Məhkəmə qərarları › İş №1(035)-44/2023

Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-44/2023

10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-44/2023 10.10.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X4 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Zərdab şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Kristal 1 yaşayış kompleksi, bina 22, ev 54-də yaşayan, xx.xx.2023-cü il tarixdə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 10 oktyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 05 iyun 2023-cü il tarixdə satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 60 manata əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 8,75 qram narkotik vasitə olan qurudulmuş marixuanadan 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,97 qram marixuananı 06 iyun 2023-cü il tarixdə saat 10 radələrində tanışı Şahid1 təmənnasız pay verməklə qalan 02 ədəd sellofan bükümlərdə təmiz çəkiləri 0,46 qram; 0,61 qram, 01 ədəd kağız bükümdə 1,74 qram, 01 ədəd siqaret qutusunda təmiz çəkisi 3,97 qram, ümumi təmiz çəkisi 6,78 qram narkotik vasitə olan qurudulmuş marixuananı sərnişin kimi əyləşdiyi sonuncuya məxsus “VAZ-2107” minik markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağının üzərində qanunsuz olaraq saxlamaqla daşımış, 06 iyun 2023-cü il tarixdə saat 10:45-də Zərdab rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlər nəticəsində Zərdab-Ağcabədi avtomobil yolunun Zərdab rayonu, Məmmədqasımlı kəndi ərazisindəki “3 yol ayrıcında” yerləşən yanacaq doldurma məntəqəsində Təqsirləndirilən şəxs avtomobili idarə edən Şahid1 ilə birlikdə saxlanılaraq rayon polis şöbəsinə gətirilib şübhəli şəxs qismində tutulduqdan sonra həmin gün saat 12:50-də “VAZ-2107” minik markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə keçirilən baxış və götürmə zamanı Təqsirləndirilən şəxs avtomobilin ön sağ oturacağın üzərinə qoyduğu özünəməxsus olan 02 ədəd sellofan bükümlərdə təmiz çəkiləri 0,46 qram, 0,61 qram, 01 ədəd kağız bükümdə 1,74 qram, 01 ədəd siqaret qutusunda təmiz çəkisi 3,97 qram, ümumi təmiz çəkisi 6,78 qram narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmiş və narkotik vasitələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərdab şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Kristal 1 yaşayış kompleksi, bina 22, ev 54-də yaşayır. Zərdab rayon sakini Şahid1 uzun müddətdir ki, tanıyır. Həmçinin, Yusif ilə birlikdə son vaxtlar bir neçə dəfə narkotik vasitə olan qurudulmuş marixuana çəkmişlər. Son bir ayda Bakı şəhərindən Zərdab rayonuna gələn zaman narkotik vasitə olan marixuana alıb gətirmiş və Yusif ilə birlikdə çəkmişlər. Həmin narkotik vasitələri sosial şəbəkələrdə tapdığı xarici ölkə nömrələri ilə əlaqə saxlayıb əldə etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə +**********30 saylı mobil nömrə ilə əlaqə saxlamış və “emanat” ödəmə terminalı vasitəsi ilə xatırlamadığı mobil nömrə hesabına 60 manat pul göndərmişdir. Həmin gün günorta saatlarında ona bildirilən yerdən, Bakı şəhəri, Babək prospektində yerləşən maşın bazarına yaxın yol kənarından, hazırda dəqiq yeri xatirində qalmayan yerdən gedib bir siqaret qutusunda xatırlamadığı miqdarda qurudulmuş marixuana götürmüşdür. Həmin marixuanadan təxmini götürməklə 3 ədəd sellofan, 2 ədəd kağız bağlamalara doldurub çəkmək üçün ayırmış, qalan marixuana isə siqaret qutusunun içində qalmışdır. Həmin gün atası Kamillə birlikdə Zərdab rayonundakı evlərinə gəlməli olmuşdur. Buna görə də pula ehtiyacı olmuşdur. Şahid1 ona öncədən 50 manat borcu olduğu üçün xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Yusifə zəng edərək borcunu qaytarmasını istəmişdir. Yusif də ona olan borcunu kart hesabına göndərmişdir. xx.xx.2023-cü il tarixdə Yusifə zəng edərək atasının Rusiya Federasiyasından gəldiyini, atası ilə birlikdə Zərdaba gələcəklərini bildirərək onları qarşılamasını istəmişdir. Həmçinin, ona özü ilə marixuana da gətirdiyini, birlikdə çəkəcəklərini demişdir. Yusif də onunla razılaşmışdır. xx.xx.2023-cü il tarixdə təxminən səhər saat 04:00 radələrində Yusifə zəng edərək rayona yaxınlaşdıqlarını, onları “4 yol” adlanan ərazidən götürməyini istəmişdir. Yusif də özünə məxsus “VAZ-2107” minik markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə “4 yol” adlanan əraziyə gələrək onları götürmüşdür. Atası Kamili baba evinə aparıb düşürmüşlər. Özü isə Yusiflə şəhər ərazisində avtomobildə gəzən zaman 1 ədəd kağız bağlamadakı marixuananı özü ilə götürdüyü xüsusi kağıza doldurub ikisinin çəkməsi üçün hazırlamış və həmin marixuananı növbəli olaraq hərəkətdə olan zaman çəkib qurtarmışlar. Sonra isə gün ərzində balıq tutmağa getmək planı qurmuşlar. Daha sonra Yusif onu evə düşürüb geri qayıtmışdır. Həmin gün saat 10 radələrində Yusif ona zəng edib onlara gəlmişdir. O, evdən 2 qarmaq götürmüş, birlikdə rayonun Sarıqaya kəndinə balıq tutmaq üçün getmək qərarına gəlmişlər. Evdən çıxanda özü ilə Bakıdan gətirdiyi marixuana bağlamalarını da götürmüşdür. O, yolda olan zaman 1 ədəd sellofan bağlamada olan təxminən 1-2 qramlıq marixuananı Yusifə təmənnasız pay kimi vermişdir. Yusif də həmin bükümü avtomobilin ön alın şüşəsi ilə tavan arasında yerləşən yerə qoymuşdur. Zərdab rayonu ərazisində, “3 yol” adlanan ərazidə yerləşən yanacaq doldurma məntəqəsində benzin vurmaq üçün dayanmışlar. Yusif aşağı düşərək orada işləyən şəxsə yaxınlaşmışdır. Həmin zaman onlara tanımadığı mülki geyimli şəxslər yaxınlaşmışlar. Özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək narkotik vasitələrin dövriyyəsində şübhəli olduqları üçün Zərdab rayon polis şöbəsinə getməli olduqlarını demişlər. Onlar da polis əməkdaşları ilə birlikdə Zərdab RPŞ-nə gəlmişlər. Polis şöbəsinə gəldikdən sonra seçdiyi müdafəçinin iştirakı ilə üzərinə şəxsi axtarış həyata keçirilmişdir. Şəxsi axtarış həyata keçirilməmişdən əvvəl üzərində hər hansı cinayət xarakterli predmet və əşya olub-olmadığı soruşulmuşdur. O da üzərində olan mobil telefonu və plastik kartı təqdim edərək avtomobildə ona məxsus narkotik vasitə olan marixuana olmasını bildirmişdir. Bundan sonra avtomobilə baxış keçirilmişdir. Baxış zamanı özünə məxsus olan və polis əməkdaşları yaxınlaşan zaman Yusifin avtomobilinin ön sağ oturacağının üzərinə qoyduğu “Sobranie” və “Winston” markalı siqaret qutularının içərisində olan, həmçinin kağıza bükdüyü marixuana kütlələrini təqdim etmişdir. Təqdim etdiyi qurudulmuş marixuanalar təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilərək qablaşdırılaraq möhürlənmiş və tərkibinin müəyyən olunması üçün ekspertizaya təqdim olunacağı bildirilmişdir. O, Yusifə narkotik vasitə satmamışdır. Yusifin ona 50 manat borcu olmuşdur. Yusif ona 50 manat borcunu qaytarmışdır. O, Yusifə özündə istifadə etmək üçün narkotik vasitə olduğunu və gələndə birlikdə istifadə etməyi təklif etmişdir. O, ümumiyyətlə heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İİ qrup əlildir və hazırda xəstədir. Törətdiyi əməlin səhv olduğunu başa düşür və əməlindən peşmandır. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsiri özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Zərdab şəhəri, Azərbaycan küçəsi, ev 20-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır, evlidir. Zərdab rayon ərazisində yaşadığı evin həyətində maşın təmiri ilə məşğul olur. Təqsirləndirilən şəxs rayon sakini olaraq uzun illərdir tanıyır, münasibətləri yaxşıdır. Narkotik vasitə olan marixuanadan istifadə edir. İqbal ilə birlikdə bir neçə dəfə narkotik vasitə olan marixuana çəkmişdir. İqbal narkotik vasitə olan marixuana tapıb gətirmiş və hər dəfə birlikdə çəkmişlər. İqbaldan narkotik vasitəni pul ilə almamışdır. İqbal ona çəkmək üçün narkotik vasitəni təmənnasız vermişdir. Bir müddət əvvəl İqbaldan şəxsi işləri ilə bağlı 50 manat borc almış, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində İqbal ona “whatsapp ani mesajlaşma tətbiqi vasitəsi ilə zəng edərək borcunu geri istəmişdir. O, da İqbalın kart hesabına “Milliön” ödəmə terminalı vasitəsi ilə 50 manat borcunu göndərmişdir. Təxminən 1 saat sonra İqbala zəng edərək pulun çatıb-çatmadığını soruşmuş, İqbal da pulu götürdüyünü bildirmişdir. xx.xx.2023-cü il tarixdə İqbal ona zəng edərək axşam saatlarında atasını hava limanından götürəcəyini, rayona gələn zaman onları qarşılamalarını xahiş etmişdir. Həmçinin, İqbal ona özü ilə marixuana gətirdiyini və birlikdə istifadə edəcəklərini demişdir. xx.xx.2023-cü il tarixdə təxminən səhər saat 04:00 radələrində İqbal ona zəng edərək rayona yaxınlaşdıqlarını, onları “4 yol” adlanan ərazidən götürməyini istəmişdir. O da özünə məxsus “VAZ-2107” minik markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə “4 yol” adlanan əraziyə gedərək onları götürmüşdür. İqbalın atası Kamili ata evlərinə aparıb düşürdükdən sonra İqballa birlikdə şəhər ərazisində gəzərkən avtomobildə İqbal ilə birlikdə marixuana çəkmişlər. . Sonra gün ərzində balıq tutmağa getmək planı qurmuşlar. Daha sonra İqbalı evə düşürüb geri qayıtmışdır. Həmin gün saat 10 radələrində İqbala zəng edib evlərinə getmiş, onu götürüb birlikdə Sarıqaya kəndinə balıq tutmaq üçün yola düşmüşlər. Yolda olan zaman İqbaldan marixuana bağlamalarının birini özünə pay etməsini xahiş etmişdir. İqbal da 1 ədəd sellofan bağlamada olan təxminən 1-2 qramlıq marixuananı ona təmənnasız olaraq pay vermişdir. O, həmin marixuananı avtomobilin ön alın şüşəsi ilə tavan arasında yerləşən, el arasında “kazirok” adlanan yerə qoymuşdur. Zərdab rayonu ərazisində, “3 yol” adlanan ərazidə yerləşən yanacaq doldurma məntəqəsində benzin vurmaq üçün dayanmışdır. O, aşağı düşərək benzin vurmaq üçün orada işləyən şəxsə yaxınlaşmışdır. Həmin zaman maşına və ona tanımadığı mülki geyimli şəxslər yaxınlaşmışlar. Özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək narkotik vasitələrin dövriyyəsində şübhəli olduqları üçün Zərdab rayon polis şöbəsinə getməli olduqlarını demişlər. Onlar da polis əməkdaşları ilə birlikdə Zərdab RPŞ-nə gəlmişlər. Polis şöbəsinə gəldikdən sonra seçdiyi müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış həyata keçirilmişdir. Şəxsi axtarış həyata keçirilməmişdən öncə üzərində hər hansı cinayət xarakterli predmet və əşya olub-olmadığı soruşulmuşdur. O, da cibində olan avtomobilin açarlarını təqdim edərək, avtomobilində saxladığı narkotik vasitə olan marixuana olmasını bildirmişdir. Bundan sonra avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı İqbalın ona pay verdiyi və saxlamaq üçün avtomobilin ön alın şüşəsi ilə tavan arasında yerləşən, el arasında “kazirok” adlanan yerə qoyduğu bükümdə olan marixuananı təqdim etmişdir. Təqdim etdiyi bükümdə olan qurudulmuş marixuana təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilərək ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan və şübhəli şəxs qismində tutulan zaman ona marixuananı İqbalın verdiyini İqbalın etiraf etməyəcəyindən qorxaraq özünü müdafiə etmək üçün marixuananı İqbaldan aldığını demişdir. Avtomobilindən aşkar edilmiş marixuananı İqbal ona təmənnasız pay vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, Zərdab RPŞ-nin CAB-nin NMQ-nın baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. xx.xx.2023-ci il tarixdə Zərdab şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonunda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı raportla şöbə rəhbərliyinə məruzə olunmuşdur. Bundan sonra tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibi Zərdab RPŞnin CAB-ın əməliyyat müvəkkilləri, polis leytenantı Şahid3 və polis leytenantı Şahid4, Təhqiqat Qrupunun təhqiqatçısı polis mayoru Ərəstun Zamanovdan ibarət olaraq təsdiq olunmuşdur. Bundan sonra Ərəstun Zamanov xaric olmaqla digərləri əməliyyat məlumatında Təqsirləndirilən şəxs olduğu yer olaraq qeyd olunan yerə yollanmışlar. Zərdab-Ağcabədi avtomobil yolunun Zərdab rayonu, Məmmədqasımlı kəndi ərazisindəki “3 yol ayrıcında” yerləşən yanacaq doldurma məntəqəsində “VAZ-2107” minik markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşən Təqsirləndirilən şəxs və sonra maşının sürücüsü Şahid1 yaxınlaşaraq Zərdab rayon Polis Şöbəsinə getməli olduqlarını bildirmiş və polis şöbəsinə dəvət etmişlər. Zərdab RPŞ-nə gəldikdə Təqsirləndirilən şəxs və Şahid1 Növbətçi Hissəyə təqdim edilmiş və bu barədə şöbə rəhbərliyinə raportla bildirilmişdir. Təqsirləndirilən şəxs və Şahid1 narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün Zərdab rayon Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Ərəstun Zamanov tərəfindən şübhəli şəxs qismində tutulmuşlar. Təqsirləndirilən şəxs üzərində seçdiyi müdafiəçi-fərdi vəkil Müdafiəçi iştirakı ilə təhqiqatçı, polis mayoru Ərəstun Zamanovun xidməti iş otağında videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi, Şahid1 və müdafiəçisi Ehtibar Abdullayevin iştirakları ilə Şahid1 idarə etdiyi nəqliyyat vasitəsinə də baxış keçirilmişdir. Şahid1 idarə etdiyi avtomobilin günlüyünün üst tərəfində gizlətdiyi özünə məxsus olmasını bildirdiyi 01 (bir) ədəd narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki tərkibli kütlə təqdim etmişdir. Elektron tərəzi ilə çəkildikdə ümumi çəkisi 2,3 qram olması müəyyən edilmişdir. Həmin kütlə məhkəmə-bioloji ekpertizası təyin edilib müvafiq rəy alınması məqsədi ilə zərfdə qablaşdırılıb DİN-in müvafiq möhürü ilə möhürləndikdən sonra üzərinə bununla bağlı müvafiq qeydlər olan yapışdırılmış kağızı bütün iştirakçılar imzalamışlar. Eyni zamanda Təqsirləndirilən şəxs avtomobilin qabaq sağ tərəf oturacağının oturacaq yerində olan siqaret qutusunu təqdim edib özünə məxsus olduğunu bildirdiyi 02 ədəd kiçik sellofan bükümdə, üzərində “Sobranie” yazısı olan siqaret qutusunun içərisində və 01 ədəd kiçik kağız bükümdə olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki tərkibli kütlələr təqdim etmişdir. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Zərdab RPŞ-nin CAB-nin əməkdaşları Şahid3 və Şahid4 Şahid2 ifadəsinə uyğun ifadə vermişlər. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 17/442 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şahid1 avtomobilinə keçirilən axtarış zamanı özünün təqdim etdiyi 01 ədəd sellofan bükümdə...kütlə...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 1,97 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “xx.xx.2023-cü il tarixdə VAZ-2107 markalı, ** DJ *** d.q.nişanlı avtomobildə keçirilən axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi..kütlələr...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 02 (iki) ədəd sellofan bükümlərdə, təmiz çəkiləri – 0,46 qram, 0,61 qram, 01(bir) ədəd kağız bükümdə - 1,74 qram, 01 (bir) ədəd siqaret qutusunda təmiz çəkisi – 3,97 qram, ümumi təmiz çəkisi –6,78 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş, 02 (iki) ədəd sellofan bükümlərdə, təmiz çəkiləri – 0,46 qram, 0,61 qram, 01(bir) ədəd kağız bükümdə - 1,74 qram, 01 (bir) ədəd siqaret qutusunda təmiz çəkisi – 3,97 qram olan qurudulmş marixuanalar təkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, 01 (bir) ədəd zərfin içərisindəki 02 (iki) ədəd sellofan bükümlərdə təmiz çəkiləri – 0,46 qram və 0,61 qram, 01(bir) ədəd kağız bükümdə - 1,74 qram, 01 (bir) ədəd siqaret qutusunda təmiz çəkisi – 3,97 qram olan qurudulmuş marixuanalar ilə digər 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 1,97 qram olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Cinayət işində olan « sübutların qiymətləndirilməsi haqqında » xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd sellofan bükümdə, təmiz çəkisi-1,97 qram olan qurudulmuş marixuana, 01 (bir) ədəd zərfin içərisindəki 02 (iki) ədəd sellofan bükümlərdə təmiz çəkiləri – 0,46 qram, 0,61 qram, 01(bir) ədəd kağız bükümdə - 1,74 qram, 01 (bir) ədəd siqaret qutusunda təmiz çəkisi – 3,97 qram, ümumi təmiz çəkisi 8,50 qram narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və Zərdab RPŞ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1224 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11:05-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Zərdab Rayon Məhkəməsinin 4(035)-12/2023 saylı, 08 iyun 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində üç ay müddətində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığı qətimkan tədbirinin əvvəli 08 iyun 2023-cü il tarixdən hesab edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işində olan Zərdab RİHB-nın Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ə.Əliyev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işində olan Zərdab RİHB-nın Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ə.Əliyev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 536 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində-xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2-iki uşağı vardır. Cinayət işində olan 510 nömrəli əlillik vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. Zərdab rayon mərkəzi xəstəxanasından verilmiş 12 iyun 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 1990-cı ildən Zərdab RMX PHŞ poliklinika şöbəsində irsi qeyri sferosetar hemolitik anemiya, eritrositlərin fermentalfabiyası, anadangəlmə Q6FDH ferment çatışmamazlığı diaqnozu ilə qeydiyyatdadır. İİ qrup əlildir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, Kristal 1 yaşayış kompleksi, bina 22, ev 54-də yaşadığı müəyyən edildi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, şahidlərin ifadələrinə, ekspert rəylərinə, işin digər materiallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını, İİ qrup əlil olmasını, xəstə olmasını barəsində cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs qəti cəza təyin edərkən hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 158.2.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət və ev dustaqlığında saxlandığı müddətin bir gününü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 8,50 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35,97 manat məbləğində pul Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq dövlət mədaxilinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPMin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 (iki) gün tutulduğu müddət və 08 iyun 2023-cü il tarixdən 10 oktyabr 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay 02 (iki) gün-cəmi 04 (dörd) ay 04 (dörd) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, 08 (səkkiz) ay 08 (səkkiz) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 3 (üç) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını Abşeron rayonu ərazi hüdudları daxilində çəksin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Abşeron rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlaması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 8,50 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35,97 manat məbləğində pul Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq dövlət mədaxilinə ödənilsin. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar