Məhkəmə qərarları › İş №1(034)-4/2024

Zəngilan Rayon Məhkəməsi Hökm — İş №1(034)-4/2024

10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zəngilan rayonu İş № 1(034)-4/2024 10.10.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Dövlət ittihamçısı X2 İdarənin Rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbənin prokuroru Dövlət ittihamçısı Ələsgər oğlunun, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1965-ci ildə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, evli, orta təhsilli, DKT şirkətində sürücü işləyən, Qax şəhəri, İçəribazar küçəsi, ev 9-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətləri silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:10 radələrində Zəngilan rayonu, Ağbənd kəndində yerləşən ictimai yer hesab edilən "xxxx" X4 Ticari İşlətməsi şirkətinə məxsus işçilərin qalması üçün nəzərdə tutulmuş yataqxanada ətrafda olan şəxslərə məhəl qoymayıb, gücünü nümayiş etdirmək, özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər işlətmiş, səs-küy salaraq qarşılıqlı davranış və birgə yaşayış qaydalarını pozmuş, həmin vaxt yumruqla sonuncunun üz və burun nahiyyəsinə qəsdən zərbələr vuraraq sonuncuya sağlamlığa yüngül zərər vurmaya aid olan burun nahiyəsinin yumşaq toxumalarının əzilməsi, burun sümüyünün fraqmentləri yerinidəyişməyən qapalı sınığı xəsarəti yetirmiş, eyni zamanda qərəzli hərəkətlərini davam etdirərək silah qismində istifadə etdiyi, soyuq silah hesab edilməyən mətbəx bıçağını götürərək Zərərçəkmiş şəxs üzərinə hücum çəkərək onun həyat və sağlamlığına real təhlükə yaratmaqla xuliqanlıq etmişdir. Qeyd edilən əməli törətməsinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsi”-dən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarınını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 221.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə cinayət prosessual qanunvericiliyinin bu və digər tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, maddi sübutu, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, 2022-ci ildən “DKT” şirkətində sürücü işləmiş, hazırda isə Laçın rayonu ərazisində "xxxx" X4 Ticarət İşlətməsi Şirkətinin Azərbaycan Respublikası filialında işləyir, şirkət daşıyıcı şirkət olaraq fəaliyyət göstərir. 2024-cü ilin may ayından o, Laçın rayonunda şirkətə məxsus «Hovo» markalı avtomobili idarə etmiş, may ayına kimi Zəngilan rayonu ərazisində işləmiş və Zəngilan rayonu, Ağbənd kəndi ərazisində olan Kalyon şirkətinə məxsus yataqxanada qalırmışdır. O, yataqxanada Zərərçəkmiş şəxs və Firuz adlı şəxslə birlikdə 5 nəfərlik kamda qalırmışlar. 14.04 2024-cü il tarixdə saat təxminən 22 radədərində o, qaldığı kampa gəlmiş, həmin vaxtı Fərid kampda olmuş və yemək bişirmişdir. Fərid ona spirtli içki olan araq verməsini demiş, o isə özü ilə evdən gətirdiyi arağı Fəridə vermiş, Fəridlə birlikdə bişirdiyi yeməkdən yemiş və birlikdə araq içmişlər. Onlar araq içdikdən sonra çölə çıxıb siqaret çəkib otağa qayıtmışdır. Gecə saat 12-ni keçdikdən sonra yatmaq istəmiş, lakin Fərid telefonla danışdığı üçün otağın işığını söndürməmişdir. O, Fəridə bir neçə təkrar olaraq telefonu və işığı söndürüb yatmalarını demiş, Fərid işığı və telefonu söndürməmiş və həmin səbəbdən də aralarında mübahisə yaranmışdır. Otaqda hər ikisi də içkili vəziyyətdə olmuşlar. Mübahisəyə səbəb o, Fəridə işığı söndürməsini demiş, Fəridin isə işığı söndürməməsi olmuşdur. Baş vermiş hadisə də, həm onun, həm də zərərçəkmiş şəxsin səhvi var. Zərərçəkmiş onunla kobud danışmış, o, da öz növbəsində zərərçəkmişlə kobud danışmış, zərərçəkmişə sakitləşməsini demiş, zərərçəkmiş isə sakitləşmədiyi üçün onu vurmuşdur. O, zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirməmiş, ümumiyyətlə onun əlində bıçaq olmamış, yumruqla zərərçəkmiş şəxsi vurmuş, nəticədə zərərçəkmiş şəxsin burnu partlamışdır. İzahatları alınan iki nəfər şahid heç orada olmamışdır. O, zərərçəkmişin üz nahiyəsinə sillə ilə vurmuş, nəticədə zərərçəkmiş şəxsin burnundan qan açıldığı üçün o, çölə çıxmışdır. Zərərçəkmiş çölə çıxıb hay-həşir salanda, o, da zərərçəkmişin arxasınca çıxmış, səs-küyə bütün kampın içindəkilər çölə çıxmışlar. O, çölə çıxanda əsəbi olduğu üçün işçilər onu sakitləşdirməyə çalışmışlar və o, orda yüngül vari söyüş söymüşdür. Səs-küy saldığı üçün güvənlik gəlib onu sakitləşdirib aparmışlar. Onun əlində bıçaq olmamışdır. Otaqda zərərçəkmişdən və ondan başqa heç kim olmamışdır. Zərərçəkmiş otaqdan çıxanda o, artıq onun üz nayihəsinə sillə ilə vurmuşdur. O, zərərçəkmiş otaqdan çıxandan sonra onu vurmamışdır. Polisi güvənlik çağırmışdır. Samir onun əlində bıçaq olmasını görə bilməzdi, çünki Samir onu həyətdə görmüşdür. Zərərçəkmiş keçən məhkəmə iclasında olan zaman bildirmişdir ki, bıçaq Telmanın əlində onlar otaqda olan zaman olmuş, çölə çıxanda isə əlində bıçaq olmamış, bəs şahid onun əlində bıçaq olmasını necə görmüşdür. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməli tam etiraf edərək, törətdiyi əməldən səmimi peşman olmasını, belə bir hadisənin baş verməsini istəməməsini, zərərçəkmiş şəxslə barışmasını, evi dolandıranın tək o, olmasını, heç bir yerdən köməyi olmamasını nəzərə alaraq, məhkəmədən ona həbs cəzasının verilməməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslə Zəngilanda bir yerdə işləyirlər, bir otaqda qalırlar və heç bir qohumluq əlaqələri yoxdur. Telmanla bir yerdə çörək yedikdən sonra öz yerinə uzanıb telefonda uşaqları ilə danışan zaman Telman ona işığı söndürməsini demiş, o, işığın birini söndürmüş, Telmana bir az səbirli olmasını, uşaqları ilə danışıb qutardıqdan sonra o biri işığı da söndürəcəyini bildirmişdir. Lakin Telman içkili olduğu üçün sillə ilə onun üzünə vurmuş, bu zaman burnundan qan açılmışdır. O, sonra çölə çıxmış, səs-küyə kampda olanların hamısı oraya yığışmışdılar. Daha sonra polisə məlumat verilmiş və onları polis bölməsinə aparmışlar. Mübahisəyə səbəb işığı söndürmədiyi üçün Telmanın ona qarşı nəlayiq ifadələr işlətməsi və sonra yumruq ilə gözünün altından vurması olmuşdur. Telman gözünün alt nahiyyəsindən vuran zaman yumruğu burnuna dəymiş və burnundan qan açılmışdır. O, otaqdan çölə çıxmış, Telman da onun arxasından çölə çıxaraq, onu öldürəcəyini deyərək qışqırmışdır. Telman onun arxasınca çölə çıxıb səs-küy salan zaman kampda nə qədər adam vardısa hamısı səsə çıxmışdılar. Otaqda olan zaman Telman mətbəx bıçağını götürən vaxtı o, çölə çıxmışdır. Çölə qaçmasına səbəb isə burnundan gələn qanı yumaq olmuşdur. O, çölə çıxandan sonra Telmanın əlində bıçağı görməmişdir. İstintaqda verdiyi ifadə düzdür. O, özü də Telmanla 200 qram araq içmişdir. Telman onu vuran zaman əlində bıçaq olmamışdır. Bıçağı Telman qaldıqları otaqda olan stolun üstündən götürmüşdür. Otaqda olan zaman Telmanın əlində bıçaq olmuş, lakin o, çölə çıxanda Telmanın əlində bıçağı görməmişdir. Telman ona bıçaqla heç bir xəsarət yetirməmişdir. Bıçağın dəstəsi ağ qırmızı rəngdə olmuşdur. Hal-hazırda Telmana qarşı heç bir şikayəti yoxdur və Telmanla barışmışlar. Zərərçəkmiş şəxs daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslə barışmasını, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində bildirmişdir ki, hadisə gecə saatlarında Zəngilan rayonunda baş vermiş, lakin hadisənin baş verdiyi ayın tarixini xatırlamır. Belə ki, Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında söz-söhbət olmuş və onlar Fəridlə Telmanı sakitləşdirmişlər. Güvənliyi çağırmışlar və güvənlik gəlib onları aralamışdır. Bundan sonra onları polis bölməsinə aparmış və orada izahatlarını almışlar. Hadisə gecə saat 12-dən sonra olmuşdur. O, Zəngilanda 115-ci km-də sürücü işlədiyi üçün yataqxanada qalmış, səs-küy eşidib otaqdan çölə çıxan zaman Fəridlə Telmanın aralarında söz-söhbət olmasını görmüşdür. Telman içkili vəziyyətdə olmuş və Fəridlə bir-birlərinə qarşı söyüş söymüşdülər. Telmanı dəhlizdə görən zaman əlində bıçaq olmuşdur. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Telman içkili olub gecə vaxtı səs-küy salaraq camaatı narahat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində bildirmişdir ki, hadisə axşam saatlarında Zəngilan rayonunda baş vermiş, Fəridlə Telmanın səs-küyünə çıxmış, Telman içkili olduğu üçün hamını söymüş, hətta onu da söyüb təhqir etmişdir. Hadisə Zəngilan rayonunun Ağbənd kəndində baş vermişdir. O, Kalyonda işləyir. Yataqxanada olan zaman səs-küyə çıxmış, səs-küy olan yerə yaxınlaşanda Telmanı yerə yıxıb əlində olan bıçağı aldıqlarını görmüşdür. Telman ona qarşı çox pis söyüşlər söymüş, Telman onu söyən zaman əlində bıçaq olmamışdır. Telman müstəntiqə bildirmişdir ki, Rəhman deyib ki, o, Telmanın əlində bıçaq görməmiş, o, müstəntiqə Telmanın əlində bıçaq olmasını görməsini bildirmişdir. Hadisə zamanı Telmanın əlində bıçaq görmüşdür. O,Telmanın içkili olmayan zaman sakit olmasını və heç kimlə işi olmamasını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində bildirmişdir ki, o, 2021-ci ildən "xxxx" şirkətinin Azərbaycan Respublikası filialında Zəngilan rayonu Ağbənd kəndi ərazisində yerləşən Əhbədbəyli-Ağbənd avtomobil yolunun 115-ci km-də salınmış kampda mühafizə rəisi vəzifəsində işləyir. xx.xx.2024-cü ildə gecə saat 00:15-də işdə olan zaman ona məlumat verilmişdir ki, kampda C5 nömrəli yataqxanada dava olmuş, səs-küy var. O, dərhal həmin dava olan yerə getmiş və C5 nömrəli yataqxanadan çöldə iki nəfər şəxsin arasında mübahisə olmasını, həmin şəxslərdən birinin qışqıraraq söyüşlər söyməsini görmüşdür. Həmin yerə yaxınlaşan zaman görmüşdür ki, aralarında mübahisə olan şəxslər Fərid və Telmandır, onlardan Telman adlı şəxs ucadan söyüşlər söyür. Orda olan şəxslər Telmanın qarşısını kəsmiş və onu Fəridə yaxınlaşmağa qoymamışlar. O, Fəridi yataqxanaya salmış, yataqxanadan çıxandan sonra Telman sakitləşmədiyi üçün Telmanı ofisə dəvət etmişdir. Həmin vaxt Telman sərxoş olduğundan ucadan söyüşlər söymüş, onu sakitləşdirmək istəsələr də, Telman sakitləşməmişdir. O, Telmanı ofisə dəvət etdikdən sonra polis əməkdaşları gəlib Telmanı polis şöbəsinə dəvət etmiş, Telman yenə də səs-küy salaraq getmək istəməmiş, lakin sonra polis əməkdaşları Telmanı sakitləşdirib polis şöbəsinə aparmışlar. Telmanın hərəkəti nəticəsində kampda istirahət edənlərin istirahəti pozulmuşdur. O, Fəridi yataqxanaya saldıqdan sonra Telmana tərəf gələndə artıq Telmanın əlində bıçaq olmamış, lakin orda olan şəxslər bildirmişlər ki, Telman əlində olan bıçaqla Fəridi vurmaq istəmiş və orda olan şəxslər Telmana mane olaraq bıçağı Telmandan almışlar. O, hadisə yerinə çatanda Telman və Fərid, hər iki tərəfdə içkili vəziyyətdə olmuşlar. Telman və Fəridin ətraflarına adamlar yığışmış və onların hər ikisidə söyüş söymüşlər. Telman Fəridin üzərinə gedib vurmaq istəmiş, lakin onun qarşısını mühafizə almışdır. Kampda mübahisə düşən zaman ətrafa təxmini 100 nəfər adam yığışmışdır. Orda olan şəxslər Telmanın əlində bıçaq gördüklərini desələr də, amma o, Telmanın əlində bıçaq görməmişdir. Mühafizədəndə Telmanın əlində heç kim bıçaq görməmişdir. Şahid ibtidai istintaq zamanı isə verdiyi ifadəsini təsdiq etməsini bildirmişdir. Cinayət işi üzrə şahidlər Şahid5 və Şahid3 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclaslarında iştirak etməmişlər. Şahidlərdən Şahid5 teleqramla məhkəməyə müraciət edərək, ailə vəziyyəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsini bildirmişdir. Məhkəmə işə şahidlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, 2009-cu ildən Zəngilan rayon X5 Patrul Xidməti Bölüyündə xidmət edir. xx.xx.2024-cü il tarixdə, saat 00:10 radələrində ona zəng gəlmiş və Zəngilan rayonu, Ağbənd kəndi ərazisində yerləşən Kalyon şirkətinə məxsus kampda 2 şəxsin bir- biri ilə mübahisə, dava etdiyi deyilmişdir. O, dərhal həmin yerə getmiş və C5 nömrəli yataqxanada səs-küy gəldiyini eşidib həmin yerə getmişdir. Orda 2 nəfərin, sonradan adlarının Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxslərin bir-biri ilə dava etdiyini görmüşdür. O, ora gedən zaman Telmanın ucadan söyüşlər söyərək qışqırdığını görmüş və Telmanı sakitləşdirməyə çalışmışdır. Lakin Telman sakitləşməmiş və onların qanuni tələblərinə tabe olmamışdır. Daha sonra Telmanı çətinliklədə olsa sakitləşdirib polis söbəsinə dəvət etmişlər. O, həmin yerə gedən zaman Fəridin burnunda xəsarət olmuş, Fəridin burnundan qan axırmış, Telmanın qarşısında bir neçə şəxs dayanıb Telmanı Fəridin üzərinə getməyə qoymamalarını görmüşdür. Telman isə ucadan söyüşlər söyərək Fəridin üzərinə getmiş, həmin vaxt Fərid sakit dayanmış, səsküy salıb söyüşlər söyən, sakitləşməyən Telman olmuşdur. Həmin vaxt Telmanın əlində bıçaq görməmiş, lakin orda olan şəxslər ona Telmanın bıçaqla Fəridi vurmaq istədiyini demişlər. O, hadisə yerinə getmədən əvvəl kimsə Telmanın əlindən bıçağı almışdır. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, 2023-ci ilin yanvar ayından "xxxx" X4 Ticari İşletmesi Şirkətinin Azərbaycan Respublikası filialında sürücü işləyir. Zəngilan rayonu ərazisində işlədikləri üçün Zəngilan rayonu, Ağbənd kəndi ərazisində olan “Kalyon” şirkətinə məxsus kampda C5 yataqxanasında qalır. Təqsirləndirilən şəxs tanıyır, aralarında ədavətləri və düşmənçilikləri olmamış, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. xx.xx.2024-cü il tarixdə işdən sonra qaldığı otaqda özü üçün kartof bişirmişdir. Həmin vaxt Telman bir neçə dəfə qapını açaraq otağa baxıb ona bir neçə söz deyib getmişdir. Yemək hazır olan zaman da Telman otağa gəlmiş, onunla birlikdə bişirdiyi yeməkdən bir qədər yeyib getmişdir. Həmin vaxt Telmanın hərəkətlərindən və ağzından gələn spirt iyindən hiss etmişdir ki, Telman spirtli içki içmişdir. O, yeməyi yedikdən sonra yataqxanadan çıxıb kampda ofis olan hissəyə gedib telefonla danışmışdır. Yataqxanaya qayıdıb yatan zaman yataqxanadan səs-küy gəldiyin eşidib otaqdan çıxmışdır. Otaqdan çıxan zaman görmüşdür ki, Fərid yataqxananın dəhlizində ona tərəf gəlir, əlinini burnuna tutmuş. burnundan qan axır. Fərid həmin vaxt demişdir ki, onu otaqda Telman vurmuşdur. Həmin vaxt Telman qaldığı otağın qapısının ağzında olmuş, səsə toplanmış şəxslər Telmanı sakitləşdirmək istəmiş, Telman söyüşlər söyüb Fəridə xəsarət yetirəcəyi ilə hədələmişdir. Həmin vaxt o və orda olan şəxslər Telmanı sakitləşdirmək istəmiş, lakin Telman onu sakitləşdirmək istəyən şəxslərə, həttda ona da söyüşlər söymüş, Fəridin üzərinə gedib onu vurmaq istəmişdir. Telmanı sakitləşdirə bilmədikləri üçün mühafizə rəisi Ədalətə məlumat vermişlər. Ədalət gəldikdən sonra da Telman yenə də sakitləşməmiş, söyüşlər söymüş, Fəridin üzərinə gedib onu vurmaq istəmiş, onu sakitləşdirmək istəyənləri də söyərək təhqir etmişdir. Ədalət çətinliklə də olsa Telmanı ofisin yanına aparmış, sonra polis əməkdaşları gəlmiş, Telman səs-küy saldığı üçün onu polis şöbəsinə dəvət etmişlər, lakin Telman polis əməkdaşlarının da sözünü eşitməmişdir. Sonra polislər Telmanı sakitləşdirib polis şöbəsinə aparmışlar. O, Telmana yaxınlaşan zaman bıçaq yerdə olmuş, ola bilsin kimsə ondan əvvəl Telmanın əlindən bıçağı alıb yerə atmışdır. Ayağı ilə həmin bıçağı otağın kənarına itələmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisənin baş verdiyi yer Zəngilan rayonu, Ağbənd kəndi ərazisində Kalyon şirkətinə məxsus 115 nömrəli kampın C5 nömrəli yataqxanasıdır, təxminən 100 nəfər işçinin istirahət etməsi və yatması üçün nəzərdə tutulmuş, ətraf hissəsi də yataqxanalardır, ictimai yerdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatiomiya Birliyi” X6 Beyləqan rayon şöbəsindən təqdim edilmiş, xx.xx.2024-cü tarixli 98/24 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs burun nahiyəsinin yumşaq toxumalarının əzilməsi, burun sümüyünün fraqmentləri yerinidəyişməyən qapalı sınığı olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yumruq zərbəsinin təsiri nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-3/936 nömrləi rəyindən görünüriki, təqdim edilmiş 01 ədəd bıçaq zavod üsülü ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2024cü il tarixli, xx/xx-7666 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloji mərkəzdə qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 8097 nömrəli məktubundan aydın olur ki, Balacayev X1 Xəstəxanasında qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax Rayon Xalq Məhkəməsinin xx.xx.1986-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 83-cü maddəsinin 3-cü hissəsi, 23-1 maddəsi ilə təqsirli bilirənək, 03 il müddətinə azadlıqlan məhrum etmə cəzasına məhkum edilmiş, təyin edilmş cəza 03 il müddətinə şərti hesab edilmiş, xx.xx.1986-cı ildə cəzasının sonnu ilə azad olunmuş, Qax Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 189-1-1-ci hissəsi ilə təqsirli bilinərək, əmək haqqısının 10 faizi tutulmaqla 1 il müdətinə islah işləri cəzasına məhkum edilmiş, Qazax Şəhər Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.1, 221.2.1, 221.2.2, 221.3-cü maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 471 saylı Əfv Fərmanına əsasən cəzadan azad edilmişdir. İşdə olan Qax Rayon İcra Hakimiyyəti Başçısının Qax şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:10 radələrində Zəngilan rayonu, Ağbənd kəndində yerləşən ictimai yer hesab edilən "xxxx" X4 Ticari İşlətməsi şirkətinə məxsus işçilərin qalması üçün nəzərdə tutulmuş yataqxanada ətrafda olan şəxslərə məhəl qoymayıb, gücünü nümayiş etdirmək, özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər işlətmiş, səs-küy salaraq qarşılıqlı davranış və birgə yaşayış qaydalarını pozmuş, həmin vaxt yumruqla sonuncunun üz və burun nahiyyəsinə qəsdən zərbələr vuraraq sonuncuya sağlamlığa yüngül zərər vurmaya aid olan burun nahiyəsinin yumşaq toxumalarının əzilməsi, burun sümüyünün fraqmentləri yerinidəyişməyən qapalı sınığı xəsarəti yetirmiş, eyni zamanda qərəzli hərəkətlərini davam etdirərək silah qismində istifadə etdiyi, soyuq silah hesab edilməyən mətbəx bıçağını götürərək Zərərçəkmiş şəxs üzərinə hücum çəkərək onun həyat və sağlamlığına real təhlükə yaratmaqla xuliqanlıq etmişdir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart №1 saylı Qərarına əsasən,ictimai qaydanı kobud sürətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür.Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyitlik, etinasızlıq göstərməsi,cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları ,əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq,bir çox insan və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, zərərçəkmiş şəxlə barışmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməsi, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, onun şəxsiyyətini xarakterizə edən hallarıtörətdiyi əməlini əvvəl qismən etiraf etsə də, sonradan isə törətdiyi əməlini tam etiraf edərək əməlindən səmimi peşmançılıq hissini keçirməsini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs təyin olunmuş cəza şərti olaraq tətbiq edilməli və belə olan halda isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinin tələbinə görə məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə iş və daimi yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə iş üzrə maddi sübutlara dair məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Zəngilan rayon Polis Şöbəsində saxlanılan 01 ədəd zavod istehsalı olan mətbəx bıçağı məhv edilməlidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri 64 (altmış dörd) manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi 64 (altmış dörd) manat tutulub dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə, məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məhkəmə istintaq zamanı “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs Aslan oğluna məhkəmə istintaqı zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabına Müdafiəçi İmamaddin qızının vəkil işlədiyi «Güvən» Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülməlidir. İş üzrə əmlak müsadirəsi, maddi ziyan və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqan məhrum edilmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə iş və daimi yaşayış yerini dəyişərkən onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Zəngilan rayon Polis Şöbəsində saxlanılan 1 ədəd zavod istehsalı olan mətbəx bıçağı məhv edilsin. Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi «Güvən» Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar