Məhkəmə qərarları › İş №1(035)-38/2025

Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-38/2025

02.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-38/2025 02.10.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ X5 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Zərdab rayonu, Gəlmə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zərdab rayonunun Gəlmə kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 02 oktyabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilə bilinməyən vaxtda və mənbədən satış məqsədi olmadan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, xeyli miqdar hesab olunan 8,71 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 12:17-də Zərdab rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Zərdab şəhəri “Dörd yol” adlanan ərazidə saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman qeyd edilən 8,71 qram çəkidə həmin narkotik vasitə olan qurudulmuş marixuana üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərdab rayonu Gəlmə kəndində qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də fərdi qaydada fəhləliklə məşqul olaraq qazanc əldə edib, dolanışığını təmin edir. Ailəsindən boşanmış, lakin iki azyaşlı uşaqları onun himayəsində qalmışdır. Narkotik vasitələrdən, yəni qurudulmuş marixuana növündən ara-sıra istifadə etməyə başlamışdır. xx.xx.2025-ci il tarixdə günorta saat 11:40 radələrində yaşadığı Zərdab rayon Gəlmə kəndindən rayon istiqamətində gələn zaman DAİM-in Zərdab rayon filialına dönən yolda, yolun sol tərəfində bir ədəd kibrit qutusu görmüş, əvvəlcə fikir verməmiş, sonra isə həmin kibrit qutusunu baxmaq üçün götürmüşdür. Bu vaxt həmin kibrit qutusunun içində narkotik vasitə olduğunu görmüşdür. Arabir narkotik vasitə olan marixuanadan istifadə etdiyi üçün həmin narkotik vasitəni hərdən özü istifadə etmək üçün götürmüşdür. Daha sonra o, Zərdab şəhərinə gəlmişdir. Zərdab şəhəri “Dörd yol” adlanan yerdə gəzərkən Zərdab rayon Polis Şöbəsinin əməkdaşları mülki geyimdə ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində qanunsuz predmet və əşya olduğu halda könüllü təqdim etməyi təklif olunanda o, yolun kənarından, yerdən tapdığı 01 (bir) ədəd kibrit qutusunun içərisində olan narkotik vasitə-qurudulmuş marixuananı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitə onun iştirakı ilə elektron tərəzidə çəkilmiş və 11,56 qram çəkisinin olduğu müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Zərdab rayon Polis Şöbəsinə gəlmişdir. Özü heç vaxt, heç kimə narkotik vasitə satmamışdır. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona heç bir fiziki güc tətbiq edilməmişdir. Narkotik vasitə olan marixuana istifadə etdiyi üçün peşmandır. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Zərdab rayon polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 iyun 2025-ci il tarixdə Zərdab rayonu, Gəlmə kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumat və tərəfindən qəbul edilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar əsasında Zərdab rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və Zərdab rayon polis şöbəsinin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmış, daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmadan Təqsirləndirilən şəxs üzərində axtarış aparılması zərurəti yaranmışdır. Təqsirləndirilən şəxs yeri müəyyən edilmiş, belə ki, 09 iyun 2025-ci il tarixdə saat 12:10 radələrində Təqsirləndirilən şəxs Zərdab şəhərində “Dörd yol” adlanan ərazidə saxlanılmışdır. Ona nə üçün saxlanıldığı izah edilərək təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar əsasında üzərinə yoxlama keçiriləcəyi bildirilmişdir. Ona müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Yoxlama keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmetin olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusu və 4 ədəd 1 manatlıq pul əskinazlarnı təqdim etmişdir. Həmin kibrit qutusunda aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə elektron tərəzi ilə çəkilmiş və çəkisinin 11,56 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs oğlnun üzərindən aşkar edilmiş pullar özünə qaytarılmışdır. 1 (bir) ədəd bükümün içindəki narkotik vasitə olan marixuanaya bənzər kütlə götürülərək zərfə qoyulub möhürlənmişdir. Bundan sonra da baxış davam etdirilmiş və hər hansı əhəmiyyət kəsb edən əşya müəyyən edilməmişdir. Videoçəkiliş başa çatmış, həmin yerdə protokol yazmağa şərait olmadığı üçün Təqsirləndirilən şəxs Zərdab rayon Polis Şöbəsinə gətirilmişdir. Zərdab RPŞ-də protokol tərtib edilmişdir. Protokola göstərilən şəxslərin hamısı imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Zərdab RPŞ-nin CAB-nin əməkdaşları Şahid3 və Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 17/413 nömrəli rəyində göstərilmişdir ki: tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə...” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi - 8,71 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1071 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X9 “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X8 verdiyi 21 iyun 2025-ci il tarixli, 18-1-79/2-430/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X8 Poliklinika şöbəsinin narkoloji və psixiatriya kabinetində dispanser qeydiyyatında durmur. Cinayət işində olan « sübutların qiymətləndirilməsi haqqında » xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, təmiz çəkisi – 8,71 qram, ekspertiza tədqiqatından sonra 8,69 qram narkotik vasitə olan qurudulmuş marixuana cinayət prosesi üçün mötəbər dəlil olduğundan iş üzrə xx.xx.2025-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və saxlanması üçün Zərdab RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Cinayət işində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12:17-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2025-ci il tarixində CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmiş, həmin gün saat 11:20-də barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan Zərdab rayon İHB-nin Gəlmə kənd İƏD-si üzrə nümayəndəsi Əli Əliyev tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 191 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Zərdab rayonunun Gəlmə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, himayəsində xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 adlı iki azyaşlı uşaqları vardır. Cinayət işində olan Zərdab rayon İHB-nin Gəlmə kənd İƏD-si üzrə nümayəndəsi Əli Əliyev tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. Cinayət işində olan xx.xx.2025-ci il tarixli əməliyyat tapşırığına Zərdab rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ümumi çəkisi 8,71 qram olan narkotik vasitə qurudulmuş marixuananı kimdən və haradan əldə etməsi, nə məqsədlə üzərində saxlaması, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması barədə məlumatların yoxlanılması üçün əməliyyattədbirlərinin keçirilməsinə baxmayaraq heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, şahidlərin ifadələrinə, ekspert rəylərinə, işin digər materiallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ilk dəfə olaraq az ağır cinayət törətməsini, əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, barəsində cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs qəti cəza təyin edərkən hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 158.2.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu iki gün müddətin bir gününü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 8,69 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35,97 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 6 iş saatına görə 66 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Müdafiəçi2 hesabına (Hesablaşma hesabı: CİF 0123634, Benefisiarin bankı: Kapital Bank ASC-nin Zərdab rayon filialı, Filialın kodu: 200468, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Mühbir hesab: AZ37NABZ********************, Benefisiarin adı: Müdafiəçi2, Benefisiarin hesabı: AZ59AİİB********************, VÖEN **********) köçürülməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını Zərdab rayonu ərazi hüdudları daxilində çəksin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Zərdab rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 8,69 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35,97 manat məbləğində pulu Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 6 iş saatına görə 66 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Müdafiəçi2 hesabına (Hesablaşma hesabı: CİF 0123634, Benefisiarin bankı: Kapital Bank ASC-nin Zərdab rayon filialı, Filialın kodu: 200468, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Mühbir hesab: AZ37NABZ********************, Benefisiarin adı: Müdafiəçi2, Benefisiarin hesabı: AZ59AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar