Məhkəmə qərarları › İş №1(035)-20/2024

Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-20/2024

13.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-20/2024 13.05.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X4 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və hazırda məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Zərdab Rayon Məhkəməsinin binasında 13 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr ayının əvvəllərində istintaqa məlum olmayan mənbədən xeyli miqdarda, yəni təmiz çəkisi - 5,38 qram “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə etməklə idarə etdiyi “VAZ 21011” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, Zərdab RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs Zərdab şəhəri Zərdabi küçəsində saxlanılaraq 09 dekabr 2023-cü il tarixdə, saat 21:35 dəqiqədə şübhəli şəxs qismində tutulduqdan sonra idarə etdiyi “VAZ 21011” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı 01(bir) ədəd kağız bükümdə təmiz çəkisi 3,99 qram və 01(bir) ədəd siqaret kağızı bükümündə 1,39 qram narkotik vasitə olan həmin qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Zərdab şəhəri, M.Müşfiq küçəsi ev 2 ünvanında yaşayır. Heç yerdə işləmir. Lakin, özünə məxsus olan VAZ 21011 markalı, ** BC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə taksi kimi fəaliyyət göstərərək ailəsini dolandırır. Əvvəllər, yəni 2020-ci ilin mart ayında Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 2022-ci ilin sentyabr ayında barəsində aministiya qərarı tətbiq edilməklə evə buraxılmışdır. 10 ilə yaxındır ki, narkotik vasitə olan marixuana qəbul edir. Zərdab rayonu Dəliquşçu kəndinə balıq tutmağa gedərkən orada paslı qab tapmış, qabın üstündə oturmaq üçün onu götürmüş, qabın altında siqaret qutusu görmüşdür. Siqaret qutusunu açan zaman içərisindən 5-6 ədəd siqaret dənəsi və 01 ədəd kağız büküm görmüş, bükümü açan zaman bükümlərin içərisində narkotik vasitə olan marixuana olmuşdur. Onları istifadə etmək üçün götürmüşür. Həmin siqaret qutusunu gətirib avtomobilində saxlamışdır. Belə ki, kağız bükümü çıxarıb avtomobilin özü əyləşən günlük yerinə qoymuş, içərisində marixuana olan siqaret dənəsini isə siqaret qutusunun içərisində iki qabaq oturacağın arasına qoymuşdur. Zərdab şəhər sakini X2 uzun müddətdir ki, tanıyır, onunla sinif yoldaşı olmuşlar. xx.xx.2023-cü il tarixdə Raufun arvadı Kamilə ona zəng edərək rayonun Burunlu kəndinə atası evinə getmək istədiyini bildirmiş və onları kəndə aparmağını xahiş etmişdir. O, Kamiləni atası evinə aparmaq üçün Raufun yaşadığı ünvana getmişdir. Orada polis əməkdaşları onu saxlatmış, özlərini təqdim edib onun qanunsuz olaraq narkotik vasitə saxlamağı barədə məlumatlarının olmasını deyərək onu polis şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində üzərinə baxış keçirilmiş, lakin, qanunsuz əşya aşkar edilməmişdir. Baxış zamanı ondan soruşularkən o, özünə məxsus olan VAZ 21011 markalı, 36 BC499 dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitənin olmasını bildirmiş, avtomobilin yanına gələrək özü avtomobilin qabaq sürücü tərəfdə olan ağzı cırılaraq atılmış olan vinçester siqaretinin qutusunu içərisində marixuana olan 1 ədəd siqaretin dənəsini və salonun sürücü tərəfdən yuxarı günlüyün üstündə kağız bükülünün olmasını bildirmişdir. Həmin bükülülər polis əməkdaşları tərəfindən götürülmüşdür. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona heç bir fiziki güc tətbiq edilməmişdir. Etdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Zərdab rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Zərdab şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatla əlaqədar raportla şöbə rəhbərliyinə məruzə edilmişdir. Əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, daha sonra Zərdab RPŞ-nin əməliyyat müvəkilləri Şahid5, Şahid2, Şahid3 və Şahid4 ilə birlikdə əməliyyat tədbirlərini həyata keçirməyə başlamışlar. Təqsirləndirilən şəxs Zərdab şəhəri, X6 küçəsində görmüşlər. Ona yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə gəldikdən sonra şübhəli şəxs qismində tutulmuş və ona müdafiəçi təyin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Lakin, Təqsirləndirilən şəxs onlara idarə etdiyi Vaz-21011 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobildə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-21011 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs avtomobilində qanunsuz, cinayət xarakterli əşya varsa təqdim etməsi təklif olunanda o, avtomobilin ön iki oturacağının arasında yerləşən yük yerindən Winchester” yazılmış siqaret qutusunun içərisində 01 ədəd siqaretə doldurulmuş yaşıl rəngli, spesfik iyli, bitki tərkibli kütləni, eləcə də sürücü tərəfdə olan günlüyün içərisindən kiçik ölçülü ağ rəngli kağız parçasına bükülü yaşıl rəngli, spesfik iyli, bitki tərkibli kütləni təqdim edib onların qurudulmuş marixuana olduğunu, şəxsi istifadəsi üçün avtomobildə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat eşitməmişdir. Yalnız Faiqin narkotik vasitələrdən istifadə etməsini eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Zərdab RPŞ-nin CAB-nin əməkdaşları Şahid3, Şahid5 və Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 17/838 nömrəli rəyində göstərilmişdir ki: Tədqiqata təqdim olunmuş üzərində “Zərdab şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilindən aşkar edilərək götürülmüş 1-siqaret və 1 ədəd spesifik iyi olan ağ kağıza bükülü...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi – 3,99 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabsis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 01 (bir) ədəd siqaret kağızı bükümündə, təmiz çəkisi - 1,39 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin bükümün içərisində təmiz çəkisi 0,23 qram olan bitki mənşəli kütlə narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd kağız bükümdə və 01 (bir) ədəd siqaret kağızı bükümündə olan qurudulmuş marixuanlar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd kağız bükümdə və 01 (bir) ədəd siqaret kağızı bükümündə olan qurudulmuş marixuanaların ümumi çəkisi 5.38 qramdır. Cinayət işində olan « sübutların qiymətləndirilməsi haqqında » xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ümumi təmiz çəkisi 5,38 qram olan narkotik maddə olan (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana ekspertiza tədqiqatından sonra qalıq qalan ümumulikdə 5,28 qram narkotik vasitə olan marixuana kütləsi cinayət işi üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və Zərdab RPŞ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 231 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21:35-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixində CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmiş, həmin gün saat 10:00-da barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Zərdab Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05.11.21-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış və xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət işində olan Zərdab RİHB-nin Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Əliyev tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. Cinayət işində olan Zərdab RİHB-nin Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Əliyev tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 188 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il və xx.xx.2020-ci il təvəllüdlü iki azyaşlı uşaqları vardır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəylərinə və işin digər materallarına məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs olduğundan və məhkumluğu götürülməmiş və ya ödənilməmiş yenidən qəsdən cinayət törətdiyindən onun əməli Azərbaycan Respublikası CMnin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlində cinayətlərin residivinin olmasını, əvvəllər məhkum olunmasından nəticə çıxarmayaraq yenədə cinayət əməli törətməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona ittiham elan olunan maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hazırda əməlindən peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alınaraq mümkün qədər aşağı həddə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 18.5-ci maddəsinə görə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azəbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətlərə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən Azərbaycan Respublilası CM-nin 56.1.3-cü maddəsinə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə azadlıqdan məhrum etmə cəzası təyin edildiyi üçün barəsində seçilmiş « başqa yerə getməmək haqqında iltizam » qətimkan tədbiri dəyişdirilərək haqqında “həbs” qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu 13 may 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə narkoloji ekspertizasının rəyinə görə narkomaniya xəstəliyi aşkar olunduğu üçün onun barəsində Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 5,28 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində pulu Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddəti nəzərə alaraq, bir günə bir gün hesabı ilə təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək haqqında “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu 13 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 5,28 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində pulu Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan şəxs hökmü aldığı gündən) 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar