Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 1(033)-8/2025 24.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1977-ci ildə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, "X3" Məhdud Məsuliyyətli Cəmiyyətində mühəndis vəzifəsində işləyən, Bakı şəhəri Nizami rayonu Cəmşid Naxçivansiki küçəsi ev 42-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında 24 fevral 2025-ci il tarixdə, saat 14:30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ Təqsirləndirilən şəxs ondan ötrü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, vahid qəsdlə əhatə olunan tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs oğlu X4 Federativ Respublikasında 4500 manat pul müqabilində işə düzəldilməsini təşkil edəcəyi barədə yalan vədlər verib aldatmaqla zərərçəkmişin 2023-cü ilin mart ayında Bakı şəhəri Xətai rayonundakı Əhmədli metrostansiyasının yaxınlığında yerləşən kafedə verdiyi 1500 manat pulunu, bundan sonra isə Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən Selin marketdəki terminal vasitəsilə xx.xx.2023-cü il tarixdə göndərdiyi 500 manat, xx.xx.2023-cü il tarixdə göndərdiyi 500 manat, xx.xx.2023-cü il tarixdə göndərdiyi 300 manat, xx.xx.2023-cü il tarixdə göndərdiyi 150 manat, xx.xx.2023-cü il tarixdə göndərdiyi 150 manat, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən Oba marketdəki terminal vasitəsilə xx.xx.2023-cü il tarixdə göndərdiyi 600 manat, xx.xx.2023-cü il tarixdə göndərdiyi 600 manat, xx.xx.2023cü il tarixdə göndərdiyi 50 manat, 2023-cü ilin oktyabr ayında göndərdiyi 50 manat və həmin tarixdə yaşadığı Yuxarı Tala kəndində yerləşən evində olarkən birbank mobil tətbiqi vasitəsilə göndərdiyi 140 manat pulu ələ keçirib, ümumilikdə 4540 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ifadəsində göstərmişdir ki, Heydər Əliyev adına X10 keyfiyyət təminatı üzrə supervayzer vəzifəsində çalışır, o 5-6 il öncəyə kimi Polşa Respublikasının “SmartWork” şirkətinin rəsmi Azərbaycan nümayəndəliyində işləmiş, həmin vaxt o Azərbaycandan müraciət edən şəxslərin sənədləşməsinə köməklik göstərərək Polşaya göndərmiş, lakin, müqavilənin vaxtı bitəndən sonra o həmin şirkətdən ayrılmış, hazırda işlədiyi X10 isə Anar adlı dostu vardır. Anar 2023-cü ilin fevral-mart aylarında ona bildirmiş ki, Zaqatala rayonunda Eldəniz adlı dostu vardır və Eldəniz öz oğlunu xarici ölkəyə göndərərək gedəcəyi ölkədə işə düzəlməsini istəyir, o isə Anara bildirmiş ki, Eldənizə onun oğlunun Almaniyaya göndərəcəyinə və orada sürücü kimi işə düzəldəcəyinə köməklik göstərə bilər, bundan bir neçə gün sonra yəni 2023-cü ilin mart ayında mobil əlaqə zamanı o Eldənizə 1500 manat məbləğində pul ilə birlikdə Bakı şəhərinə gəlməyini bildirmiş, bundan bir neçə gün sonra Bakı şəhərində Anar adlı dostu ilə və Eldəniz ilə bir kafedə əyləşmişlər, söhbət əsnasında o, Eldənizə oğlunu Almaniyaya işə düzəldəcəyinə köməklik göstərə biləcəyini bildirmiş, o, eyni zamanda Eldənizə bildirmiş ki, oğlunu ilk öncə Polşaya göndərməyə kömək edəcək, bundan sonra isə oğlu 2 ay Polşada qaldıqdan sonra Almaniyaya ezamiyyət vərəqəsi alaraq oraya göndərəcək, o eyni zamanda bütün bunların gerçəkləşməsi üçün, sənədləşmələrin və uçuş biletin daxil olmaqla ümumilikdə 4500 manat məbləğində pulu hissə-hissə verməli olduğunu bildirmiş, Eldəniz isə dediklərilə razılaşıb, əvvəlcədən dediyi 1500 manatı Anarın yanında ona vermiş, bundan sonra isə 2023-cü ilin mart ayından oktyabr ayınadək hissə-hissə 2900 manat pulu “Leobank”a aid olmaqla ona məxsus olan **********154321 nömrəli plastik kart hesabına və Azərbaycan Beynəlxalq Bankına aid olmaqla ona məxsus plastik kart hesabına Zaqatala şəhərində yerləşən müxtəlif milliön terminal vasitəsilə, geri qalan 140 manat pulu isə birbank mobil tətbiqi vasitəilə həmin kart hesablarına mədaxil etməklə ona göndəilrmiş, həmin pulları o Eldənizə dedikcə onun kart hesabına göndərmiş, belə ki, Zərərçəkmiş şəxs 21 mart 2023-cü il tarixdə 500 manat, 23 aprel 2023-cü il tarixdə 300 manat və 05 iyun 2023-cü il tarixdə 150 manat pulu “Leobank”a aid olmaqla ona məxsus olan **********154321 nömrəli plastik kart hesabına, 02 aprel 2023-cü il tarixdə 500 manat,07 iyul 2023-cü il tarixdə 150 manat, 25 sentyabr 2023-cü il tarixdə 600 manat, 02 oktyabr 2023-cü il tarixdə 600 manat, 03 oktyabr 2023-cü il tarixdə 50 manat pulu Azərbaycan Beynəlxalq bankına aid olmaqla ona məxsus platik kart hesabıma göndərmiş, bundan əlavə isə hazırda dəqiq xatırlamadığı, lakin onun votsap sosial şəbəkə üzərindən Eldənizə göndərdiyi bank kart hesabına da 50 manat göndərmiş o isə həmin pulları Polşada şirkətdə işləyən tanışına göndərməli imiş, amma göndərməmiş, çünki o bu barədə Polşada olan tanışı ilə heçnə danışmamış, çünki onun məqsədi Eldənizi aldadaraq pulunu ələ keçirmək olmuş, o 2023-cü ilin oktyabr ayında Eldənizlə əlaqə saxlamış, əlaqə zamanı o Eldənizə oğlunun işinin alınmayacağını və 15 noyabr 2023-cü il tarixdə pulunu geri qaytaracağını bildirmiş, lakin, o pulu geri qaytarmamış və qaytarmaq kimi bir fikri də yox imiş Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq göstərmişdir ki, Eldənizi 2023-cü ilin mart ayından tanıyır. Eldənizi onunla iş yoldaşı Anar tanış etmişdir ki, Eldənizin oğlunu Almaniyaya göndərərək işə düzəlməyinə köməklik göstərsin, Eldənizlə aralarında olan razılaşmaya görə Eldənizin oğlunu Almaniyaya göndərərək işə düzəlməyinin sənədləşməsi üçün yəni, dəvətnamə, müqavilə və sığorta haqları üçün pul alaraq Polşada yaşayan tanışına göndərməli olduğu halda, həmin pulu şəxsi təlabatları üçün xərcləmiş, lakin Eldənizə həmin pulu Polşada olan tanışına göndərdiyini bildirmiş, Eldənizdən pul almaqda məqsədi onu aldadaraq müəyyən miqdarda pulunu ələ keçirmək olmuş, həmin 4540 manat pulu Eldənizin oğlunu Almaniyaya göndərərək işə düzəltmək vədi ilə almış, müxtəlif vaxtlarda əlaqə saxlayan zaman Eldənizə hər dəfəsində müxtəlif vaxtlarda pulunun geri qaytaracağını bildirmişdir. Həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxs olaraq zərərçəkmiş şəxs X1 dəymiş 4540 manat ziyanı tam ödəmişdir və onunla barışmışdır. Bu səbəbdən iş üzrə icraata bəraət verici əsaslar olmadan xitam verilməsini xahiş edir Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ifadəsində göstərmişdir ki, oğlu Museyib Cumaliyevi avropada işə düzəltmək istəyirmiş, buna görə də, 2023-cü ilin fevral ayında o Bakı şəhərində yaşayan Anar adlı dostuna oğlunu xarici ölkəyə işə düzəltmək istədiyini bildirmiş, Anar isə ona Təqsirləndirilən şəxs adlı dostunun olduğunu, Təqsirləndirilən şəxs bir neçə nəfər şəxsi də Almaniyaya göndərdiyini və həmin şəxsləri Almaniyada işə düzəltməsinə köməklik göstərdiyini bildirmişdir. O, 2023-cü ilin mart ayının ortalarında Təqsirləndirilən şəxs ilə tanış olaraq söhbət etmək məqsədilə istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamış, mobil əlaqə zamanı Ramil ona 1500 manat məbləğində pul ilə birlikdə Bakı şəhərinə gəlməyini bildirmiş, buna görə də, o 17 mart 2023-cü il tarixdə Bakı şəhərinə getmiş, 17 mart 2023-cü il tarixdə isə Bakı şəhərində Anar adlı dostu və Təqsirləndirilən şəxs ilə bir kafedə əyləşmişlər, söhbət əsnasında Təqsirləndirilən şəxs oğlunu Almaniyaya işə düzəldəcəyinə köməklik göstərə biləcəyini bildirmiş, Ramil həm də bildirmiş ki, oğlunu ilk öncə Polşaya göndərəcək, bundan sonra isə oğlu 2 ay Polşada qaldıqdan sonra Almaniyaya viza alaraq oraya göndərəcək, daha sonra isə Təqsirləndirilən şəxs oğluna Almaniyada oturum alması üçün və işə düzəlməsi üçün köməklik göstərəcəyini bildirmiş, eyni zamanda bütün bunların gerçəkləşməsi üçün, sənədləşmələrin və uçuş biletin daxil olmaqla ümumilikdə 4500 manat məbləğində pulu hissə hissə verməli olduğumu bildirmişdir. O, isə əvvəldən Ramilin dediyi və üzərində olan 1500 manatı oturduğu kafedə Təqsirləndirilən şəxs vermiş, bundan sonra isə o Zaqatala rayonuna qayıtdıqdan sonra 2023-cü ilin mart ayından oktyabr ayı daxil olmaqla hissəhissə 2900 manat pulu Təqsirləndirilən şəxs istəyi ilə sonuncunun Leobank aid “4098 5844 5015 4321” nömrəli və Azərbaycan Beynəlxalq bank kart hesabına Zaqatala rayonu ərazisində olan müxtəlif ödəmə terminalları vasitəsilə göndərmiş, geri qalan 140 manat pulu isə mobil telefonumda olan birbank mobil tətbiq vasitəsilə yaşadığı evdə olarkən həmin hesaba göndərmişdir. 2023-cü ilin oktyabr ayında isə Təqsirləndirilən şəxs mobil əlaqə zamanı ona oğlunun işinin alınmayacağını bildirmiş, o isə bildirmiş ki, “alınmırsa göndərdiyim pulları geri qaytar”, Təqsirləndirilən şəxs isə ona 15 noyabr 2023-cü il tarixdə pulu geri qaytaracağını bildirmiş, lakin 15 noyabr 2023-cü il tarixdə Ramil pulunu geri qaytarmamış və ona müxtəlif bəhanələr gətirərək pulunu verəcəyini bildirmiş, buna görə də, o 16 dekabr 2023-cü il tarixdə “102” xidmətinə zəng vuraraq Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. Hal-hazırda ona dəymiş ziyan Ramil tarəfindən tam həcmdə ödənilmişdir, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Həcc ziyarətindən tanyır, aralarında düşmənçilik və ədavət yoxdur. 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs ona zəng edərək oğlu-Müseynbi işə düzəlməsi üçün xaricə göndərmək istədiyini bildirmiş, bu mövzuda ona köməklik edə biləcəyini soruşduqda o da Ramil Axundav adlı iş yoldaşının əvvəllər Polşada olduğunu və orada müəyyən şəxslərlə əlaqəsi olduğu üçün bu barədə köməklik edə biləcəyini bildirmişdir. O, bu barədə Ramillə bu mövzuda danışdıqdan sonra əminliklə Eldənizə bu məsələdə Ramilin ona köməklik edə biləcəyini zəng edərək bildirmiş, daha sonra o Ramilin mobil nömrəsini Eldənizə göndərmiş ki, bir-biriləri ilə əlaqə saxlasınlar, həmin tarixdən bir müddət keçdikdən sonra Eldəniz onunla əlaqə saxlayaraq Ramillə danışdığını, sonuncunun Müseybi işə düzəlməsi üçün xarici ölkəyə göndərəcəyəni, bunun üçün də Bakıya gələrək onunla görüşməli olduğunu qeyd etmişdir. Eldəniz Bakı şəhərinə gəlmiş o, sonuncunu qarşılamış, daha sonra isə o, Eldəniz və Ramil Bakı şəhəri Əhmədli metrosunun yaxınlığında yerləşən kafedə əyləşmişlər, Eldəniz onun yanında 1500 manat pulu cibindən çıxarıb sayaraq Ramilə vermiş, Ramil Eldənizin oğlunu Polşaya sürücü kimi göndərəcəyini, bu prosessin 4 ay çəkəcəyini bildirmişdir. Ramil ona daha sonra bildirmişdir ki, ümumilikdə bu işin həlli üçün 4500 manat pul lazım olduğunu, ilkin olaraq 1500 manat verməli olduğunu bildirmişdir. Bir müddət keçdikdən sonra Eldəniz onunla əlaqə saxlıyaraq Ramilin bu işi həll etmədiyini, onu aldatdığını və bu barədə polisə şikayət etmək isdədiyini bildirmiş, bunu bildikdən sonra o Ramillə dəfələrlə telefon əlaqəsi saxlayaraq onunla bu barədə söhbət etmiş ki, ya işi həll et, ya da Eldənizin pulunu qaytar. Ramil isə hər dəfəsində müxtəlif bəhanələr gətirərək pulu geri qaytaracağını bildirmiş, lakin bügunədək Ramil pulu geri qaytarmamışdır. İş materiallarına əlavə edilmiş 14 fevral 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, fakta görə Azərbayracn Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Həmin cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş 03 mart 2024-cü il tarixli “baxış keçirilməsi və sənədlərin götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan müxtəlif bank kart hesabına ümumilikdə 2850 manat pulun mədaxil etdirilməsinə öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş 06 mart 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, 24041009 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərədə tutulan ittiahm ona elan edilmişdir. İş materiallarına əlavə edilmiş 27 mart 2024-cü il tarxili “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs, Bakı şəhəri, Nizami rayon ərazisində tutularaq, xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Zaqatala RPŞ-yə gətirilmiş və MSY-yə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 29 mart 2024-cü il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, xx.xx.1977-ci ildə Azərbaycan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvəllər məhkum olunmayan, Bakı şəhəri, Cəmşid Naxçıxanski küçəsi, ev 42-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 29 mart 2024-cü il tarixli “təqsirləndirilən şəxsin həbsdən azad edilməsi haqqında” qərardan görünür ki, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs saxlanıldığı Zaqatala RPŞ-nin X7 azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti nəzdində 138 saylı MTK tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 04 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs C.ünvan 1 ünvanında yaşayır. Ailə tərkibi anasından və bacısından ibarətdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti nəzdində 138 saylı MTK tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, qeyd edilən ünvanda yaşadığı müddətdə Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. Qonşular onu xeyirxah insan kimi tanımışdır. Hərbi xidmət zamanı Ağdamda, Füzulidə və Xocavəndə olmuş, kontuziya alımışdır. Leytenant rütbəsi var. İş materiallarına əlavə edilmiş İ-7269 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “vətən müharihəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İş materiallarına əlavə edilmiş İ-8678 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli 870 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci ildə Bakı şəhəri, Nizami rayonu qeydiyyat şöbəsində X5 ilə nikaha daxil olmuşdur. X2 xx.xx.2017-ci ildə Bakı şəhərində doğulmuşdur. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş 08 aprel 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutlar kifayət etmiş hesab olunması, Təqsirləndirilən şəxs 29 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə elan edilmiş 06 mart 2024-cü il tarixli ittiham onun törətmiş olduğu cinayət əməlini tam əhatə etdiyindən, həmçinin ittihama əlavə və düzəlişlər edilməsi zərurəti olmadığından dəyişdirilmədən qüvvəsində saxlanılması, 29 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin tərkib əlaməti olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 23 avqust 2024-cü il tarxili “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 14:45-də Bakı şəhəri ərazisində tutularaq, xx.xx.2024-cü il tarixdə saat 04:20 radələrində Zaqatala RPŞ-yə gətirilmişdir. İş materiallarına əlavə edilmiş 24 avqust 2024-cü il tarixli “təqsirləndirilən şəxsin həbsdən azad edilməsi haqqında” qərardan görünür ki, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs saxlanıldığı Zaqatala RPŞ-nin X7 azad edilmişdir. İş materiallarında əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaqda təqdim olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 4540 manat məbləğində maddi ziyanından 600 manat pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs olaraq zərərçəkmiş şəxs X1 dəymiş 4540 manat ziyanı tam ödəmiş və onunla barışmışdır. Bu səbəbdən iş üzrə icraata bəraət verici əsaslar olmadan xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş 4540 manat ziyanı tam şəkildə ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Onun barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərəçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsinə əsasən bu bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir və müdafiə tərəfi işə bəraət verici əsaslar olmadan xitam verilməsinə razıdır. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədən düşmüş hesab olunmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 08 (səkkiz) ədəd ödəniş qəbzlərinin əsilləri cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 132, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin tələbinə əsasən, onun barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədən düşmüş hesab olunsun. İş üzrə maddi sübut kimi tanınmış 08 (səkkiz) ədəd ödəniş qəbzlərinin əsilləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə xüsusi müsadirə ediləcək əmlakın, məhkəmə xərcinin və mülki iddianın olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(033)-8/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №1(033)-8/2025
24.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver