Azərbaycan Respublikası adından HÖKM Zəngilan rayonu İş № 1(034)-2/2023 13.02.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Dövlət ittihamçısı X1 İdarənin Rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1971-ci ildə Goranboy rayonu, Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Goranboy rayonu, Zeyvə kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Zəngilan rayonu, Ağalı kəndində birgə yaşadıqları yataqxanada Zərərçəkmiş şəxs ilə şəxsi münasibətləri zəminində baş vermiş mübahisələr zamanı ona söyüşlər söyməsi səbəbindən Zərərçəkmiş şəxs şüşə butulka ilə vuraraq alın nahiyyəsinin sol yarısının tüksüz hissəsində 2,2x0,5 sm ölçüdə, kənarları nahamar-qansızmalı, bucaqları küt, birləşdirici toxuma atmaları ilə müşaiyət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zəngilan rayonunun Ağalı kəndinin tikintisində fəhlə işlədiyini, Zərərçəkmiş şəxs əvvəldən tanımadığını, onun əvvəllər başqa yerdə işlədiyini, sonradan onu yerlisi onların kampına gətirdiyini, Lazımın içki düşkünü olduğuna görə kampdan qövulduğunu, Lazımın içkili olmadığı gün olmadığını, həmin gün də Lazımın içkili olduğunu, hadisədən əvvəl zərərçəkmiş şəxs Lazım ilə heç bir söz söhbətləri, ədavətləri olmadığını bildirmişdir. Hadisə baş verən gün saat 6-da işdən çıxıb çörək yedikləri zaman birgə yemək yediyi iş yoldaşları ilə söhbət etmişlər. Otaqda Lazımdan başqa 4-5 nəfər olmuşlar, zərərçəkmiş şəxs isə öz yerində uzanmışdır. 8-9 metr aralıdan zərərçəkmiş şəxs onların söhbətini eşitmiş, yerindən qalxıb ona “sən eşşəksən, nə bilirsən Rusiya nədir” demişdir. Zərərçəkmiş şəxs ona qarşı nalayiq söyüş işlədərək onu təhqir etmişdir. Lazımı butulka ilə vurmuş, butulkanı atmış, butulka gedib Lazımın alın nahiyəsinə dəymişdir. Butulka dəyəndən sonra Lazımın alnı cızılmış, alınında az qan olmuşdur. O Lazıma heç bir yardım etməmişdir. Polisi Lazımın özü zəng edib çağırmışdır. Polis gəlmiş, onların hər ikisini aparmışdır. Kampda olan həkimxanada Lazıma tibbi yardım göstərilmişdir. Otaqda 8-9 nəfər olmuşlar. Dava yatdıqları otaqda olmuşdur. Dava Lazımın nalayiq söyüşünə görə olmuşdur. Lazıma telefonla zəng edib bir razılığa gəlib barışmaq istəmiş, başlarına iş gəlmiş, şeytana lənət olsun demiş, amma Lazım barışmaq istəməmişdir. Onun özünə nə desə qəbul edərdi, amma ailəsinə qarşı söyüşü heç vaxt qəbul etmir. O, oraya ailəsinə çörək pulu aparmağa gəlmiş, ailəsini söydürməyə getməmişdir. Söyüş söydüyünə görə butulkanı atmış, butulka yerə düşmüş, Lazıma dəydiyini isə görməmişdir. Kravtdan düşəndə bəlkə kravatın tininə dəymişdir. Necə olur ki, bu qan axa-axa şöbəyə getmişdir. 102-yə zəngi Lazım özü etmişdir. Həmin günüdə gəlib Lazıma yardım edilmiş, başını sarımışlar. Təqsirləndirilən şəxs sonda törətdiyi əməldən peşman olmasını, himəyəsində iki məktəbli uşağının olmasını, özünün kasıb, fəhlə adam olmasını, evi dolandıranın tək o olmasını, heç bir yerdən köməyinin olmamasını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qısmində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi işlədiyi kampdan tanıyır. Onun əvvəl işlədiyi kampda kondisoner olmamışdır. Təqsirləndirilən şəxs bildirir ki, gündə içki içdiyinə görə onu işdən azad etmişlər. Kampda ağcaqanad əlindən yatmaq mümkün deyildir. Hadisədən 15 gün qabaq usta yoldaşından xahiş etmişdir ki, onlarda yer varsa o, da gəlsin, burda qalmaq mümkün deyildir. İş yoldaşı onu bu kampa gətirmişdir. O, işdən yorğun gəlib kitab oxuyurmuş, telefonla internetə girirmişdir. Bunların heç adlarını bilmir, heç bir münasibətidə olmamışdır. Bunlar şirkətin fəhlələri idilər. Təqsirləndirilən şəxs yalandan deyir ki, o, içkili olmuş, onun ailəsini təhqir etmişdir. O, işdən gəlib yatmışdır. Bunlar şərab məclisi qurub, yeyib içmişlər. Bu dava kiminsə sifarişi ilə olmuş, çünki o, Ələsgəri tanımır. Yuyunmağa gedən də kampda olan Sakit ona niyə səcdə etmirsən demişdir. O, da belə başa düşmüşdür ki, yəni niyə namaz qılmır, onu nəzərdə tutmuşdur. O da, çox dərinliyə getməmişdir. Yuyunub qayıdandan sonra Sakit gəl onlarla otur demiş, lakin oturmamış, telefonda internetə girmək üçün gedib yerində uzanmışdır. Bunların qışqıra-qışqıra mübahisə etmələrini görmüşdür. İstanbul-Moskva söhbəti edirlər, o da Moskvanın yaxın olmasını bildirmişdir ki, Ələsgər onun nə deməsini soruşmuş, Ramildə orda səhv etmirsə demişdir ki, «guya mən deyirəm ki, işığı söndürün yatacam”. Saat hardasa 9-10 olardı və həmin vaxtı o, yatmır. Saat 11-12-dən tez yatan olmur. Deməli bu ara qarışdırmaqdır. Ələsgər yerindən qalxıb üzərinə cummuş, «sən mənim söhbətimə qarışırsan» demişdir. Uzandığı yerdə Ələsgər ona yumruq atmağa başlamışdır. O, yatdığı yerdə onu sürmüşdür. Ələsgər onu yumruqlamağa başlamışdır. Ramil guya onları aralaşdıraraq artistlik etmişdir. Heç bir günahı olmadan ona 7 metr aradan butulka atmışdır. Ələsgərin verdiyi ifadələrlə qətiyyən razı deyildir, çünki yalan danışır, o, teroristdir. Ələsgər ona stəkan atmış, stəkan gəlib divara dəymiş, qırılıb yerə tökülmüşdür. Qalxmaq istəyəndə 1 litr 700 qram arağın şüşəsini ona atmışdır. Bu adam öldürmək deyildirmi, Ələsgər onu öldürmək istəmiş, biraz aşağı dəysəydi gözü çıxacaq idi. Gicgahına dəysəydi öləcəkdir. O, Ələsgərə heç nə etməmiş, niyə onu öldürmək istəmişdir. Bu kiminsə sifarişi ilə olmuşdur. Ələsgərin butulka ilə onu niyə vurmasının səbəbini bilmir. Ələsgər butulkadan öncə ona stəkan atmışdır. Ona heç bir ilkin yardım olmamışdır. Özü polis şöbəsinə getmişdir. Polislə onların kampın arası 2 kilometrdir. Onu vurduğu butulkanı polisə təqdim etmişdir. Onu bölmədən yataqxanaya qaytarmışlar. İşlədiyi yerdə həkim olmasını bilməmişdir. Onu Beyləqana məhkəmə ekspertizasına gətirmişlər. Səhərə kimi o vəziyyətdə qalmış, qan kəsmişdir. Səhərisi gün saat 10-da xəstəxanada ona yardım göstərmişlər. Əvvəllər məhkumluğu olmuşdur. Hadisədən əvvəl Ələsgərlə heç bir münasibəti olmamış, sadəcə ondan bir dəfə siqaret istəmişdir. Orda başqa heç kimlə mübahisələri olmamışdır. Sifariş deyəndə nəzərdə tutduğu odur ki, yəni onun heç bir mübahisəsi olmadığı halda niyə onu vurmalıdır. Stəkanı atandan sonra butulkanı kimsə götürüb Ələsgərə vermişdir. Bunlar yeyib, içib, hallanmışdılar. Hadisə o içəri girəndən yarım saat sonra olmuşdur. O, bir kəlmə demişdir ki, Moskva İstanbula yaxındır. Axrıncı cəza nədir o da tətbiq olunsun. O, şəkillərdə göstərilən vəziyyətdə olmuşdur. Barışığa cəhd edib deyəndə ki, üç aydan sonra kiməsə zəng etmişdir. Barışmaq istəmir. Zərərçəkmiş şəxs daha sonra ərizə ilə məhkəməyə müraciət edərək növbəti məhkəmə iclaslarını və məhkəmə çıxışlarını onun iştirakı olmadan keçirilməsini, təqsirləndirilən şəxslə barışmadığını və barışmaq fikrinin isə olmamasını bildirmişdir. Məhkəmə, məhkəmənin sonrakı iclaslarını zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahidlər Şahid1 Xamməd oğlu və Şahid2 teleqramla məhkəməyə müraciət edərək, Zəngilan rayonu, Ağalı kəndində tikitintidə işlədikləri üçün məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. Məhkəmə, şahidlər Şahid1 Xamməd oğlunun və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələrinin elan edilməsi ilə kifayətlənmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Xamməd oğlu ifadəsində bildirmişdir ki, o, 2022-ci ilin iyun ayının 7-dən Zəngilan rayonu, Ağalı kəndində "xxxx" MMC-də usta işləyir. Zəngilan rayonunda işlədiyi vaxlarda şitkətə məxsus yataqxanada qalmışdır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs da onunla birlikdə "xxxx" MMC-də işləmiş və eyni yataqxanada qalmışlar. xx.xx.2022-ci il tarixdə Ələsgərin son iş günü olduğu üçün araq alıb oturub yeyib-içmək istəmişlər. İş yoldaşı Şahid2 və Ələsgərlə marketdən araq və digər yeyəcək məhsulları alıb qaldıqları yataqxanaya gələrək orda yemək yeyib, aldıqları arağı birlikdə içmişlər. Yeyib-içən zaman Lazım da yataqxanaya gəlmiş, Lazıma da onlarla birlikdə yeyib-içməsini təklif etmişlər. Lazım onlarla oturmaq istəməmiş və öz yerinə keçib uzanmışdır. Birlikdə yeyib-içən zaman müxtəlif söhbətlər etmişlər. Rusiya Federasiyasının hansı şəhərinin İstanbul şəhərinə yaxın olması barədə Ələsgər söhbət etməyə başlamış və demişdir ki, Sank-Peterburq şəhəri Moskava şəhərindən İstanbul şəhərinə daha yaxındır. Həmin vaxt Lazım uzandığı yerdən onların söhbətə müdaxilə edərək Ələsgərə demişdir ki, “o şəhərlərdən söhbət etmək sənin başın üçün deyil, sən bilmərsən”. Lazımla Ələsgərin arasında mübahisə yaranmış, Ələsgər Lazımın onu təhqir etdiyini düşünərək dalaşmaq üçün onun yanına getmişdir. Lazım uzandığı çarpayından yerə düşmüş və Lazımla Ələsgər bir-birlərinin paltarlarından tutub dalaşmaq istəmişlər. Sakitlə birlikdə onları bir-biridən aralaşdırmışlar və Ələsgəri kənara çəkmişlər. Onları aralaşdırdıqdan sonra da Lazımla Ələsgər mübahisə etmişlər, Lazım Ələsgərə söyüşlər söyüşmüşdür. Lazım söyən zaman Ələsgər Lazıma tərəf gedib döymək istəmiş, Ələsgərin qarşısına keçib onu saxladıqları üçün Ələsgər içdikləri arağın şüşə butulkasını götürüb Lazıma atmışdır. Ələsgərin atdığı butulka Lazımın alnının sol hissəsindən dəymiş və Lazımın alın hisəsindən qan axmağa başlamışdır. Lazım xəsarət aldıqdan sonra yanlarından getmiş, sonradan öyrənmişdir ki, Lazım polis şöbəsinə gedib ona xəsarət yetirdiyi üçün Ələsgərdən şikayət etmişdir. Həmin dava zamanı orda ondan başqa iş yoldaşı Sakit olmuş, həmin hadisə təxminən 5 dəqiqə davam etmiş, səs-küy olmamış, ətrafdan həmin yerə toplaşanlar olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş canlı şəxsin ekspertizasının xx.xx.2022-ci il tarixli 324/22 saylı ekspert rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs alın nahiyyəsində əzilmiş yara olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əməl gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş üzrə keçirilmiş canlı şəxsin ekspertizasının xx.xx.2022-ci il tarixli 325/22 saylı ekspert rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində hər-hansı bir xəsarət aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli baxış və götürmə barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd 1.7 litr həcmdə olan boş araq şüşəsi götürülmüşdür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməlliyat və Stattistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnaməsində Təqsirləndirilən şəxs məhkumluğunun olmaması müəyyən edilir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Goranboy rayonu İcra Hakimiyyəti Başçısının X2 Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, bu əməlin törədilməsi ilə zərərçəkmiş şəxsin sağlamlığın qısa müddətə pozulması və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsi nəzərdə tutulur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Zəngilan rayonu, Ağalı kəndində birgə yaşadıqları yataqxanada Zərərçəkmiş şəxs ilə şəxsi münasibətləri zəminində baş vermiş mübahisələri zamanı ona söyüşlər söyməsi səbəbindən Zərərçəkmiş şəxs şüşə butulka ilə vuraraq alın nahiyyəsinin sol yarısının tüksüz hissəsində 2,2x0,5 sm ölçüdə, kənarları nahamar-qansızmalı, bucaqları küt, birləşdirici toxuma atmaları ilə müşaiyət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alır. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq təqsirləndirilənin Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində müəyyən edilmiş cəzasını ağırlaşdıran halların olmamasını qeyd etməklə, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törətməsini, zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunmasa da, törətdiyi cinayət əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirərək, Təqsirləndirilən şəxs barəsində onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nın 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Goranboy rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Həmçinin məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə gtməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci, əmlak müsadirəsi, mülki iddia yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №1(034)-2/2023
Zəngilan Rayon Məhkəməsi Hökm — İş №1(034)-2/2023
13.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver