Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-40/2024 19.12.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X5 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri, Səməd Vurğun küçəsi ev 61-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 19 dekabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilə bilinməyən vaxtda və mənbədən satış məqsədi olmadan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, xeyli miqdar hesab olunan 8,69 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 22:35-də Zərdab rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Zərdab-Ucar yolunun üçüncü kilometrliyində saxlanılaraq Zərdab rayon polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman qeyd edilən 8,69 qram çəkidə həmin narkotik vasitə olan qurudulmuş marixuana əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan kəsiyi bükümündə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Ağdaş şəhəri, Səməd Vurğun küçəsi ev 61-də yaşayır. 4 ilə yaxındır ki, narkotik vasitə olan qurudulmuş marixuanadan sitifadə edir. Elə olur ki, gündə bir dəfə qəbul edir. “İnstagram” sosial şəbəkəsində danışdığı bir şəxs ona qurudulmuş marixuana verə biləcəyini bildirmiş və həmin şəxs ona narkotik vasitəni Zərdab rayonunda yolun kənarına qoyacağını dediyindən, ondan yeri və tarixi öyrəndikdən sonra xx.xx.2024-cü il tarixdə Ağdaş rayonundan taksi ilə Zərdab rayonuna gəlmişdir. Taksi sürücüsünə Zərdab rayonunda tanışını görmək üçün gəldiyini bildirmişdir. Zərdab rayonuna çatanda həmin yerə getmiş və yolun kənarında olan ağ sellofan kəsiyi bükümünü görmüş, narkotik vasitənin olduğunu bilib bükümü götürüb əynindəki şalvarın cibinə qoymuşdur. O, taksidən düşdükdən sonra əvvəlcədən razılaşdıqları kimi taksi sürücüsü onu gözləməyib getmişdir. Bundan sonra piyada gəzə-gəzə Zərdab rayonu istiqamətinə gedərkən Zərdab rayon Polis Şöbəsinin mülki geyimli əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra üzərində qanunsuz olaraq narkotik vasitə saxlamağı barədə məlumatlarının olduğunu bildirərək onlarla birlikdə Polis Şöbəsinə getməsini xahiş etdikdə onlarla birlikdə Zərdab rayon Polis Şöbəsinə gəlmişdir. Həmin vaxt tapmış olduğu qurudulmuş marixuana da onun cibində olmuşdur. Zərdab rayon Polis Şöbəsinə gəldikdən sonra seçdiyi müdafiəçinin iştirakı ilə üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçiriləcəyi deyilmiş, o, da buna etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində cinayət xarakterli hər hansı, əşya, predmet varsa təqdim etməyi bildirildiyindən, o, əynində olan göy rəngli şalvarın sağ yan cibində olan ağ sellofan bükümü çıxardıb masanın üzərinə qoymuş və onun narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Masanın üzərinə qoyduğu bükümdəki narkotik vasitə olan qurudulmuş marixuana onun və vəkilin iştirakı ilə elektron tərəzi ilə çəkildikdə çəkisinin 10.27 qram olması müəyyən edilmişdir. Daha sonra büküm zərfə qoyulub ağzı bağlanıb 97 saylı möhürlə möhürlənib götürüldüyündən həmin zərfin üzərinə bununla bağlı aparılmış qeydi digər iştirakçılar kimi o, özüdə imzalamışdır. Heç vaxt, heç kimə narkotik vasitə satmamışdır. Saxlanılarkən polis tərəfindən ona heç bir fiziki güc tətbiq edilməmişdir. Narkotik vasitə olan marixuana istifadə etdiyi üçün peşmandır. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Zərdab rayon polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 avqust 2024-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşqul olması barədə daxil olan məlumat və tərəfindən qəbul edilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar əsasında Zərdab rayon Polis Şöbəsinin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid2 və ondan ibarət əməliyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmadan Təqsirləndirilən şəxs üzərində axtarış aparılması zərurəti yaranmışdır. Əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs yeri müəyyən edilərək xx.xx.2024-cü il tarixdə Zərdab rayonu ərazisində, Zərdab-Ucar avtomobil yolunun 3-cü kilometrliyində yolun sol tərəfində saxlanılıb saat 22:50 radələrində rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinin inzibati binasının otaqlarının birində saat 23:40-da videoçəkiliş vasitəsilə onun seçdiyi vəkil Müdafiəçi1, əməliyyat müvəkkili Şahid2 və Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ sellofan büküm, “Redmi note 8” markalı 01 ədəd mobil telefon və 01 ədəd 5 manatlıq pul əskinasını təqdim edib, üzərində həmin ağ sellofan bağlamadan başqa heç bir cinayət xarakterli əşya predmetin olmadığını, həmin bağlamanı tanımadığı, “İnstagram” sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı yolun qırağına qoyandan sonra onun özünü görmədən götürdüyünü bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində həyata keçirilən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 01 ədəd ağ rəngli polietilen sellofana bükülmüş bağlamanın içərisinə baxış keçirdikdə bağlamanın içərisindən aşkar edilmiş yaşılımtıl rəngli, spesifik iyə malik olan, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzi ilə çəkilmiş və 10.27 qram çəkidə olması aşkar edilmişdir. Həmin ağ rəngli polietilen sellofan bükümünün içərisindəki qurudulmuş marixuanaya bənzər kütlə məhkəmə-kimyəvi ekspertizası təyin edilib müvafiq rəy alınması məqsədi ilə zərfdə qablaşdırılıb DİN-in müvafiq möhürü ilə möhürləndikdən sonra, zərfin üzərində bununla bağlı edilmiş qeydlər bütün iştirakçılar tərəfindən imzaladıqdan sonra götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs məxsus “Redmi note 8” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən tərəfindən götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Zərdab RPŞ-nin CAB-nin əməkdaşları Şahid2 Fəxrəddin oğlu və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16-2-17/706 nömrəli rəyində göstərilmişdir ki: Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 8,69 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabsis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işində oaln Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X9 “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X8 verdiyi 30 avqust 2024-cü il tarixli, 18-1-22/2-1235/2024 saylı məktubundan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü, ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X8 Poliklinika şöbəsində “Opioidlərin, psixostimulyatorların və kannabionidlərin birgə qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. Cinayət işində olan « sübutların qiymətləndirilməsi haqqında » xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim olunmuş təmiz çəkisi - 8.69 qram, qalıq 8.64 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana cinayət prosesi üçün mötəbər dəlil olduğundan iş üzrə xx.xx.2024cü il tarixli qərarla maddi sübut kimi tanınmış və saxlanması üçün Zərdab RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsiaxtarış və götürmə istintaq hərəkətlərinin keçirilməsini özündə əks etdirən kompakt disk və Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefon və telefona baxış keçirilərkən tətbiq edilmiş videoçəkilişin qeydə alındığı kompakt disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1518 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyac yoxdur. Narkoloji dispanserə qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23:30-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixində CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmiş, həmin gün saat 09:40-da barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azər Paşayev tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 175 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, S.Vurğun küçəsi 61 ünvanında atası X3 və anası X2 ilə birgə yaşayır. Cinayət işində olan Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azər Paşayev tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 114 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, şahidlərin ifadələrinə, ekspert rəylərinə, işin digər materiallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirici hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs qəti cəza təyin edərkən hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 158.2.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu iki gün müddətin bir gününü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim olunmuş təmiz çəkisi - 8.69 qram, qalıq 8.64 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01(bir) ədəd kompakt disk və Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefona baxış keçirilərkən tətbiq edilmiş videoçəkilişin qeydə alındığı kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefon sahibinə qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını Ağdaş rayonu ərazi hüdudları daxilində çəksin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 8,64 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan və cinayət işinin materiallarına əlavə edilən Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefon sahibinə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində pulu Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №1(035)-40/2024
Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-40/2024
19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver