Məhkəmə qərarları › İş №1(035)-54/2023

Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-54/2023

11.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-54/2023 11.12.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X2 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Araz market”də xadimə işləyən, əvvəllər məhkum olunmayan, Zərdab rayonunun Dəkkəoba kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 11 dekabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12 radələrində yaşadıqları Zərdab rayonu, Dəkkəoba kəndində yerləşən yaşayış evinin 2-ci mərtəbəsində qayınanası Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun saçından qəsdən tutaraq yolmuş, daha sonra qəsdən pilləkənlərdən aşağı itələyərək sonuncuya sağ dirsək sümüyünün yerini dəyişən sınığı, sağ əlin İ-V barmaqlarında sıyrıqlar, sağ diz oynağında şişkinlik xəsarətləri ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərdab rayonu, Dəkkəoba kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində kirayə yaşayır və həmin ərazidə yerləşən “Araz Market”də xadimə işləyir. Zərdab rayonu, Dəkkəoba kənd sakini olan Şahid2 ilə xx.xx.2003-cü il tarixdə ailə həyatı qurmuş, birgə nikahlarından 3 övladları olmuşdur. Oğlanları Mirkəlam və Sahib yetkinlik yaşına çatmışlar və hazırda Bakı şəhərində yaşayırlar. Qızı Fatimə isə azyaşlıdır və onunla yaşayır. Həm həyat yoldaşı Fariz, həm də qayınanası Qızqayıd ilə birgə yaşadıqları müddətdə həmişə normal münasibəti olmuş, aralarında heç bir ədavət və sözsöhbət olmamışdır. Buna baxmayaraq, son vaxtlar həyat yoldaşı ilə aralarında olan ziddiyyət səbəbindən Fariz boşanma ilə bağlı Zərdab rayon Məhkəməsinə müraciət etmiş və bu səbəblə nikahları pozulmuşdur. 09 sentyabr 2023-cü il tarixdə saat 12 radələrində birgə yaşadıqları evin ikinci mərtəbəsində yerləşən mətbəxdə azyaşlı qızı Fatimə üçün yemək bişirdiyi zaman qaynanası Qızqayıd yanına gəlib deyinməyə başlayaraq, “indi yemək bişirirsən ki, getməyəcəm? Guya sənin burda evin var? Mənim heç nəyimə dəymə! Hamısı mənim pulumla alınıb! Burada havayı yeyirsən!” deyib mətbəxdə stulda oturduğu zaman qəfil arxadan saçından tutub çəkərək “Çıx evimdən!” demişdir. Həmin zaman sol dizi stula dəymişdir. Bundan sonra qayınanası onun saçından dartarkən bir əli ilə də üzünü cırmışdır. Bunun üçün o da özünü müdafiə etmək üçün qayınanasının saçından tutub dartmış, qayınanası onu buraxmadığından məcbur olub qayınanası Qızqayıdı itələyib özündən aralaşdırmışdır. Bundan sonra qayınanası Qızqayıd sağ qolunu tutub ona “Gör sənə neynəyəcəm, qolum sınıb” demişdir. Bir qədər sonra isə qayınanası Qızqayıdın qışqırıq səsini eşitdiyindən çölə doğru getmiş və həmin vaxt Qızqayıdın pilləkənlərdə uzanıqlı vəziyyətdə olmasını görmüşdür. Qayınanasının onu şərləmək üçün belə etdiyini düşünüb yerdən qaldırmaq istəmişdir. Həmin vaxt qonşuluqda yaşayan və qayınanası Qızqayıdın eltisi olan Sənayyə də oraya gəlmişdir. Qayınanasını yerdən qaldıraraq 1-ci mərtəbədə yerləşən divanda əyləşdirmiş, sonra isə evə qalxmışdır. Bir müddət sonra Fariz işdən gələrək Qızqayıdı həkimə aparmışdır. O, da bundan sonra “102” xidmətinə zəng edərək qayınanası Qızqayıdın onu döyməsi barədə məlumat vermişdir. Bundan bir müddət sonra polis əməkdaşları yaşadığı evə gəlmişlər. Həmin vaxt Fariz ilə qayınanası Qızqayıd da evə gəlmişdir. Həmin vaxt qayınanası Qızqayıd da guya onun qayınanasının saçından yolmağı və pilləkəndən itələməyi barədə ərizə ilə müraciət etmişdir. Təhqiqatçı tərəfindən Məhkəmə-Tibb eksperzasının təyin edilməsi haqqında qərar təyin edilib təqdim edilərkən ekspertizanın Ağcabədi rayonu ərazisində yerləşməsi səbəbi ilə həmin rayona getməyə imkanı olmamış və könüllü olaraq getməkdən imtina etmişdir. Həmin vaxt xəsarəti olmuş, ağrılar hiss etmiş, rayon xəstəxanasına müraciət etmişdir. Qaynanasının qolunun sınmasında onun günahı yoxdur. Ona görə də məhkəmədən ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsə də, ona ittiham elan olunan əməlin törədilməsində təqsiri zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Dəkkəoba kəndində daimi qeydiyyatda olmaqla həmin kənddə oğlu Fariz ilə birlikdə yaşayır. Zərdab rayonu, Dəkkəoba kənd məktəbində xadimə işləyir, həmçinin təqaüdçüdür. Oğlu Şahid2 ilə keçmiş gəlini Təqsirləndirilən şəxs 2003-cü il tarixdə ailə həyatı qurmuş və birgə nigahlarından 3 övladları olmuşdur. Günay ilə əvvəllər aralarında ədavət və düşmənçilik olmasa da, tez-tez ailə məişət zəminində mübahisələri olmuşdur. Təqsirləndirilən şəxs oğlu Farizə xəyanət etdiyinə görə Fariz boşanmaq üçün rayon məhkəməsinə müraciət etmişdir. Lakin, boşanma prosesi yekunlaşana qədər Günay ilə bir evdə yaşamışlar. 09 sentyabr 2023-cü il tarixdə saat 12 radələrində Fariz işdə olan zaman nəvəsi Fatimə və gəlini Günay ilə birlikdə evdə olmuşdur. İlk öncə evin 2-ci mərtəbəsində təmizlik işləri aparmış, sonra 1-ci mərtəbəsini və həyəti təmizləmişdir. Vəfat etmiş bacısının il mərasiminə getmək üçün yuxarı hazırlaşmağa çıxmışdır. Evin mətbəxinin yenidən natəmiz olduğunu görüb azyaşlı nəvəsi Fatiməyə bir nənə kimi irad tutaraq “ay bala evi niyə batırmısız?, indi təmizləmişdim” deyə sual vermişdir. Bu zaman Günay qəfildən onun saçından tutaraq “sənin evin var? Çıx çölə!” deyib onu mətbəxdən çölə dartmağa başlamışdır. Aynabənddən çölə qapını açaraq onu itələmişdir. O, da bu səbəblə 2 mərtəbəli evin 2-ci mərtəbəsinin pilləkənindən yıxılmışdır. Həmin zaman bədəninin müxtəlif nahiyyələri xəsarət almışdır. Onun qışqırıq səsinə qonşuluqda yaşayan eltisi Şahid1 gəlmişdir. Dərhal onu qaldıraraq 1-ci mərtəbədə olan divanda əyləşdirmişdir. Günay yenə də ondan əl çəkməyərək üzərinə gəlib onu dartaraq “artistlik eləmə, qolun sınmıyıb” demişdir. Buna görə də Sənayyəyə Farizə zəng elətdirərək qolunun sınması barədə məlumat vermişdir. Oğlu Fariz də gələrək vəziyyəti görmüşdür. Fariz Günaya “bunu da elədin? rahatladın” demişdir. Bundan sonra onu rayon xəstəxanasına aparmışdır. Orada ona qolunun sınması bir daha bildirilmiş və tibbi yardım göstərilmişdir. Bundan sonra yaşadığı evə qayıtdıqda polis əməkdaşlarının da gəldiyini görmüşdür. Polis əməkdaşlarının onun yıxılmağı ilə əlaqədar rayon xəstəxanasından məlumat alıb gəldiyini zənn etmişdir. Lakin, həyətə daxil olduqdan sonra guya onun Günayın saçından yolaraq üzünü cırdığı barədə 102 xidmətinə məlumat verdiyini öyrənmişdir. O, bu hala çox təəcüblənmişdir. Günayın yalan məzmunlu bu müraciətindən sonra o, da yıxılıb qolunun sınması ilə bağlı ərizə ilə müraciət etmişdir. Hadisə təxminən 7-8 dəqiqəyə yaxın davam etmişdir. Həmin vaxt evdə yalnız azyaşlı nəvəsi Fatimə olmuş, yıxılarkən səsinə həyətləri ilə yan-yana olan eltisi Sənayyə gəlmişdir. Təqsirləndirilən şəxsi bağışlamır, işə xitam verilməsini istəmir, onun cəzalanmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Zərdab rayonu, Dəkkəoba kəndində daimi qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Zərərçəkmiş şəxs eltisi olmaqla qonşuluğunda yaşayır. Qızqayıd, oğlu Fariz və gəlini Günay ilə aralarında münasibət yaxşı olmuş, heç bir ədavət və ya düşmənçilik olmamışdır. 09 sentyabr 2023-cü il tarixdə saat 12 radələrində evin həyətində olan zaman qonşuda qışqırıq səsi eşitmişdir. O, həmin an Günay ilə Qızqayıd arasında yenidən mübahisə olmasını bilmişdir. Belə ki, onlar arasında tez-tez mübahisələr baş verir. Bu səbəblə dərhal oraya getmişdir. Oraya çatdıqda Qızqayıdın pilləkənlərdə yıxılı vəziyyətdə olduğunu görmüşdür. Həmin an Qızqayıd ona Günayın onun saçından tutaraq pilləkənlərdən itələdiyini demişdir. O, həmin an Qızqayıdın qolunun qırıldığını hiss etmişdir. Qızqayıdı yerdən qaldıraraq 1-ci mərtəbədə olan divanda əyləşdirmişdir. Günay Qızqayıdın üzərinə gəlib dartaraq “artistlik eləmə, qolun sınmıyıb” demişdir. Buna görə də, o Farizə zəng edərək Qızqayıdın qolunun sınması barədə məlumat vermişdir. Fariz də gələrək vəziyyəti görmüşdür. Fariz Günaya “bunu da elədin? rahatladın” demişdir. Bundan sonra Qızqayıdla Fariz rayon xəstəxanasına getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Zərdab rayonu, Dəkkəoba kəndində daimi qeydiyyatda olmaqla anası Qızqayıdla birlikdə həmin kənddə yaşayır. Günay keçmiş həyat yoldaşıdır. Onlar 2003-cü il tarixdə ailə həyatı qurmuş, nikahdan 2004-cü il təvəllüdlü Sahib Abdullayev, 2005-ci il təvəllüdlü Mirkəlam Abdullayev və 2018-ci il təvəllüdlü Fatimə Abdullayeva adlı övladları olmuşdur. Günay ilə əvvəllər aralarında ədavət və düşmənçilik olmasa da, son aylarda Günayın ona xəyanət etdiyini öyrəndikdən sonra ailə məişət zəminində mübahisələri olmuşdur. Bu səbəblə boşanmaq üçün rayon məhkəməsinə müraciət etmiş və boşanma prosesi yekunlaşana qədər Günay ilə bir evdə yaşamışlar. Oğlanları Mirkəlam və Sahib yetkinlik yaşına çatmışlar və Bakı şəhərində yaşayırlar. 09 sentyabr 2023-cü il tarixdə saat 12 radələrində işdə olan zaman anası Qızqayıd, qızı Fatimə və Günay evdə olmuşlar. Əmisi arvadı Sənayyə ona zəng edərək anasının qolunun sınmasını demişdir. O da buna görə dərhal evə getmişdir. Evə çatdıqda anası ona Günayın onun saçından tutaraq pilləkənlərdən itələdiyini demişdir. O, da Günaya “bunu da elədin? rahatladın” demişdir. Bundan sonra anası ilə rayon xəstəxanasına getmişdir. Orada anasına qolunun sınması bir daha bildirilmiş və tibbi yardım göstərilmişdir. Bundan sonra yaşadıqları evə qayıtdıqda polis əməkdaşlarının da gəldiyini görmüşdür. Onlar polis əməkdaşlarının anasının yıxılmağı ilə əlaqədar rayon xəstəxanasından məlumat alıb gəldiklərini zənn etmişlər. Lakin, həyətə daxil olduqdan sonra anasının guya Günayın saçından yolaraq üzünü cırdığı barədə 102 xidmətinə məlumat verməsini öyrənmişlər. Bundan sonra anası da qolunun Günayın onu itələməsi səbəbindən sınması ilə bağlı ərizə ilə müraciət etmişdir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 127 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər:

1. Sağ dirsək sümüyünün yerini dəyişən sınığı, sağ əlin İ-V barmaqlarında sıyrıqlar, sağ diz oynağında şişkinlik -- küt əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən itələnərək yıxılma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə qeyd edilən xəsarətlər ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Dəkkəoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Q.A.Bədəlov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 128 saylı arayış və xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və onun 2004, 2005 və 2018-c il təvəllüdlü 3 övladı vardır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X3 6 noyabr 2023-cü il tarixli, 18-1-79/2-269/2023 saylı məktubundan görünür ki, Zərdab rayonunun Dəkkəoba kəndində yaşayan, Təqsirləndirilən şəxs “Zərdab rayon mərkəzi xəstəxanası” X3 poliklinikasının narkoloji və psixiatriya kabinetində dispanser qeydiyyatında durmur. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək törədilən əməlin ona aidiyyəti olmadığını bildirsə də, ona ittiham elan olunan əməlin onun tərəfindən törədilməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadə təqsirləndirilən şəxsin özünümüdafiə və məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına və sadalanan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilən əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, şəxsiyyətini, barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının müddəalarını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsinə zərurət yoxdur. Məhkəmə işin yuxarıda müəyyən halları nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayıb, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının verilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq,

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib qazancından 10 (on) faiz pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli qazancından 10 (on) faiz məbləğində pul dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanunu qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Zərdab rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar