Məhkəmə qərarları › İş №1(035)-55/2023

Zərdab Rayon Məhkəməsi Qərar — İş №1(035)-55/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 1(035)-55/2023 28.11.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə Zərdab Rayon Məhkəməsi X9 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 iştirakı ilə, Xüsusi ittiham qaydasında şikayət verən X2 X3 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətinə 28 noyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X1 Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət ərizə ilə müraciət edərək X3 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması və həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət verən X4 xüsusi ittiham qaydasında vermiş olduğu şikayətini müdafiə edərək göstərdi ki, 2014-cü ilin aprel ayından Zərdab Rayon Kooperativ Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsində işləyir. Zərdab rayonunun Gəlmə kənd sakini X6 yuxarı instansiyalara böhtan xarakterli ərizələr yazaraq guya Zərdab rayon Kooperativ Cəmiyyətinə məxsus Zərdab rayon Kooperativ Cəmiyyətinin balansında olan obyektin yəni kitab satışı mağazasının müxtəlif yollarla özəlləşdirilərək payçıların razılığı olmadan cəmiyyət üzvü olmayan şəxslərə satıldığını və satılmış əmlakın dəyərinin mənimsənildiyini bildirərək ona və rəhbərlik etdiyi cəmiyyətə şər və böhtan atmışdır. Onun tərəfimdən X5 cəmiyyətin balansında olan əmlakların heç birinin satılmaması ilə bağlı məlumat verilməsinə baxmayaraq o, qanunsuz əməllərindən əl çəkməmiş və yuxarı instansiyalara rəhbərlik etdiyi cəmiyyətlə bağlı şər və böhtan xarakterli ərizələr yazmaqda davam etmişdir. Zərdab rayon Gəlmə kənd sakini X6 onun barəsində yuxarı instansiyalara ayrı ayrı imzalarla ünvanladığı böhtan xarakterli ərizələrinin nəticəsində maddi və mənəvi ziyan çəkmişdir. Hazırda da Zərdab Rayon Kooperativ Cəmiyyətinin idarə heyətinin sədridir, barəsində X6 tərəfindən yuxarı instansiyalara ünvanlanmış böhtan xarakterli ərizələri onun şərəf və ləyaqətimi ləkələyir, işgüzar nüfuzuma zərbə vurur. X3 əsassız şikayətləri ilə əlaqədar müəyyən orqanlara izahat verməyə məcbur olmuşdur. O, işlədiyi dövrdə qanundan kənar hərəkətlər etməmişdir. X3 müxtəlif imzalarla yazdığı ərizələr əsassız və qanunsuzdur. Zərdab rayon Kooperativ cəmiyyətinə məxsus heç bir bina satışa çıxarılmayıb. Məhkəmənin diqqətinə çatdırır ki, X6 yaşlı şəxsdir, gözündə görmə qüsuru vardır. Ona görə də hesab edir ki, onun barəsində yazılmış ərizələrdə X3 adı və imzası olsa da, həmin ərizələr onun qohumu tərəfindən yazılmışdır. Bununla belə X3 ərizəsini əsaslandıran heç bir hüquqi dəlilləri yoxdur. Ona görə də hesab edir ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. O, qanunsuz olaraq yazdığı şikayət ərizəsinə görə qanun qarşısında cavab verməlidir. Ona görə də X3 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyası daxilində cəzalandırılmasına dair hökm çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 ifadəsində göstərmişdir ki, uzun müddət Zərdab rayon Kooperativ Cəmiyyətinin balansında olan obyektin yəni kitab satışı mağazasında işləmişdir. Hazırda qəqaüddədir. Yaşlı şəxsdir və gözündə görmə qüsuru vardır. X4 əsassız olaraq onun barəsində xüsusi ittiham qaydasında şikayət vermişdir. O, Şahin Niftalıyev barəsində bir çox orqanlara ərizə yazsa da, onuun barəsində - Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymamış, ona böhtan atmamış, nə də ki, onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmamışlar. Hesab edir ki, şikayət əsassızdır. Ona görə də X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməməsini xahiş edir. Məhkəmənin hazırlıq iclasında işin məhkəmədə mahiyyəti üzrə baxılması üçün sübutların kifayət etməsi haqqında məsələni həll etmək üçün məhkəməyə daxil olmuş materiallar yoxlanarkən müəyyən edildi ki, şikayətdə Azərbaycan Respublikası CPM-nin 293-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, törədilmiş cinayət barədə məlumatlar və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və ya konkret olaraq hansı şəxslərin ifadələri ilə, hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi və barəsində şikayət verilən şəxslərin əməlində cinayət əməlləri müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 293.3.2 və 293.3.6.-cı maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); şikayətin verildiyi tarix (il, ay və gün) və yer, göstərilir. Azərbaycan Respublikası CM-nin 147-ci maddəsinin dispozisiyasına görə Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 № li qərarının 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir Həmin qərarın 11-cı bəndində göstərilir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPMnin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin qərarın 12-ci bəndində göstərilir ki, kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə şərh olunanlara əsaslanaraq, yuxarıda qeyd olunan qanunvericilik normalarını və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 № li qərarının bəndlərinin müddəalarını rəhbər tutaraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 X3 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41, 321.2.1, 384.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 X3 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar