Məhkəmə qərarları › İş №1(035)-19/2024

Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-19/2024

06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-19/2024 06.05.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X4 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cü ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, Zərdab şəhəri, Zərdabi küçəsi ev 57 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 06 may 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr ayının əvvəllərində istintaqa məlum olmayan mənbədən xeyli miqdarda, yəni təmiz çəkisi - 6,01 qram “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində həmin narkotik vasitənin təmiz çəkisi 0,30 qram olan hissəsini siqaret dənəsinə dolduraraq üzərində saxlamaqla Zərdab rayon ərazisinə daşımış, Zərdab RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Əfəndiyev X2 saxlanılaraq 09 dekabr 2023-cü il tarixdə, saat 20:20 dəqiqədə şübhəli şəxs qismində tutulduqdan sonra keçirilmiş şəxsi axtarış zamanı üzərindən 01 (bir) ədəd siqaret dənəsində təmiz çəkisi - 0,30 qram, eləcə də yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə keçirilən baxış zamanı 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 5,71 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Heç yerdə işləmir, ancaq günəmuzd olaraq iş olduqda işləyərək ailəsini dolandırır. Son 3 ilə yaxındır ki, narkotik vasitə olan marixuana (nəşə) qəbul edir. Təxminən 25 gün bundan əvvəl Bakı şəhərinə getmiş və orada tanımadığı şəxslə telefonla danışmış, həmin şəxsin yadında qalmayan kart nömrəsinə 40 manat pul köçürmüş və kibrit karopkası həcmində marixuana istəmişdir. Həmin şəxs də, Mərdəkan qəsəbəsində dayanacağın arxasına gətirib marixiuananı qoymuş və o, marixuananı həmin yerdən götürmüşdür. xx.xx.2023-cü il tarixdə saat təxminən 19:10 radələrində öz evindən çıxmış və evinin yaxınlığında olan Zərdabi adına müsiqi məktəbinin yanında olan zaman polis əməkdaşları onu saxlamışlar. Mülki geyimdə olduqlarından özlərini təqdim etdikdən sonra ona üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə onlarda məlumat olmasını bildirərək onlarla polis şöbəsinə getməsini xahiş etmişlər. O, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Həmin günü o, küçəyə çıxmamışdan əvvəl öz həyətində bir ədəd siqareti nəşə ilə doldurub cibində olan Vest siqaret qutusuna qoymuşdur. Qutuda başqa heçnə olmamışdır. Zərdab rayon Polis Şöbəsinə gəldikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra seçdiyi müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən qabaq ona, üzərində cinayət xarakterli hər hansı, əşya, predmet olduğu halda təqdim etməsi təklif edilmişdir. Əynində olan ağ sarı rəngli parça gödəkçəsinin sol yan cibində olan ağ rəngli Vest siqaret qutusunu, gödəkçəsinin sağ yan cibindən içərisində bir neçə ədəd siqaret olan Vest siqaret qutusu, gödəkçəsinin içəri sol tərəf cibində olan iki ədəd alışqan, 2 ədədi 5 manatlıq, 5 ədədi isə 1 manatlıq olmaqla cəmi 15 manat pulu, şalvarının sol qabaq cibindən 1 ədəd Redmi 9 markalı, qara rəngli telefonunu çıxardıb masanın üzərinə qoymuşdur. Daha sonra “nəşə” olduğunu bildirdiyi həmin Vest siqaret qutusunun içərisində çəkmək üçün özü doldurmuş olduğu hazır 1 ədəd siqaret onun iştirakı ilə elektron tərəzi ilə çəkilmiş və çəkisi 1,29 qram müəyyən edilmişdir. Həmin siqaret zərfə qoyulub ağzı bağlanıb 97 saylı möhürlə möhürlənib götürülmüşdür. Həmin zərfin üzərinə bununla bağlı aparılmış qeydi digər iştirakçılar kimi imzalamışdır. Masanın üzərinə qoyduğu 02 ədəd alışqan, 15 manat pul və siqareti ona qaytarılmışdır. Bundan sonra baxış zamanı evində narkotik vasitənin olmasını bildirdiyi üçün vəkili və polis əməkdaşları onun ünvanına gəlmiş və öz razılığı və təqdim etməsi ilə evinə keçmişlər. Özü evə girişdən sol tərəfdə olan mətbəxtdəki soyuducunun üstündəki qara rəngli cüzdanını və içərisində nəşə yəni mariuxuana olan kağız bükülünü polis əməkdaşlarına təqdim etmişdir. Ondan sonra da digər yerlərə də baxış keçirilmiş və başqa şübhəli heçnə aşkar olunmamışdır. Sonradan həmin təqdim etmiş olduğu bükülüyə baxış keçirilmiş və spesifik iyli həmin kütlə elektron tərəzidə qoyulmaqla çəkilmiş və ümumi çəkisi 7,27 qram olması müəyyən edilmişdir. Bundan sonra büküm zərfə qoyulub ağzı bağlanıb 97 saylı möhürlə möhürlənib götürülmüş və iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona heç bir fiziki güc tətbiq edilməmişdir. Etdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Zərdab rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Zərdab şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatla əlaqədar raportla şöbə rəhbərliyinə məruzə edilmiş və əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Daha sonra Zərdab RPŞ-nin əməliyyat müvəkilləri Şahid4, Şahid2 və Şahid3 ilə birlikdə əməliyyat tədbirlərini həyata keçirməyə başlamışlar. Təqsirləndirilən şəxs Zərdab şəhər Zərdabi küçəsində görərək ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə gəldikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Ona müdafiəçi təyin edilmiş və üzərinə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə Raufa üzərində olan əşyaları masanın üzərinə qoyması təklif olunmuşdur. Bundan sonra Rauf əynində olan ağ sarı rəngli parça gödəkçənin sol yan cibində olan ağ rəngli qalın Vest siqaret qutusunu, gödəkçənin sağ yan cibindən içərisində bir neçə ədəd siqaret olan Vest siqaret qutusunu, gödəkçənin içəri sol tərəf cibində olan iki ədəd alışqanı, 2 ədəd 5 manatlıq, 5 ədədi isə 1 manatlıq olmaqla cəmi 15 manat pulu, şalvarının sol qabaq cibindən 1 ədəd Redmi 9 markalı, qara rəngli telefonunu çıxardıb masanın üzərinə qoymuşdur. Daha sonra “nəşə” olduğunu bildirdiyi həmin Vest siqaret qutusunun içərisində çəkmək üçün özünün doldurmuş olduğu hazır 1 ədəd siqaret onun iştirakı ilə elektron tərəzi ilə çəkilmiş və çəkisi 1,29 qram olmuşdur. Həmin siqaret zərfə qoyulub ağzı bağlanıb 97 saylı möhürlə möhürlənib götürülmüşdür. Bundan sonra Rauf baxış zamanı yaşadığı evində narkotik vasitənin olmasını bildirdiyi üçün onun vəkilinin iştirakı ilə yaşadığı ünvana gedilmişdir. Raufun öz razılığı və təqdim etməsi ilə evinə baxış keçirilmişdir. Rauf özü evə girişdən sol tərəfdə olan mətbəxtdəki soyuducunun üstündəki qara rəngli cüzdanını və içərisində nəşə yəni mariuxuana olan kağız bükülünü onlara təqdim etmişdir. Ondan sonra da digər yerlərə baxış keçirilmiş və başqa şübhəli heçnə aşkar olunmamışdır. Sonradan həmin bükülüyə baxış keçirilmiş və spesifik iyli həmin kütlə elektron tərəziyə qoyulmaqla çəkilmiş və ümumi çəkisi 7,27 qram olması müəyyən edilmişdir. Bundan sonra büküm zərfə qoyulub ağzı bağlanıb 97 saylı möhürlə möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat eşitməmişdir. Yalnız Raufun narkotik vasitələrdən istifadə etməsini eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Zərdab RPŞ-nin CAB-nin əməkdaşları Şahid2, Şahid4 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 17/837 nömrəli rəyində göstərilmişdir ki: Tədqiqata təqdim olunmuş üzərində “Zərdab şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı ünvandakı evinin mətbəxindən aşkar olunmuş ağ kağıza bükülmüş olan spesifik iyə malik kütlə...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi – 5,71 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabsis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Zərdab şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş siqaret bükümündə (bir ədəd) tərəfimizdən qablaşdırıldı...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisində 01 (bir) ədəd siqaret kağız bükümündə, təmiz çəkisi – 0,30 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabsis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin bükümün içərisində təmiz çəkisi 0,27 qram olan bitki mənşəli kütlə narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd kağız bükümdə və 01(bir) ədəd siqaret kağızı bükümündə olan qurudulmuş marixuanalar tərkibinə görə eynidirlər. Cinayət işində olan « sübutların qiymətləndirilməsi haqqında » xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş tədqiqata sərf edildikdən sonra qalıq qalan təmiz çəkisi ümumilikdə 6.19 qram olan narkotik vasitə olan marixuana kütləsi cinayət işi üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və Zərdab RPŞ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 230 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:20-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixində CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmiş, həmin gün saat 18:00-da barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Zərdab rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Zərdab rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə hökm ilə təyin edilmiş 3000 manat cərimə cəzası 02 il müddətinə islah işləri cəzası ilə əvəz edilmişdir. xx.xx.2016-cı il tarixdə Milli Məclisin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 1.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Cinayət işində olan Zərdab RİHB-nin Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Əliyev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. Cinayət işində olan Zərdab RİHB-nin Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Əliyev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X3 adlı bir azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, şahidlərin ifadələrinə, ekspert rəylərinə, işin digər materiallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs qəti cəza təyin edərkən hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 158.2.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu iki gün müddətin bir gününü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə narkoloji ekspertizasının rəyinə görə narkomaniya xəstəliyi aşkar olunduğu üçün onun barəsində Azərbaycan Respublikası CMin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş tədqiqata sərf edildikdən sonra qalıq qalan təmiz çəkisi ümumilikdə 6.19 qram olan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını Zərdab rayonu ərazi hüdudları daxilində çəksin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Zərdab rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 6,19 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində pulu Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar