Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-36/2024 12.12.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X6 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Zərdab rayonunun Məlikli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, Zərdab rayonunun Məlikli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 12 dekabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində Zərdab rayonu, Pərvanlı kəndində işlətdiyi bərbərxananın yaxınlığında asfalt yolun kənarından “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 5,12 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Zərdab RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərdab rayonu, Pərvanlı kəndi ərazisində saxlanılıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib tutulduqdan sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sol cibindən 01(bir) ədəd “kent” markalı siqaret qutusunun içərisində təmiz çəkisi 5.12 qram həmin narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Zərdab rayonunun Məlikli kəndində yaşayır. Ailəlidir, himayəsində bir azyaşlı uşağı vardır. Bərbər işləyərək ailəsini dolandırır. Son zamanlar narkotik vasitələrin marixuana növündən istifadə etmişdir. Narkotik vasitə marixuana əldə etmək üçün 11 iyun 2024-cü il tarixdə saat 10 radələrində həmkəndlisi olan Şahid3 yanına gedib marixuana almaq istədiyini demiş, Aqif də ona maraqlanacağını, əgər tapsa ona xəbər edəcəyini demişdir. Həmin gün Aqif 50 manata marixuana olduğunu, əgər hərəsi 25 manat versələr ala biləcəyini demişdir. Özündə olan 25 manat pulu marixuana tapması üçün Aqifə vermişdir. Daha sonra Aqif xx.xx.2024-cü il tarixdə saat 16 radələrində onunla Məlikli kəndi ərazisində vaqonların olduğu yer adlanan ərazinin yaxınlığında görüşərək narkotik vasitə marixuananı göstərərək birlikdə verdikləri 50 manata aldığını demiş və marixuananı yarıya bölmüşlər. O, həmin Aqifdən aldığı narkotik vasitəni iki gün müddətində istifadə edib qurtarmışdır. Daha sonra isə xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində işdən evə gedərkən Pərvanlı kəndi ərazisində iş yerinin yaxınlığında yerdə bir bükülü görmüş, həmin bükülünü açdıqda əvvəllər də narkotik vasitə istifadə etdiyi üçün içərisində marixuana olduğunu görmüşdür. Həmin narkotik vasitəni özü istifadə etmək üçün götürmüş və cibindəki “kent 4” markalı siqaret qutusunun içərisinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə saat 18:15 radələrində Zərdab rayon Pərvanlı kəndi ərazisində işlədiyi bərbərxanada olarkən polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, onu Zərdab rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində onun narkotik vasitələrin istifadəsində şübhəli kimi gətirilməyini bildirmişlər. Zərdab rayon Polis Şöbəsinə gəldikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra burada seçdiyi müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən qabaq ona, üzərində cinayət xarakterli hər hansı, əşya, predmet varsa təqdim etməyini bildirilmişdir. O, üzərində olan “Kent” markalı siqaret qutusundakı narkotik vasitə olan marixuana olduğunu bildirib üzərində olan marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra üzərində həyata keçirilən şəxsi axtarış zamanı daha heç nə aşkar edilməmişdir. Sonradan həmin onun təqdim etmiş olduğu “kent” markalı siqaret qutusundakı narkotik vasitəyə baxış keçirilmiş və spesifik iyli kütlə elektron tərəziyə qoyulmaqla çəkilmiş və ümumi çəkisi 7,02 qram olması müəyyən edildikdən sonra zərfə qoyulub ağzı bağlanaraq 97 saylı möhürlə möhürlənib götürülmüşdü. Həmin zərfin üzərinə bununla bağlı aparılmış qeydi digər iştirakçılar kimi o, özüdə imzalamışdır. Orada polis əməkdaşları ondan həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqda həbs olunmaqdan qorxduğu üçün həmin narkotik vasitəni bir neçə gün bundan qabaq ona Aqifin verdiyini bildirmişdir. Özlüyündə fikirləşmiş ki, Aqifin adını desə, onu həbs etməzlər. Buna görə də yalandan üzərindən çıxan narkotik vasitəni ona Aqifin verdiyini demişdir. Aqif də şübhəli şəxs qismində tutulanda ona narkotik vasitə verdiyini bildirmişdir. Çünki, həqiqətən də Aqif ona 11 iyun 2024-cü il tarixdə narkotik vasitə vermişdir. Lakin, Aqifin ona verdiyi narkotik vasitəni artıq istifadə etmişdir. İlkin ifadələrində üzərində aşkar olunan narkotik vasitənin Aqifin ona verdiyi narkotik vasitə ilə eyni olmadığını deməmişdir. Sonradan aralarında üzləşdirmə istintaq hərəkəti zamanı həqiqəti etiraf etmişdir. Şübhəli şəxs qismində tutulanda üzərində olan narkotik vasitəni Pərvanlı kəndi ərazisində iş yerinin yaxınlığında yerdən tapmışdır. Heç vaxt, heç kimə narkotik vasitə satmamışdır. Saxlanılarkən polis tərəfindən ona heç bir fiziki güc tətbiq edilməmişdir. Narkotik vasitə olan marixuana istifadə etdiyi üçün peşmandır. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Zərdab rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 18 iyun 2024-cü il tarixdə Zərdab rayonu, Məlikli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə istifadə etməkdə və gəzdirməkdə şübhəli olması barədə daxil olan məlumat və tərəfindən qəbul edilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar əsasında əməliyyat müvəkkili Mircəfər Bəylərzadə və ondan ibarət əməliyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmadan Təqsirləndirilən şəxs üzərində axtarış aparılması zərurəti yaranmışdır. Əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs yeri müəyyən edilərək xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində Pərvanlı kənd ərazisində hərəkət edən zaman saxlanılıb zərdab rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsinin inzibati binasının otaqlarının birində xx.xx.2024-cü il tarixində saat 20:40-da videoçəkiliş vasitəsilə vəkil Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və sol cibindən ümumi çəkisi 7.02 qram olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Zərdab rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmişdir. Lakin, Təqsirləndirilən şəxs ilkin dindirmə zamanı narkotik vasitəni Zamin adlı şəxsdən aldığını dediyi üçün Şöbə rəhbərliyinin göstərişi ilə həmin şəxsi Bakı şəhəri Sabunçu rayonu ərazisində saxlayaraq Zərdab rayon Polis Şöbəsinə gətirmişdir. Məhkəmə istintaqı zamanı dövlət ittihamçısının şifahi vəsatəti əsasında dəvət edilərək şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Zərdab rayonunun Məlikli kəndində yaşayır, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Özü hərdənbir narkotik vasitələrin marixuana növündən istifadə etmişdir. Təqsirləndirilən şəxs ilə nünasibətləri yaxşı olduğundan onun narkotik vasitə istifadə etməsini Allahşükür bilmişdir. Ona görə də Allahşükür ondan 11 iyun 2024-cü il tarixdə narkotik vasitə tapmasını xahiş etmişdir. Digər həmkəndlisi Şahid4la münasibətləri yaxşı olduğundan onun narkotik istifadəçisi olduğunu bildiyi üçün Zaminin onlara narkotik tapacağından əmin olduğu üçün Allahşükürə 25 manat verməsini və özünün də 25 manat qoyaraq 50 manata marixuana alacağını bildirmişdir. O, Zaminlə danışmış, Zamin ona 50 manat verməsini və 50 manat da özünün qoyaraq narkotik vasitə tapacağını bildirmişdir. Bundan sonra Allahşükürdən 25 manat almış və özü də 25 manat qoyaraq Zaminə vermiş və həmin günü Zamin ona narkotik vasitəni vermişdir. Sonra o, Allahşükürlə görüşərək həmin narkotik vasitəni bölmüşlər və həmin narkotik vasitəni çəkib qurtarmışlar. Bu hadisədən təxminən bir həftə sonra onu Bakı şəhərində polis əməkdaşları saxlayaraq Zərdab rayon Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində olarkən bilmişdir ki, Allahşükürü polis əməkdaşları tutmuşlar və o, ilkin olaraq onda aşkarlanan narkotik vasitəni ondan almasını bildirmişdir. Lakin, sonradan müəyyən olunmuşdur ki, Allahşükürü saxlayarkən onda aşkarlanan narkotik vasitəni ondan almamış, Zərdab rayonunun Pərvanlı kəndində işlədiyi yerdə yolun kənarından tapmışdır. Məhkəmə istintaqı zamanı dövlət ittihamçısının şifahi vəsatəti əsasında dəvət edilərək şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, Zərdab rayonunun Məlikli kəndində yaşayır, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Lakin, Şahid3 tanıyır və onunla münasibətləri yaxşı olmuşdur. Hərdənbir narkotik vasitələrin marixuana növündən istifadə edir. Bu səbəbdən də həmkəndlisi və tanışı Aqif ondan narkotik vasitə tapmasını xahiş etmişdir. Özü usta işlədiyi üçün hərdənbir tikinti materialları almaq üçün Ağcabədi rayonuna gedir. Ağcabədi rayonunda yerləşən parkda olarkən İlkin adlı şəxslə tanış olmuş və ona narkotik vasitə tapmasını dedikdə İlkin tapacağını bildirdiyi üçün yaşadığı Məlikli kəndinə gəlmiş və Aqifdən 50 manat almış və özü də 50 manat qoyaraq təkrar Ağcabədi rayonuna qayıdaraq həmin İlkin adlı şəxsdən 100 manata narkotik vasitə almışdır. Məlikli kəndinə qayıtdıqdan sonra Aqiflə görüşərək həmin narkotik vasitəni Aqiflə bölmüşlər. O, Təqsirləndirilən şəxs tanımır nə də ki, ona narkotik vasitə verməmişdir. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16-2-17/549 nömrəli rəyində göstərilmişdir ki: Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş... narkotik vasitə....” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd siqaret qutusunda, təmiz çəkisi – 5,12 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabsis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işində oaln Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X9 “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X8 verdiyi 01 iyul 2024-cü il tarixli, 18-1-79/2-364/2024 saylı məktubundan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü, Zərdab rayonunun Məlikli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X8 Psixiatriya kabinetində “İİ X2” diaqnozu ilə xx.xx.2019-cu il tarixdən dispanser qeydiyyatdadır. Poliklinika şöbəsinin narkoloji kabinetində dispanser qeydiyyatında durmur. Cinayət işində olan Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 621 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs qeyd edilən cinayəti törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni Anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçib ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir, hal-hazırda da keçirmir. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb, düzgün ifade vermək qabiliyyətindədir. Cinayət işində olan « sübutların qiymətləndirilməsi haqqında » xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim olunmuş təmiz çəkisi - 5.12 qram, qalıq 5.10 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana cinayət prosesi üçün mötəbər dəlil olduğundan iş üzrə xx.xx.2024cü il tarixli qərarla maddi sübut kimi tanınması və saxlanması üçün Zərdab RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1255 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən epizodik istifade etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20:30-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixində CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmiş, həmin gün saat 11:00-da barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs İsalı X5 Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib 03 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 6 ay sınaq müddəti müəyyən edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş 3 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası şərti olaraq tətbiq edilmişdir. xx.xx.2023-cü ildə sınaq müddəti başa çatmışdır. Cinayət işində olan “doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, Təqsirləndirilən şəxs hamayəsində xx.xx.2024-cü il təvəllüdlü X3 adlı bir azyaşlı uşağı vardır. Cinayət işində olan Zərdab RİHB-nin Məlikli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şamo Hüseynov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 115 saylı arayışdan görünür ki, İsalı X4 rayonunun Məlikli kəndində qeydiyyatda olmaqla hazırda həmin kənddə yaşayır. Cinayət işində olan Zərdab RİHB-nin Məlikli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şamo Hüseynov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 117 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, bir azyaşlı uşağı var və yaşadığı ərazidə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, şahidlərin ifadələrinə, ekspert rəylərinə, işin digər materiallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını və Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirici hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs qəti cəza təyin edərkən hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 158.2.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu iki gün müddətin bir gününü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim olunmuş təmiz çəkisi - 5.12 qram, qalıq 5.10 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01(bir) ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35,97 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını Zərdab rayonu ərazi hüdudları daxilində çəksin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Zərdab rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 5,10 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35,97 manat məbləğində pulu Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №1(035)-36/2024
Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-36/2024
12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver