Məhkəmə qərarları › İş №1(035)-23/2025

Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-23/2025

02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-23/2025 02.09.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X12 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Xüsusi ittihamçı X5 Təqsirləndirilən şəxs X2 iştirakı ilə, xx.xx.1979-cu ildə Zərdab rayonunun Çallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Zərdab rayonunun Çallı kəndində qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə 02 sentyabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X14 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X14 xüsusi ittiham qaydasında şikayəti müdafiə edərək ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs X6 onun həmkəndlisidir. Rəşad Cabbarov 2023-cü ildən etibarən “TikTok” sosial şəbəkə platformunda yaratdığı hamı üçün açıq səhifəsində (@cabbarov resad) yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları yaymış və onu təhqir etmişdir. Rəşad Cabbarov ona qarşı çıxışlarını Cənab Prezidentə müraciət formasında etsə də, bütün bunları özünə məxsus @cabbarov resad profilindən yayaraq deyib və həmin sosial şəbəkənin iştirakçılarının müzakirəsinə verib. Belə ki, təqsirləndirilən şəxs ``TikTok`` sosial şəbəkə platformunda özünə məxsus olan səhifəsindəki videolarda deyir: “X14 əvvəllər Zərdab Rayon İcra Hakimiyyətinin Başçısının müavini və sonra da Çallı Bələdiyyəsinin sədri vəzifəsində işləyəndə tutduğu vəzifədən sui-istifadə edərək Zərdab rayonunun Çallı kəndinin 186 hektar torpağını özünün və oğlanlarının adına sənədləşdirmişdir. Həmin torpaqların 100 hektarını 2020-ci ildə müqavilə vaxtı bitməyinə baxmayaraq, o, torpaqları Çallı kənd sakinlərinə geri qaytarmamışdır və Çallı kəndində narazılıq yaranmışdır. Bu narazılığa səbəb olaraq Zərdab Rayon İcra Hakimiyyətinun başçısı X21 rayonunun Çallı kəndində 2020-ci ilin fevral ayının 24-də iclas keçirdib və Çallı kənd sakinlərinə başqa-başqa ərazilərdə 168 hektar torpaq qaytarıb və deyib ki, bu rəhbərliyin tapşırığıdı, yəni rəhbərlik deyəndə sizi nəzərdə tutur və biz də sizə təşəkkür məktubu göndərmişik. Deməli 2020-ci ilin oktyabr ayında Əzizov Əyyub sizin bizə qaytardığınız 168 hektar torpağın 32 hektarını təzədən zəbt eləmişdi. Baxmayaraq ki, əlində 186 hektar torpaq var. Zəbt eləyib orda əkin işləri aparmışdır. Demək o gün bu gündü həmin ərazilərə Çallı kənd sakinlərini buraxmır. Və ora gedən şəxsləri, ona orda mane olan şəxsləri ölümlə hədələyir, təhqir edir, söyür, söyür sonra da bizi məhkəməyə verir. Biz məhkəmələrdə dəfələrlə sübut olunsa da ki, bu torpaq ona məxsus olmamağına baxmayaraq yenə o əməllərindən geri addım atmır, o, cəzasız qaldıqca daha da irəli gedir. Sizdən artıq dərəcədə xahiş edirik ki, biz Çallı kənd sakinlərinə köməklik edəsiniz”. Rəşad Cabbarov onun barəsində etdiyi həmin böhtan dolu kütləvi çıxışlarını özünə məxsus @cabbarov resad profilindən yayaraq “TikTok”-un şərhlər bölümündə çoxsaylı şəxslərlə müzakirələr açıb ona böhtan atmaqda davam etdirir. Hesab edir ki, Zərdab rayonunun Çallı kənd sakini X6 yuxarıda göstərilən əməlləri ona qarşı qəsdən törədərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) maddəsilə məsuliyyətə səbəb olan cinayəti törətmişdir. Rəşad Cabbarovla barışmamış, onu bağışlamamışdır. Bütün bunları nəzərə alaraq X2 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən X6 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xüsusi ittihamçı X14 onun həmkəndlisidir. O, Əyyub Əzizova böhtan atmamışdır. Özünə məxsus @cabbarov resad adlı “TikTok” səhifəsində çıxışında bildirmişdir ki, “X14 əvvəllər Zərdab Rayon İcra Hakimiyyətinin Başçısının müavini və sonra da Çallı Bələdiyyəsinin sədri vəzifəsində işləyəndə tutduğu vəzifədən sui-istifadə edərək Zərdab rayonunun Çallı kəndinin 186 hektar torpağını özünün və oğlanlarının adına sənədləşdirmişdir. Həmin torpaqların 100 hektarını 2020-ci ildə müqavilə vaxtı bitməyinə baxmayaraq, o, torpaqları Çallı kənd sakinlərinə geri qaytarmamışdır və Çallı kəndində narazılıq yaranmışdır. Bu narazılığa səbəb olaraq Zərdab Rayon İcra Hakimiyyətinun başçısı X21 rayonunun Çallı kəndində 2020-ci ilin fevral ayının 24-də iclas keçirdib və Çallı kənd sakinlərinə başqa-başqa ərazilərdə 168 hektar torpaq qaytarıb və deyib ki, bu rəhbərliyin tapşırığıdı. Deməli 2020-ci ilin oktyabr ayında Əzizov Əyyub sizin bizə qaytardığınız 168 hektar torpağın 32 hektarını təzədən zəbt eləmişdi. Baxmayaraq ki, əlində 186 hektar torpaq var. Zəbt eləyib orda əkin işləri aparmışdır. Əyyub Əzizov həmin vaxtdan əmin ərazilərə Çallı kənd sakinlərini buraxmır. Və ora gedən şəxsləri, ona orda mane olan şəxsləri ölümlə hədələyir, təhqir edir, söyür sonra da onları məhkəməyə verir. Məhkəmələrdə dəfələrlə sübut olunsa da ki, bu torpaq ona məxsus olmamağına baxmayaraq yenə o əməllərindən geri addım atmır, o, cəzasız qaldıqca daha da irəli gedir”. Məhkəmənin nəzərinə çatdırır ki, özünə məxsus @cabbarov resad adlı “TikTok” səhifəsində ifadə etdiyi bu faktları təsdiq edən konkret və mötəbər sübutları vardır. Əzizov Əyyub bələdiyyəyə məxsus örüş torpaqlarını zəbt edib qanunsuz istifadə etməsinə görə barəsində CM-nin 188.3-cü maddəsi ilə başlanılmış cinayət işi üzrə Zərdab rayon Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Buna baxmayaraq həmin torpaq sahəsini iddiaçı X14 yenədə qanunsuz olaraq əkib istifadə etməkdədir. Əyyub Əzizovun onu ölümlə hədələməsi, onu və digər kənd sakinlərini, Zərdab rayonu icra Hakimiyyəti Başçısının müavini Pərvin Mahmudovanı və bələdiyyə sədrini təhqir etməsinə dair audio səs yazıları vardır. Həmçinin örüş torpağını zəbt edib torpaqdan qanunsuz istifadə etməsinə dair məhkəmə qətnaməsi, ekspert və mütəxəssis rəyləri vardır. Kənd sakinləri arasında narazılıq yaratması barədə də şahidlər vardır. Hesab edir ki, Əyyub Əzizovun ona qarşı verdiyi xüsusi ittiham qaydasında şikayəti əsassızdır. Ona görə də məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən X16 ifadəsində göstərmişdir ki, X14 bələdiyyə tərəfindən ona verilən torpaqlardan əlavə qeyri-qanuni camaatın istifadə elədiyi torpaqlardan istifadə etmiş və zəbt etmişdir. Rəşadın verdiyi ifadələrdə təhqir və böhtan yoxdur. Rəşad onun zəbt etdiyi torpaqlarla bağlı müraciət etmişdir. Onun dediyində yalan yoxdur. X13 Rəşadı təhqir edərək “sən pinəçisən” deməsinin şahidi olmuşdur. Bundan başqa Əyyubun Rəşadı aradan götürəcəyi barədə söz-söhbət eşitmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X17 ifadəsində göstərmişdir ki, X14 zəbt elədiyi torpaqlarda çoban işlədir, çobanın itləri var və həmin itlərə görə ora gedə bilmirlər. Zəbt elədiyi örüş sahəsini camaata qaytarmır. Rəşad nə danışırsa düz danışır. Orada təzyiqlər olub və naxırçını döyüblər. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 ifadəsində göstərmişdir ki, 4 hektar yeri Nazirliyin əli ilə Əyyub Əzizovdan zorla almışlar, örüş yeri olmuşdur. Rəşad nə deyirsə düz deyir, Əyyub özü onları təhqir edir. Məhkəmə iclasında şahid qismində ifadə verən X7 ifadəsində göstərmişdir ki, 186 hektar yeri Əyyub götürüb istifadə etmişdir. 2020-ci ildə torpaq mübahisələri başlamışdır. Onları məhkəməyə vermişdir ki, guya onlar onun taxıl sahəsini otarmışlar. Halbu ki, həmin sahəni Kəlbəcərlilər otarmışdır. Onun vidyosunu çəkib əvvəlki işlərə təqdim etmişlər. İlqar Bünyatovun 30 hektar yeri olmuşdur. O, camaata görə həmin yerdən imtina etmişdir. Əyyub Əzizov həmin yeri zəbt eləmişdir. Əyyub Əzizov ümumi Çallı camatını təhqir etmişdir. X22 Sistemləri İdarəsini Çallı bələdiyyəsini məhkəməyə vermişdir. Onun məhkəmə proseslərindən xoşu gəlir. Rəşad Əyyubu təhqir etməyib, nə də ki, ona böhtan atmayıb. Özü qanunsuz sənədlə yeri zəbt eləmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, Rəşad Əyyuba heç bir böhtan atmayıb. Əyyub 2010-cu ildən 2015-ci ilə kimi Bələdiyyə sədri işləyib. Sədr işlədiyi dövrdə kəndin örüş torpaqlarını sənədi olmaya-olmaya zəbt edib. Xəndək qazıb onları həmin torpaqlara buraxmamışdır. Sonradan həmin torpaqlara sənəd düzəltdirib. əvvəlki bələdiyyədən sənəd imzalatdırıb ki, guya həmin torpaqları həmin vaxtı götürüb. X1 hədə-qorxu gəlib ona sənədi imzalatdırıb. 32 hektar yeri qanunsuz əkmişdir və onlar şikayət etdikdən sonra Əyyubun barəsində cinayət işi başlanmışdır. 50 hektar olan yerinin müqavilə müddəti bitmişdir, lakin, hələdə onları ora buraxmır, həmin yerə girə bilmirlər. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 ifadəsində göstərmişdir ki, İlqar Bünyatov adlı şəxs onların kəndindən icarəyə torpaq götürmüşdür. Örüş sahəsi olduğu üçün kənd camaatı şikayət etdiyinə görə İlqar Bünyatov həmin torpaqlardan imtina edib camaata vermişdir. 168 hektar qaytarıldı camaata, həm İlqarın həmdə digər admların yeri camaata qaytarıldı. Rəşad Əyyuba heç bir böhtan atmayıb, nə deyirsə düz danışır. İş materiallarında olan @cabbarov resad adlı “TikTok” səhifəsindəki paylaşımlardan çıxarılmış mesajların fotoşəkillərindən görünür ki, təqsirləndirilən şəxs X6 özünə məxsus “TikTok” səhifəsində X10 şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları yaymaqla digər istifadəçilərin müzakirəsinə vermişdir. İş materialarında olan və məhkəmə iclasında tədqiq edilən video disklərdən görünür ki, Rəşad Cabbarov 2023-cü ildən etibarən “TikTok” sosial şəbəkə platformunda yaratdığı hamı üçün açıq səhifəsində (@cabbarov resad) yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları yaymış və onu təhqir etmişdir. Məhkəmə iclasında tədqiq edilən video disklərdə olan çıxışlarını və “TikTok” sosial şəbəkə platformundakı paylaşımlardan çıxarılmış mesajların fotoşəkillərində olan mətnləri təqsirləndirilən şəxs X6 özü yazdığını etiraf etmiş və bunun böhtan deyil, həqiqətə uyğun olduğunu bildirmişdir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, X6 barəsində Zərdab rayon Polis Şöbəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə başlanılmış ********* saylı cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsi ilə xitam verilmiş və onun məhkumluğu yoxdur. Azərbaycan Respublikası CM-nin 5.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılması cinayət hesab edilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yol verilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yəni yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 351.2-ci maddəsində qeyd edilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qanunun mənasına görə şəxs barəsində ittiham hökmü yalnız onun təqsirliliyinə şübhə olmadıqda qəti və birmənalı sübut edilmiş olduqda çıxarıla bilər. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərin baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 № li qərarının 1-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə işlərə baxılarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Həmin qərarın 5-ci bəndində göstərilir ki, böhtan və və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verlişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxironikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Azərbaycan Respublikası CM-nin ...147.1-ci maddəsinin mənasına görə şəxs ...böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməyə görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan ...xarakterli onu nüfuzdan salan məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki movqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Kütləvi çıxış dedikdə, hər hansı bir şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərı baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 № li qərarının 20-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı CPM-nin XLİİ fəslində nəzərdə tutulmuş qaydalara əməl edilməklə keçirilir və xüsusi ittihamçı ittihamdan imtina etmədikdə və ya təqsirləndirilən şəxslə barışmadıqda hökmün (bəraət və ya ittiham hökmünün) çıxarılması ilə başa çatdırılır. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasmm 46-cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafıə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasma əsas verə bilməz. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlardan və tədqiq edilən iş materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs özünün “TikTok” sosial şəbəkə platformunda müxtəlif vaxtlarda X10 şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları yaymaqla digər istifadəçilərin müzakirəsinə vermişdir. Məhkəmə təqsirləndirilən şəxs X2 məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi barədə ifadəsinə, eləcədə onun vəsatəti əsasında çağırılan şahidlərin ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadələr təqsirləndirilən şəxsin özünümüdafiə və məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xüsusi ittihamçının, onun nümayəndəsinin və təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə, işin materiallarına məcmu halında qiymət verərək, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərı baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 № li qərarındakı hüquqi mövqeyinə və sadalanan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, X6 tərəfindən ona xüsusi ittiham qaydasında elan olunan Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetrilmişdir. Məhkəmə X2 əməlini Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə töfsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs X2 şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ağırlıq dərəcəsini nəzərə alaraq ona ictimai işlər cəzası təyin edilməsini məqsədə müvafiq hesab edir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: X6 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinərək 280 (iki yüz səksən) saat ictimai işlər cəzasına məhkum edilsin. X6 cəzasını yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə çəksin və cəzaçəkmə müddətinin əvvəli onun cəzasını çəkməyə cəlb olunduğu vaxtdan hesablansın. Hökmün icrası X2 yaşayış yeri üzrə Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar