Məhkəmə qərarları › İş №1(035)-15/2024

Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-15/2024

19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-15/2024 19.02.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X2 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1962-ci ildə Ağdam rayonunun Şotlanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, əvvəllər məhkum olunmuş və hazırda məhkumluğu ödənilməmiş, Ağdam rayonunun Şotlanlı kəndində qeydiyyatda olmaqla hazırda Ağdam rayonu Quzanlı qəsəbəsi ev 37-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Zərdab Rayon Məhkəməsinin binasında 19 fevral 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Zərdab rayonu Məmmədqasımlı kəndində gəlmiş, həmin kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə bitişik sahədə yerləşən saxlanc yeri hesab olunan iribuynuzlu və xırdabuynuzlu heyvanların saxlanıldığı tövlənin pəncərəsindən içəri qanunsuz daxil olaraq oradan ümumi dəyəri təxminən 920 manat olan 4 baş quzunu oğurlamış, yəni gizli olaraq talamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, əslən Ağdam rayonundanıdır və ailəsi ilə birlikdə Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 29,120 və 181-ci maddələri ilə 14 il müddətinə azadlıqdan məhrum edilmişdir və hazırda məhkumluğu ödənilməmişdir. Heç bir yerdə işləmir və gəlir yeri yoxdur. Əvvəllər ürəyində olan xəstəliklə əlaqədar pensiya almış, təxminən il yarımdır ki, pensiyası kəsilmişdir. Qazanc əldə etmək məqsədilə oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün 2023-cü ilin aprel ayının 3-ü Ağdam rayonundan Zərdab rayonuna gələrək kəndləri gəzməyə başlamışdır. Kəndləri gəzərkən əsasən kəndin şəhərdən uzaq olmasına üstünlük vermişdir. Daha sonra Zərdab rayonu, Məmmədqasımlı kəndini magistral yola yaxın olduğu üçün seçmişdir. Həmin kəndə gələrək heyvan oğurlamağı qərarlaşdırmışdır. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində idarə etdiyi Vaz-2107 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərdab rayonuna gəlmişdir. Avtomobili yol kənarında saxlayıb kəndə tərəf getmişdir. Kəndin içərisində əsas yolla gəzərək bir-bir evlərə və onların həyətyanı sahələrinə baxmışdır. Həmin vaxtı yola yaxın evlərdən birinin tövləsinin yola daha yaxın olduğunu, oğurluq etmək üçün daha əlverişli şəraiti olduğunu gördükdə həmin tövlədən oğurluq etmək qərarına gəlmişdir. Həmin tövlənin divarında pəncərə olmuşdur. Həmin pəncərə açıq olduğundan pəncərədan keçərək tövləyə daxil olmuşdur. Tövlənin içində quzular ayrı, qoyunlar isə ayrı yerdə olmuşdur. Tövlənin çölündə isə iribuynuzlu mal hevanları olmuşdur. Pəncərədən 4 quzunu və 1 qoyunu həmin tövlədən çıxararaq çölə yığmışdır. Daha sonra isə özü də həmin pəncərədən çölə çıxmışdır. Quzuları və qoyunu sürərək avtomobilin yanına gətirmişdir. Əvvəlcədən cibində olan press ipi ilə quzuların ayaqlarını bağlamışdır. Qoyunu yolda buraxmışdır. Qoyunu götürməkdə məqsədi quzuları gətirmək olmuşdur. Quzuları yaşadığı Ağdam rayonu, Şotlanlı kəndində yerləşən evinə boşaltmışdır. Təxminən 2-3 gün sonra quzuları Bərdə rayon Mal bazarına apararaq tanımadığı şəxsə satmışdır. Quzuları orta hesabla hər birini 160-170 manata satmışdır. Daha sonra onu Zərdab rayon polis şöbəsinin əməkdaşları saxlamış və o, əməlimi etiraf etmişdir. Hazırda səhvini başa düşür və əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsiri özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və işin digər materalları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Zərdab rayonunun Məmmədqasımlı kəndində yaşayır. Evinin həyətində tövləsi vardır. Həmin tövlədə 45 ədəd quzu saxlayır və kənd təsərrüfatı ilə məşğul olub ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində heyvanların hamısını tövləyə salmış, səhər, yəni xx.xx.2023-cü il tarixdə saat 05 radələrində tövləyə gələn zaman tövlənin arxasında qoyunun mələməsini görmüşdür. Tövlənin arxasına keçdikdə bir baş qoyunun çöldə olduğunu görmüş və qoyunu tövləyə salmışdır. Tövlədə quzuları saydıqda quzuların sayının az olmasını görmüşdür. Quzuların oğurlandığını bilib bu barədə Polis Şöbəsinə məlumat vermişdir. Sonradan həmin oğurluq hadisəsini Ağdam rayon sakini Təqsirləndirilən şəxs törətdiyini bilmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işində olan məhkəmə-əmtəəşünaslıq ekpertizasının 9/5675 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş qərarda göstərilən 4 baş ət çıxarı 14-15 kq, 6 aylıq, sağlam quzuların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri olaraq təxminən 920,00(4x230 man) manat müəyyən olunur. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99, 23-1-ci maddələri ilə təqsirli bilinib əməyə mütləq cəlb olunmaqla 03 il şərti cəzaya məhkum edilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-3 M 2 his, 23-1-ci maddələri ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və əməyə mütləq cəlb olunmaqla cəzası şərti hesab edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2001-ci il tarixli Amnistiya Qərarının 5-ci maddəsinə əsasən cəzadan azad edilmişdir. Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1, 29.120.2.1, 29.120.2.11, 181.2.3, 181.2.4, 181.2.5, 181.3.1, 181.3.3, 66.3-cü maddələri ilə təqsirli bilinib 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 93-5.2, 228.1, 38, 66.5-ci maddələri ilə təqsirli bilinib 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 01 il 16 gün müddət vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işində olan xx.xx.2023-cü il tarixli protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:00 radələrində tutulmuşdur. Cinayət işində olan “tutulmuş şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14:00-da Zərdab RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Nəmirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyinə və işin digər materallarına məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs olduğundan və məhkumluğu götürülməmiş və ya ödənilməmiş yenidən qəsdən cinayət törətdiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlində cinayətlərin residivinin olmasını, əvvəllər məhkum olunmasından nəticə çıxarmayaraq yenədə cinayət əməli törətməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona ittiham elan olunan maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hazırda əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı ödəməsini nəzərə alınaraq mümkün qədər aşağı həddə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 18.5-ci maddəsinə görə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azəbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətlərə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən Azərbaycan Respublilası CM-nin 56.1.3-cü maddəsinə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə azadlıqdan məhrum etmə cəzası təyin edildiyi üçün barəsində seçilmiş « başqa yerə getməmək haqqında iltizam » qətimkan tədbiri dəyişdirilərək haqqında “həbs” qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu bir gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu 19 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət mədaxilinə ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddəti nəzərə alaraq, bir günə bir gün hesabı ilə təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək haqqında “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu 19 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan şəxs hökmü aldığı gündən) 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar