Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-4/2024 03.06.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X6 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zərdab rayonunun Burunlu kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 03 iyun 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qərəzli xuliqanlıq cinayət əməlini törətməkdə təqsirləndirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkəməyə verilmişdir. Belə ki, ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində yaşadığı Zərdab rayonu, Burunlu kəndində həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında, yəni küçədə sonuncunu heç bir səbəb olmadan özünü kənar şəxslərin fövqündə tutub, silah qismində istifadə etdiyi ağac parçası ilə alın nahiyəsindən qəsdən vuraraq zor tətbiq etməklə sonuncuya başın sağ alın nahiyəsində yumşaq toxumanın əzilmiş-cırılmış yarası ilə nəticələnən qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Zərdab rayonu, Burunlu kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Zərərçəkmiş şəxs onun həmkəndlisi və bacısı Humayın kürəkənidir. Dəfələrlə Dəcaillə bacısı qızı Gülzar arasında mübahisə olmuş, Dəcail Gülzarı döymüş və bir neçə dəfə bu barədə Zərdab rayon Polis Şöbəsində işləri olmuşdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 20 radələrində evdə olan zaman bacısı Humay İbrahim adlı həmkəndlisinin telefonu ilə oğlu Cavidana zəng edərək Dəcailin onu və Gülzarı döydüyünü bildirmişdir. Bundan sonra, o, məcbur olub Dəcailin yaşadığı evin qarşısına getmişdir. Lakin həyətə daxil olmayaraq DİN-in “102” xidmətinə məlumat vermişdir. Dəcailin yalançı, şər-böhtançı adam olduğunu bildiyindən polisin gəlməsini gözləmişdir. Polis əməkdaşları gəldikdən sonra, o polis əməkdaşları ilə birlikdə Dəcailin həyətinə daxil olmuşdur. Dəcail ona tərəf gəldikdə Dəcailə “əclaf niyə arvadını vurursan, bacımı döyürsən?” deyə sual verdikdə Dəcail ona yumruq ataraq sifət nahiyəsindən vurmuşdur. Onlar tutaşmışlar. Orada olan şəxslər onları aralamışlar. Həmin vaxt polis əməkdaşları da orada olmuşdur. Dəcail özünü yerə çırpmışdır. Ara sakitləşdikdən sonra, o, çölə çıxıb küçədə qaz turbasının üzərində əyləşmişdir. Dəcail yanına gələrək ondan onu vurmasını tələb etmişdir. O, Dəcailə “mən səni vuran deyiləm” get burdan demişdir. Hadisə zamanı orada Dəcailin qohumları, onlar tərəfdən isə özü, oğlu Cavidan, anası Göyçək, bacısı Humay və qardaşı oğlu Amid olmuşdur. O, Dəcaili nə ağacla nə də ki, yumruqla vurmamışdır. Ümumiyyətlə onun əlində ağac olmamışdır. Dəcail onu şərləmək üçün özü-özünə xəsarət yetirmişdir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verərək, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin qərəzli xuliqnlıq kimi qiymətləndirilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmasını düzgün hesab etmir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Zərdab rayonu, Burunlu kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Şahid3 həyat yoldaşıdır. 2016-cı il təvəllüdlü Mehdi adlı oğlu və 2017-ci il təvəllüdlü Damla adlı qızı vardır. Evli olduqları müddət ərzində ailə daxili mübahisələri olsa da sonradan barışmışlar. xx.xx.2022-ci il tarixdə evdə olarkən atası ilə həyat yoldaşı Gülzarın mübahisə etdiyini eşitmişdir. O, yuxarı qalxmış və evin zalına keçəndə atası ona “ay bala mən nə edim, mən gəlinə söz deyə bilmirəm, az qala məni yesin, mənə çörək vermir” demişdir. O, Gülzara “atamdı, yaşlı adamdı, qazancını bizə verir, nə olar ona yemək ver acıb” demişdir. Bu zaman Gülzar stolun üstünə qoyduğu yeməyi ona göstərib “yeməyi qoymuşam, al ye, zəhərin olsun” demişdir. Həm də Gülzar “ay İsa məndən nə istəyirsən” deyə atasının üstünə qışqırmışdır. Onların arasında sözlü mübahisə başlamışdır. Sonra o, çörək yeməyərək gedib yerində uzanmışdır. xx.xx.2022-ci il tarixdə evdə olan zaman saat təxminən 19:30 radələrində polis əməkdaşları onlara gələrək qaynanası Humayın ondan şikayət etdiyini bildirmişlər. Polis əməkdaşları evdə Gülzardan şikayət ərizəsi almışlar. İzahatın alınması və yoldaşının həkim müayinəsindən keçməsi üçün polis şöbəsinə gəlməsi xahiş olunmuşdur. O, qaynanası Humaya “dərslər başlayır, daha bəsdir. Bir daha olmaz” deyə xahiş etmişdir. Bundan sonra polis əməkdaşları getmişlər. O, Humay və Gülzar evin zalında olarkən yenə də Humaydan “gəl şikayətimizi götürək, bir daha belə hallar olmasın” deyə xahiş etmişdir. Bu zaman Humay ona “çıx cəhənnəm ol, tülkü, çaqqal” deyərək təhqiramiz ifadələr işlətmişdir. O, Humayın yenə polis çağıracağını fikirləşərək qabağa keçib evdən həyətə olan çıxış qapısını bağlamışdır. Bir qədər sonra qonşuları və qohumları olan dayısı arvadı Qaydanın, əmisi oğlanları Rəhman və Rəhimin gəldiklərini görmüşdür. Onlar gələndə o uzanıqlı vəziyyətdə olmuşdur. Bir qədər sonra yolda polis avtomobilinin dayandığını görmüşdür. Avtomobildən düşən polis əməkdaşları həyətə açıq qapıdan keçmək istəyən vaxt Humay, yoldaşının dayısı Rəşadət, dayısı oğlu Amid, Cavidan, dayısı arvadı Qətibə və başqa adamlar da gəlmişlər. Həyətin girişində qayınanası əlində olan turbanı onu vurması üçün qaldırmışdır. Lakin, polis əməkdaşı turbanı havada tutmuşdur. Humay daha sonra sillə və yumruqla sifət və sinə nahiyyələrinə vurmuşdur. Qohumları ilə Humayla onlara gələn adamlar arasında küçədə mübahisələri başlamışdır. Polis əməkdaşları aralaşdırmaq istəsələr də, bu mümkün olmamışdır. Mübahisə və dava-dalaş zamanı Rəşadət əlində olan ağacla sağ qaşının üst nahiyyəsindən vurmuşdur. Həmin an qaşının üstü, alın nahiyyəsi partlayaraq qanamışdır. Sonra isə Rəşadətin oğlu Cavidan da onun sifət və alnının partlayan yerindən təkrar olaraq yumruqla vurmuşdur. Polis əməkdaşları onların həyətində olmasına baxmayaraq o, “102” xidmətinə zəng edərək Rəşadət, Cavidan və Humay tərəfindən döyülməyi barədə məlumat vermişdir. O, Rəşadətin onu vurduğu ağacı polis əməkdaşlarına təqdim etmişdir. Hazırda Rəşadəti bağışlamır, onunla barışmamışdır və cəzalanmasını istəyir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs həmkəndlisi, zərərçəkmiş şəxs isə oğludur. Oğlu Dəcail ilə gəlini Gülzarın bir neçə dəfə ailə daxili mübahisələri olsa da, sonradan barışmışlar. xx.xx.2022-ci il tarixdə saat təxminən 20 radələrində həyətdə olan zaman polis avtomobilinin gəldiyini görmüş və Dəcailin Gülzarı döyməyi barədə qaynanası Humayın polisə şikayət etdiyini bilmişdir. O, həyətdə dayanmışdır. Lakin Dəcail və gəlini otaqda ərizə yazdıqları zaman Humayın da onların yanına gəldiyini görmüşdür. Polis əməkdaşları gedəndən sonra, o həyətdə işini görməyə davam etmişdir. Birdən evdə səs-küy eşitmişdir. O, içəriyə keçmiş və Dəcailin başının qanamasını görmüşdür. Dəcail ona “qaynanam vintelyatoru atıb başımı vurub qanatdı” demişdir. Sonra da onlara qohumları və qonşuları gəlmişlər. Aradan bir az sonra yenə həyətin qapısında polis avtomobili dayanmışdır. Həmin vaxt o, qohumları və Dəcail həyətdə olmuşlar. Polis əməkdaşları avtomobildən düşüb həyətə girmək istəyən zaman Humay, qardaşı Rəşadət, Rəşadətin həyat yoldaşı Qətibə, oğlu Cavidan, anası Göyçək, Amid həyətə keçmişlər. Onlar əlbə-yaxa olmuşlar. Belə ki, Humay əlində olan turba ilə Dəcailin başına vurmaq istəmiş, lakin polis əməkdaşlarından kimsə əlindən tutaraq turbanı almışdır. Humay Dəcailin sinəsindən və sifətindən yumruq və sillə ilə vurmuşdur. Mübahisə və dava-dalaş zamanı Rəşadət əlində olan ağacla Dəcailin başından, yəni alnından vurmuşdur. O, Rəşadətin əlindən ağacı alıb yerə atmışdır. Mübahisə və dava-dalaş təxminən 40-50 dəqiqəyə kimi davam etmişdir. Hadisə zamanı polis əməkdaşları da orada olmuşlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs qardaşı, zərərçəkmiş şəxs isə kürəkəni olmuşdur. X10 7 ildir ki, evlidir. Bu evlilikdən iki övladları olmuşdur. Evləndikdən sonra aralarında narazılıqlar olmuşdur. Dəfələrlə bu barədə polis şöbəsində şikayətləri olmuşdur. Lakin, hər dəfə uşaqların xatirinə barışmışlar. Özü Bakı şəhərində kirayədə yaşayır. xx.xx.2022-ci il tarixdə saat təxminən 13 radələrində qızı Gülzar ona zəng edərək qayınatası İsa və yoldaşı Dəcail tərəfindən döyülməsini bildirmişdir. O, da işdən icazə alıb Zərdab rayonuna gəlmişdir. Zərdab rayonuna gəldikdən sonra, o DİN-in “102” xidmətinə müraicət etmişdir. Daha sonra polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları gəldikdən sonra, o evə qalxmışdır. Polis əməkdaşları gəlib ərizə aldıqdan sonra çıxıb getmişlər. Onları da polis şöbəsinə dəvət etmişlər. O, evdə olan vaxt İsa gələrək polis əməkdaşlarının getdiyini bildirmişdir. İsa onunla mübahisə etmiş, Gülzarı aparmamağını bildirmişdir. Lakin, o, artıq bir ailə kimi bir yerdə yaşaya bilməyəcəyini görmüş və qızını aparmaq istəmişdir. O, “Samsung A-50” markalı mobil telefonu çıxarmış və qardaşına gəlib aparması üçün zəng etmək istəmişdir. Lakin, Dəcail telefonu onun əlindən almaq istəmişdir. Dəcail onu boğmağa başlamışdır. O, da məcbur olub Dəcailin əlini dişləmişdir. Həmin vaxt Dəcail onu boğmağı buraxıb saçından tutub yolmağa başlamışdır. Bu zaman Gülzar gəlmişdir. Gülzar da onları aralamaq istəmişdir. İsa onlara küçə söyüşləri söymüşdür. İsa da onlara hücum etmişdir. Dəcail telefonu onun əlindən alaraq sındırmışdır. Gülzar pəncərəni açıb qonşuluqda yaşayan Dəcailin qohumu Rəhmanı çağırmışdır. Bir qədər sonra Rəhman gəlmişdir. Rəhman onu İsanın əlindən almışdır. Bundan sonra, o, qonşuya qaçmış və qardaşı Rəşadətə zəng etməsini xahiş etmişdir. Həmin şəxs də Rəşadətə zəng edib məlumat vermişdir. O, Dəcailin evinə gəlmiş, qapının bağlı olduğunu görmüşdür. Həmin vaxt Rəşadət ailəsi ilə birlikdə gəlmişlər. O və qardaşı Rəşadət DİN-in “102” xidmətinə bu barədə məlumat vermişlər. Polis əməkdaşları gəldikdən sonra onlar həyətə daxil olmuşlar. Rəşadət Dəcailə “utanmırsan bacımı vurursan?” demişdir. Həmin vaxt Dəcail Rəşadəti yumruqla vurmuşdur. Bu zaman onlar yaxalaşmağa başlamışlar. Dəcail sonra qardaşı oğlu Amidlə sözlə mübahisə etmişdir. Dəcail sonra küçədə özünü yerə yıxmışdır. Qışqıraraq “nə istəyirsiniz, məni döyün, məni öldürün” demişdir. Lakin onlar Dəcailə fikir verməyərək çıxıb getmişlər. Hadisə zamanı Rəşadət Dəcaili vurmamışdır. Ümumiyyətlə Rəşadətin əlində ağac olmamışdır. Sonradan söhbət zamanı qızı Gülzar ona evdə olan zaman Dəcailin başını evin divarının küncünə vuraraq özünə xəsarət yetirdiyini demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs dayısı, zərərçəkmiş şəxs isə əri olmuşdur. Dəcail ilə 7 ildir ki, evlidirlər. Bu evlilikdən iki övladı olmuşdur. Evləndikdən sonra aralarında narazılıqlar olmuşdur. Dəfələrlə bu barədə polis şöbəsində şikayətləri olmuşdur. Lakin, hər dəfə uşaqların xatirinə barışmışlar. xx.xx.2022-ci il tarixdə saat təxminən 20 radələrində evdə olan zaman Dəcail ilə atası işdən gəlmişlər. Bir qədər sonra qaynatası İsa pəncərədən “ay Dəcail arvadına bax, məni acından öldürür, mənə yemək vermir” demişdir. O, da İsaya “hər şey hazırdı, yemək qalıb” demişdir. Bu zaman Dəcail gələrək qonaq otağında onun saçından tutaraq başını divara vurmuşdur. Daha sonra bel nahiyyəsinə təpik, baş nahiyyəsinə isə sillə ilə vurmuşdur. Bundan sonra xx.xx.2022-ci il tarixdə saat təxminən 13 radələrində, o anası Humaya zəng edərək yoldaşı Dəcail tərəfindən döyülməsini bildirmişdir. Anası da işdən icazə alıb Zərdab rayonuna gəlmişdir. Zərdab rayonuna gəldikdən sonra anası DİN-in “102” xidmətinə müraicət etmişdir. Daha sonra polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları gəldikdən sonra anası evə qalxmışdır. Polis əməkdaşları gəlib ərizə aldıqdan sonra getmişlər. Onları da polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt İsa gəlmiş, polis əməkdaşlarının getdiyini bildirmiş və anası ilə mübahisə etmiş, onu aparmamağını bildirmişdir. Lakin anası onların artıq bir ailə kimi bir yerdə yaşaya bilməyəcəklərini görüb aparmaq istəmişdir. O, özü də getmək istəmişdir. Bu səbəbdən Dəcail anası ilə mübahisə edib dalaşmış onu boğmağa çalışmışdır. Dəcail onların hər ikisini döymüşdür. O, pəncərəni açıb qonşuluqda yaşayan Dəcailin qohumu Rəhmanı çağırmışdır. Anası da həmin vaxt qaçıb çölə çıxmışdır. Həmin vaxt Rəhman həyətə gəlib anasını İsanın əlindən almışdır. Daha sonra anası qaçıb küçəyə çıxmışdır. Anası camaatı səsləmişdir. Bundan sonra anası qonşuda dayısı Rəşadətə zəng etdirmişdir. Həmin vaxt da Dəcail onu vurmağa davam etmişdir. Bu zaman Rəhman gəlib onu Dəcailin əlindən almışdır. Həmin zaman Dəcail “evim dağıldı, özümü öldürüb Humayı salacam qana” demişdir. Bundan sonra başını divarın tininə 2 dəfə vurmuşdur. Dəcailin alnından qan axmışdır. Rəhman da sakitlik olması üçün Dəcaili kənara itələmişdir. Sonradan Polis əməkdaşları gəldikdən sonra onlar həyətə düşmüşlər. Dayısı Rəşadət gələrək Dəcailə “utanmırsan mənim bacımı vurursan?” demişdir Həmin vaxt Dəcail Rəşadəti yumruqla vurmuşdur. Bu zaman onlar yaxalaşmağa başlamışlar. Polis əməkdaşları onları aralamışlar. Dəcail sonra küçədə özünü yerə yıxmışdır. Qışqıraraq “məndən nə istəyirsiniz, məni döyün, məni öldürün” demişdir. Rəşadət Dəcaili vurmamışdır. Ümumiyyətlə Rəşadətin əlində ağac olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, Dəcail doğma əmisi oğlu, Rəşadət isə həmkəndlisidir. xx.xx.2022-ci il tarixdə saat təxminən 22 radələrində evdə olan zaman Dəcailin evində səs-küy gəldiyini eşitmişdir. O, Dəcailin evinə getmişdir. Orada Dəcail ilə arvadı Gülzar arasında söz-söhbət olmasını bilmişdir. Təxminən 5-10 dəqiqə sonra polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları gəldikdən sonra Dəcail evin həyətinə düşmüşdür. Həmin vaxt həyət qaranlıq olmuşdur. Qaranlıq olduğundan kimlərin dalaşmasını görməmişdir. Daha sonra Dəcailin başının qanamasını görmüşdür. O, Dəcaildən nə olduğunu soruşduqda Dəcail onu Rəşadətin ağacla vurmasını bildirmişdir. Lakin, o, özü Rəşadətin Dəcaili vurmasını görməmiş, həmçinin Rəşadətin əlində ağac olduğunu görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, Dəcail onun qohumu, Rəşadət isə həmkəndlisidir. xx.xx.2022-ci il tarixdə Dəcail və həyat yoldaşı arasında dava olduğu üçün oraya getmişdir. Dəcailin evində olan zaman evdə hazırlanmış çantalar olmuşdur. O, nə çanta olmasını soruşduqda Dəcailin arvadı Gülzar evdən çıxıb gedəcəyini bildirmişdir. O isə “gedəni saxlamazlar” demişdir. Daha sonra polis əməkdaşları gəlmişlər. Dəcail küçəyə çıxmışdır. Daha sonra Dəcailin başının qanadığını görmüşdür. Lakin, Rəşadətin Dəcaili vurmasını və əlində ağac olmasını görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid6 ifadəsində göstərmişdir ki, Dəcail bibisinin kürəkəni, təqsirləndirilən şəxs isə atasıdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 20 radələrində bibisi Humay zəng edərək Dəcailin evində olduğunu, Dəcailin telefonunu əlindən alıb sındırdığını və Dəcailin onu döydüyünü bildirmişdir. O, bu barədə atasına demişdir. O, atası və digər ailə üzvləri ilə birlikdə Dəcailin evinə getmişlər. Bibisi həmin vaxt küçədə olmuşdur. Onlar DİN-in “102” xidmətinə müraciət etmişlər. Polis əməkdaşları gəldikdən sonra bibisi Dəcailin evinin həyətinə daxil olmuşdur. Orada onlar dalaşmışlar. Polis əməkdaşları onları aralamışdır. Dəcail atası Rəşadəti yumruqla vurmuşdur. Atası ilə Dəcail tutaşmışlar. Polis əməkdaşları onların dalaşmaqlarına imkan verməmişdir. Sonra Dəcail yanlarına gələrək “məni vurun öldürün” demişdir. Onlar da Dəcailə heçnə deməmişlər. Həmin vaxt Dəcail onları söyüb təhqir etmişdir. X9 vurmamış, nə də ki, atasının əlində ağac olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid7 ifadəsində göstərmişdir ki, Dəcail həmkəndlisi və qızının kürəkənidir. Rəşadət isə oğludur. xx.xx.2022-ci il tarixdə saat təxminən 20 radələrində evdə olan zaman qızı Humay İbrahim adlı həmkəndlisinin telefonu ilə nəvəsi Cavidana zəng edərək Dəcailin onu döydüyünü bildirmişdir. Bundan sonra oğlu Rəşadət və digər ailə üzvləri ilə birlikdə məcbur olub Dəcailin yaşadığı evin qarşısına getmişlər. Lakin həyətə daxil olmamışlar. Oğlu Rəşadət DİN-in “102” xidmətinə məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra birlikdə Dəcailin həyətinə daxil olmuşlar. Dəcail Rəşadətə tərəf gəlmiş, Rəşadət Dəcailə “əclaf utanmırsan arvadını vurursan, bacımı döyürsən” demiş, Dəcail də ona yumruq ataraq sifət nahiyəsindən vurmuşdur. Onlar tutaşmışlar. Polis əməkdaşları onları aralamışlar. Rəşadət Dəcaili vurmamış, nə də ki, əlində ağac olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid8 Şahid7 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid9 ifadəsində göstərmişdir ki, o, Zərdab rayonu, Burunlu kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Dəcail atasının əmisi oğlu, Rəşadət isə həmkəndlisidir. Dəcailin evi ilə onun həyətində yerləşən mağazanın arasında təxminən 300-350 metr məsafə vardır. O, xx.xx.2022-ci il tarixdə kənd camaatı arasında gəzən söhbət zamanı Dəcaillə Rəşadətin dalaşdığını eşitmişdir. Lakin, hadisəni bilavasitə görməmişdir. Məhkəmə istintaqı zamanı anasının iştirakı ilə dindirilən Şahid10 bildirmişdir ki, Dəcail onun atası, Rəşadət isə qohumlarıdır. Atası ilə anası tez-tez mübahisə edirlər və atası anasını tez-tez döyür. Nənəsi onları bakı şəhərinə aparmaq istəyəndə atası Dəcail nənəsini və anasını döymüşdür. Sonradan qonşular və polislər gəldikdən sonra atası Dəcailin hirslənərək başını divara vuraraq yardığını görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid11 ifadəsində göstərmişdir ki, Zərdab rayon X7 Qrupunun təhqiqatçısı vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə, saat 09:00-dan xx.xx.2022-ci il saat 09:00-dək cədvəllə müəyyən edilmiş əməliyyat-istintaq qrupunun üzvü olmuşdur. xx.xx.2022-ci il tarixdə Zərdab RPŞ-nin növbətçisi Şahid2 qızı Gülzarın həyat yoldaşı və qayınatası tərəfindən döyülməsi barədə məlumat verməsi səbəbindən əməliyyat-istintaq qrupunun üzvləri, yəni PPXB-nün komandiri, polis mayoru Şahid14, İTB-nin polis sahə nəfəri, polis serjantı Şahid12, NH-nin sürücüsü, polis baş serjantı Sadiq Əliyev ilə birlikdə Burunlu kənd ərazisinə getmişlər. Hadisə yerində Şahid2 və Şahid3 ərizələri alınmışdır. Daha sonra izahat verməsi və həkim müayinəsindən keçməsi üçün Polis Şöbəsinə dəvət edilmişlər. Əməkdaşlar ilə polis şöbəsinə geri qayıtmışlar. Təxminən 2 saata yaxın müddətdən sonra yenidən Dəcailin yaşadığı həyətdə mübahisə və dava-dalaş olması barədə NH-dən məlumat daxil olmuşdur. Əməliyyat-istintaq qrupunun üzvləri ilə birlikdə yenidən hadisə yerinə yollanmışlar. Onlar hadisə yerinə çatdıqda Dəcailin yaşadığı evin qarşısına xeyli insan toplaşmışdır. O və digər əməkdaşlar sakitlik yaratmaq məqsədi ilə məsləhətlər vermişlər. Daha sonra Dəcailə yaxınlaşaraq nə üçün mütəmadi münaqişələrin baş verməsini soruşmuşlar. Həmin vaxt küçədə yığılan adamlar kütləvi şəkildə həyətə daxil olmuşlar. Mübahisə başlamışdır. Daha sonra çətinliklədə olsa həmin şəxsləri qapıdan çölə çıxarmışlar. Yenidən hər kəsi sakitliyə çağırmışlar. Qaranlıq olduğu üçün kimin- kimi vurmasını görməmişdir. O və digər əməkdaşlar çölə çıxdıqda işıqda Dəcailin sifət nahiyyəsində qan olduğunu görmüşdür. Dəcail Rəşadətin onu ağacla vurduğunu bildirmişdir. Lakin, dava-dalaş nəticəsində Rəşadətin Dəcaili vurmasını görməmişdir. Həmçinin Rəşadətin əlində ağac olmasını xatırlamır. Həmçinin məhkəmənin diqqətinə çatdırır ki, Zərərçəkmiş şəxs barəsində Zərdab rayon Polis Şöbəsində bir neçə dəfə araşdırma materialları olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid12, Şahid13 və Şahid14 Şahid11 ifadəsinə uyğun ifadə vermişlər. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 151 saylı rəyindən görünür ki, “1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər: 1) başın sağ alın nahiyəsində yumşaq toxumanın əzilmiş-cırılmış yarası - küt bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlmələri inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. 2) Gövdənin ön səthində döş qəfəsinni sağ yuxarı iç hissəsində dərialtı qansızma, başın sağ gicgah və alın-təpə, boynun ön sağ aşağı və gövdənin arxa səthində belin sağ və sol iç hissələrində, sol mil-bilək oynağı nahiyələrində sıyrıqlar fonunda sıyrılmış yaralar- küt bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlmələri inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa ZƏRƏR vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X11 Göyçay rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli, 03 saylı rəyindən görünür ki, “1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər: 1) başın sağ alın nahiyəsində yumşaq toxumanın əzilmiş-cırılmış yarası - küt bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlmələri inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. 2) Gövdənin ön səthində döş qəfəsinni sağ yuxarı iç hissəsində dərialtı qansızma, başın sağ gicgah və alın-təpə, boynun ön sağ aşağı və gövdənin arxa səthində belin sağ və sol iç hissələrində, sol mil-bilək oynağı nahiyələrində sıyrıqlar fonunda sıyrılmış yaralar- küt bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlmələri inkar edilmir və sağlamlığa ZƏRƏR vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. 3) Zərərçəkmiş şəxs bədəni üzərində aşakr edilmiş “Başın sağ alın nahiyəsində yumşaq toxumanın əzilmiş-cırılmış yarası” xəsarətinin ekspertizaya təqdim edilmiş 01 ədəd quru ağac parçası ilə vurulması nəticəsində yetirilməsi halı inkar edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” X8 xx.xx.2024-cü il tarixli, 207/2024-MTBŞ saylı rəyindən görünür ki, Ekspertizaya təqdim olunmuş bir ədəd ağac parçası üzərində qan izləri aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs barəsində əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs barəsində əməlində cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, lakin əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan qərarın surəti onun barəsində tədbir görülməsi üçün Zərdab RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanılması və icraata qəbul olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında“ xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs təqdim etmiş olduğu və Təqsirləndirilən şəxs tərəfindən döyülməsində istifadə olunan ağac parçası maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərdab RPŞ-nin maddi sübutların saxlanması otağına verilmişdir. Həmçinin həmin qərardan görünür ki, hadisənin görüntüsünə dair videoçəkiliş olan 01 ədəd disk mötəbər sübut kimi qəbul edilmişdir. İş materiallarında olan Zərdab Rayon Mərkəzi X4 Şəxsinin xx.xx.2023-cü il tarixli, 05-14 saylı məktubundan görünür ki, Zərdab rayonu Burunlu kənd sakini Təqsirləndirilən şəxs Zərdab RMXnin PHŞ-in Poliklinika şöbəsində Ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında məhkumluğuna dair məlumat yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərdab rayon İcra Hakimiyyəti Başçısının Məlikli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 189 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 009348 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs anası Şahid7 şəhid ailəsidir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə görə dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) 1-ci hissəsinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 1.3-cü maddəsinə görə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Həmin Məcəllənin 10.1-ci maddəsinə görə məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verərkən məhkəmə hazırkı cinayət işi üzrə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmasını düzgün hesab etmir. Belə ki, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, “təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqcasına hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz”. Məhkəmə baxışı zamanı araşdırılan sübutlardan təqsirləndirilən şəxsin özünü cəmiyyətə qarşı qoyması, cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərməsi, özünü başqalarından üstün tutması və bu üstünlüyünü nümayişkarcasına ifadə etməsi kimi hallar müəyyən olunmamışdır. Ümumiyyətlə onun ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqcasına hörmətsizlik ifadə etmək niyyəti olmamışdır. O, hadisə yerinə bacısı qızının və bacısının döyülməsi səbəbindən onların zəngi əsasında getmiş, niyyəti mübahisəni aydınlaşdırmaq olmuşdur. Həmçinin iş materiallarından görünür ki, zərərçəkmiş şəxsin münaqişəli ailə kimi dəfələrlə Zərdab rayon Polis Şöbəsində araşdırma materialları olmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qərəzli xuliqanlıq hərəkətləri etməsi istintaq orqanı tərəfindən sübut edilməmiş və həmin faktı təsdiq edəcək hər hansı bir mötəbər sübut əldə edilməmişdir. Əksinə məhkəmə iclasında dindirilmiş təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrindən müəyyən olunur ki, təqsirləndirilən şəxsin törətmiş olduğu əməl qərəzli xuliqanlıq hərəkətləri deyil, şəxsi münasibətlər zəminində baş vermiş münaqişə nəticəsində şəxsiyyət əleyhinə törədilmiş olan əməldir. Həmçinin məhkəmə iclasında iştirak edən şahidlərdən heç biri təqsirləndirilən şəxsin Dəcaili vurmasını və əlində ağac parçası olmasını təsdiq etməmişlər. Azərbaycan Respublikası CPM-nin 32.2.7-ci maddəsinə görə məhkəmə tərəfindən hökm yalnız cinayət prosesi tərəflərinin iştirakı bərabər əsaslarla təmin edilməklə tədqiq olunmuş sübutlarla əsaslandırılır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respuybliaksı Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli 1№-li qərarının 3-cü bəndinə görə ictimai qaydanı kobud sürətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkmiş şəxsin təşəbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hrərkətlər xuliqanlıq kimi qiymətləndirlmir və bunun üçün əsaslar olduqda Cianyət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda sadalanan beynəlxalq və milli qanunvericilik normalarını, eyni zamanda cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin qərəzli xuliqanlıq hərəkəti məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, onun əməli ittiham edildiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə deyil, şəxsiyyət əleyhinə yönələn əməl kimi qiymətləndirilərək zərərçəkmiş şəxsə yetirilmiş xəsarətin dərəcəsinə uyğun olaraq (ona yetirilmiş xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olmuşdur) Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsüf olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və qardaşının şəhid olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlaması otağında saxlanılan 01 ədəd ağac parçası məhv edilməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia, CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən CM-nin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Zərdab rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlaması otağında saxlanılan 01 ədəd ağac parçası məhv edilsin. Hökmün icrası Zərdab rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №1(035)-4/2024
Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-4/2024
03.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver