiyyətlə danışmamış, aralarında soyuq münasibət olmuşdur. 13.06.2021-ci il tarixdə günorta saatlarında yaşadığı evin ikinci mərtəbəsində olan zaman o, anasıgilə gedəcəyini Mehmana dedikdə Mehman heç bir yerə getməyə icazə vermədiyini bildirmişdir. O da Mehmanla buna görə sözlə mübahisə etmiş, Mehman bibisinin yanında yüksək səslə danışdığı üçün guya ondan əvəz çıxmaq üçün icazə verməmişdir. Mehmana belə evliliyin davam etməyəcəyini, birlikdə psixoloqa görünmək lazım olmasını bildirmişdir. Mübahisə zamanı Mehman onu dinləməyərək onun göz nahiyəsindən yumruqla zərbə vurmuş, onun gözləri şişmişdir. O nə qədər qışqırsa da birinci mərtəbədə olan qaynanası köməyə gəlməmişdir. Mehman saçından tutub onu sürümüş, onun sifət nahiyəsindən, başından və bədənindən bir neçə dəfə zərbələr vurmuşdur. O, özünə gələ bilməmiş və huşunu itirmişdir. Gözünü açanda çarpayıya uzadılmış, o, dözülməz ağrıları olduğu üçün evdə dözə bilməmişdir. 14.06.2021-ci il tarixdə səhər saatlarında onu xəstəxanaya aparması üçün bacısı Ayseli çağırmışlar, Aysel yaşadığı evə gəlmiş və onu həmin vəziyyətdə gördükdən sonra təcili tibbi yardım avtomobili çağırmış, onu təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirmişlər. O, əlavə olaraq ifadəsində göstərmişdir ki, Mehman bibisinin yanında irad bildirdiyi və anasıgilə getməyə icazə vermədiyi üçün aralarında yaranmış mübahisə zamanı onu döymüşdür. Hadisə zamanı evin birinci mərtəbəsində qaynanası olmuşdur. Mehmanın əlində hər hansı alət olub-olmamasını bilməmişdir. Mehman yalan danışmış, Mehman onu döymüşdür. Təqsirləndirilən şəxs ilə aralarında barışıq olmadığını bildirdi və təqsirləndirilən şəxsə cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Ülviyyə 2016-cı ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur və həmin evlilikdən onların uşağı olmuşdur. Ailə həyatı qurduqları vaxtlardan etibarən Mehman mütəmadi olaraq lüsumsuz yerə mübahisələr yaradaraq Ülviyyəni döymüş, Ülviyyə isə ailəsi dağılmasın deyə həmişə Mehmanı bağışlamışdır. 14.06.2021-ci il tarixdə səhər saatlarında o, Zaqatala rayon mərkəzi xəstəxanasında işdə olan zaman Ülviyyənin qaynanası Ziyafət onun mobil nömrəsinə zəng edərək evlərini gəlməyi xahiş etmiş və Ülviyyənin onunla danışmaq istəməsini bildirmişdir. O da nəsə olmasından şübhələnib dərhal bacısının yaşadığı evə getmiş, o, bacısının çarpayıya uzadılmasını görmüşdür. Bacısının yanına gedən zaman ona Ülviyyənin gözlərinin şişməsi və bədənində çoxlu sayda qançırlar olmasını görmüşdür. Bacısı Ülviyyə xəsarətlərin təsirində şüuru yerində olmamış və zorla danışa bilmişdir. Mehman Zərərçəkmiş şəxs 13.06.2021-ci il tarixdə döyərək həmin vəziyyətə salmışdır. O, bacısının vəziyyətinin pis olduğunu görüb dərhal təcili tibbi yardım xidmətinə zəng edərək çağırmışdır. Bundan sonra Ülviyyəni təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparıb yerləşdirmişdir. Məhkəmə baxışı iclasında əlavə şahid qismində dindirilən Zaqatala RPŞ-nin İB-nin baş müstəntiqi X5 ifadəsində göstərdi ki, qeyd olunan cinayət işi üzrə iki dəfə ekspertiza təyin edilməsi ilə bağlı qərar qəbul etmişdir. Həmin qərarların nəticəsi olaraq 13 iyul 2021-ci il tarixli və 09.08.2021-ci il tarixli ekspert rəyləri alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Bundan başqa o, ekspertiza təyin edilməsi ilə bağlı qərar qəbul etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X8 tərəfindən verilmiş 319 /MEŞ nömrəli 20.09.2021-ci il tarixli ekspert rəyindən onun məlumatı yoxdur. Sonuncu ekspert rəyinin verilməsinə əsas olan 06 sentyabr 2021-ci il tarixli qərar onun adından yazılaraq imzalanmışdır. O, bu barədə hər hansı qərar qəbul etməmişdir. Onun əvəzindən kimsə qərarı imzalayaraq ekspertiza mərkəzinə təqdim etmişdir. O, bu barədə qərar qəbul etsə həm qərar, həm də ekspert rəyi işə əlavə edilmiş olardı. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş09 sentyabr 2021-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı ifadəsində göstərdiyi xüsusatları demişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzünə qarşı dediyi sözlərlə razılaşaraq bildirmişdir ki, 12.06.2021-ci il tarixdə gecə saatlarında gedib Ülviyyə və uşağını götürdüyü üçün Ülviyyə ona gec gəldiyinə görə yüksək səslə irad bildirmiş və uşağın nadinclik etməsini demişdir. O da Ülviyyəyə bibisinin yanında irad bildirdiyi üçün evdə başa salacağını bildirmiş, həmin gecə Ülviyyə ilə ümumiyyətlə danışmamış, aralarında soyuq münasibət olmuşdur. 13.06.2021-ci il tarixdə günorta saatlarında yaşadığı evin ikinci mərtəbəsində olan zaman Ülviyyə anasıgilə gedəcəyini ona dedikdə Ülviyyənin dünən onunla yüksək səslə danışmasına görə heç bir yerə getməyə icazə vermədiyini bildirmişdir. Ülviyyə də buna görə onunla sözlə mübahisə etmiş, Ülviyyə ona belə evliliyin davam etməyəcəyini, birlikdə psixoloqa görünmək lazım olmasını bildirmişdir. O, Ülviyyənin dediklərindən əsəbləşərək göz nahiyəsindən yumruqla zərbə vurmuş, daha sonra Ülviyyənin sifət nahiyəsindən bir neçə dəfə zərbələr vurmuşdur. Ülviyyənin gözləri şişmiş, Ülviyyə yerdə çökərək qalmışdır. O, Ülviyyəni aparıb çarpayıya uzatmış, anasına da Ülviyyənin yıxılmasını demişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X8 tərəfindən verilmiş ilkin məhkəmə tibbi ekspertizasının 13 iyul 2021-ci il tarixli 221 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- hər iki göz ətrafında qançırlar, sağ gözün ağlı qişasına qansızma, sol gözün görmə itiliyinin 0,1 əmsala qədər azalması ilə müşayiət olunan sol gözün ağlı qişasında və göz dibində qansızma, alt çənədə, sağ saidində, sol bazusunda, sağ sağrısında və sağ baldırında qançırlar, baş beyin silkələnməsi, sağ dirsək sümüyünün sümüküstlüyünün sınığı –bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər,qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, 13.06.2021-ci il tarixdə əmələ gəlməyə uyğundurlar, dərəcəsinə görə, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X8 tərəfindən verilmiş əlavə məhkəmə tibbi ekspertizasının 03-Ə nömrəli 09.08.2021-ci il tarixli rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - hər iki öz ətrafında qançırlar, sağ gözün ağlı qişasına qansızma, sol gözün görmə itiliyinin 0,1 əmsala qədər azalması ilə müşayiət olunan sol gözün ağlı qişasında və göz dibində qansızmna, alt çənədə, sağ saidində, sol bazusunda, sağ sağrısında və sağ baldırında qançırlar, baş beyin silkələnməsi, sağ dirsək sümüyünün sümüküstlüyünün sınığı - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 13.06.2021ci il tarixdə əmələ gəlməyə uyğundurlar, dərəcəsinə görə, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs bədəni üzərində yuxanda qeyd edilmiş xəsarətlərin yerləşmə nahiyələrinə, xarakterinə Və s. xüsusiyyətlərinə görə demək olar ki, həmin xəsarətlərin yıxılma nəticəsində əmələ gələ bilməsi inkar olunur. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X8 tərəfindən verilmiş 319 /MEŞ nömrəli 20.09.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs aparılmış məhkəmə-tibbi müayinəsini, tibbi sənədlərdə qeyd olunan diaqnostik nəticələrin təyin edilmiş diaqnoz və təyinatlara uyğunsuzluğunu nəzərə alaraq onda aşağıdakı qrup xəsarət və dəyişikliklər müəyyən edilmişdir: Hər iki göz yuvası ətrafının qançırı, alt çənə nahiyəsinin, sağ saidin, sol bazunun, sağ sağrının, sağ baldırın qançırları; Hər iki gözdə miopiya və göz təzyiqi hesabına (OS-0,6; OD-0,1) skleraya və göz dibinə qansızma; Sağ dirsək sümüyünün sümüküstlüyünün qeyri-travmatik xarakterli, anatomik quruluşuna uyğun qalınlaşması; «Baş beyin silkələnməsi»nin nevroloji əlamətlərinin posttravmatik xarakterli olmasını obyektivləşdirən elementlərlə müşayiət olunmaması. Zərərçəkmiş şəxs qeyd edilən xəsarətlər - hər iki göz yuvası ətrafının qançırı, alt çənə nahiyəsinin, sağ saidin, sol bazunun, sağ sağrının, sağ baldırın qançırları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 13.06.2021ci il tarixə uyğun gəlir, müxtəlif şəraitlərdə yetirilə bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Digər halların - hər iki gözdə miopiya və göz təzyiqi hesabına (OS-0,6; OD-0,1) skleraya və göz dibinə qansızması; sağ dirsək sümüyünün sümüküstlüyünün qeyri-travmatik xarakterli, anatomik quruluşuna uyğun qalınlaşması; «Baş beyin silkələnməsi»nin nevroloji əlamətlərinin posttravmatik xarakterli olmasını obyektivləşdirən elementlərlə müşayiət olunmaması patoloji prosseslərinin qeyd olunan travma ilə birbaşa səbəbli əlaqəsi olmadığından sağlamlığa zərərvurma dərəcəsinin təyinində nəzərə alınmır. İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyləri arasında iş üçün xüsusi əhəmiyyət kəsb edən ziddiyyətlər yarandığından məhkəmə istintaqı zamanı komissiyon qaydada təkrar məhkəmə tibbi ekspertizası keçirilərək rəy alınmışdır. İş materiallarına əlavə edilmiş və qeyd olunan komissiyon qaydada təkrar məhkəmə tibbi ekspertizasının 95/KEŞ nömrəli 21.02.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər iki göz ətrafında qançırlar, sağ gözün ağlı qişasına qansızma, sol gözün görmə itiliyinin 0.1 əmsala qədər azalması ilə müşayiət olunan sol gözün ağlı qişasında və göz dibində qansızma, alt çənədə, sağ saiddə, sol bazuda, sağ sağrıda və sağ baldırda qançırlar, baş beyin silkələnməsi, sağ dirsək sümüyünün sümüküstlüyünün sınığının olduğu müəyyən edilmişdir ki, bu da bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər və qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 13.06.2021-ci il tarixdə əmələ gəlməyə uyğundurlar. Dərəcəsinə görə qeyd olunan xəsarətlər ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Qeyd edilən xəsarətlərin yerləşmə nahiyələrinə, xarakterinə və s. xüsusiyyətlərinə görə demək olar ki. həmin xəsarətlərin yıxılma nəticəsində əmələ gələ bilməsi inkar olunur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Zaqatala Bələdiyyəsi tərəfindən 22.09.2021-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bələdiyyəyə heç bir şikayət daxil olmamışdır. İş materallarında olan və məhkəmə ictintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən verilmiş 10.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan 14.09.2021-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş 12.04.2022-ci il tarixli ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs şikayətçidir, cinayət işinə xitam verilməsinə razı deyil, onun barəsində qanuni tədbirlərin görülməsini xahiş edir. Göründüyü kimi, iş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X8 tərəfindən verilmiş 13 iyul 2021-ci il tarixli 221 nömrəli ilkin məhkəmə-tibbi ekspertizasının rəyi və 03-Ə nömrəli 09.08.2021-ci il tarixli əlavə ekspert rəyi ilə Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərin 13.06.2021-ci il tarixdə əmələ gəlməyə uyğun olması, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aid olmuşdur. Daha sonrakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X8 tərəfindən verilmiş 319 /MEŞ nömrəli 20.09.2021-ci il tarixli ekspert rəyi ilə Zərərçəkmiş şəxs qeyd edilən xəsarətlərin 13.06.2021-ci il tarixə uyğun gəlməsi müəyyən edilsə də, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələrinin təyin edilmədiyi müəyyən edilmişdir. Bundan sonra isə məhkəmə tərəfindən təkrar tibbi ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X8 tərəfindən verilmiş 95/KEŞ nömrəli 21.02.2022-ci il tarixli ekspert rəyi ilə Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun xəsarətlərinin 13.06.2021-ci il tarixdə əmələ gəlməyə uyğun olması, dərəcəsinə görə qeyd olunan xəsarətlərin ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ilkin və əlavə ekspertiza rəyi və sonuncu komissiyon qaydada təkrar məhkəmə tibbi ekspertizasının rəyi sübut kimi qiymətləndirilməlidir. Belə ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid olması iş materiallarında olan digər sübutlarla da bir daha öz təsdiqini tapır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X8 tərəfindən verilmiş 319 /MEŞ nömrəli 20.09.2021-ci il tarixli ekspert rəyinin isə necə və hansı şəraitdə əldə olunması və cinayət işinin materiallarına istintaq orqanı tərəfindən əlavə edilməməsi onun mötəbər sübut olmasını şübhə altına alır. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsində özünü qismən təqsirli bildiyini, zərərçəkmiş şəxsə vursa da, onun xəsarətlərinin olmamasını bildirsə də, məhkəmə onun bu barədə ifadəsinə hüquqi qiymət verərək, qeyd edir ki, onun həmin ifadəsi özünümüdafiə xarakteri daşıyır. Hazırda təqsirləndirilən şəxsin ifadəsindən bəlli olur ki, o özünü Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli hesab etmir və barəsində bəraətverici əsaslarla hökm çıxarılmasını xahiş edir. Lakin, məhkəmə onun dəlilləri ilə razılaşmır. Çünki, məhkəmənin fikrincə Təqsirləndirilən şəxs bu xüsuatlarla bağlı verdiyi ifadələr, eləcədə bununla bağlı göstərdiyi dəlillər obyektiv gerçəkliyi əks etdirmədiyindən inandırıcı qəbul edilməməli, uyğun olaraq bununla bağlı onun dəlilləri də əsaslı hesab olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X8 tərəfindən verilmiş 03-Ə nömrəli 09.08.2021-ci il tarixli, 13 iyul 2021-ci il tarixli 221 nömrəli və 95/KEŞ nömrəli 21.02.2022-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəylərindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- hər iki göz ətrafında qançırlar, sağ gözün ağlı qişasına qansızma, sol gözün görmə itiliyinin 0,1 əmsala qədər azalması ilə müşayiət olunan sol gözün ağlı qişasında və göz dibində qansızma, alt çənədə, sağ saidində, sol bazusunda, sağ sağrısında və sağ baldırında qançırlar, baş beyin silkələnməsi, sağ dirsək sümüyünün sümüküstlüyünün sınığı –bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, 13.06.2021-ci il tarixdə əmələ gəlməyə uyğundurlar, dərəcəsinə görə, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddirlər. Qeyd olunanlara əsasən, iş materiallarında olan sənədləri sübut qismində qiymətləndirərək məhkəmə hesab edir ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs bu xüsusatlarla bağlı məhkəmədə verdiyi ifadəsi, iş materiallarında olan, məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla təkzib edilir və o, belə bir ifadə verməklə törətdiyi cinayət əməlinə görə ala biləcəyi cəzadan yayınmağa çalışır. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ibtidai istintaq və məhkəmə iclasında verdikləri ifadələrlə, üzləşdirmə protokolu ilə, eksperiza rəyləri, işdə olan digər sənədlərlə) təqsirləndirilən şəxsin məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar yuxarıda ətraflı təsvir edilərək şərh edildiyindən, məhkəmə bu sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Beləliklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə tibbi ekspertizasının rəyləri, məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs 13 iyun 2021-ci il tarixdə, saat 13 radələrində yaşadığı Zaqatala şəhəri, Faiq Əmirov küçəsi ev 47 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən otaqda rəsmi nigahda olan arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailədaxili münasibətlər zəminində yaranmış mübahisə zamanı qisas almaq niyyəti ilə çoxsaylı yumruq zərbələri ilə sonuncunu qəsdən vuraraq sağlamlığın uzun müddətə pozulmasına səbəb olub sağlamlığa az ağır zərər vurmaya aid edilən - hər iki göz ətrafında qançırlar, sağ gözün ağlı qişasına qansızma, sol gözün görmə itiliyinin 0,1 əmsala qədər azalması ilə müşayiət olunan sol gözün ağlı qişasında və göz dibində qansızma, alt çənədə, sağ saidində, sol bazusunda, sağ sağrısında və sağ baldırında qançırlar, baş beyin silkələnməsi, sağ dirsək sümüyünün sümüküstlüyünün sınığı xəsarətlərini yetirməklə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməsi tövsiyə olunmuşdur. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və daha yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən təyin ediləcək cəzanın çəkilib-çəkilməsi ilə əlaqədar məsələni müzakirə edərkən, belə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli “8 Noyabr-Zəfər günü münasibətilə aministiya elan olunması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının təsiri altına düşür. Belə ki, “8 noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9 və 9.1-ci bəndlərinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.12-ci maddələrinə əsasən, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 44.2 və 42.2.2-ci maddələrinə əsasən, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda - təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Məhkəmə qeyd olunan hüquq normalarının təhlilindən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X3 əməli və şəxsiyyəti “8 Noyabr-Zəfər günü münasibətilə aministiya elan olunması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının təsiri altına düşsə də, təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlində özünü təqsirli bilməmiş, barəsində aministiya aktının tətbiq olunmasına razılıq verməmiş, təqsirsiz olması əsası ilə bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Belə olan halda müdafiə tərəfinin aministiya tətbiq edilməsi barədə razılığı olmadığından və təqsirləndirilən şəxsin təqsiri məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq edildiyindən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. “8 Noyabr-Zəfər günü münasibətilə aministiya elan olunması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 7-ci bəndinə əsasən, bu qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. “8 Noyabr-Zəfər günü münasibətilə aministiya elan olunması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 9.1-ci hissəsinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan azad edilsin. “8 Noyabr-Zəfər günü münasibətilə aministiya elan olunması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 7-ci hissəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edildiyindən və amnistiya elan olunması haqqında qərar tətbiq edilməklə cəzadan azad edildiyindən onun üzərindən məhkumluq götürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar