Azərbaycan Respublikası adından HÖKM Zəngilan rayonu İş № 1(034)-1/2024 05.11.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Dövlət ittihamçısı X2 İdarənin Rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci ildə Masallı rayonu, Bambaşı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Masallı rayonu, Bambaşı kəndində qeydiyyatda olan və yaşayan, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri Zəngilan Rayon Məhkəməsinin 1(034)-6/2023 nömrəli, 29 sentyabr 2023-cü il tarixli qərarı ilə dəyişdirilərək, barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, qəsdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənar qanunsuz olaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına keçməyə cəhd göstərmişdir. Belə ki, o, İran İslam Respublikasına qanunsuz olaraq getmək məqsədi ilə 21 avqust 2022-ci il tarixdə saat 03 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Zəngilan rayonunda yerləşən 3-cü sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasından İran İslam Respublikasına keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Qeyd edilən əməli törətməsinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsi”-dən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarınını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 29, 318.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisənin baş verdiyi günündən bir neçə gün əvvəl mobil telefon vasitəsi ilə dostu Şahid1la əlaqə saxlamış, o, Elşənin maşınını düzəltmək üçün ilk öncə Ağcabədi rayonuna, ordanda Elşənlə birlikdə Zəngilan rayonuna getmişlər. Elşənin sürdüyü maşın böyük yük maşını olmuş, maşın xarab olduğundan Elşən onu maşını düzəltmək üçün çağırmışdır. O, usta-elektrikdir. Elşən maşınında nasazlıq olmasını ona bildirmişdir. Elşən ona zəng edəndə o, Bakı şəhərində olmuşdur. Maşını düzəltmək üçün özü ilə ləvazimatlar aparmışdır. Elşənin yük maşınından əlavə başqa bir maşını olduğundan onlar həmin maşınla Zəngilana getmişlər. O, özü Bakıda Gənclikdə İqamətgahın yanında maşın ustası işləyir. Elşənin maşını «Ford» markalı soyducusu olan maşındır. O, düzətməli olduğu maşını görmədən onu tutmuşlar. Belə ki, Elşən posta maşını saxlamış, ona gözləməsini, yükü boşaldıb gələcəyini demiş, lakin Elşənə nə qədər zəng etsə də, o telefonu açmamış, sonra da hərbiçilər gəlib onu tutmuşlar. O, yeməkxanada oturub Elşəni gözləmiş, əlindəki çantanın içində isə araq və çaxır olmuşdur. Sərhəddə olan hərbiçilər onu tutub saxlayandan sonra Elşən gəlmişdir. O, həmin ərazidə ilk dəfə olduğundan demək olar ki, ərazini tanımamışdır. Onu tutandan sonra təzyiq altında saxlayıb döymüşlər. O, döyülməsi ilə bağlı heç bir prokurorluğa şikayət etməmiş, istintaqda verdiyi ifadəsini təzyiq altında vermişdir. İlk öncə Elşəni, sonra isə onu evə buraxmışlar. Elşəni ondan 20-30 dəqiqə sonra tutmuşlar. Elşən hadisə olmamışdan bir gün qabaq onunla telefon vasitəsi ilə əlaqə saxlamış, onu maşınını düzəltməyə çağırmış, maşını düzəltmək üçün ləvazimatları özü ilə aparmışdır. İçki isə Elşənə aid olmuşdur. Hərbi posta olan zaman onların sənədləri yoxlanılmış, onun şəxsiyyət vəsiqəsi və pasportu üzərində olmuşdur. Postdan aralaşanda axşam vaxtı idi. Elşəni gözlədiyi yeməkxananın 4-5 nəfər öz işçiləri olmuşdur. Elşən ona gözləməsini və yükü boşaldıb gələcəyini demişdir. Yeməkxanadan qırağa çıxmış, üzərindən bir az keçmiş onu tutmuşlar. Axşam gec saat olduğundan və yeməkxananı bağladıqları üçün oradan çıxmalı olmuşdur. Yeməkxanadan çıxıb Elşənə zəng etmiş, Elşəndə ona yükü boşaldıb gəlir demiş, o, da yeməkxananın ətrafında əlində olan çanta ilə sağa-sola gedib-gələrək Elşəni gözləmişdir. Yeməkxana postun yanında yerləşir. Əsgərlər onu tutandan sonra onu döymüşlər. O, əsgərlərə maşın düzəltməyə gəlməsini bildirmişdir. Onu axşam saat 01:N radələrində tutmuşlar. Elşənin avtomobilindən heçnə aşkar olunmamış, çünki çaxır və araq onda olan çantanın içərisində olmuşdur. Onun ora getməkdə məqsədi maşın düzəltmək olmuşdur. O, bilə-bilə bunu etməmişdir. O, həbsdə olmamış və İranın sərhəddinə keçməmişdir. Hadisədən xeyli müddət keçdiyi üçün xatırladıqlarını danışır. Yeməkxanada olduğu vaxt təxmini axşam saat 11-12 radələri olmuş, yeməkxana isə axşam saat 12-də bağlanmışdır. Yeməkxanadan 100-150 metr uzaqlaşmışdır ki, əsgərlər onu tutmuşlar. Onu tutandan bir saat sonra isə Elşəni tutub gətirmişlər. O, gecə saat 3 radələrində tutulmamışdır. Postun ətrafında isə yaşayış evləri yoxdur. Onun izahatını alan müstəntiq və tədqiqatçı ilə heç bir ədavəti və problemi olmamış, həmçinin ifadəsi alınan zaman isə vəkillə təmin edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsini ibtidai istintaq zamanı verdiyi ifadəsində etiraf etməsini, lakin məhkəmə istintaqı zamanı etiraf etməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş və o, ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, 1988-ci il tarixdə Masallı rayonu, Bambaşı kəndində anadan olmuş, orta təhsillidir, Bambaşı kənd orta məktəbində təhsil almış, rəsmi olaraq heç yerdə işləmir, avtomaşın təmiri ilə məşğul olur və subaydır. Bir neçə gün əvvəl mobil telefonda whatsap proqramı vastəsi ilə İran vətəndaşı Əyyub adlı tanışı ilə danışmış, X5 Respublikasının Culfa şəhərindən tanıyır. 2018-2019-cu illərdə Culfa şəhərində avtomaşın təmiri ilə məşğul olmuş və orada yaşamışdır. Həmin zaman Əyyub bir neçə dəfə öz avtomaşınını təmir üçün onun yanına gətirmişdir. Həmin zamandan münasibətləri olmuş və ara-sıra mobil telefonla danışmışlar. Sonuncu dəfə danışarkən Əyyub ona təklif etmişdir ki, İrana gələrək orada avtomaşın təmiri ilə məşğul olusun. Azərbaycanda dolanışığı çətin olduğundan Əyyubla razılaşmış, lakin dövlət sərhədini rəsmi qaydada keçə bilməmişdir. Belə ki, adına kredit var, krediti ödəyə bilmədiyindən dövlət sərhədini keçməyinə məhdudiyyət qoyulmuşdur. Buna görə də qərara gəlmişdir ki, Azərbaycandan İrana qanunsuz olaraq keçisin. Daha sonra internetə baxaraq keçəcəyi yeri müəyyən etmiş, 20 avqust 2022-ci il tarixdə taksi ilə Bakı şəhərindən İmişli rayonuna getmiş, İmişli rayonunda haradan keçə biləcəyini dəqiq müəyyən edə bilməmişdir. Qərara gəlmişdir ki, Horadiz və ya Zəngilan rayonları istiqamətindən dövlət sərhədini qanunsuz olaraq keçsin. Cibində pulu olmadığından oradan gələn avtomaşınlara onu aparmaları üçün əl etməyə başlamışdır. Bir neçə dəqiqə sonra yanında yük maşını dayanmış, həmin yük maşınının sürücüsü sonradan adını bildiyi Şahid1 olmuşdur. Elşən ondan haraya getməsini soruşduqda, o, Zəngilan istiqamətində getmək istəməsini və onu aparmasını xahiş etmişir. Elşən də həmin istiqamətdə getdiyini və apara biləcəyini qeyd etmişdir. Bundan sonra onlar Zəngilan istiqamətində hərəkət etmişlər. Yolda olarkən Elşən ondan Zəngilana niyə getməsini soruş, o, da işlə bağlı olaraq getdiyini bildirmişdir. Onlar müəyyən postları keçdikdən sonra Zəngilan rayonuna çatmışlar. O, Zəngilan rayonunda Elşənin idarə etdiyi yük maşınından düşmüş, Elşəndə yolu ilə hərəkət etmiş və onun yanından uzaqlaşmışdır. O, yolun kənanndan dövlət sərhədinə doğru hərəkət etməyə başlamışdır. Ətrafı müşahidə edərək İran istiqamətində irəlləmişdir. Bir neçə dəqiqə sonra sərhədçilər ona dayan komandası verərək onu saxlamışlar. O, işləmək məqsədilə İrana getmək istəmiş, lakin çıxışına qadağa qoyulduğundan rəsmi qaydada gedə bilməmişdir. Buna görə də məcbur qalaraq Azərbaycandan İrana qanunsuz olaraq keçməyə cəhd göstərmişdir. Elşənin hazırki iş üzrə heç bir iştirakı və təqsiri yoxdur. O, sərnişin kimi onun yük maşınına əyləşmişdir. Elşənin onun dövlət sərhədini qanunsuz olaraq keçəcəyindən məlumatı olmamışdır. O, Elşənə pul verməmiş, Elşən də həmin istiqamətdə getdiyindən onu təmənnasız Zəngilana aparmışdır. Ona heç kəs köməklik göstərməmiş, internətə baxaraq özü keçəcəyi yeri müəyyən etmişdir. O, özü internetə baxaraq müəyyən etmiş, ona heç kim köməklik etməmişdir. Azərbaycan Respublikasında bu barədə heç kəsə məlumat verməmişdir. Spirtli içkilər ona məxsus olmuş, belə ki, hədiyyə qismində Əyyuba aparırmışdı. Ona qarşı psixi və ya zor tətbiq etməsi halları baş verməmişdir. O, qeyd olunan faktdan əlavə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz yolla və ya saxta sənədlə keçməmiş, ifadəsinə əlavəsinin olmamasını, ifadəsini oxumasını və sözləri ilə düzgün yazılmasını imzası ilə təsdiq etməsini bildirmişdir. Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır, hadisənin üstündən isə iki il vaxt keçdiyindən hadisəni xatırlamır. O, Zəngilan istiqamətində qulluq etmiş, təqsirləndirilən şəxsi isə əsgər olan zaman gecə saatlarında 9-10-cu sahələr üzrə tutmuşdur. Təqsirləndirilən şəxsi tutarkən əlindəki çantada araq və çaxır olmuşdur. O, təqsirləndirilən şəxsi görüb posta məlumat vermişdir. Təqsirləndirilən şəxsi tutan zaman o, Araz çayını keçməmişdir. Onlar gecə naryadında olan zaman kameradan sahədə şübhəli adam olmasını demişlər. O, 3-cü sərhəd zastavasında olmuşdur. Postun yanında yeməkxana yoxdur. Ümumiyyətlə sərhədə yaxın yerlərdə yeməkxana olmur. Gecə vaxtı olduğundan və şəxs şübhəli gəldiyindən onu tutmuşlar. Onlar təqsirləndirilən şəxsi sahədə tutmasaydılar sərhəddi 40- 50 metr qaçaraq tuta bilərdilər.Təqsirləndirilən şəxsi görüb ona məlumat vermişlər. Təqsirləndirilən şəxs tutulan zaman ona heç bir müqavimət göstərilməmiş, onu tutduqdan sonra sərhəd zastavasının rəisi gəlmiş və təqsirləndirilən şəxsi ona təhvil vermişdir. Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və o, ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il saat 01:00-dan 05:00-dək 3-cü sərhəd zastavasının 8-9-cu sahələrinə əsgər Şahid2 ilə birlikdə «sərhəd gözətçisi» sərhəd naryad xidmətini təşkil etmək üçün Dövlət sərhədinin mühafizəsinə dair əmr aldıqdan sonra növbətçinin nəzarəti altında silahlara baxış keçirdikdən sonra təyin olunduqları sahələrə doğru hərəkət etmişlər. Xidmətdə olduqları zaman saat 03 radələrində zastavanın rabitə növbətçisi Araz çayının qırağında bir nəfər şübhəli şəxsin müşahidə olunması barədə məlumat vermişdir. Məlumatı aldıqdan dərhal sonra onlar həmin istiqamətdə hərəkət etmiş və Araz çayına 5-6 metr məsafədə bir nəfər şəxsin Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində hərəkət etməsini müşahidə etmişlər. Bu barədə sərhəd zastavasına məlumat vermiş, daha sonra şübhəli şəxsə dayan komandası verərək onu saxlamışlar. Bir neçə dəqiqə sonra əraziyə həyəcan qrupu gəlmiş və saxlanılan şəxs sərhəd zastavasına aparılmışdır. Eyni zamanda onlara məlum olmuşdur ki, əraziyə baxış zamanı içərisində spirtli içkilər olan bir ədəd bağlamada aşkar edilərək götürülmüşdür. Onlar xidmətdə olarkən ərazidə heç kəs olmamışdır. İfadəsinə əlavə və düzəlişinin olmamasını, ifadəsini oxumasını, sözləri ilə düzgün yazılmasını və imzası ilə təsdiq etməsini bildirmişdir. Cinayət işi üzrə digər Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Şahid2 teleqramla məhkəməyə müraciət edərək, ailə vəziyyəti və yolun uzaq olması ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsini bildirmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il saat 01:00-dan 05:00-dək 3-cü sərhəd zastavasının 8-9-cu sahələrinə əsgər Şahid3 ilə birlikdə «sərhəd gözətçisi» sərhəd naryad xidmətini təşkil etmək üçün Dövlət sərhədinin mühafizəsinə dair əmr aldıqdan sonra növbətçinin nəzarəti altında silahlara baxış keçirdikdən sonra təyin olunduqları sahələrə doğru hərəkət etmişlər. Xidmətdə olduqları zaman saat 03 radələrində zastavanın rabitə növbətçisi Araz çayının qırağında bir nəfər şübhəli şəxsin müşahidə olunması barədə məlumat vermişdir. Məlumatı aldıqdan dərhal sonra onlar həmin istiqamətdə hərəkət etmişlər və Araz çayına 5- 6 metr məsafədə bir nəfər şəxsin Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində hərəkət etməsini müşahidə etmişlər. Bu barədə sərhəd zastavasına məlumat vermişlər. Daha sonra şübhəli şəxsə dayan komandası verərək onu saxlamışlar. Bir neçə dəqiqə sonra əraziyə həyəcan qrupu gəlmiş və saxlanılan şəxs sərhəd zastavasına aparılmışdır. Eyni zamanda onlara məlum olmuşdur ki, əraziyə baxış zamanı içərisində spirtli içkilər olan bir ədəd bağlamada aşkar edilərək götürülmüşdür. Ərazidə heç kəs olmamış və əlavə bağlama aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddsi ilə cinayət işi başlanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissə tərəfindən verilmiş 16/2225 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 01:00-dan saat 05:00-dək baş naryad əsgər Şahid3 və naryad üzvü Şahid2 ilə birlikdə 3-cü sərhəd zastavasının 9-cu sahəsində «Sərhəd Gözətçisi» sərhəd naryadı xidməti təyin edilmiş baş naryad əsgər Şahid3 iki nəfərin İİRdan AR-ə keçməsi məlumatı verilmiş, Xidmətlət 1 nəfər şəxsin yaxınlaşdığını aşkar edərək bu barədə aidiyyəti üzrə məruzə etmiş, zastava «Silaha» komandasına qaldırılaraq ərazi qapadılmış, xidmətlər tərəfindən 1 nəfər şəxs saxlanılmış, saxlanılan şəxsin üzərindən bir ağ rəngli paket aşkar olunmuş və bu barədə sərhəd zastavasına məlumat verilmişdir. İlkin sorğu zamanı saxlanılan şəxs özünü 1988-ci il təvəllüdlü Masallı şəhər sakini Təqsirləndirilən şəxs olmasını bildirmiş, ağ rəngli 1 (bir) ədəd paketə baxış keçirilmiş, paketin daxilində şüşə qabda olan 1 (bir) litr spirtli içkiyə oxşar üzərində «ZERO» yazılmış spirtli içki və 3 ədəd üzərində “KAQOR” yazısı olan çaxır ,sayı 4 (dörd) ədəd aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, hal şahidləri X1 və X3 iştirakları ilə xx.xx.2022-ci il tarixdə saat 03:28 radələrində Zəngilan rayonu ərazisində N №-li hərbi hissənin 3-cü sərhəd zastavasının 9cu sahəsində bir ədəd bağlama aşkar olunaraq götürülmüş, baxış yeri Zəngilan rayonunda yerləşən N №-li hərbi hissənin 3-cü sərhəd zastavasının 9-cu sahəsidir. 3-cü sərhəd zastavasıdan 9-cu sahəsinə qədər olan məsafə 1600 metr, 9-cu sahədən dövlət sərhəd xəttinə qədər olan məsafə 10 metr təşkil edir. 9-cu sahədən Azərbaycan Respublikası istiqamətində Zəngilan rayonu Baharlı kəndi yerləşir, oraya qədər olan məsafə 4000 metr təşkil edir. 9-cu sahədən müqabil dövlətin ərazisində İran İslam Respublikasının Bayduz kəndi yerləşir, oraya qədər olan məsafə 2 (iki min) metr təşkil edir. 9-cu sahəsinin sıx kol və qamışlıqda 1 (bir) ədəd ağ rəngli bağlama içərisində spirtli içki aşkar olunaraq götürülmüş, əraziyə baxış zamanı digər hər hansısa bir əhəmiyyət kəsb edən əşya, nədə predmet aşkar olunmamış, aşkar olunan torba qablaşdırılaraq götürülmüşdür. Protokol hal şahidlərinə ucadan oxunmuş, hal şahidləri tərəfindən şikayət, təklif və daxil olmamış və şahidlər protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli aşkar olunmuş predmetə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hal şahidləri X1 və X3 iştirakları ilə xx.xx.2022-ci il tarixdə saat 07:N radələrində Zəngilan rayonu ərazisində N №-li hərbi hissənin 3-cü sərhəd zastavasının 9cu sahəsində aşkar olunmuş bir ədəd bağlamaya baxış keçirilmiş, xx.xx.2022-ci il tarixdə saat 07:N radələrində N №-li hərbi hissənin 3-ci sərhəd zastavasının 9-ci sahəsinin istiqamətində aşkar olunmuş ağ rəngli bağlamaya daxilinə baxış keçirilmiş, həmin bağlamanın daxilində 3 ədəd üzərində “KAQOR” yazısı olan çaxır spirtli içkisi və 1 ədəd üzərində “ZERO” yazısı olan araq spirtli içkisi təşkil etmiş, aşkar olunmuş spirtli içkilər qablaşdırılaraq möhürlənmişdir. Protokol hal şahidlərinə ucadan oxunmuş, hal şahidlər tərəfindən şikayət, təklif və digər hər hansısa əlavə qeydlər daxil olmamış və şahidlər protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsində nəzərdə tutulmuş ititiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli qətimkan tədbiri seçilməsi baradə qərardan görünüri ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədn görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Masallı rayon İcra Hakimiyyəti Başçısının Bambaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X8 tərəfinən verilmiş xx.xx.2022-ci il tarixli, xx/xx-11683 nömrəli məktubdan görünüri ki, Təqsirləndirilən şəxs mərkəzdə müalicə olunmamış və qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı Rayon Polis Şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 258-38138- 2222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində RPŞ-də hər hansı nüfuzdan salıcı məlumat aşkar edilməmiş, Azərbaycan Respublikası DİN-nin VMAS axtarış portalında yoxlama zamanı cinayət işi və təqsirləndirici material müəyyən olunmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan aydın olur ki, Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarından gizləndiyinə görə barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən, yəni təqsirləndirilən şəxs istintaq orqanlarından gizləndiyinə görə dayandırılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/4934- 9/6456 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd 1000 ml həcmində “Зеро водка” markalı araq yoxlanılan orqanoleptik və fiziki-kimyəvi əlamətlərinə görə qablaşdırması üzərindəki etiket götəricilərinə və müvafiq standatların tələblərinə cavab verir. «Kaqor» markalı şərab orqanoleptik, tündlük əlamətinə görə və uçucu turşuluğun kütlə payına görə standatların tələblərinə cavab verir və zavod üsulu ilə hazırlanmış məhsullar üçün olan göstəricilərə uyğundur. Ekspertiza tədqiqatına təqdim edilmiş malların orta bazar qiyməti təxminən 01 ədəd «Зеро водка” markalı 1000 ml həcimli araq-11,50 manat, 03 ədəd «Kaqor şərab” markalı 750 ml həcimli şərab-13,50 manat (3 ədəd х 4,50 manat) müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Cinayət işinin materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 1(034)-6/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqtqat Qrupunun təhqiqatçısı Yelmar Vahabovun şübhəli şəxsin tutulma haqqqında protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 01:50-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 119/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 1(034)-1/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasına qanunsuz olaraq getmək məqsədi ilə 21 avqust 2022-ci il tarixdə saat 03 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Zəngilan rayonunda yerləşən 3-cü sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasından İran İslam Respublikasına keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin tələbləri pozmuş, dəfələrlə məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunvericiliyin tələbərinə uyğun olaraq xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmənin çağrışlarına üzrlü səbəb olmadan gəlməmiş, məhkəmədən gizlənmiş, cinayət məsluyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırdığı üçün Zəngilan Rayon Məhkəməsinin 1(034)-6/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilmiş, lakin təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə törətdiyi cinayət əməlinə görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-119/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli isə xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbs etməsi hazırkı baxılan cinayət işi ilə bağlı olmadığından onun cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri 120 (yüz iyirmi) manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi 120 (yüz iyirmi) manat tutulub dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə, məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məhkəmə istintaq zamanı Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabına Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak, mülki iddia və xüsusi müsadirə olunan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 3199 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 05 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 120 (yüz iyirmi) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №1(034)-1/2024
Zəngilan Rayon Məhkəməsi Hökm — İş №1(034)-1/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver