Məhkəmə qərarları › İş №1(035)-45/2023

Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-45/2023

10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-45/2023 10.10.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X6 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X3 Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1974-cü ildə Zərdab rayonu, Pərvanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, məhkumluğu olmayan, fərdi təsərrüfat fəaliyyəti ilə məşğul olan, Zərdab rayonu, Pərvanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 10 oktyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin payız aylarında Zərdab rayonu, Pərvanlı kəndi ərazisində çöllük sahədə 01 ədəd yabanı halda bitən çətənə (kannabis) bitki kollarının toxumlarını qanunsuz olaraq əldə edərək saxlamış, 2023-cü ilin may ayının əvvəllərində yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində həmin toxumları əkməklə aqrotexniki qaydada qulluq edərək yetişdirib kultivasiya etmiş, Zərdab RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs məxsus Zərdab rayonu, Pərvanlı kəndindəki fərdi yaşayış evinin həyətyanı sahəsinə 04 iyul 2023-cü il tarixdə, saat 10 radələrində baxış keçirilən zaman “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, xeyli miqdar hesab olunan təmiz çəkisi 1905 qram 09 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki kolları aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs aqrotexniki qaydada qulluq edərək yetişdirib kultivasiya etdiyi 09 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) kollarından yığmaqla satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 11,84 qram “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pisixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş narkotik vasitə hesab olunan qurudulmuş marixuananı əldə edərək yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindəki ev quşlarının saxlanılması üçün nəzərdə tutulmuş tikilinin çardağında saxlamış, Zərdab RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs məxsus Zərdab rayonu, Pərvanlı kəndindəki fərdi yaşayış evinin həyətyanı sahəsinə 04 iyul 2023-cü il tarixdə, saat 10 radələrində baxış keçirilən zaman təmiz çəkisi 11,84 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərdab rayonu, Pərvanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi təsərrüfatla məşğul olur və həyətyanı sahəsində kənd təsərrüfatı məhsulları əkib-becərir. O, təxminən 3-4 il müddətdir ki, tapdıqca narkotik vasitə olan marixuana istifadə edir. Buna səbəb sümüyündə ağrıların olmasıdır. Özü fiziki qüsurludur. Təxminən 2022-ci ilin payız aylarında yaşadığı kənd ərazisində, çöl sahədə təsadüf nəticəsində bir ədəd kiçik ölçülü, yabanı halda bitmiş olan çətənə bitkisi tapmışdır. Onun kolundan 10 ədəd toxum götürmüşdür. 2023-cü ilin may ayının əvvəllərində həmin bitki toxumlarını öz həyətyanı sahəsində tərəvəz bitkilərinin arasında əkmiş, həmin bitkiləri sulayıb qulluq etmişdir. Əkdiyi toxumlardan 9 ədədi bitmişdir. O, həmin narkotik tərkibli çətənə bitkilərini öz şəxsi istifadəsi üçün əkmişdir. Həmin bitkilərdən ailə üzvlərinin, həmçinin başqa şəxslərin xəbəri olmamışdır. Daha sonra həmin bitkilərdən öz şəxsi istifadəsi üçün yarpaqlar qoparıb quruması üçün həyətdəki hinin damına qoymuşdur. 04 iyul 2023-cü il tarixdə saat təxminən 10 radələrində Zərdab rayon polis şöbəsinin əməkdaşları onun yaşadığı evinə gələrək yaşadığı evin həyətyanı sahəsinə narkotik vasitə əkməyi barədə onlara məlumat daxil olduğunu, bununla bağlı yaşadığı evə və həyətyanı sahəyə baxış keçirməli olduqlarını demişlər. Bundan sonra özünün razılığı və iştirakı olmaqla video çəkilişlə həyətdə müxtəlif yerlərdə axtarış aparan zaman əkdiyi bitki kolları və həmin kolların yarpaqlarından yığaraq quruması üçün toyuq hininin damına qoyduğu kütlələri təqdim etmişdir. Bundan sonra narkotik tərkibli çətənə bitkilərinə aqronom mütəxəssis baxmış, həmin bitkilərin hündürlüyü ölçülmüş, ümumi çəkisi 2,335 qram olmuşdur. Bundan sonra həmin narkotik tərkibli çətənə bitkiləri ekspertizaya təqdim olunması üçün ağ rəngli kisəyə qoyularaq polis şöbəsinin möhürü ilə möhürlənmiş və digər iştirakçılar kimi özü də kisəyə yapışdırılan üzərində qeydlər olan kağızı imzalamışdır. Özünün qurutmaq üçün yığaraq hinin tavanında saxladığı narkotik tərkibli bitki də hamının iştirakı ilə elektron tərəziyə qoyularaq çəkilmişdir. Ümumi çəkisi 14,57 qram olmuşdur. Bundan sonra həmin kütlə də ekspertizaya təqdim olunması üçün zərfə qoyularaq iştirakçılar və özü tərəfindən imzalanmışdır. Bundan sonra Zərdab rayon polis şöbəsinin əməkdaşları narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində seçdiyi vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, üzərindən 01 ədəd “Samsung” markalı mobil telefonu, “Pall mall” markalı siqaret, alışqan və cib dəsmalı aşkar edilmiş, hər hansı narkotik vasitə və ya cinayət xarakterli hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra şəxsi əşyaları özünə qaytarılmışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Özü fiziki qüsurludur, himayəsində xəstə uşağı və yaşlı anası vardır. Hazırda törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsiri özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı sahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Zərdab rayon polis şöbəsində Cinayət-Axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-ci il tarixdə Zərdab rayonu, Pərvanlı kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı tərəfindən raportla şöbə rəhbərliyinə məruzə olunmuşdur. Bundan sonra tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibi o, Zərdab RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Zərdab RPŞ-nin CAB-ın əməliyyat müvəkilləri, polis leytenantı Şahid3 və polis leytenantı Şahid4, Təhqiqat Qrupunun baş təhqiqatçısı polis mayoru Şahid5, Təhqiqat Qrupunun təhqiqatçısı polis mayoru Ərəstun Zamanovdan ibarət olaraq təsdiq olunmuşdur. Bundan sonra əməliyyat qrupunun üzvləri, eləcə də aqronom-mütəxəssis qismində dəvət olunmuş Şahid6 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs qapısı döyülərək ev sahibi çağırılmışdır. Təqsirləndirilən şəxs qapıya çıxdıqda özlərini təqdim etmişlər. Narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu bildirilərək hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs həyətyanı sahəsində özünün əkmiş olduğu narkotik vasitə sayılan çətənə kolları olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etməsi ilə toyuq hininin qarşısında 02 ədəd, həyətin sol küncündə olan daş hasarın yanında 01 ədəd və yaşayış evi ilə üzbəüz əkin sahəsinin içərisindən 06 ədəd, ümumilikdə isə 09 (doqquz) ədəd köküstə yaş halda çətənə kollarına bənzər bitkilər aşkar edilmişdir. Aqronom-mütəxəssis Şahid6 həmin kollara baxış keçirmiş və aqro-texniki qulluq olunduğunu bildirmişdir. Daha sonra həmin bitkilər ekspertizaya təqdim olunması üçün sintetik kisəyə qoyulmuşdur. Üzərinə qeydlər yapışdırılmış kağız vurularaq möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin ağacın yarpaqlarından yığaraq toyuq hininin damına qoymuş olduğu marixuanaya bənzər kütləni təqdim etmişdir. Həmin kütlə də məhkəmə-bioloji ekpertizası təyin edilib müvafiq rəy alınması məqsədi ilə zərfdə qablaşdırılıb DİN-in müvafiq möhürü ilə möhürləndikdən sonra üzərinə bununla bağlı müvafiq qeydlər olan yapışdırılmış kağızı bütün iştirakçılar imzalamışlar. Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün Zərdab RPŞ-nə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində ifadə verən polis əməkdaşları Şahid2, Şahid3, Şahid4 və Şahid5 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Cinayət işində olan şəxsi axtarış və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərdab RPŞ-nin əməkdaşları Şahid2, Şahid1, Şahid4, Şahid3, Şahid5, Zərdab rayon X4 rəisi Şahid6 və Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Zərdab rayon Pərvanlı kəndində yerləşən həyətyanı torpaq sahəsinə, evinə və yardımçı tikililərə baxış və axtarış keçirilmiş, baxış və axtarış zamanı Təqsirləndirilən şəxs həyətində yerləşən toyuq hininin qarşısında 02 ədəd, həyətin sol küncündə olan daş hasarın yanında 01 ədəd və yaşayış evi ilə üzbəüz əkin sahəsinin içərisindən 06 ədəd, ümumilikdə isə 09 (doqquz) ədəd köküstə yaş halda çətənə kollarına bənzər bitkilər aşkar edilmişdir. Həmçinin, toyuq hininin damından 01 ədəd kiçik sellofanda olan çəkisi 14,57 qram olan yaşıl rəngli, spesifik iyli, bitki tərkibli narkotik vasitə sayılan marixuanaya bənzər kütlə aşkar edilmişdir. İş materiallarında olan Zərdab rayon X4 rəisi Şahid6 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, polis əməkdaşlarının və Zərdab rayon Pərvanlı kənd sakini Təqsirləndirilən şəxs iştirakı ilə sonuncuya məxsus Zərdab rayon Pərvanlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən həyətdə 09 (doqquz) ədəd köküstə yaş halda narkotik vasitə sayılan çətənə bitkisinə bənzər bitkilər aşkar edilmişdir. Həmin bitkilərə əkildiyi torpaq sahəsində bellənmə və suvarma işləri aparılmış və aqrotexniki qaydada qulluq edilmişdir. Torpaq sahəsindən köküstə, yaş halda, yaşıl rəngli, spesifik iyli, narkotik vasitə sayılan çətənə bitkisinə bənzər 09 ədəd bitkilər aşkar edilərək kökündən çıxarılaraq götürülmüşdür. Həmin torpaq sahəsində bitkilərin əkilib-becərilməsi üçün münbit şərait olduğu müəyyən edilmişdir. Cinayət işində olan məhkəmə-bioloji ekspetizasının xx.xx.2023-cü il tarixli 17/523 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Zərdab rayonu Pərvanlı kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə... keçirilən baxış zamanı götürülmüş 09(doqquz) ədəd narkotik vasitə...” sözləri, adlar və imzalar olan sintetik kisənin içərisindəki, 09(doqquz) ədəd, uzunluqları 55 sm-dən 130 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri- 1905,0 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom Şahid6 04 iyul 2023-cü il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərinə “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə keçirilən... baxış zamanı təqdim etdiyi 01 ədəd sellofan torbada.. kütlələr...” yazısı, adlar və imzalar olan zərfin içərisindəki kisənin içərisindəki, 01(bir) ədəd sellofan torbada, təmiz çəkisi- 11,84 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01(bir) ədəd sellofan torbada olan qurudulmuş marixuana və 09 (doqquz) ədəd çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1225 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan « sübutların qiymətləndirilməsi haqqında » xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı aşkar edilərək götürülmüş təmiz çəkisi 1905,0 qram narkotik tərkibli çətənə (kannabis) bitkisindən tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1904,1 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri və təmiz çəkisi 11,84 qram narkotik vasitə olan marixuanadan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 11,79 qram narkotik vasitə olan marixuana kütləsi iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Zərdab RPŞ-nin maddi sübutların saxlaması otağına təhvil verilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Zərdab Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işində olan Zərdab rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında” xx.xx.2007-ci il tarixli qərarına əsasən məhkəmə hökmü ilə təyin edilmiş islah işləri cəzasından azad edilmişdir. Cinayət işində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12:20-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixində CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə ittiham elan edilmiş, həmin gün saat 14:20-də barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Zərdab rayon İcra Hakimiyyəti Başçısının Pərvanlı kənd İƏD-si üzrə nümayəndəsi M.Abdulxalıqov tərəfindən verilmiş xasiyyətnamədən və 91 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və fiziki qüsurludur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, şahidlərin ifadələrinə, ekspert rəylərinə və işin digər materiallarına məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddələrlə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs əməllərindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, fiziki qüsurlu olmasını, himayəsində yetkinlik yaşına çatmış iki uşağının olmasını, bir uşağının xəstə olmasını, yaşlı anasının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən çıxılmalıdır. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli cinayətlərin məcmusunu yaratdığından ona Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinin müəyyən etdiyi qaydada cəzasını qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı aşkar edilərək götürülmüş təmiz çəkisi 1905,0 qram narkotik tərkibli çətənə (kannabis) bitkisindən tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1904,1 qram narkotik tərkibli çətənə (kannabis) bitkisi və təmiz çəkisi 11,84 qram narkotik vasitə olan marixuanadan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 11,79 qram narkotik vasitə olan marixuana kütləsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35,97 manat məbləğində pul Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq dövlət mədaxilinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə olduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 3 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Zərdab rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlaması otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı aşkar edilərək götürülmüş təmiz çəkisi 1905,0 qram narkotik tərkibli çətənə (kannabis) bitkisindən tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1904,1 qram narkotik tərkibli çətənə (kannabis) bitkisi və təmiz çəkisi 11,84 qram narkotik vasitə olan marixuanadan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 11,79 qram narkotik vasitə olan marixuana kütləsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35,97 manat məbləğində pul Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq dövlət mədaxilinə ödənilsin. Hökmün icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar