Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-19/2025 29.05.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X4 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Zərdab rayonunun Körpükənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvələr məhkum olmayan, Zərdab rayonunun Körpükənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 29 may 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilə bilinməyən vaxtda və mənbədən satış məqsədi olmadan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, xeyli miqdar hesab olunan 302,24 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 11:50-də Zərdab rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Zərdab rayonu, Körpükənd kəndində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman qeyd edilən 302,24 qram çəkidə həmin narkotik vasitə olan qurudulmuş marixuana əynindəki gödəkçənin içəri hissəsindən bir ədəd sellofan kəsiyi bükümündə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərdab rayonu Körpükənd kəndində qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də fərdi qaydada fəhləliklə məşqul olaraq qazanc əldə edib, dolanışığını təmin edir. xx.xx.2025-ci il tarixdə saat 9 radələrində Kür çayında olan lotka ilə işləmək üçün Kürün digər sahilinə həmkəndlisi Hüseyinin yanına keçmişdir. Saat 11 radələrində işlərini yekunlaşdırıb Hüseynlə birlikdə lotka ilə kəndləri tərəfə keçmişlər. Hüseyin atasıgilə getmiş, o, isə öz evləri tərəfə getmişdir. Yolda digər həmkəndlisi Zamanla rastlaşmışdır. Zamanla salamlaşıb birqədər ondan aralandıqda ağ rəngli 07 markalı avtomobilin dayandığını görmüşdür. Həmkəndlisi polis işləyən Kamranı tanımış və onun yanında digər iki nəfər polis əməkdaşlarını tanımamışdır. Kamran ona avtomobilə əyləşməsini bildirmişdir. O, avtomobilə əyləşdikdə ona kənddə hinduşka oğurlamasını bildirərək onu Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində onu döyərək üstünə narkotik vasitələr qoymuşlar. O, polislərdən qorxduğu üçün həmin narkotik vasitəni üstünə götürmüş, video çəkiliş aparılan zaman ona dedikləri kimi ifadə verərək narkotik vasitənin özünün olduğunu və tapdığını bildirmişdir. X5 döyülməsi ilə əlaqədar Zərdab rayon Prokurorluğuna məlumat vermişdir. Hazırda özünü təqsirli bilmir və ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsə də, onun ittiham elan olunan əməlin törədilməsində təqsiri olması şahidlərin ifadələri, ekspert rəyləri, video görüntülər və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Zərdab rayon polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 yanvar 2025-ci il tarixdə Zərdab rayonu, Körpükənd kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşqul olması barədə daxil olan məlumat və əməliyyat qrupu tərəfindən qəbul edilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qəbul edilmiş qərar əsasında rayon polis şöbəsinin cinayət axtarışı bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, həmin bölmənin əməliyyat müvəkkili polis leytenantı Şahid3 və ondan ibarət əməliyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmadan Təqsirləndirilən şəxs üzərində axtarış aparılması zərurəti yaranmışdır. Təqsirləndirilən şəxs yeri müəyyən edilərək xx.xx.2025-ci il tarixdə saat saat 11:50 radələrində Zərdab rayon, Körpükənd kəndi ərazisində saxlanılmışdır. Ona nə üçün saxlanılmasını izah edərək təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi barədə qərar əsasında üzərinə yoxlama keçiriləcəyi bildirilmişdir. Ona müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Yoxlama keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ cibindən “Want” markalı bir ədəd siqaret qutusu, sol cibində “Want” markalı bir ədəd siqaret qutusu və bir ədəd alışqan çıxarmış, sonra gödəkcənin alt hissəsindən bir ədəd şəffaf sellofana bükülmüş kütləni təqdim etmişdir. Bükümün içində isə narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin bükümün içərisində olan marixuanaya bənzər kütlə elektron tərəzi ilə çəkilmiş və çəkisinin 305 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd siqaret qutusu və alışqan özünə qaytarılmışdır. 1 ədəd bükümün içindəki narkotik vasitə olan marixuanaya bənzər kütlə götürülərək zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra da baxış davam etdirilmiş və hər hansı əhəmiyyət kəsb edən əşya müəyyən edilməmiş və videoçəkiliş başa çatmışdır. Həmin yerdə protokol yazmağa şərait olmadığı üçün Təqsirləndirilən şəxs Zərdab rayon Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Zərdab RPŞ-nin CAB-nin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və onun müdafiəçisinin şifahi vəsatəti əsasında dəvət edilərək şahid qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, Zərdab rayonunun Körpükənd kəndində yaşayır, Rasim Hüseynovu bir həmkəndli kimi tanıyır. Qış ayı vaxtı, tarixini xatırlamadığı vaxtda təxminən saat 12 radələrində heyvanlarını sulamaq üçün küçəyə çıxmış həmin vaxt Rasim Hüseynov yol ilə gəlib onunla salamlaşıb getmişdir. Ondan bir qədər aralıda yolda ağ rəngli avtomobil dayandığını görmüşdür. Rasim həmin avtomobilin yanına çatdıqda avtomobildən bir nəfər şəxs düşüb Rasimlə salamlaşmış və sonra Rasimun həmin avtomobilə əyləşdiyini görmüşdür. Həmin şəxsin həmkəndlisi polis şöbəsində işləyən Kamran olduğunu təxmin etmişdir. Onlar avtomobillə Kür çayı tərəfə getmişlər. Həmin vaxt polis əməkdaşlarının Rasimə qarşı hər hansı fiziki zor və təzyiq etdiklərini görməmişdir. Həmçinin Rasimin üzərində hər hansı bir əşya olduğunu görməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və onun müdafiəçisinin şifahi vəsatəti əsasında dəvət edilərək şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, Zərdab rayonunun Körpükənd kəndində yaşayır, Rasim Hüseynovu bir həmkəndli kimi tanıyır. Dostluq münasibətləri vardır. Kür çayının digər sahilində yerləşən fermada çoban işləyir. Həmin fermada tikinti işi olduğundan kömək üçün Rasimi çağırmışdır. İşlərini qurtarıb Kür çayının öz kəndləri tərəfində olan sahilinə keçmişlər. Evləri tərəfə gəldikdə o, mağazaya girmiş, mağazadan çıxdıqda Rasimin orada olmadığını görmüşdür. Sonradan Rasimin polis əməkdaşları tərəfindən aparıldığını bilmişdir. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 17/51 nömrəli rəyində göstərilmişdir ki: tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik ....” sözlər, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi - 302,24 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 460 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionidlərdən sui-istifadəsi nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X8 “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X7 verdiyi 26 mart 2025-ci il tarixli, 18-1-79/2-214/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X7 Poliklinika şöbəsinin narkoloji və psixiatriya kabinetində dispanser qeydiyyatında durmur. Cinayət işində olan « sübutların qiymətləndirilməsi haqqında » xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, təmiz çəkisi – 302,24 qram, ekspertiza tədqiqatından sonra 302,19 qram narkotik vasitə olan qurudulmuş marixuana cinayət prosesi üçün mötəbər dəlil olduğundan iş üzrə xx.xx.2025-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və saxlanması üçün Zərdab RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Cinayət işində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 13:23-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2025-ci il tarixində CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmiş, həmin gün saat 17:30-da barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan Zərdab rayon İHB-nin Körpükənd İƏD-si üzrə nümayəndəsi Alıkişi Məhərrəmov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 32 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Zərdab rayonunun Körpükənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Cinayət işində olan Zərdab rayon İHB-nin Körpükənd İƏD-si üzrə nümayəndəsi Alıkişi Məhərrəmov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək törədilən əməlin ona aidiyyəti olmadığını bildirsə də, ona ittiham elan olunan əməlin onun tərəfindən törədilməsi şahidlərin ifadələri, video görüntülər, ekspert rəyləri, işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadə təqsirləndirilən şəxsin özünümüdafiə və məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına və sadalanan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirici hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs qəti cəza təyin edərkən hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 158.2.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu iki gün müddətin bir gününü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, təmiz çəkisi – 302,24 qram, ekspertiza tədqiqatından sonra 302,19 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35,97 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 14 iş saatına görə 154 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Müdafiəçi2 hesabına (Hesablaşma hesabı: CİF 0123634, Benefisiarin bankı: Kapital Bank ASC-nin Zərdab rayon filialı, Filialın kodu: 200468, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Mühbir hesab: AZ37NABZ********************, Benefisiarin adı: Müdafiəçi2, Benefisiarin hesabı: AZ59AİİB********************, VÖEN **********) köçürülməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını Zərdab rayonu ərazi hüdudları daxilində çəksin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Zərdab rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 302,19 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35,97 manat məbləğində pulu Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 14 iş saatına görə 154 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Müdafiəçi2 hesabına (Hesablaşma hesabı: CİF 0123634, Benefisiarin bankı: Kapital Bank ASC-nin Zərdab rayon filialı, Filialın kodu: 200468, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Mühbir hesab: AZ37NABZ********************, Benefisiarin adı: Müdafiəçi2, Benefisiarin hesabı: AZ59AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №1(035)-19/2025
Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-19/2025
29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver