Məhkəmə qərarları › İş №1(035)-18/2025

Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-18/2025

17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-18/2025 17.04.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X9 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Zərdab rayonu, Alıcanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, “X19” Məhdud Məsuliyyətli Cəmiyyətində sosial işçi işləyən, 2-ci Qarabağ Müharibəsi iştirakçısı, Zərdab rayonu, Alıcanlı kəndində daimi qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Zərdab Rayon Məhkəməsinin binasında 17 aprel 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Zərdab rayonu, Alıcanlı kənd sakini Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən mal-qara saxlanılması üçün nəzərdə tutulmuş başqa saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq sonuncuya məxsus dəyəri 250 manat olan bir baş 05 aylıq 25 kq çəkidə erkək cinsli quzunu gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərdab rayonu, Alıcanlı kəndində daimi qeydiyyatda olmaqla həmin kənddə yaşayır, “X19” Məhdud Məsuliyyətli Cəmiyyətində sosial işçi işləyir, 2-ci Qarabağ Müharibəsi iştirakçısıdır. Ailəlidir himayəsində iki azyaşlı uşaqları vardır. Qızının gözündə olan zəifliklə əlaqədar onu Bakı şəhərində yerləşən xəstəxanaya həkimə aparmalı olmuş, lakin maddi imkanı olmadığından apara bilməmiş bu səbəbdən oğurluq etmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanımış və onun qoyun saxladığını bilmişdir. xx.xx.2024-cü il tarixində Zərdab rayonunda 4 yol adlanan ərazidə tanımadığı bir taksiyə minib həmin taksi ilə Zərdab rayonu Alıcanlı kəndinə getmiş və taksiyə minərkən sürücüyə Alıcanlı kəndindən 01 baş qoyun gətirəcəyini bildirmiş və bunun qarşılığında ona 20 manat məbləğində pul verəcəyini bildirmişdir. O, həmin taksini Fizulinin tövləsindən 300 metr məsafədə saxladaraq həmin tövləyə doğru tək getmiş və tövlənin məftillə bağlanmış qapısını açaraq içəri daxil olmuş, daxil olduqdan sonra orada heyvanlara baxıb 01 baş quzunu götürərək tövlədən çıxmışdır. Həmin qoyunu ayaqlarını bağlayaraq gəldiyi taksiyə doğru getmişdir. Taksi sürücüsü onu Zərdab rayonunda yerləşən 4 yol ərazisində düşürmüşdür. Lakin, taksi sürücüsünün həmin qoyunun oğurluq olmasından xəbəri olmamışdır. Sonra həmin quzunu Elbrus adlı şəxsə 220 manat məbləğinə satmışdır. Hazırda əməlindən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı ödəmiş və Zərərçəkmiş şəxs ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadəsi, ekspertiza rəyi və işin digər materalları ilə tam sübüta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 19 dekabr 2024-cü il tarixdə yaşadıqları Alıcanlı kəndi ərazisində toy şənliyi olmuş və o, da həmin toy şənliyində iştirak etmişdir. Toydan evə gələrkən evdə bir müddət oturduqdan sonra həyatyanı sahəsində yerləşən tövlədə qoyunları yoxlamağa getmişdir. Həmin tövlə həyatyanı sahəsində yerləşir və hər tərəfi divarla bağlıdır, tövlənin qapısını isə hərdəfə iplə və yaxud qıfılla bağlayır. Həmişəki kimi qapını bağlamışdır. Tövlədə heyvanları sayarkən bir baş qoyunun olmadığını görmüş və dərhal polisə məlumat vermişdir. Sonradan həmin qoyunun həmkəndlisi X6 tərəfindən oğurlandığı müəyyən edilmişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir. X3 bağışlayır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X4 ifadəsində göstərmişdir ki, 19 dekabr 2024-cü il tarixdə Zərdab rayonu Dördyol yaxınlığında olan bərbərxanada olarkən tanımadığı bir nəfər şəxsin qoyun satmaq istədiyini eşitmişdir. Tanışı Şahid1 Əlniyyət oğlu əvvəlcədən ona qurbanlıq qoyun almaq istədiyini bildirdiyindən Məhəmmədlə danışıb bir nəfər şəxsin qoyun satdığını bildirmişdir. Sonra həmin şəxs ona zəng edərək xəstə uşağı olduğundan pul lazım olduğu üçün 2 ədəd hinduşka satmaq istədiyini bildirdiyindən həmin şəxslə görüşüb 50 manata 2 ədəd hinduşkanı sonradan adının Niyazi olduğunu bildiyi şəxsdən almışdır. Həmin gün tanışı Məhəmməd Zərdab rayonu Dördyol adlanan ərazidə Niyazi ilə görüşərək 220 manata qoyunu almışdır. Niyazinin satdığı həmin qoyunun oğurluq olmasından nə onun, nə də Məhəmmədin xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 Əlniyyət oğlu ifadəsində göstərmişdir ki, X2 rayon sakini kimi tanıyır və yaxın münasibətləri vardır. Onunla görüşəndə söhbət əsnasında ona qurbanlıq qoyun lazım olduğunu bildirmişdir. Buna görə də 19 dekabr 2024-cü il tarixdə Elbrus ona zəng edərək bir nəfər şəxsin qoyun satdığını, əgər almaq istəyirsə gəlib baxmağını dediyi üçün lazılaşaraq onlarla görüşmək üçün Zərdab rayonu Dördyol adlanan əraziyə getmişdir. Orada adının Niyazi olduğunu bildiyi bir nəfər şəxs ona təxminən təmiz çəkisi 13 -14 kq olan qoyunu göstərərək qızı xəstə olduğu üçün satdığını, həmin qoyunu atası ona satmaq üçün verdiyini bildirmişdir. O, razılaşaraq həmin qoyunu 220 manata Niyazidən almışdır. Evə gəldikdən 1 saat sonra polis şöbəsindən zəng edilərək həmin qoyunun oğurluq olduğu bildirilmişdir. Qoyunu alarkən həmin qoyunun oğurluq olmasından xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 Hüseyn oğlu ifadəsində göstərmişdir ki, rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Adətən Zərdab rayonu Dördyol ərazisində taksi kimi dayanır. 19 dekabr 2024-cü il tarixdə, saat 17 radələrində tanımadığı şəxs ona yaxınlaşaraq Alıcanlı kəndinə gedəcəyini bildirmiş, o, da ona bir neçə saat burada olacağını demişdir. Təxminən 1 saat sonra həmin şəxs gələrək ona Alıcanlıya getmək istədiyini və evlərindən qoyun gəticərəyini bildirmişdir. O, da əgər qoyun qoyacaqsa avtomobil batacaq deyə 20 manat versə gedəcəyini bildirmişdir. Sonradan adının Nıyazı olduğunu bildiyi həmin şəxs onunla razılaşmışdır. Təxminən axşam saat 18 radələrində Alıcanlı kəndinə çatmışlar. O, avtomobili yolun kənarında saxlayaraq Niyazini gözləmişdir. Təxminən yarım saat sonra Niyazi bir baş qoyunu gətirərək dördyola qayıtmalı olduqlarını bildirmişdir. Onunla birlikdə rayona qayıtmışlar. Niyazini Zərdab şəhəri SMU 21 qəsəbəsi yaxınlığında avtomobildən düşürərək ondan 20 manat pul almışdır. Sonradan eşitmişdir ki, həmi qoyun oğurluq olmuşdur. Lakin, onun əvvəlcədən həmin qoyunun oğurluq olmasından xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı dövlət ittihamçısını vəsatəti əsasında dəvət edilərək şahid qismində dindirilən X11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Elşənin satdığı 2 ədəd hinduşka özlərinə məxsusdur və öz razılıqları ilə satılmışdır. Niyazi hinduşka oğurlamamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X12 şahid X5 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işində olan Zərdab rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-13-120/2- 3744/25 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən hind quşu (hinduşka) oğurlanması faktı ilə bağlı Zərdab rayon Polis Şöbəsində hər hansı cinayət işi istintaq edilməmiş və ya inzibati material olmamışdır. Cinayət işində olan məhkəmə-əmtəəşünaslıq ekpertizasının 9/162 saylı, xx.xx.2025-ci tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 baş, 5 aylıq diri çəkisi təxminən 25 kq olan erkək quzunun orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 250 manat müəyyən olunur. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan « şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan “qətimkan tədbiri seçmək və MSY-dən azad etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saat 11:30-da Zərdab RPŞ-nin MSY-dən azad edilmişdir. Cinayət işində olan Zərdab RİHB-nın Alıcanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi F.İsmayılov tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan Zərdab RİHB-nın Alıcanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi F.İsmayılov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 06 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Zərdab rayonunun Alıcanlı (Cilovxanlı) kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. Cinayət işində olan Zərdab RİHB-nın Alıcanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi F.İsmayılov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 05 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X7 adlı iki azyaşlı uşağı vardır. Cinayət işində olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-43-63/2-A-xx/xx-2025 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmiş və Vətən Müharibəsi dövründə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etmiş, “Füzulinin azad olunmasına” görə, “Şuşanın azad olunmasına” görə və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Medalının İ-2097 nömrəli vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli, 2364 saylı Sərəncamı ilə Təqsirləndirilən şəxs “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Medalının İ-4384 nömrəli vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli, 2362 saylı Sərəncamı ilə Təqsirləndirilən şəxs “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Medalının İ-1871 nömrəli vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli, 2370 saylı Sərəncamı ilə Təqsirləndirilən şəxs “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Medalının İ-897 nömrəli vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250 s saylı Sərəncamı ilə Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Cinayət işində olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş və ona qarşı şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, ekspert rəyi, işin digər materallarına məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsə elan olunan Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini və 2-ci Qarabağ müharibəsi iştirakçısı olmasını, Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını, Azərbaycan Respublikasının CM-nin 59.1.13-cü maddəsinə əsasən ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs qəti cəza təyin edərkən hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 158.2.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu iki gün müddətin bir gününü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia, maddi sübut və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Zərdab rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar