Məhkəmə qərarları › İş №1(035)-31/2024

Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-31/2024

08.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-31/2024 08.08.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X6 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X4 Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Zərdab rayonunun Bıçaqçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Zərdab rayonunun Bıçaqçı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 08 avqust 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Zərdab rayonu, Bıçaqçı kəndində örüş-otlaq sahəsindən geri gətirilən iri-buynuzlu heyvanların içərisindən həmkəndlisi Zərərçəkmiş şəxs məxsus 850 manat dəyərində çəkisi 60 kq olan, qara rəngli 01(bir) baş erkək dananı öz heyvanları ilə birlikdə yaşadığı fərdi yaşayış evinin həyətinə aparıb özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərdab rayonu, Bıçaqçı kəndində daimi qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Evlidir, himayəsində 9 və 13 yaşlı iki azyaşlı övladı var. Zərərçəkmiş şəxs həmkəndlisidir. Ağdaş rayonundan olan bir tanışına borcu olduğu üçün həyətindəki inəklərdən birini 1020 manata satıb borcunu vermiş, lakin borcunun 800 manatı qalmışdır. Kəndin mal-qarası hər gün saat 08 radələrində otlaq sahəsinə aparılır, saat 17:30 radələrində kəndə qaytarılır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində mal-qarası kəndin digər sakinlərinə məxsus mal-qaralarla birlikdə kəndə gələndə başqa bir iri-buynuzlu heyvanın da onun heyvanları ilə birlikdə gəldiyini görüb onu da öz həyətinə salmışdır ki, satıb borcunun qalan hissəsini ödəsin. Bu barədə heç kəsə heç nə deməmişdir. Həmin heyvanın kimin olduğunu bilməmişdir. Həmin gün saat 19 radələrində Zərdab rayonu, Məmmədqasımlı kənd sakini Şahid satılmalı heyvanının olduğunu, satmaq üçün Ağcabədi rayonuna aparmaq istədiyini demişdir. Tamerlan onunla razılaşaraq Qazel markalı avtomaşını ilə onu həmin heyvanı satmaq üçün Ağcabədi rayonuna mal bazarına aparmışdır. O, həmin heyvanı 850 manata tanımadığı şəxsə satmışdır. Lakin, Tamerlanın həmin heyvanın oğurluq olduğundan xəbəri olmamışdır. Xidmət haqqı olaraq Tamerlana 50 manat pul vermişdir. Səhəri gün oğurladığı heyvanın həmkəndlisi Zərərçəkmiş şəxs məxus olduğunu bilmişdir. Hazırda əməlindən peşmandır, Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı ödəmiş və Zərərçəkmiş şəxs ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi və işin digər materalları ilə tam sübüta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Zərdab rayonu, Bıçaqçı kəndində daimi qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Özünə məxsus iri-buynuzlu heyvanları vardır və onları həyətyanı sahəsində olan tövlədə saxlayır. xx.xx.2023-cü il tarixdə heyvanları otlaq sahəsindən qayıdarkən bir baş iri-buynuzlu heyvanının digər heyvanların arasında olmadığını görmüşdür. Həmin heyvanı axtarsa da tapmamış və oğurlandığını bilmişdir. Sonradan həmin heyvanın həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı müəyyən edilmişdir. Hazırda ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, Zərdab rayonunun Məmmədqasımlı kəndində yaşayır. Özünə məxsus olan “Qazel” markalı avtomobillə pambıq sahələrində işləyən fəhlələri aparıb-gətirməklə, eləcə də sifarişlə yük daşımaqla qazanc əldə edib dolanışığını təmin edir. Zərdab rayonunun Bıçaqçı kənd sakini Zərərçəkmiş şəxs tanıyır. Belə ki, onun nəvəsi İlkin onunla birlikdə pambıq sahəsinə işləmək üçün onun avtomaşını ilə gedir-gəlir. xx.xx.2023-cü il tarixdə Zərdab rayonunun Bıçaqçı kənd sakini Təqsirləndirilən şəxs ona zəng edərək satılmalı bir baş danasının olduğunu, satmaq üçün Ağcabədi rayonuna aparmaq istədiyni demişdir. Onunla razılaşaraq Qazel markalı avtomaşını ilə onu həmin dananı satmaq üçün Ağcabədi rayonuna mal bazarına aparmışdır. Tarzən həmin dananı 850 manata tanımadığı şəxsə satmışdır. Lakin, həmin dananın oğurluq olduğundan xəbəri olmamışdır. Xidmət haqqı olaraq Tarzən ona 50 manat pul vermişdir. Sonradan Zərərçəkmiş şəxs məxsus bir baş danasının oğurlandığını eşitmiş və həmin dananı Tarzənin oğurladığını və onun avtomaşını ilə bazara apardığını bilmişdir. Həmin dananın oğurluq olmasından xəbəri olmamışdır. Cinayət işində olan "xxxx" MMC-nin direktoru Azər Həsənov tərəfindən Zərdab rayon Polis Şöbəsinə üvnanlanmış xx.xx.2024-cü il tarixli məkubdan görünür ki, 60 kq çəkidə olan bir ədəd dananın xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti 850 manat təşkil edir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Bıçaqçı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olununr. Cinayət işində olan Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Bıçaqçı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 50 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 adlı iki azyaşlı uşağı vardır. Cinayət işində olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş və Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, işin digər materallarına məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsə elan olunan Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını, Azərbaycan Respublikasının CM-nin 59.1.13-cü maddəsinə əsasən ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının müddəalarını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsinə zərurət yoxdur. Məhkəmə işin yuxarıda müəyyən hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayıb, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının verilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib qazancından 10 (on) faiz pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli qazancından 10 (on) faiz məbləğində pul dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanunu qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Zərdab rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar