Məhkəmə qərarları › İş №1(035)-29/2023

Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-29/2023

05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-29/2023 05.09.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X3 sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1955-ci ildə Zərdab rayonu İsaqbağı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, "xxxx" İK MMC-nin Zərdab filialında mexanik işləyən, Zərdab rayonu İsaqbağı kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 05 sentyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 oktyabr 2017-ci il tarixli əmək müqaviləsinə edilmiş 23 may 2022-ci il tarixli dəyişikliklə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Zərdab filialının Xam pambığın qəbulu və emalı şöbəsinin mexaniki vəzifəsində işləyərkən, ona xx.xx.2018-ci il tarixli vəzifə təlimatının 1-ci bəndinə əsasən avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək vəzifəsi həvalə edildiyi halda, təlimatın həmin bəndinin və “Pambıqtəmizləmə sənayesində təhlükəsizlik texnikası və istehsalat sanitariya qaydaları”nın 2.6.2-ci bəndinin tələblərinə əsasən, "xxxx" MMC-nin Zərdab filialının emal sexində istifadə olunan Linter maşının hərəkətdə olan hissələrinin üzərinin maşının intiqalı ilə elektrik blokirovkada olan etibarlı örtük və qapaqlarla bağlanılmasını təmin etməli olduğu halda, bunlara riayət etmədən texniki təhlükəsizlik qaydalarını pozduğuna görə 02 noyabr 2022-ci il tarixli əmək müqaviləsi ilə "xxxx" MMC-nin Zərdab filialının Xam pambığın qəbulu və emalı şöbəsində Cin operatoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs 28 yanvar 2023-cü il tarixdə, saat 16:00 radələrində gündüz növbəsində işə başlanmamışdan “linter” avadanlığının qurğuda olan tullantını (püfü) təmizləmək üçün qurğu söndürülərək kənara təmizlənməsi üçün qoyulmuş, sonuncunun ayağı “linter” adlı avadanlığın aşağısında silindrik mişarlı valı “şnek” işləyəişləyə qurğunun həmin mişarına düşmüş və nəticədə travmatik-hemorragik şokla müşaiyət olunan sağ bud və hər iki baldır sümüklərinin açıq sınıqları, sağ ayağın çıxığı, hər hansı aşağı ətrafın iri ölçülü yumşaq toxuma defektləri, sağ saidin, sağ əlin, sol budun, sol ayağın sıyrıqlarından ibarət dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ehtiyatsızlıqdan sağlamlığa Ağır zərər vuran xəsarət almasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərdab rayonu, İsaqbağı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 1998-ci ildən 2011-ci ilədək "xxxx" MMC-nin Zərdab rayon filialının pambıq zavodunda avtotraktor parkında baş mexannik vəzifəsində işləmişdir. Bir müddət fasilədən sonra yenidən, yəni 2019-cu ildən "xxxx" MMC-nin Zərdab rayon filialının pambıq zavodunda mexanik vəzifəsində işləyir. Pambıq zavodu pambığın becərilməsi ilə yanaşı həm də emal müəssisəsidir. Zavodun emal sexində 80 nəfər fəhlə-mühəndis heyəti işləyir. Sexin iş prinsipinə uyğun olaraq pambıq borularla quruducu barabana daxil olur, avadanlıqlar RX, separator və CİN aparatı vasitəsilə çiyid mahlıcdan ayrılır, linter vasitəsilə çiyid tamamilə bir daha təmizlənir, çiyid şnek vasitəsilə çiyid anbarına ötürülür. İş vaxtı zavodda həftədə 40 saat olmaqla növbəli iş rejimi vardır. Hər növbədə 20 nəfər çalışır. Növbədə işə rəhbərlik edən növbə rəisidir, o, işçilərə nəzarət edir. Ümumi işə isə baş mühəndis rəhbərlik edir. Lakin emal sexində işə isə bilavasitə baş mexanik, yəni o, nəzarət edir. Zavodda hər növbənin iş vaxtı 8 saat olmaqla üç növbə iş rejimi var. Birinci növbə saat 08:00-dan saat 16:00-dək, İİ növbə 16:00-dan 00:00-dək, İİİ növbə 00:00-dan 08:00-dək çalışır. Onun əmək vəzifəsi istehsalda olan bütün avadanlıqların saz vəziyyətdə işləməsinə nəzarət etmək, o cümlədən müəyyən səmərələyici təkliflərin irəli sürülməsi, avadanlığa lazım olan ehtiyyat hissələrinin təmin edilməsi ilə bağlı vaxtı-vaxtında məlumat verilməsi, istehsal prosesində çalışan işçilərin SƏTƏM (sağlamlıq, əməyin təhlükəsisliyi və ətraf mühüt) qaydalarına, əməyin mühafizəsinə, o cümlədən yanğın mühafizəsinə ümumi nəzərət etməkdir. Mexanik olaraq işçilərin təhlükəsiz əmək şəraitinə müəyyən qədər cavabdehlik daşıyır. Zərərçəkmiş şəxs Əliyusif oğlu xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamaqla zavodda Cin-xidmətçi vəzifəsində işə başlamışdır. Onun əmək vəzifəsi CİN avadanlıqlarının işlədilməsi, üzərini, ətrafını, ön hissəni təmizləməkdir və aparatın işləməsinə nəzarət etməkdir. xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində iş vaxtı başlamış və həmin tarixdə, saat 13:30 radələrində iş vaxtı bitdiyi üçün o, işdən çıxıb getmiş, avadanlıqlara nəzarət etmək üçün o, zavoda təxminən saat 15:30 radələrində gəlmişdir. Həmin gün növbə ustası Şahid3 olmuşdur. Şahid3 işçilərin ilkin təlimatını vermişdir. Hadisə olmamışdan əvvəl Şahid3 pambığın ilkin verildiyi hissəyə çardağın altına tərəf işin başlanması üçün hazırlığa gəlmişdir və həmin vaxt o, da orada dayanmışdır. Orada olan vaxt təxminən 16:03 radələrində xadimə Şahid1 emal sexindən çölə çıxaraq qışqırıq səsləri ilə fəryad edib kömək çağırmışdır. Sonradan ona məlum olmuşdur ki, hadisə baş verən zaman Səlimxan Cin operatoru olduğu halda gedib linter aparatının aşağısında olan çiyid şneki üzərində olan qoruyucu qapaq açıq olduğu halda orada işləmişdir. Halbuki, onun linter aparatında işləməsini ona heçkim tapşırmamış, özbaşına gedib orada işləmişdir. Zərərçəkmiş şəxs səhlənkarlıq edərək avadanlığın mişar olan hissəsinin qoruyucu qapağı olmadan işləmiş, ayağı oraya düşmüş və nəticədə hadisə baş vermişdir. Onun əsas vəzifəsi "xxxx" MMC-nin Zərdab filialının emal sexində alətlərin işləməsinə nəzarət etmək olmuşdur. O, "xxxx" MMCnin Zərdab filialının pambıq emalı sexində direktor, baş mühəndis və sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə mütəxəssisi Şahid5 göstərişi əsasında gündəlik olaraq emal sexində təmir işləri görür. O, hər gün saat 09-dan 17-dək pambıq emalı sexində işləyir. Avadanlıqları və onların hissələrini təmir edib düzgün işləyibişləmədiyini yoxlayır. "xxxx" MMC-nin Zərdab filialının pambıq emalı sexində olan Linter avadanlığının qarşısında olan val hissəsi maşının intiqalı ilə elektrik blokirovkada olan etibarlı örtük və qapaqlarla bağlı olmamışdır. Valın üzərindəki qoruyucu qapaq və aparat elektrik matoru ilə işləyir. İşə başlamamışdan əvvəl Şahid2 qoruyucu qapaq və aparatın gözlərini təmizləmək üçün şnekin üzərindən götürüb 1 metr məsafədə təmizləmişdir. Linter aparatının qoruyucu qapağı valın üzərindən götürülən zaman val işlək vəziyyətdə olmuşdur, əslində qapaq onun üzərindən götürülən zaman avtomatlaşdırılmış qaydada val da dayanmalıdır, lakin dayanmayaraq işləyir. Aparatın həmin funksiyası işləmir. Linter aparatının qarşısında olan val və onun üzərindəki qoruyucu qapaq Özbəkistan Respublikası istehsalıdır və onun təkmilləşdirilməsi hazırda ölkədə mövcud deyildir ona görə də bu qayda ilə istifadə olunmaqdadır. Yəni, val onun üzərində qoruyucu qapaqla elektrik blokirovkada deyildir. Bununla da o, başa düşür ki, mövcud olan şərait onun vəzifə təlimatının pozulmasına əsasdır və o, bunu qəbul edir. Hazırda törətdiyi əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsiri özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamaqla "xxxx" MMC-nin Zərdab filialında CİN xidmətçisi vəzifəsində işə başlamışdır. Əmək vəzifəsi “CİN” avadanlıqlarının işlədilməsi, üzərini, ətrafını, ön hissəsini təmizləməkdir və aparatın işləməsinə nəzarət etməkdir. Belə ki, həmin avadanlıqlarda emal zamanı tökülən tiftik, ulyuk, püf və s. tullantıları təmizləmək və aparatıın işlməsinə nəzarət etməkdir. Avadanlıqların işinə nəzarət etmək operatorun vəzifəsidir. 28 yanvar 2023-cü il tarixdə Zərdab rayonunda yerləşən Pambıq emalı zavodunda, saat 16 radələrində, yəni İİ növbədə işdə olarkən linter aparatını təmizləməklə məşğul olmuşdur. Aparatı təmizlədikdən sonra qapaqlarını bağlamaq üçün ayağa qalxmaq istəmişdir. Zavod pambıq təmizləmə işinə baxdığından bu zaman yerdə təmizlənmiş, pambıq çiyidləri olmuşdur. O, ayağa qalxanda ayağını pambığın çiyidinin üzərinə qoyduğundan ayağı sürüşmüş və “linter” qurğusunun aşağısında yerləşən mişarına düşmüşdür. Həmin vaxt yanında iş yoldaşları olmuşdur. O, “cin xidmətçisi” vəzifəsində çalışmışdır, Linter aparatını təmizləmək onun vəzifəsi olmamışdır və eyni zamanda həmin işi görmək ona tapşırılmamışdır. O, öz iradəsi ilə “CİN” aparatı tərəfdən digər tərəfə “linter” aparatının yanına getmiş və öz səhlənkarlığından hadisə baş vermişdir. Onun heç kimdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid6 ifadəsində göstərmişdir ki, 2107-ci ildən "xxxx" MMC-nin Zərdab rayon filialının direktoru vəzifəsində işləyir. Pambıq zavodu pambığın becərilməsi ilə yanaşı həm də emal müəssisədir. Zavodun emal sexində 80 nəfər fəhlə-mühəndis heyəti işləyir. Sexin iş prinsipinə uyğun olaraq pambıq borularla quruducu barabana daxil olur, avadanlıqlar RX, separator və CİN aparatı vasitəsilə çiyid mahlıcdan ayrılır, linter vasitəsilə çiyid tamamilə bir daha təmizlənir, çiyid isə şnek vasitəsilə çiyid anbarına ötürülür. İş vaxtı zavodda növbəli iş rejimidir. Hər növbədə 21 nəfər çalışır. Növbədə işə rəhbərlik edən növbə rəisidir, o işçilərə nəzarət edir. Ümumi işə isə baş mühəndis rəhbərlik edir. Lakin emal sexində işə isə bilavasitə baş mexanik nəzarət edir. Özünün vəzifəsi filialda fermerlərlə bağlanmış müqavilələr əsasında pambıq istehsalına, pambıq emalına, filiala məxsus nəqliyyat vasitələrinə istismarına rəhbərlik etmək və nəzarət etməkdən ibarətdir. Pambıq emalı sexi hər ilin sentyabr ayında fəaliyyətə başlayır, yaz aylarına qədər fəaliyyətini davam etdirir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamaqla zavodda Cin-xidmətçi vəzifəsində işə başlamışdır. Onun əmək vəzifəsi “CİN” avadanlıqlarının işlədilməsi, üzərini, ətrafını, ön hissəsini təmizləməkdir və aparatın işləməsinə nəzarət etməkdir. xx.xx.2023-ci il tarixdə, saat 16 radələrində fermerlərlə sahədə olmuşdur. Həmin gün növbə rəisi Şahid3 olmuş, 20 nəfərədək isə fəhlə emal sexində növbədə olmuşdur. Təxminən 16:05 radələrində ona mexanik Təqsirləndirilən şəxs telefonla əlaqə saxlayıb, Zərərçəkmiş şəxs ayağının Linter aparatının aşağı hissəsində olan çiyid şnekinə düşməsi barədə məlumat vermiş o, dərhal zavoda gəldikdə təcili tibbi yardım maşının və zavodda olan işçilərin orada olduğunu görmüşdür, Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərilmişdir. Bundan sonra təcili tibbi yardım maşını ilə X4 Rayon Xəstəxanasına aparmışlar. Hadisə baş verən zaman Səlimxan Cin operatoru olduğu halda gedib linter aparatının aşağısında olan çiyid şneki üzərində olan qoruyucu qapaq açıq olduğu halda orada işləmişdir. Halbuki, onun linter aparatında işləməsini ona heçkim tapşırmamış, özbaşına gedib orada işləmişdir. Növbə rəisi orada olmasa da, mexanik Təqsirləndirilən şəxs orada olmuşdur. Zərərçəkmiş şəxs səhlənkarlıq edərək aparatın mişar olan hissəsinin qoruyucu qapağı olmadan işləmiş, ayağı oraya düşmüş və nəticədə hadisə baş vermişdir. Həmin vaxt linter aparatı sönülü olsa da, onun altındakı şnek valı işlək vəziyyətdə olmuşdur. Belə ki, şnek valı aparatın qoruyucu qapağı qaldırıldıqda sönməlidir, lakin aparatın həmin funksiyası işləmədiyi üçün qapaq qaldırıldıqda val dayanmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, 1991-ci ildən "xxxx" MMC-nin Zərdab rayon filialının pambıq zavodunda baş mühəndis vəzifəsində işləyir. Növbədə işə rəhbərlik edən növbə rəisidir, o işçilərə nəzarət edir. Ümumi işə isə baş mühəndis rəhbərlik edir. Lakin emal sexində işə isə bilavasitə baş mexanik nəzarət edir. Onun əmək vəzifəsi istehsal sahəsində işçilərin iş rejiminə nəzarət etmək, avadanlıqların saz vəziyyətdə işləməsinə baxmaq, istehsal olunan məhsulun keyfiyyətinə nəzarət etməkdir. Əməyin təhlükəsizliyinə bilavasitə nəzarəti növbə rəisi, baş mexanik və təhlükəsizlik üzrə mühəndis cavadehdir. O, istehsal prosesində istehsal olunan məhsulun keyfiyyətinə, emal sexində işçilərin işə davamiyyətinə nəzarət etmək, işçilərin işinə məsuliyyətlə yanaşmasına nəzarət etməkdir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamaqla zavodda Cin-xidmətçi vəzifəsində işə başlamışdır. Onun əmək vəzifəsi “CİN” avadanlıqlarının işlədilməsi, üzərini, ətrafını, ön hissəsini təmizləməkdir və aparatın işləməsinə nəzarət etməkdir. xx.xx.2023-cü il tarixdə, saat 13:30 radələrində iş vaxtı bitdiyi üçün o, iş yerində olmamışdır. Həmin gün növbə rəisi Şahid3 olmuşdur, 20 nəfərədək isə fəhlə emal sexində növbədə olmuşdur. Evdə olan zaman təxminən 16:05 radələrində ona mexanik Təqsirləndirilən şəxs telefonla məlumat verərək Zərərçəkmiş şəxs ayağının Linter aparatının aşağı hissəsində işlək vəziyyətdə oln çiyid şnekinə düşməsini bildirmiş və o, dərhal zavoda gəldikdə tibbi yardım maşının və zavodda olan işçilərin orada olduğunu görmüşdür. Hadisə baş verən zaman Səlimxan Cin operatoru olduğu halda gedib linter aparatının aşağısında olan çiyid şneki üzərində olan qoruyucu qapaq açıq olduğu halda orada işləmişdir. Halbuki, onun linter aparatında işləməsini ona heçkim tapşırmamış, özbaşına gedib orada işləmişdir. Növbə rəisi orada olmasa da, mexanik Təqsirləndirilən şəxs orada olmuşdur. Zərərçəkmiş şəxs səhlənkarlıq edərək aparatın mişar olan hissəsinin qoruyucu qapağı olmadan işləmiş, ayağı oraya düşmüş və nəticədə hadisə baş vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, 2018-ci ildən "xxxx" MMC-nin Zərdab rayon filialının pambıq zavodunda “SƏTƏM” (sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik texnikaları üzrə mühəndis) mühəndisi vəzifəsində işləyir. İş vaxtı zavodda həftədə 40 saat olmaqla növbəli iş rejimidir. Hər növbədə 21 nəfər çalışır. Növbədə işə rəhbərlik edən növbə rəisidir, o işçilərə nəzarət edir. Ümumi işə isə baş mühəndis və baş mexanik nəzarət edir. Baş mühəndis Şahid4, baş mexanik isə Təqsirləndirilən şəxsdur. Gün ərzində 8 saat işləməklə 3 növbə çalışır. Birinci növbə saat 08:00-dan saat 16:00-dək, İİ növbə 16:00-dan 00:00-dək, İİİ növbə 00:00-dan 08:00-dək çalışır. Onun əmək vəzifəsi işçilərin əmək təhlükəsizliyini təmin etməkdir. Bununla əlaqədar hər bir işçiyə əmək müqaviləsi bağlandıqdan sonra giriş təlimatı verir, fərdi mühafizə vasitələri ilə təmin edir ( üç yadan bir yenisi ilə əvəz etmək şərti ilə), təhlükəsiz əmək şəraitinin yaradılmasına nəzarət edir. İş prosesi vaxtı hər gün yoxlama təşkil edir, şöbə rəislərinin işçilərini təlimatlandırmalarına nəzarət edir. Fəhlələri sorğu-sual edib şöbə rəhbərləri tərəfindən aldığı təlimatla tanış olub-olmadığını yoxlayır. Zavodda bütün fəhlələr fərdi mühafizə vasitələri ilə təmin olunmuşdur. Fəhlələr nəzarət buraxılış məntəqəsinə daxil olarkən davamiyyət jurnalına imza etdikdən sonra sexə daxil olurlar, formalarını geyinirlər, fərdi mühafizə vasitələrini geyinirlər, növbə rəisləri-şöbə rəhbərləri tərəfindən iş vaxtı üçün iş öncə təlimatlandırılırlar və bunu rəsmi sənədlə öz imzaları ilə təsdiq edirlər, növbə rəisi hər bir fəhləyə və işləyəcəyi avadanlıq barədə təlimat verir, bundan sonra kamera altında işə davam edir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamaqla zavodda Cin-xidmətçi vəzifəsində işə başlamışdır. Onun əmək vəzifəsi “CİN” avadanlıqlarının işlədilməsi, üzərini, ətrafını, ön hissəsini təmizləməkdir və aparatın işləməsinə nəzarət etməkdir. Belə ki, həmin avadanlıqlarda emal zamanı tökülən tiftik, ulyuk, püf və s tullantıları təmizləmək və aparatın işləməsinə nəzarət etməkdir. Avadanlıqların işinə nəzarət etmək operatorun vəzifəsidir. xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində iş vaxtı başlamışdır. Həmin gün növbə rəisi Şahid3 olmuşdur. Şahid3 işçilərin ilkin təlimatını vermişdir. Növbə təhvil verilən zaman bəzi avadanlıqlar təmizlənməsi üçün söndürülür, o cümlədən linter avadanlığı da işlək vəziyyətdə olmamışdır. Lakin linter aparatının altında şnek valı işlək vəziyyətdə olmuşdur. Həmin gün 16:03 radələrində zavodun inzibati binasında olan zaman mexanik Təqsirləndirilən şəxs mobil telefon vasitəsilə ona hadisə barədə məlumat verib köməklik üçün çağırmışdır. O, oraya getdikdə Zərərçəkmiş şəxs ayağının Linter aparatının qarşısında aşağı hissəsində olan çiyid şnekinə düşdüyünü görmüşdür, lakin həmin zaman operator Elman Məmişov tərəfindən avadanlıq cərəyan mənbəyindən ayrılmışdır. Orada dərhal 103 təcili tibbi yardım çağırılmasını təmin etmiş, tibbi yardım gələnədək öz təlimatlarına uyğun ilkin tibbi yardım göstərmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, 2018-ci ildən "xxxx" MMC-nin Zərdab rayon filialının pambıq zavodunda növbə rəisi vəzifəsində işləyir. Zavodda növbəli iş rejimidir və növbədə işə rəhbərlik edən növbə rəisidir, yəni odur və işçilərə nəzarət edir. Ümumi işə isə baş mühəndis rəhbərlik edir. Emal sexində işə isə bilavasitə baş mexanik nəzarət edir. Zavodda hər növbənin iş vaxtı 8 saat olmaqla üç növbə iş rejimi var. Birinci növbə saat 08:00-dan saat 16:00-dək, İİ növbə 16:00-dan 00:00-dək, İİİ növbə 00:00-dan 08:00-dək çalışır. Onun əsas əmək vəzifəsi istehsal sahəsində pambıqın ilkin anbardan quruducu barabana ötürülməsi, oradan təmizləyici avadanlıqlara keçməsi, həmin avadanlıqlardan çıxaraq çiyidin mahlıcdan ayrılması prosesinə ötürülməsi, sonradan mahlıcın press avadanlığına ötürülməsi və oradan ayrılan çiyidin başqa avadanlıqlara təmizlənməsi üçün ötürülməsi və təmizlənmiş çiyidin hazır anbara ötürülməsi prosesindən ibarətdir. Əməyin təhlükəsizliyinə bilavasitə nəzarəti növbə rəisi, yəni o, baş mexanik və təhlükəsizlik üzrə mühəndis cavabdehdir. Əmək vəzifələri zavodda növbədə olan 21 nəfər fəhləyə nəzarət etməkdir. Hər dəfə işə başlamazdan əvvəl işçiləri yığıb onlara təhlükəsizlik təlimatı keçir. 28 yanvar 2023-cü il tarixdə də işçilərə təhlükəsizlik təlimatı keçmişdir. Zərərçəkmiş şəxs 28 yanvar 2023-cü il tarixdə ikinci növbə zamanı işə başlamışdır. O, zavodda Cin operatoru vəzifəsində işləyir. Onun vəzifəsi istehsal zamanı mahlıcın çiyiddən ayrılması avadanlığını işlətməkdir. Hər dəfə ona təlimat keçmişdir ki, aparat işləyə-işləyə aparata əl vurmaq olmaz. Lakin, o, hadisə olan gün, İİ növbə iş rejimində olarkən ayağı ehtiyyatsızlıqdan işləyən Linter aparatının aşağısında olan şnekə düşdükdə val onun ayaq nahiyyələrini kəsmişdir. Zərərçəkmiş şəxs linter aparatında işləməyi heç kim tapşırmamışdır. Həmin linter aparatı operatoru xəstə olduğu üçün işə gəlməmiş, mən də həmin işi digər linter aparatı operatoru Fərrux Mürsəliyə həvalə etmişdim. Zərərçəkmiş şəxs də ona öz iradəsi ilə kömək etmək istəmişdir. O, səhlənkarlıq edərək aparatın mişar olan hissəsinin qoruyucu qapağı olmadan işləmiş, ayağı oraya düşmüş və nəticədə hadisə baş vermişdir. Əslində aparatın mişar olan hissəsinin qoruyucu qapağı qaldırıldıqda şnekin valı da dayanmalıdır. Lakin aparatın həmin funksiyası işləmədiyi üçün şnekin valı qapaq qaldırılarkən işlək vəziyyətdə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, 7 ildir ki, Pambıq zavodunda işləyir. Əmək vəzifələri təmizləyici avadanlıqların işləməsinə nəzarət etməkdir. Hər dəfə işə başlamazdan əvvəl növbə rəisləri Şahid3 işçiləri yığıb onlara təhlükəsizlik təlimatı keçmiş və təlimat zamanı onlara dəfələrlə aparat işləyə-işləyə aparata əl vurmaq olmaz tapşırığı vermişdir. Hadisə günü, yəni xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində iş vaxtları başlamışdır. Həmin vaxt işçilərə təhlükəsizlik təlimatı keçildikdən sonra işə başlamışlar. Linter aparatı operatoru səhhəti ilə əlaqədar işə gəlmədiyi üçün linter avadanlığının işlədilməsi növbə rəisi Şahid3 tərəfindən ona həvalə olunmuşdur. Linter aparatının baxış pəncərələri var ki, onun da altında mişarları vardır. Həmin valın 160 mişarı var. Çiyid həmin mişarın üzərinə tökülür və üzəri son dəfə təmizlənir. Aparat elektrik matoru ilə işləyir. İşə başlamamışdan əvvəl o, aparat sönülü vəziyyətdə olmuşdur. Lakin aparatın qoruyucu qapağının altında olan şnek valı qapaq qaldırıldıqda sönməli olduğu halda işlək vəziyyətdə olmuşdur. Aparatın həmin funksiyası işləməmişdir. O, həmin vaxt aparatın gözlərini təmizləmişdir. O, həmin aparatı şnekdən 1 metr məsafədə təmizləmişdir, ani olaraq Səlimxanın şnekin olduğu hissəyə düşdüyünü görüb dərhal onu qucaqlamış və eyni zamanda qışqıraraq Elmana şneki söndürməsini bildirmişdir. Cin avadanlığının operatoru Elman Məmişov avadanlığı cərəyan mənbəyindən açmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işində olan məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 61/MEŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər travmatik-hemorragik şokla müşaiyət olunan sağ bud və hər iki baldır sümüklərinin açıq sınıqları, sağ ayağın çıxığı, hər iki aşağı ətrafın ölçülü yumşaq toxuma defektləri, sağ saidin, sağ əlin, sol budun, sol ayağın sıyrıqları küt və mişarlayıcı vasitənin mexaniki təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023cü il tarixə linter avadanlığının mişarlı valına düşməsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Cinayət işində olan məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 29 mart 2023-cü il tarixli, 10/955 nömrəli rəyindən görünür ki, "xxxx" MMC-nin Zərdab rayon filialının pambıq emalı zavodunun emal sexində ərazisində istifadə olunan maşının və mexanizmlərinin fırlanan və hərəkətdə olan hissələrinin üzərinin maşının intiqalı ilə elektrik blokirovkada olan etibarlı örtük və qapaqlarla təmin edilməməsi hadisənin baş verməsini şərtləndirmişdir. Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin “Vahid X2” nın tələblərinə əsasən, pambıq emalı zavodunun ərazisində, o cümlədən emal sexində avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə (konkret halda hərəkətdə olan dişli ötürücülərinin üzərinin etibarlı örtük və qapaqlarla bağlı olması) saxlanılmasını təmin etmədiyinə görə, “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST"nin (Dövlət Standartı) 1.2, 2.1.5-ci bəndlərinin və «Pambıqtəmizləmə sənayesində təhlükəsizlik texnikası və istehsalat sanitariya qaydalarının» 2.6.2 bəndinin tələbləri "xxxx" MMC-nin Zərdab rayon filialının pambıq emalı zavodunun baş mexaniki Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Cinayət işində olan xx.xx.2022-ci il tarixli, "xxxx" MMC-nin MK Zərdab filialı ilə Zərərçəkmiş şəxs arasında bağlanmış əmək müqaviləsindən görünür ki, sonuncu xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin MK Zərdab filialı X6 zavoduna Cin xidmətçisi vəzifəsinə, xx.xx.2022-ci tarixli, 112/K saylı əmrə əsasən isə Cin operatoru vəzifəsinə işə qəbul olunmuşdur. Cinayət işində olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Zərdab filialının Xam pambığın qəbulu və emalı şöbəsində mexanik vəzifəsində işləyir. Cinayət işində olan «MKT-İK” MMC-nin mexanikinin “Vəzifə təlimatı”ndan görünür ki, onun vəzifəsi əsas mexanik avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək, avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək, istehsalatın texniki hazırlığını təmin etmək, avadanlıqların təmiri, təmir istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik etmək, təmirarası xidmət, təmirin vaxtında və keyfiyyətlə keçirilməsinə, qurğuların vəziyyətinə texniki nəzarəti təşkil etmək, köhnəlmiş avadanlıqları, obyektləri müəyyən etmək və baş mühəndisə məruzə etmək, təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin etmək, şöbənin işçilərinə avadanlıq, bina və qurğulara təmir xidməti göstərən işçilərə rəhbərlik etmək və rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqları icra etməkdən ibarətdir. Cinayət işində olan “işdən öncə təlimatlandırma vərəq”indən görünür ki, xx.xx.2023-cü il tarixdə növbə rəisi Şahid3 tərəfindən qurğular üzrə Cin operatoru Zərərçəkmiş şəxs işçi personalının işin xüsusiyyətləri, risklər, qəza halları və onların aradan qaldırılması sahəsində görülmüş təhlükəsizlik tədbirləri ilə, özünün və iş yoldaşının təhlükəsizliyinə və sağlamlığına, görülən işlərin ətraf mühitə zərər vurmadan təhlükəsiz yerinə yetirilməsinə görə təlimatlandırılmış, jurnalda öz imzası ilə təsdiq etmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işində olan 08 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Zərdab RİHB-nin İsaqbağı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi K.Kərimov tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə göndərilmiş notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan "xxxx" MMC-nin direktoru Şahid6 tərəfindən verilmiş 29 avqust 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin Zərdab filialında işləyir və aylıq maaşı 600 manat təşkil edir. Cinayət işində olan 01 aprel 2023-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, istintaq zamanı 1 (bir) ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına və sadalanan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 162.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CMnin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilən əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, şəxsiyyətini, barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılmasını CM-nin 59.1.13-cü maddəsinə əsasən, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının müddəalarını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsinə zərurət yoxdur. Məhkəmə işin yuxarıda müəyyən halları nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayıb, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının verilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə təqsirli bilinib qazancından 15 (on beş) faiz pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli qazancından 15 (on beş) faiz məbləğində pul dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanunu qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmün icrası Zərdab rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar