Məhkəmə qərarları › İş №1(035)-3/2024

Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-3/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-3/2024 25.06.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X3 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1987-ci ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, hazırda Gəncə şəhəri 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 25 iyun 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda, əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma və qərəzli xuliqanlıq cinayət əməlini törətməkdə təqsirləndirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 221.3-cü maddələri ilə məhkəməyə verilmişdir. Belə ki, ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində Zərdab şəhəri, 51 saylı Yeni qəsəbədə yerləşən “Taxtalı” adlı kafenin içərisində və qarşısındakı həyətində Zərdab rayonu, Salahlı kəndində daimi qeydiyyatda olmaqla yaşayan, xx.xx.1989-cü il təvəllüdlü Zərərçəkmiş şəxs heç bir səbəb olmadan özünü kənar şəxslərin fövqündə tutub, əlləri və silah qismində istifadə etdiyi plastik stul ilə bədəninin baş və digər nahiyələrindən qəsdən vuraraq zor tətbiq etməklə ona sağ gözün yuvası altı nahiyyədə yumşaq toxumanın bir qədər şişkinliyi fonunda və sağ qulaq seyvanın arxa tərəfində qançırlar ilə nəticələnən qəsdən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Bundan başqa, Zərdab rayon İcra və Probasiya bölməsi tərəfindən axtarışa verilmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Zərdab RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri ərazisində saxlanılaraq Zərdab rayonuna gətirilmiş, Zərdab rayonu ərazisində olarkən Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Zərdab RPŞ-də şəxsi axtarış keçirilən zaman xx.xx.2022-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,302 qram psixotrop maddə olan metamfetamin istifadə etdiyi Samsung A10 markalı mobil telefonun kabrosunun içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 221.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində Zərdab şəhərində, 51 saylı adlanan yeni qəsəbədə yerləşən “Taxtalı” adlanan kafeyə getmişdir. Həmin kafenin daimi müştərisidir. “Taxtalı” adlanan kafedə tanışları ilə əyləşərək pivə içmişdir. Bir müddət sakitcə tanışları ilə pivə içmişdir. O, həmin vaxt ayağında brasled daşımış və qanunun tələbinə görə saat 23:00 da yaşadığı ünvanda olmalıymış. Taxtalı kafesini icarəyə götürən Laçını tanıyır və aralarında yaxın dostluq münasibəti olmasa da tanışlıq münasibəti vardır. Laçın həmçinin idarə etdiyi avtomobil ilə taksi kimi fəaliyyət göstərir. O, saat 23:00 da öz evlərində olmalı olduğuna görə kafenin içərisində Laçına “2 manat taksi pulunu verirəm apar məni evimizə düşür” demişdir. O, bunu Laçına tələb kimi deyil, xahiş olaraq bildirmişdir. Bundan əvvəl bir neçə dəfə Laçın onu aparıb evlərinə düşürmüşdür. Laçın ona etiraz etdikdə, o yenidən Laçından onu aparıb evlərinə düşürməyi xahiş etmişdir. Bundan sonra Laçın ona söyüşlə cavab verərək rayona gedə bilmədiyini demişdir. Laçın ona söyüşlə cavab verdiyi üçün kafenin içərisində olan, ağ rəngli plastikdən olan oturaq stulunu Laçının üstünə atmışdır. Laki, həmin stul Laçına dəyməmişdir. Laçın dərhal onun üstünə hücüm etmiş və kafenin içərisində əlbəyaxa olmuşlar. Laçın onu yerə yıxaraq üzərinə çıxmış və həmin vaxt boğazından tutaraq bədəninin hər tərəfinə yumruqlar vurmağa başlamışdır. O, Laçının altından qalxaraq kafenin həyətinə çıxmışdır. Laçın da onun arxası ilə kafenin həyətinə çıxmışdır. Həmin vaxt kafenin həyətindəki stollarda müştərilər əyləşərək dincəlmişlər. Kafenin həyətində, giriş qapısının yanında o, Laçınla yenidən sözlü mübahisəyə başlamış, bir-birilərinə qarşı ucadan nalayiq ifadələr işlətmiş, yenidən əlbəyaxa olmuşlar. Laçın yenə də onu kürəyi üstə yerə yıxmış, bu vaxt onun kürəyi və dizi sıyrılmışdır. Laçın yenidən onun sinəsi üstündə oturaraq əli ilə yenə də onu döymüşdür. O, tanımadığı kimlərinsə onları aralaşdırmaq istədiyini hiss etmiş, lakin, onları ayırmaq istəyənlərdən onlara yaxınlaşmamağı tələb etmişdir. Bundan sonra, o Laçının altından çıxmış və ətrafda olan dırmığın sapını bir qədər yellədikdən sonra üzərinə gələn həmin kafedə işləyən Röyal adlı şəxs tərəfə atmış və “sabah görüşərik” demişdir. O, dırmığı atarkən dırmıq qırılaraq yerə düşmüşdür. Laçın dırmıq sapının qırığını yerdən götürərək onun başına və bədəninə vurmağa başlamışdır. Ağac onun başına dəyəndən sonra özünü pis hiss etmişdir. O, bundan sonra taqətsiz halda aralaşıb stolda əyləşmiş və bir az sonra da həmin yerə polis əməkdaşları gələrək onları polis şöbəsinə aparmışlar. Sonradan Laçınla barışmışlar və bir-birlərinə qarşı şikayət və tələbləri yoxdur. Həmçinin bildirir ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, hökmün icrası ilə bağlı ayağına elekron qolbağ bağlanmışdır. xx.xx.2022-ci il tarixdə hökmün icrasından boyun qaçıraraq qolbağını qıraraq Bakı şəhərinə getmişdir. xx.xx.2022-ci il tarixdə axşamüstü Zərdab rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq qoluna qandal vurulmaqla təxminən saat 20 radələrində Zərdab rayon Polis Şöbəsinə gətirilmişdir. Zərdab rayon Polis Şöbəsində üzərinə baxış keçirilən zaman üzərindan narkotik vasitə aşkar edilmişdir. Onda heç bir narkotik vasitə olmamışdır. Polis Şöbəsində ona təzyiqlər olduğu üçün polislərin onu incidəcəklərindən qorxduğu üçün video çəkiliş zamanı məcbur olub yalandan üzərindən aşkar olunan narkotik vasitənin ona məxsus olduğunu və Bakı şəhərindən tapdığını demişdir. Halbu ki, onda heç bir narkotik vasitə olmamışdır. Ona görə də özünü təqsirli bilmir və hər iki maddə ilə ona bəraət verilməsini məhkəmədən xahiş edir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verərək, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda, əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma kimi qiymətləndirilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmasını düzgün hesab etmir. Lakin, Təqsirləndirilən şəxs ona ittiham elan olunan qərəzli xuliqanlıq əməlinin törədilməsində təqsiri zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, eləcə də məhkəmədə tədqiq olunmuş işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkən şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Zərdab rayonu, Salahlı kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. ünvan 4ə götürərək işlətmişdir. Rəsmi olaraq Zərdab rayonu, Suvarma Sistemləri İdarəsində maşinist işləyir. Lakin, aldığı məvacib dolanışığını təmin etmədiyi üçün əlavə olaraq “Taxtalı” adlanan kafeni yay sezonu ərəfəsində icarəyə götürüb müvəqqəti işlətmişdir. Həmin kafedə bir nəfər Orxan adlı kababçı, bir nəfər Gülnarə adlı qabyuyan qadın və bir nəfər də Lidiya adlı qadın ofisiant işləmişdir. Bundan başqa günün bəzi hissələrində özü kafedə olmadığı üçün Röyal adlı tanışı həmin kafedə həm ofisinat, həm də nəzarətçi kimi işləmişdir. xx.xx.2022-ci il tarixdə saat 20:50 radələrində kafeyə gəlmiş, həmin vaxt əvvəlcədən tanıdığı, Zərdab şəhər sakini Təqsirləndirilən şəxs kafenin həyətində digər iki nəfərlə əyləşdiyini görmüşdür. Ramiz birlikdə əyləşdiyi şəxslərlə pivə içmiş, biraz sonra birlikdə əyləşdiyi şəxslər getmişdir. Saat təxminən 22:20 radələrində aşpaz işləyən Orxanı Zərdab rayonu Məlikumudlu kəndində yerləşən evlərinə aparmaq istəmişdir. Bu zaman Ramiz kafenin həyətindən içəri girərək, “məni öz avtomobilinlə Zərdab şəhərinə apar evimizə düşür” demişdir. O, isə buna cavab olaraq “3-4 gündür ki, şəhərə girmirəm və indi də aşpazı evinə aparıram, səni apara bilməyəcəm, burada başqa bir taksi sürücüsü var ona deyərəm səni aparıb düşürər” deyə cavab vermişdir. O, bunu deyəndən sonra Ramiz söyüş söyərək bu saat kafeni dağıdacam demişdir. Ramizi sakitləşməyərək kafedə olan taksilərdən biri ilə çıxıb getməsini bildirmişdir. Ramiz yaxınlıqda olan ağ rəngli plastik stulu əlinə alıb ona tərəf atmışdır. Stul onun başına dəyərək yerə düşmüşdür. Plastik stul onun başına dəyib yerə düşən zaman stulun qabaq sol ayağı qırılmışdır. Ramiz ona ağ rəngli plastik stulu atarkən o da kafedə, şüşənin qarşısında dayanmışdır. Ramiz ona tərəf gəlmiş və o, da Ramizin üstünə tərəf getmişdir. Onlar əlbəyaxa olaraq dalaşmağa başlamışlar. O, Ramizi yerə yıxmış və Ramiz onun altına düşmüşdür. Onlar bir-birilərinə qarşı əl-qol ataraq bədənlərinin müxtəlif yerlərinə yumruq və sillə ilə vurmuşlar. Kafenin içərisində olan müştərilərdən kimsə onları aralaşdırmışdır. O, ayağa qalxaraq kafedən bayıra, yəni kafenin həyətinə çıxmışdır. Ramiz arxası ilə kafenin həyətinə çıxaraq üstünə yenə də hücum etmişdir. Onlar yenə də əlbəyaxa olaraq dalaşmağa başlamışlar. Onlar kafenin həyətində dalaşan zaman Ramiz onun sağ qulağından, sağ tərəf gözünün altından və sol tərəf sifətindən yumruqla vurmuşdur. Dalaşan zaman bir-birilərinə qarşı əl-qol atmışlar. Onun atdığı əl-qol və Ramizin ona atdığı əl-qol bədənlərinin hər yerinə dəymişdir. Ramizlə əlbəyaxa olub dalaşmağa başlayanda Ramiz onları aralaşdırana var yox söyüşü söymüşdür. Lakin Ramiz onun altında olanda və dalaşanda kafedə bəzi işlərə köməklik edən Röyal onları aralamaq üçün yaxınlaşmışdır. Ramiz onda Röyala qarşı var yox söyüşü etmişdir. O, nəfəs almaqda çətinlik çəkdiyi üçün Ramizi buraxmış və ayağa qalxaraq oradan aralaşmışdır. Ramiz də yerdən, çınqıl daşların üstündən ayağa qalxmış və ondan aralaşmışdır. Bir az sonra, yəni iki dəqiqə sonra Ramiz yenə də üstünə hücum etmiş və sinəsindən yenə də yumruqla vurmuşdur. O, yenə aralaşmış və Ramiz kafenin həyətində kərpic hörgüsünə söykənəkli olan dırmığı götürüb onun üstünə hücüm etmiş və onu dırmıqla vurmaq istəyəndə, o çəkilmişdir. Bu səbəblə dırmıq stola dəyib sınmışdır. Ramiz dırmığın sınmış sapını yerdən alıb ona tərəf atmışdır. Sonra, o, dalaşmamaq üçün aralaşıb kafenin arxasına keçmişdir. Bir az sonra kafeyə polis əməkdaşları gəlmişdir. Hazırda Ramizlə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Zərdab şəhəri ərazisində yerləşən, hamının “Taxtalı” adlandırdığı, Zərdab şəhəri, 51 saylı Yeni qəsəbənin yaxınlığında yerləşən kafedə günəmuzd formada ofisiant işləmişdir. xx.xx.2022-ci il tarixdə axşam saat 22 radələrində ofisiant işlədiyi “Taxtalı” adlandırılan kafenin içərisində yemək yeyən zaman, əvvəldən rayon sakini kimi tanıdığı Ramiz adlı şəxs kafenin içərisinə girərək həmin kafeni icarə əsasında işlədən Laçına “məni apar evə düşür evə getməliyəm” demişdir. Laçın isə cavabında “etibarnaməm yoxdur, apara bilməyəcəm səni gecə vaxtı” deyə cavab vermişdir. Ramiz bundan sonra təkrarən Laçından onu evə aparmasını istəmişdir. Lakin sonuncu dəfə Laçın onu evə apara bilməyəcəyini dedikdə Ramiz “aparacaqsan, aparacaqsan” deyərək kafedə olan kauçuk stollardan birini götürərək Laçına tərəf atmışdır. Laçın bundan hiddətlənərək Ramizin üzərinə cummuşdur. Bundan sonra onların arasında dava-dalaş başlamışdır. Onlar dava-dalaşı həm sözlü, həm də bir-birlərini vurmaqla davam etdirərək kafenin həyətinə çıxmışlar. O, ilk öncə Laçınla Ramiz arasında olan mübahisənin qısa davam edəcəyini düşünmüşdür. Ona görə də onların arxasınca getməmişdir. Lakin təxminən 2-3 dəqiqədən sonra kafenin həyətindən gələn səs-küy artdığı üçün, həm də dava-dalaşın davam etdiyini gördüyündən kafenin həyətinə çıxmışdır. Kafenin həyətinə çıxan zaman Ramizlə Laçının hələ də dava-dalaşının davam etdiyini, bu səbəbdən də kafe müştərilərinin hamısının öz yerlərindən qalxaraq bir az kənara çəkildiklərini görmüşdür. Onlar kafenin həyətində, giriş qapısının yanında bir müddət dalaşmışlar. Dalaşan zaman həm Laçın, həm də Ramiz kafenin giriş qapısının yanında dizlərini yerə qoymaqla bir-birlərinin boynundan tutmuşlar. O, Laçın ilə Ramizə yaxınlaşaraq “yekə oğlansınız, bəsdi durun aralaşın” deyərək, dava-dalaşın sonlanması üçün yaxınlaşıb Ramizin qolundan tutub çəkməyə başlamışdır. O, deyəndən sonra hər ikisi ayağa duraraq aralanmışlar. Təxminən 3-5 dəqiqə sonra Ramiz yenidən Laçının üstünə gəlmişdir. Bu zaman Laçın ona “qoyma gəlsin üstümə” demiş, o isə “neynəyim gəlsin məni vursun?” deyə cavab vermişdir. Ramizlə Laçın yenidən dalaşmağa başlamışlar. Hər ikisi qarşılıqlı olaraq bir-birinə zərbələr vurmuşlar. Bu dəfə ki dava-dalaşı, yəni ikinci dəfə yenidən dalaşmaqları təxminən 10-15 dəqiqə davam etmişdir. Bu zaman kafedə olan bütün müştərilər yerlərindən qalxaraq kənara çəkilmiş, bəziləri isə daha yaxına gələrək dava-dalaşı müşahidə etməyə başlamışlar. Tanımadığı bir neçə müştəri dəfələrlə Ramizdən və Laçından mübahisəyə son qoymağı, dava-dalaşı bitirməyi tələb və xahiş etmişlər. Onlar yenidən dalaşmağa başlayan zaman kafedə ofisiant işləyən Lida polisə zəng vuracağını bildirərək telefonunu götürmüşdür. Sonda o, kafedə aşbaz işləyən Orxan, ilə birlikdə Ramiz ilə Laçını ayırmışdır. Bundan sonra isə polis əməkdaşları gələrək Ramizi Zərdab rayon Polis Şöbəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, O, fərdi şəkildə Zərdab şəhəri ərazisndə yerləşən, hamının “Taxtalı” adlandırdığı, Zərdab şəhəri, 51 saylı Yeni qəsəbənin yaxınlığında yerləşən kafedə günəmuzd formada aşbaz işləmişdir. xx.xx.2022-ci il tarixdə axşam saat 22 radələrində kafenin arxasında yerləşən meşəlikdə telefon ilə danışan zaman kafenin həyətindən səs-küy gəldiyini eşidərək kafenin qabaq tərəfinə gəlmişdir. Bu zaman əvvəlcədən rayon sakini kimi tanıdığı Ramiz adlı şəxs ilə kafeni icarə əsasında işlədən Laçının dava-dalaş etdiyini görmüşdür. O, həmin şəxslərə yaxınlaşaraq dava-dalaşı sonlandırmalarını xahiş etmişdir. Daha sonra onları ayıraraq Ramizi kafenin həyətində, kənarda əyləşdirmişdir. Bundan təxminən 10-15 dəqiqə sonra polis əməkdaşları gələrək onları polis şöbəsinə aparmışlar. Ramiz ilə Laçın dava-dalaş edərkən ətrafda kafedə olan müştərilər və kafenin işçiləri Lida, Röyal adlı şəxslər olmuş və təxminən 7-8 nəfər müştəri ayaq üstə Laçın ilə Ramizin ətrafına toplaşmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid5 Barat qızı ifadəsində göstərmişdir ki, Zərdab rayon sakini Laçın adlı şəxsin icarə əsasında işlətdiyi, Zərdab şəhəri, 51 saylı qəsəbənin yaxınlığında yerləşən “Taxtalı” adlı kafedə qabyuyan kimi günəmuzd işləmişdir. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində mətbəxdə olan zaman kafenin həyətindən səs-küy gəldiyini eşitmişdir. Həmin səs-küyə görə çölə çıxmış, çölə çıxan zaman tanıdığı Ramiz adlı şəxsin kafenin icarədarı Laçın ilə kafenin əsas giriş qapısının yanında bilmədiyi səbəbdən əlbə-yaxa dalaşdığını görmüşdür. Həmin vaxt kafedə ofissiant işləyən Lida və Röyal onları ayırmaq istəmişdir. Bir neçə dəqiqə sonra onlar aralaşmışlar. Buna görə o, qayıdıb qabyuma otağına girmişdir. Sonradan isə onların yenidən dalaşdığını eşitmişdir. Mübahisə olan zaman kafedə əlavə olaraq tanımadığı 7-8 nəfər müştəri olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, əvvəllər Zərdab rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. Zərdab rayon sakini Təqsirləndirilən şəxs Zərdab rayon İcra və Probasiya bölməsi tərəfindən axtarışa verilmiş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun Bakı şəhəri ərazisində olması müəyyən olunmuşdur. Zərdab RPŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2la birlikdə Bakı şəhərinə ezam olunmuşdur. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs Nəsimi rayonu ərazisində yerləşən və müvəqqəti yaşadığı mənzilə yollanmışlar. Qapını döydükdə tanımadığı şəxslər qapını açmış, özlərini təqdim edərək, Təqsirləndirilən şəxs axtardıqlarını bildirmişlər. Həmin şəxslər Ramizin içəridə olduğunu deyərək, onları içəri dəvət etmişlər. İçəriyə keçdikdə otaqda əyləşmiş vəziyyətdə olan Təqsirləndirilən şəxs onları görüb tanımışdır. Ramizə Zərdab rayon İcra və Probasiya bölməsi tərəfindən axtarışa verildiyi üçün onlarla birlikdə getməli olduğunu bildirmiş, Ramiz də heç bir şey deməyərək, onunla razılaşmışdır. Yolda gələrkən yol boyu Təqsirləndirilən şəxsla qarşılıqlı olaraq danışmış, Ramiz bir neçə dəfə zarafat etmişdir. O, buna heç bir reaksiya verməmişdir. Hətta Ramiz lazım olsa narkotik də verə biləcəyini bildirmiş, lakin, ona heç bir reaksiya verməmişdir. Belə ki, o, sadəcə olaraq axtarış arxası ilə getdiyindən yolda hər hansı problem çıxmaması və Ramiz ilə münasibətini yaxşı tutmaq istəmiş və buna görədə ona heç bir reaksiya verməmişdir. Yol boyu Ramizin bir əlini öz əlinə qandal ilə bağlanılmış halda olmuşdur. xx.xx.2022-ci il saat 01:30 radələrində Zərdab RPŞ-nə çatmış və Ramizi növbətçi hissəyə təqdim etmişdir. Təqsirləndirilən şəxs seçdiyi müdafiəçinin iştirakı ilə Şahid8 xidməti iş otağında videoçəklişlə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı baş təhqiqatçı, polis mayoru Şahid8 hər hansı bir cinayət xarakterli əşya və ya predmet olub-olmaması barədə soruşmuş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sol cibindən Samsung markalı qara rəngli telefonu, sol iç cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, əynindəki şalvarın arxa sol cibindən isə 16 manat pul məbləğini təqdim etmişdir. Sonra isə telefonun arxalığından, yəni koburasının içərisində olan kiçik ağ-gümüşü rəngli kağız bükümün içərisində olan psixotrop maddə sayılan və “patı” adlandırdığı maddəni təqdim etmişdir. Daha sonra həmin qeyd edilən maddə “portable electron” adlanan tərəzi ilə çəkilmiş və çəkişi 0.38 qram olmuş, və ekspertizaya təqdim olunması üçün qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid9 ifadəsində göstərmişdir ki, Zərdab RPŞ-nin İQ-nın baş müstəntiqi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs cinayət işi əvvəl sabiq müstəntiq Şahid Lətifovun icraatında olmuş, Şahid Lətifov xidməti yerini dəyişdiyi üçün cinayət işi onun icraatında olmuşdur. İzahatları sərbəst şəkildə vermişdir. Ona heç bir təzyiq və təsir edilməmişdir. Atası Natiq dəfələrlə həm onun həm də Şöbə rəisinin qəbulunda olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid8 ifadəsində göstərmişdir ki, Zərdab RPŞ-nin TQ-nın baş təhqiqatçısı vəzifəsində işləyir. Xatırladığı qədər axşam saatlarında Təqsirləndirilən şəxs əməliyatçılar Polis Şöbəsinə gətirmişlər. Onun xidməti otağında vəkili Müdafiəçi1 iştirakı ilə dindirilmiş və üzərinə baxış keçirilmişdir. Ramiz özü telefonunun arxasında, yəni telefon kabrosunun içində narkotik vasitə olduğunu və Bakı şəhərindən tapdığını etiraf etdi. X6 heç bir zorakı hərəkət edilməmişdir. Cinayət işində olan Azərbaycan Respubliksaı Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliynin Göyçay rayon şöbəsinin 136 nömrəli, 24 avqust 2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər: sağ göz yuvası altı nahiyyədə yumşaq toxumanın bir qədər şişkinliyi fonunda və sağ qulaq seyvanın arxa tərəfində qançırlar küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişdir, törəmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir sağlamlığa ZƏRƏR vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işində olan “maddi sübut kimi tanınma haqqında“ xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərdab şəhəri, 51 saylı Yeni yaşayış massivin yaxınlığında yerləşən “Taxtalı” adlı kafedən götürülmüş qırılmış dırmıq sapı iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərdab RPŞ-nin saxlama kamerasına verilmişdir. Cinayət işində olan “maddi sübut kimi tanınma haqqında“ xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Zərdab şəhəri, 51 saylı Yeni yaşayış massivin yaxınlığında yerləşən “Taxtalı” adlı kafedən götürülmüş ağ rəngli, plastik stul iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərdab RPŞ-nin saxlama kamerasına verilmişdir. Cinayət işində olan 23 mart 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisənin görüntüsünə dair videoçəkiliş olan 01 ədəd disk iş materiallarına uyğun olmaqla iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işində olan “sübutların qiymətləndirilməsi haqqında“ xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş 01 ədəd zərfdə qablaşdırılmış tədqiqata sərf edildikdən sonra qalıq qalmış təmiz çəkisi 0,252 qram psixotrop maddə olan metamfetamin və 1 manatlıq əskinaz iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərdab RPŞnin saxlama kamerasına verilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Zərdab Rayon Məhəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respubliksaı CM-nin 221.2.1-ci və 221.2.1 maddəsi ilə təqsirli bilinmiş, ona 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. Həmçinin Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(035)-17/2022 tarxili qərarı ilə Təqsirləndirilən şəxs Zərdab rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, ona təyin edilmiş azadlığın məhdudulaşdırılması cəzasının çəkilməmiş 02 il 14 gün müddəti 01 il 07 gün müddətə azadlıqdan məhrumetmə cəzasına dəyişdirilmişdir. Cinayət işində olan Zərdab Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 1(035)-12/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işində olan Zərdab Rayon Məhkəməsinin 7(035)-17/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Zərdab Rayon Məhkəməsinin 1(035)- 12/2022 saylı, 27 may 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 14 gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 1 il 07 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş, azadlıqdan məhrum etmə cəzasının müddəti həmin həddə müəyyən olunmuş və cəzasının əvvəli tutulduğu 14 dekabr 2022-ci il tarixdən hesablanmışdır Cinayət işində olan Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(035)-08/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə olduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə təyin edilmiş 02 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasının 16 dekabr 2022-ci il tarixdə əvəz edilərək hesablanmış 1 (bir) il 7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 9 (doqquz) ay 9 (doqquz) gün müddət qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işində olan Zərdab RİHB-nın Zərdab şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Əliyev tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmur. Cinayət işində olan Məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 4/1945 saylı rəyindən görünür ki,

1. Ekspertizaya təqdim edilmiş, 1(035)-23/2023 saylı cinayət işinin 2-ci cildinin i/v 152- 153-də olan bildirişin 2-ci vərəqəsində olan “Müdafiəçi1” qrafasındakı imza, i/v 154-də olan xx.xx.2023-cü il tarixli bildirişdə “Müdafiəçi1” qrafasındakı imza, i/v 155-də olan xx.xx.2023-cü il tarixli protokolda “Müdafiəçi1” qrafasındakı imza, i/v 156-də olan xx.xx.2023-cü il tarixli cinayət işi üzrə etiraz edilə bilən şəxslə barədə məlumatların cinayət prosesi iştirakçısına bildirilməsi haqqında protokolda “Müdafiəçi1” qrafasındakı imza, i/v 209-da olan təqsirləndirilən şəxs və onun müdafiəçisinin cinayət işinin materialları və maddi sübutlar ilə tanış etmə haqqında protokolda “Müdafiəçi1” qrafasındakı imza Müdafiəçi1 tərəfindən icra olunmuşdur.

2. Ekspertizaya təqdim edilmiş, 1(035)-23/2023 saylı cinayət işinin 1-ci cildinin 25-ci vərəqəsində olan 14 dekabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında 11 nömrəli protokolun üz tərəfində soldan sağa “5” rəqəmi qarşısındakı imzanın, arxa tərəfində “5.Müdafiəçi1” qrafasındakı imzanın, i/v 63-65-də olan xx.xx.20222-ci il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokolun 3-cü vərəqəsində “Müdafiəçi” qrafasındakı imzanın, i/v 76-78də olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolun 3-cü vərəqəsində “Müdafiəçi” qarşısındakı imzanın, i/v 83-də olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdim edilən sənədlərlə təqsirləndirilən şəxsin və onun müdafiəçisinin tanış olması haqqında protokolda “Müdafiəçi” qrafasındakı imzanın, i/v 121-də olan xx.xx.2023-cü il tarixli ekspertiza təyin olunması haqqında qərarla təqsirləndirilən şəxsin tanış edilməsi haqqında protokolda “Müdafiəçi” qrafasındakı imza-Müdafiəçi1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Cinayət işində olan Məhkəmə-xətşünaslıq ekspertizasının 22 may 2024-cü il tarixli, 4/607 saylı rəyindən görünür ki, əlavə məhkəmə-xətşünaslıq ekspertizası üzrə: 1. Ekspertizaya təqdim edilmiş, 1(035)-23/2023 nömrəli cinayət işinin 2-ci cildinin 208-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli “ibtidai istintaqın qurtarması barədə məlumat verilməsi haqqında protokolda “Müdafiəçi1” qrafasındakı imza-Müdafiəçi1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Təkrar məhkəmə-xətşünaslıq ekspertizası üzrə: 2. Ekspertizaya təqdim edilmiş 1(035)-23/2023 nömrəli cinayət işinin 2-ci cildinin 152-153-cü vərəqələrində “təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri barədə bildirişin 2-ci vərəqində olan “Müdafiəçi1” qrafasındakı imza, 154-cü vərəqində olan “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları haqqında xx.xx.2023-cü il tarixli bildirişdə “Müdafiəçi1” qrafasındakı imza, 155-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilməsi barədə cəlb etmə qərarının surətinin verilməsi və hüquqları qeyd edilmiş bildirişin verilməsi haqqında” protokolda “Müdafiəçi1” qrafasındakı imza, 156-cı vərəqində olan xx.xx.2023-cü il tarixli cinayət işi üzrə etiraz edilə bilən şəxslə barədə məlumatların cinayət prosesi iştirakçısına bildirilməsi haqqında protokolda “Müdafiəçi1” qrafasındakı imza, 209-cu vərəqində olan təqsirləndirilən şəxsi və onun müdafiəçisinin cinayət işinin materialları və maddi sübutlar ilə tanış etmə haqqında protokolda “Müdafiəçi1” qrafasındakı imza- Müdafiəçi1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə hüquqi dəyərləndirmə apararkən ilk növbədə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, işin məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, iş üzrə ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə ibtidai istintaq orqanı cinayət prosessual qanunvericiliyin tələblərini pozmaqla yanaşı mümkün sübutların mötəbərliyini kifayət qədər şübhə altına salmışdır. Eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilən Məhkəmə-xətşünaslıq ekspertizalarının rəylərindən görünür ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ kobud surətdə pozulmuş, müdafiəçi istintaq hərəkətlərində iştirak etmədiyi halda müdafiəçinin yerinə saxta imza edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilən ittiham üzrə düzgün nəticəyə gəlinməsi üçün cinayət işi üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlara və işin məhkəmə istintaqı zamanı müəyyən olunmuş hallarına Azərbaycan Respublikasının Konstitusiyası və cinayət prosessual qanunvericiliyinin müddəalarına uyğun qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur və cinayət işinin ibtidai istintaqı zamanı cınayət prosessual qanunvericiliyin tələblərinə tam əməl edilməməsi, (ibtidai istintaq orqanı cinayət prosessual qanunvericiliyin tələblərini pozması) yəni ekspertizaya təqdim edilmiş sənədlərin təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən deyil başqa şəxs tərəfindən imzalanması həmin şübhələrin əsaslılığını bir daha təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 1.3-cü maddəsinə görə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Həmin Məcəllənin 10.1-ci maddəsinə görə məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Həmin Məcəllənin 32.2.7-ci maddəsinə görə məhkəmə tərəfindən hökm yalnız cinayət prosesi tərəflərinin iştirakı bərabər əsaslarla təmin edilməklə tədqiq olunmuş sübutlarla əsaslandırılır. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yəni yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qanunun mənasına görə şəxs barəsində ittiham hökmü yalnız onun təqsirliliyinə şübhə olmadıqda qəti və birmənalı sübut edilmiş olduqda çıxarıla bilər. Həmin Məcəllənin 42.1, 42.1.2-ci maddələrinin tələbinə görə əməldə cinayət tərkibi olmadıqda təqsirləndirilən şəxsin barəsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1.3-cü və 42.1.4-cü maddələrinin tələbinə görə təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə həmin şəxsin barəsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 55.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcələlnin 350.2-ci maddəsinnə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə, qanunun qeyd olunan tələblərini və məhkəmə iclaslarında tədqiq olunan sübutları tam, hərtərəfli və obyektiv təhlil etdikdən sonra məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi ittiham tərəfindən sübuta yetirilməmişdir. Ona elan olunmuş ittiham üzrə təqsirliliyi məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlarla sübut edilmədiyindən onun barəsində həmin ittiham üzrə bəraət hökmü çıxarılmalıdır. Həmçinin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona ittiham olunan Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilməyərək törədilən əməlin ona aidiyyəti olmadığını bildirsə də, ona ittiham elan olunan əməlin onun tərəfindən törədilməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilməməsi barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadə təqsirləndirilən şəxsin özünümüdafiə və məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına və sadalanan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, barəsində cəzanı yüngülləşdirən halları və yaşadığı yer üzrə müsbət xarakterizə olunmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əvvəllər də eyni əməllərə görə məhkum olunmasını və islah olunmamasını nəzərə alıb onun barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan “Taxtalı” adlı kafedən götürülmüş qırılmış dırmıq sapı məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan “Taxtalı” adlı kafedən götürülmüş ağ rəngli plastik stul sahibinə qaytarılmalıdır. İş üzrə maddi sübut olan hadisənin görüntüsünü özündə əks etdirən kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 1 manatlıq əskinaz sahibinə qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 344,0 manat məbləğində pulu Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq,

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Zərdab Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 1(035)- 08/2023 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan “Taxtalı” adlı kafedən götürülmüş qırılmış dırmıq sapı məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan “Taxtalı” adlı kafedən götürülmüş ağ rəngli plastik stul sahibinə qaytarılsın. İş üzrə maddi sübut olan hadisənin görüntüsünü özündə əks etdirən kompakt disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 1 manatlıq əskinaz sahibinə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 344,0 manat məbləğində pulu Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan şəxslər hökmü aldığı gündən) 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar