Məhkəmə qərarları › İş №1(035)-24/2024

Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-24/2024

27.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-24/2024 27.05.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X4 Elxan oğlunun sədrliyi X3katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Ağali oğlu və Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 27 may 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayında özgə əmlakını vahid niyyətlə talamaq məqsədilə Zərdab şəhər sakini Zərərçəkmiş şəxs1 iri buynuzlu heyvan alıb satışından qazanc əldə edərək bölmək vədinə inandırmaqla sonuncunun inam və etimadını qazanaraq 2023-cü ilin iyun ayının əvvəllərində 7000 manat, 2023-cü ilin iyul ayının ortalarında 3000 manat və 1000 manat olmaqla, ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs1 məxsus xeyli miqdar hesab olunan 11000 manat pul vəsaitini aldatmaqla ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 10 noyabr 2023-cü il tarixdə təkrarən özgə əmlakını talamaq məqsədilə Zərdab rayonu, Qoruqbağı kənd sakini Zərərçəkmiş şəxs5 məxsus 01(bir) baş inəyi kəsərək satıb pulunu verəcəyi vədinə inandırmaqla sonuncunun inam və etimadını qazanaraq Zərərçəkmiş şəxs5 2350 manat pul vəsaitini aldatmaqla ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 13 noyabr 2023-cü il tarixdə təkrarən özgə əmlakını talamaq məqsədilə Zərdab rayonu, Qoruqbağı kənd sakini Zərərçəkmiş şəxs5 məxsus 01(bir) baş inəyi kəsərək satıb pulunu verəcəyi vədinə inandırmaqla sonuncunun inam və etimadını qazanaraq Zərərçəkmiş şəxs5 700 manat pul vəsaitini aldatmaqla ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 16 noyabr 2023cü il tarixdə təkrarən özgə əmlakını talamaq məqsədilə Zərdab rayonu, Qoruqbağı kənd sakini Zərərçəkmiş şəxs5 məxsus 01(bir) baş inəyi kəsərək satıb pulunu verəcəyi vədinə inandırmaqla sonuncunun inam və etimadını qazanaraq Zərərçəkmiş şəxs5 2350 manat pul vəsaitini aldatmaqla ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 26 noyabr 2023-cü il tarixdə təkrarən özgə əmlakını talamaq məqsədilə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 məxsus 01(bir) baş erkək dananı kəsərək satıb pulunu verəcəyi vədinə inandırmaqla sonuncunun inam və etimadını qazanaraq Zərərçəkmiş şəxs2 2700 manat pul vəsaitini aldatmaqla ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 27 noyabr 2023-cü il tarixdə təkrarən özgə əmlakını talamaq məqsədilə Zərdab rayonu, Körpükənd kənd sakini X2 məxsus 02 (iki) baş inək düyəsini kəsərək satıb pulunu verəcəyi vədinə inandırmaqla sonuncunun inam və etimadını qazanaraq Rusif Məhərrəmovun 2950 manat pul vəsaitini aldatmaqla ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əvvəlcədən təkrar özgə əmlakını aldatma və etibarından sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə Zərdab rayonu Dəkkəoba kənd sakini Zərərçəkmiş şəxs4 xx.xx.2023-cü il tarixdə 1600 manata 01 baş inək almış, inəyi kəsib ətini satdıqdan sonra pulunu verəcəyini vəd vermiş, lakin vədinə əməl etməyərək Zərərçəkmiş şəxs4 aldadaraq əmlakını ələ keçirib dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərdab şəhərində qəssab kimi fəaliyyət göstərmişdir. Təxminən 2023-cü ilin iyul ayından internet vasitəsilə onlayn kazino oyunları oynamış, qəssab işindən əldə etdiyi gəliri müxtəlif saytlarda mərc oyunlarına qoyaraq uduzmuşdur. Həmin zaman uduzduğu pulları geri qaytarmaq üçün ona əlavə pul lazım olduğundan qonşusu Zərərçəkmiş şəxs1 şərikli mal alıb satmalarını təklif etmiş, sonuncu onunla razılaşdıqda bunun üçün 7000 manat pulun lazım olduğunu demişdir. 2023-cü ilin iyun ayının əvvəllərində saat təxminən 18 radələrində Zərərçəkmiş şəxs1 işlətdiyi dükana getmiş, Vidadi həmin dükanda ona 7000 manat pul vermişdir. Bundan sonra həmin pulu onlayn mərc oyunlarında oynayıb uduzmuşdur. 10-15 gün sonra təxminən iyul aylarının ortalarında Vidadi ilə rastlaşanda mal almaq üçün əlavə 3000 manat pul lazım olduğunu demiş, həmin gün Vidadi ona əlavə olaraq 3000 manat pul vermişdir. Ondan aldığı 3000 manat pulu da onlayn mərc sayıtlarında uduzmuşdur. Sonra yenə də o, Vidadidən qoyun almaq üçün 1000 manat pul istəmişdir. Vidadi yaşadığı küçə qapısının qarşısında ona 1000 manat pul vermişdir. Vidadiyə həmin pulları qısa zaman ərzində əldə etdiyi gəlirdən verəcəyini bildirmişdir. Sonradan Vidadi ondan verdiyi pulları istəmiş, onun pulu olmadığından qaytara bilməmişdir. Sonradan Vidadiyə 3 ay 500 manatdan yəni ümumilikdə 1500 manat pul ödəmişdir. Onun Vidadiyə 9500 manat borcu qalmışdır. Maddi vəziyyəti yaxşı olmadığından Vidadiyə 9500 manat pulu ödəyə bilməmişdir. Bundan sonra o tanışı olan Zərərçəkmiş şəxs5 zəng edib onda inək olub olmadığını soruşmuş, Nüsrət ona 01 baş 280 kq çəkidə 2350 manat qiymətində inək olduğunu demişdir. Həmin heyvanı Nüsrətdən nisyə almış və tanışı taksi fəaliyyəti ilə məşğul olan Babək adlı şəxsin avtompbili ilə qəssab dükanına gətirərək kəsib satmışdır. Həmin inkdən əldə etdiyi pulları da kazinoda uduzaraq Nüsrətin pulunu qaytarmamışdır. Təxminən 3 gün sonra xx.xx.2023-cü il tarixdə o, Nüsrətə zəng edib ondan yenə inək istəmiş, Nüsrət də 01 baş 120 kq çəkidə 700 manat qiymətində inəyi olduğunu bildirmişdir. Həmin inəyi də nisyə alaraq kəsib öz qəssab dükanında satmışdır. Həmin pulu da onlayn mərc oyunlarına uduzmuşdur. Təxminən 3 gün sonra xx.xx.2023-cü il tarixdə o, yenidən Nüsrətə zəng edib ondan yenə inək istəmişdir. Nüsrət onunla razılaşmış və ondan 01 baş 280 kq çəkidə 2350 manat qiymətində inək alaraq həmin inəyi kəsib öz qəssab dükanında satmışdır. Lakin, Nüsətin pulunu verməmişdir. Bundan sonra Zərdab şəhər sakini Zərərçəkmiş şəxs2 onun dükanından ət alarkən heyvan alıb-alımadığını soruşmuşdur. Ona heyvan aldığını demiş, Xalid də tövləsində erkək danası olduğunu və satmaq istədiyini bildirmişdir. xx.xx.2023cü il tarixdə saat 16 radələrində Xalidin yaşadığı evə getmiş, həmin 01 baş erkək danaya baxdıqdan sonra Xalidlə həmin heyvanı kəsdikdən sonra ətini çəkib hər kiloqramına 13 manat pul verəcəyi ilə razılaşmışlar. Bundan sonra heyvanı götürüb qəssab dükanında kəsib satmış, Xalid ondan 70 manatlıq ət almış, aralarında 2700 manat pul qalmışdır. Ona həmin pulu ayın sonuna qədər verəcəyini vəd verərək onunla razılaşmışdır. Lakin, sonradan Xalidin pulunu da qaytarmamışdır. Bundan sonra o, əvvəldən tanıdığı Zərərçəkmiş şəxs3 02 baş dişi dana alaraq Rusifin “Qazel” markalı avtomobilinə həmin 02 baş dişi dananı yerləşdirərək qəssab dükanına gətirmişlər. Həmin iki baş dişi dananın ümumilikdə 2950 manat qiyməti olmuşdur. Həmin danalardan əldə etdiyi pulları da kazinoda uduzaraq Rusifin pullarını qaytarmamışdır. Bundan sonra o, Zərdab rayonu Dəkkəoba kənd sakini Zərərçəkmiş şəxs4 xx.xx.2023-cü il tarixdə 1600 manata 01 baş inək almış, inəyi kəsib ətini satdıqdan sonra pulunu verəcəyini vəd vermiş, lakin vədinə əməl etməyərək Zərərçəkmiş şəxs4 pulunu verməmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır. İmkanı olmadığından zərərçəkmiş şəxslərin pulunu qaytara bilmir. Lakin, gələcəkdə işləyib zərərçəkmiş şəxslərin pulunu qaytaracaqdır. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, şahidin ifadəsi və işin digər materalları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun illərdir ki tanıyır. Fariz onunla qonşuluqda yaşayır. 2023-cü ilin iyun ayının əvvəllərində Fariz ona birlikdə iş qurub qazanc əldə etməyi təklif etmiş və o, Farizlə razılaşmışdır. Fariz ondan heyvan alıb satmaq üçün pul istəmiş və o, Farizə ümumilikdə 11000 (on bir min) manat pul vermişdir. Sonrakı vaxtlarda Farizdən pulunu hər dəfə istəyəndə o, müxtəlif bəhanələr gətirərək vaxt istəmişdir. Farizin onu aldatdığını başa düşəndən sonra pulu geri istəməyə başlamış, Fariz ona həmin puldan 2023cü ilin sentyabr ayında 500 ( beş yüz ) manat, oktyabr ayında 500 ( beş yüz ) manat və sentyabr ayında 500 (beş yüz ) manat, yəni ümumilikdə 1500 ( bir min beş yüz ) manat pul vermişdir. Fariz ona qalan 9500 ( doqquz min beş yüz ) manat pulu vermədiyindən xx.xx.2023cü il tarixdə Zərdab rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsi bağışlamır, məhkəmədən təqsirləndirilən şəxsin sərt şəkildə cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun illərdir ki, rayon sakini kimi tanıyır. 23 noyabr 2023-cü il tarixdə Farizin dükanından ət alanda Fariz ona “kəsiləsi heyvanın olanda mənə xəbər et, səndən alım” demişdir. Buna görə də Farizə tövləsində danası olduğunu bildirmişdir. Fariz ondan həmin heyvanı alıb öz qəssab dükanında kəsib satmışdır. Aralarındakı razılığa əsasən ətin hər kiloqramını 13 manatdan hesablamış və Farizin ona verəcəyi pul 2775 manat olmuşdur. Həmin ətdən 70 manat dəyərində götürdükdə Farizin ona verəcəyi pul 2700 manat olmuşdur. Bundan sonra Farizə dəfələrlə zəng etsədə zəng çatmamışdır. Buna görə də xx.xx.2023-cü il tarixdə Zərdab rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsi bağışlamır, məhkəmədən təqsirləndirilən şəxsin sərt şəkildə cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 Ağali oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qəssab kimi tanımışdır. Özü həyətində iribuynuzlu heyvan saxlayır və həmin heyvanları rayon ərazisində qəssab fəaliyyəti ilə məşğul olan şəxslərə satıb qazanc əldə edir. 2023-cü ilin sentyabr-oktyabr aylarında Farizə ayrı-ayrılıqda dörd beş dəfə heyvan satmış, Fariz də kəsib üç-dörd gündən sonra pulunu vermişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Farizə həmişəki kimi həyətində olan iki baş iribuynuzlu heyvan vermişdir. Heyvanları verəndə Fariz pulu xx.xx.2023-cü il tarixdə verəcəyinə vəd vermişdir. Aralarındakı razılığa əsasən Farizə verdiyi heyvanların dəyəri 2950 manat təşkil etmişdir. Lakin, sonradan Farizin onu aldatdığını başa düşüb Zərdab rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsi bağışlamır, məhkəmədən təqsirləndirilən şəxsin sərt şəkildə cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, öz həyətində iribuynuzlu heyvan saxlamaqla məşğuldur. Həmin heyvanları rayon ərazisində qəssab fəaliyyəti ilə məşqul olan şəxslərə verib qazanc əldə edir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Fariz kəndlərində, yaşadığı evə gəlmiş, Zərdab rayonda qəssab fəaliyyəti ilə məşqul olduğunu bildirmişdir. Fariz ondan özü kəsib satmaq üçün bir baş dana istəmişdir. Farizə etibar etdiyi üçün 130-140 kq çəkidə olan bir dananı 1600 manata Farizə nisyə satmışdır. Ondan pulu nə vaxt verəcəyini soruşanda Fariz ona qısa müddət ərzində yəni dananı kəsib satdıqda sonra verəcəyini bildirmişdir. Sonralar dəfələrlə Farizə müraciət etsədə pulunu ala bilməmişdir. Buna görə də xx.xx.2024-cü il tarixdə Zərdab rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsi bağışlamır, məhkəmədən təqsirləndirilən şəxsin sərt şəkildə cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, öz həyətində iribuynuzlu heyvan saxlamaqla məşğuldur. Həmin heyvanları rayon ərazisində qəssab fəaliyyəti ilə məşqul olan şəxslərə verib qazanc əldə edir. Həmin heyvanları rayon ərazisində qəssab fəaliyyəti ilə məşqul olan Farizə və digər bir neçə şəxsə satır. Özü dəəvvəllər Farizə inək satıb pulunu almışdır. Farizə qarşı onda etibar yaranmışdır. xx.xx.2023-cü il tarixdə Fariz ondan bir baş inək istəmiş, ona inəyi olduğunu və həmin inəyi 2350 manata satdığını demişdir. Fariz nağd pulunun olmadığını və inəyi kəsib satdıqdan sonra pul verəcəyini vəd vermiş, inandığı üçün Farizlə razılaşmışdır. Həmin inəyin qiymətini Farizlə 2350 manata razılaşmışlar. xx.xx.2023-cü il tarixdə Fariz onun istifadəsində olan mobil nömrəyə zəng edib pulu bir-iki günə verəcəyini, ona yenə inək lazım olduğunu demişdir. Ona bir baş inəyinin olduğunu və həmin heyvanın 120 kq çəkisi olduğunu, 700 manata satdığını demişdir. Fariz onunla razılaşmış və Babək adlı şəxslə gələrək həmin heyvanı aparmışlar. xx.xx.2023-cü il tarixdə Fariz yenə onun istifadəsinndə olan mobil nömrəyə zəng edib inəyinin olub-olmadığını soruşunda ondan əvvəlcə aldığı iki inəyin pulunu istəmişdir. Fariz ondan bir inək də istəyib üçünün pulunu birlikdə verəcəyinə vəd vermişdir. O, Farizə 250 kiloluq bir baş inəyi 2350 manata nisyə satmışdır. Sonradan Farizin pulu qaytarmadığını görüb işlədiyi yerə gedib pulunu verməyini istəmişdir. Fariz hər dəfə bir bəhanə gətirərək pulunu ən yaxın vaxtda verəcəyini desə də verməmişdir. Buna görə də Zərdab rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsi bağışlamır, məhkəmədən təqsirləndirilən şəxsin sərt şəkildə cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, özünə məxsus olan “Qaz-24 minik” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə iribuynuzlu və xırdabuynuzlu heyvan daşımaqla qazanc əldə edib dolanışığını təmin edir. Belə ki, rayon ərazisində fəaliyyət göstürən qəssablar rayonun müxtəlif kəndlərindən mal-qara alanda onları qəssabxanaya müəyyən məbləğ qarşılığında öz avtomobili ilə daşıyır. Təqsirləndirilən şəxs da elə qəssab kimi tanımışdır. Onunla təqribən 2023-cü ilin sentyabr ayından etibarən birlikdə işləməyə başlamışlar. Belə ki, Fariz kəsib satmaq üçün hansısa kənddən iri-buynuzlu heyvan alanda onunla həmin kəndə gedib adığı heyvanı onun işlədiyi qəssabxanaya öz avtomobili ilə aparmış və hər dəfəsində də Fariz onun pulunu vermişdir. 2023-cü ilin dekabr ayının əvvəllərində rayon camaatından eşitmişdir ki, Fariz Zərdab rayonundan qaçıb gedib. 2024-cü ilin yanvar ayının təqribən sonlarında da eşitmişdir ki, Fariz aldığı heyvanların pulunu sahiblərinə vermədiyinə görə barəsində çoxlu şikayətlər olub və buna görə də Zərdab rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutulub. Onun bu əməllərindən yəni aldığı heyvanların pulunu ödəmədiyindən onun heç bir məlumatı olmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan xx.xx.2024-cü il tarixli protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Zərdab RİHB-nin Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Əliyev tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. Cinayət işində olan Zərdab RİHB-nin Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Əliyev tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü X5 adlı bir yetkinlik yaşına çatmayan uşağı vardır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadəsi və işin yuxarıda adı çəkilən digər materiallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddələrlə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkəmə tərəfindən dəfələrlə vaxt verilərək məhkəmə iclasının təxirə salınmasına baxmayaraq zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəməməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməyə cəhd etməməsini, zərərçəkmiş şəxslərin ona sərt cəza verilməsi ilə bağlı mövqelərini nəzərə alıb onun barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respubikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir, cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu 20 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Ağali oğlu, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci, maddi sübut və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu 20 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Ağali oğlu, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin Hökmdən elan olunduğu andan (həbsdə olan şəxs hökmü aldığı gündən) 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar