Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-32/2024 15.08.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X6 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X4 Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Zərdab rayonu, Gödəkqobu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Zərdab rayonu, Gödəkqobu kəndində daimi qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Zərdab Rayon Məhkəməsinin binasında 15 avqust 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə xx.xx.2024-cü il tarixdə saat 23 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs Zərdab rayonu, Gödəkqobu kəndindəki həyətyanı sahəsindəki üzəri dəmir şiferlə örtülmüş, kənarları taxta dayaqlarla hasarlanmış, mal-qara saxlanılması üçün nəzərdə tutulmuş tövlədən 3 aylıq, diri çəksi 80 kq olan 700 manat dəyərində bir baş qara rəngli buzovu başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talayıb oğurlamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərdab rayonu, Gödəkqobu kəndində daimi qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Zərərçəkmiş şəxs onun qonşusu və həmkəndlisidir. xx.xx.2024-cü il tarixdə saat təxminən 22:50 radələrində evinə gedərkən küçədə iki baş dana görmüş və həmin dananı tutaraq iplə bağlamış, digəri qaçmışdır. Sonra taksi fəaliyyəti göstərən həmkəndlisi Zaura zəng edərək onu Ağcabədi rayonuna mal bazarına aparmasını xahiş etmişdir. Zaur onunla razılaşaraq idarə etdiyi Vaz- 2106 markalı avtomobillə həmin dananı Ağcabədi rayonunda yerləşən mal bazarına aparmışdır. Mal bazarında o, bir nəfər tanımadığı şəxslə söhbət etmiş və 400 manata dananı satmışdır. Nə Zaura nə də ki, dananı satdığı adama dananın oğurluq olduğunu bildirməmişdir. Hazırda əməlindən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı ödəmiş və Zərərçəkmiş şəxs ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyi və işin digər materalları ilə tam sübüta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Zərdab rayonunun Gödəkqobu kəndində yaşayır. Həyətyani sahədə mal-qara saxlamaq üçün tövlə tikdirmişdir. İri mal-qarasını həmin tövlədə kənarları dəmirdən olan saxlanc yerində saxlamış, iki baş biri ağ gidəri qırmızı olan buzovlarını isə həyətində olan ahıl yerinə salmışdır. Həmin ahıl yerinin bir tərəfini ot presləri ilə bağlamış, digər tərəfləri isə taxtadan hasarlamış və taxtadan qapı qoymuşdur. xx.xx.2024-cü il tarixdə həmin iki baş buzovu həmin ahılda olmuşdur. xx.xx.2024-cü il tarixdə səhər saatlarında qara-qırmızı rəngli buzovun yerində olmadığını görüb oğurlandığını bilmişdir. Bundan sonra Zərdab rayon Polis Şöbəsinə müraciət etmişdir. Sonradan həmin buzovun həmkəndlisi və qonşusu Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı müəyyən edilmişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs bağışlayır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Zərdab rayonunun Gödəkqobu kəndində yaşayır. Özünə məxsus “Vaz 2106” markalı avtomobili var, həmin avtomobillə taksi kimi fəaliyyət göstərərək ailəsini dolandırır. xx.xx.2024cü il tarixdə saat təxminən 13 radələrində həmkəndlisi Xaləddin ona zəng edərək yeznəsinin buzovu olduğunu, həmin buzovu aparıb Ağcabədi rayonunda yerləşən mal bazarında satacağını, yeznəsinin işi olduğundan həmin buzovu özünün aparıb satacağını bildirmişdir. O, Xaləddinlə razılaşaraq saat 23:00 radələrində Xaləddinin yaşadığı evə gəlmiş, küçədə 01 baş buzovun bağlı olduğunu görmüş və buzov balaca olduğundan onlar həmin buzovu avtomobilin yük yerinə qoyaraq Ağcabədi rayonunda yerləşən mal bazarına aparmışlar. Oraya çatdıqda Xaləddin 2 nəfərlə danışaraq 400 manat məbləğinə həmin buzovu satmışdır. Xaləddin ona yol pulu kimi 25 manat məbləğində pul vermişdir. Buzovun oğurluq olmasından xəbəri olmamışdır. Cinayət işində olan məhkəmə-əmtəəşünaslıq ekpertizasının 9/3175 saylı, xx.xx.2024-cü tarixli rəyindən görünür ki, Ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd, 3 aylıq diri çəkisi təxminən 80 kq olan dişi buzovun orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 700 manat müəyyən olunur. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan « şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan “qətimkan tədbiri seçmək və MSY-dən azad etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saat 10:20-də Zərdab RPŞ-nin MSYdən azad edilmişdir. Cinayət işində olan Zərdab RİHB-nın Gödəkqobu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi X.B.Novruzov tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmur. Cinayət işində olan Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Gödəkqobu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi X.B.Novruzov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 75 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 adlı iki azyaşlı uşağı vardır. Cinayət işində olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş və ona qarşı şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, ekspert rəyi, işin digər materallarına məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsə elan olunan Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını, Azərbaycan Respublikasının CM-nin 59.1.13-cü maddəsinə əsasən ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs qəti cəza təyin edərkən hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 158.2.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu iki gün müddətin bir gününü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia, maddi sübut və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Zərdab rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №1(035)-32/2024
Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-32/2024
15.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver