Məhkəmə qərarları › İş №1(035)-6/2024

Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-6/2024

29.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-6/2024 29.01.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X5 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, himayəsində iki azyaşlı uşağı olan, Bakı şəhəri, Yasamal rayonu M.F.Axundzadə küçəsi ev 133-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1, 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 29 yanvar 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,472 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla qanunsuz olaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanında saxlanılaraq Nəsimi RPİnin 19-cu PŞ-nə gətirilmiş, şöbədə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,472 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan əldə edib üzərində daşımış, NBPİ-nin NMŞ-nin əməkdaşlarına daxil olmuş məlumata əsasən xx.xx.2023-cü ildə saat 12:50 radələrində o, Bakı Dəmir yolu vağzalının ərazisində saxlanılaraq NBPİ-nin inzibati binasına gətirilməklə üzərinə şəxsi axtarış keçirilərkən onun qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərindəki qış gödəkçəsinin arxa tərəfinin astar hissəsində sellofan torbaya bükülü vəziyyətdə gizlədərək saxladığı, təmiz çəkisi 413.0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonunda istintaqa məlum olmayan tarixdə və mənbədən 01 ədəd nömrəsi silinmiş 5,45 kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1987-ci ildə istehsal olunmuş, texniki cəhətdən saz vəziyyətdə və atəş üçün yararlı olan Kalaşnikov konstruksiyalı AK-74 modelli yivli odlu silahı və 25 ədəd keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları hesab edilən, döyüş sursatı sayılan, atəş üçün yararlı olan patronları qanunsuz olaraq əldə edib saxlamış, həmin avtomatı və patronları xx.xx.2023-cü il tarixdə satış məqsədilə Zərdab rayonu ərazisinə daşımış, xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Zərdab rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Zərdab RPŞ-nə gətirilmiş və həmin tarixdə üzərində şəxsi axtarış keçirilən zaman həmin avtomat və patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilməyərək, digər maddələrlə, yəni CM-nin 228.1 və 234.1-ci maddələri ilə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, ailəlidir, himayəsində iki azyaşlı uşaqları vardır, ailənin yeganə qazanc gətirənidir. Zibillikdə dəmir tapıb sataraq ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu Balaxanı qəsəbəsində dəmir axtaran zaman zibillikdə qara bükülü bir idman çantası görmüşdür. Onun içərisində dəmir olduğunu düşünərək götürmüş və evə gətirmişdir. Evdə çantanı açan zaman içərisində kalaşnikov markalı avtomat görmüşdür. Bu barədə heç kimə heçnə deməmişdir. Silahı satmaq fikrinə düşmüşdür. Bakı şəhərində tutulmaq ehtimalı olduğunu düşünüb silahı Ağcəbədi rayonunda satmaq qərarına gəlmişdir. Silahı satmaq üçün onun hər hansı bir tanışı olmamışdır. Silahı özü tək satmaq istəmişdir. Həmin vaxt Ağcəbədi rayonuna birbaşa taksi olmadığından Zərdab rayonuna gələn tanımadığı taksiylə gəlmişdir. Əvvəlcə Zərdab rayonuna çatıb, avtomobildən aşağı düşmüş, başqa taksi tapıb Ağcəbədi rayonuna getməyi düşünmüşdür. Avtomobil axtaran zaman əlində qara rəngli çanta olmuşdur. Özü də həyəcanlı olmuşdur. Ondan bir-iki adam çantada nə olduğunu soruşmuşdur. Həmin şəxslərə şəxsi əşyası olmasını demişdir. Daha sonra ona polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib çantada nə olduğunu soruşmuşlar. Həyəcanlı olduğundan özünü şübhəli aparmış və müxtəlif əşya adları çəkmişdir. Bu səbəbdən polis əməkdaşları onu Polis Şöbəsinə dəvət etmişlər və Polis Şöbəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilmişdir. Çantasından kalaşnikov avtomatı və patronlar aşkar olunmuşdur. Həmçinin bildirdi ki, 01 il olar ki, narkotik vasitələrin müxtəlif növlərindən istifadə edir. İstifadə etdiyi narkotik vasitələri müxtəlif yerlərdən alır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu “Xutor” adlanan ərazidə tanımadığı şəxsdən istifadə üçün 30 manat müqabilində, şəffaf rəngli sellofana bükülmüş 01 büküm narkotik vasitə olan “şüşə” almışdır. Həmin bükülünü gödəkçəsinin sol yan cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində ünvan 3 ünvanın qarşısında olarkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək ondan şəxsiyyət vəsiqəsini istəmişlər. Özünü təqdim etdikdən sonra şəxsiyyət vəsiqəsinin üzəridə olmamasını bildirmişdir. Daha sonra onu 19-cu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və maddənin olub-olmaması soruşulmuşdur. O, əynində olan qara rəngli gödəkçənin sol yan cibində olan 01 ədəd bükümdə şəffaf sellofana bükülmüş el arasında “şüşə” adlanan narkotik vasitəni masanın üzərinə qoymuşdur. Üzərindən aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən heç bir fiziki zor tətbiq edilməmişdir. Təxminən 2022-ci ilin avqust ayının ortalarında Balakən rayonuna getmişdir. Orada meşənin kənarında tək gəzərkən narkotik vasitə marixuanaya oxşar bitki görmüşdür. Hərdən bir narkotikdən istifadə etdiyi üçün həmin bitkinin narkotik olduğunu dərhal anlamışdır. Həmin bitkidən bir miqdar yığaraq arabir istifadə etmək üçün özü ilə Bakı şəhərinə gətirmişdir. Balakəndən gətirdiyi narkotik vasitədən bir neçə dəfə istifadə etmişdir. 25 fevral 2023-cü ildə saat 12 radələrində günlük kirayə evlər tapmaq üçün Bakı Dəmir Yolu vağzalı ərazisinə gəlmişdir. Həmin vaxt narkotik vasitəni də özü ilə gətirmişdir. Bakı dəmir yolu vağzalının ərazisində kirayə ev soraqlaşarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis işçiləri kimi təqdim edib onu Nəqliyyatda Baş Polis İdarəsinə dəvət etmişlər. Polis idarəsində ona qanunsuz olaraq narkotik gəzdirməkdə şübhəli olduğu üçün saxlayıb gətirdiklərini bildirmişlər. Daha sonra vəkilin iştirakı ilə üzərinə baxış keçirmişlər. Əynində olan qış gödəkçəsinin arxa hissəsinin astarında sellofan torbanın içərisində gizlətdiyi narkotiki vasitəni polislərə təqdim etmişdir. Bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, həmin protokolu imza etmişdir. Heç bir zaman narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. Üzərindən aşkar edilən narkotik vasitələri özü istifadə etmək üçün saxlamışdır. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən əməlinə düzgün hüquqi qiymət verilməsini və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də məhkəmədə tədqiq olunmuş işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olan zaman Bakı şəhər sakini Rəşad adlı şəxsin rayon ərazisində qanunsuz olaraq silah saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə dərhal şöbə rəhbərliyinə raportla məruzə etmişdir. Daha sonra əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə Zərdab RPŞ-nin əməkdaşları Şahid2, Şahid4 və Şahid3la birlikdə həmin şəxsin Bakı şəhəri, Yasamal rayonu M.F.Axundov küçəsi ev 133-də qeydiyyatda olan Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. X6 rayonu dördyol adlanan ərazidə olmasını müəyyən etmişlər. Bundan sonra həmin polis əməkdaşları ilə birlikdə dörd yol adlanan yerə getmişlər. Orada bir nəfər şəxsin əlində qara rəngli böyük çanta ilə dayandığını görmüşlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək ondan kim olmasını və əlində olan çantada nə olmasını soruşmuşlar. Rəşad dərhal həyəcanlanmış və çantada müxtəlif əşyaların adlarını çəkərək həmin əşyaların olmasını bildirmişdir. Bundan sonra Rəşadı Zərdab RPŞ-nə dəvət etmişlər. Zərdab RPŞ-də Rəşad şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Rəşadın əlində olan qara rəngli çantadan 01 ədəd kalaşnikov avtomatı və 25 ədəd patron aşkar edilmişdir. Rəşad həmin avtomatı və patronları Suraxanı rayonu ərazisindən tapdığını və özü tək satmaq üçün rayona gətirdiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Zərdab rayon Polis şöbəsinin əməkdaşları Şahid3, Şahid2 və Şahid4 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hazırda NBPİ-nin X2 rəisi vəzifəsində işləyir. Rəşad adlı şəxsin üzərində istifadə etmək məqsədi ilə narkotik vasitə olması barədə 25 fevral 2023-cü ildə günorta saatlarında Bakı dəmiryol vağzalının ərazisinə gələcəyi barədə məlumat daxil olduğu üçün dərhal bu barədə rəhbərliyə raportla məruzə olunaraq tərəfindən təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. İdarə rəhbərliyinin göstərişinə əsasən əməliyyat qrupu təşkil edilmişdir. Qrupun tərkibinə özü və cinayət axtarış idarəsinin əməliyyat müvəkkili Şahid6 daxil edilmişdir. Tərəfindən qərar qəbul olunduqdan sonra həmin gün günorta saat 12 radələrində Bakı dəmir yol vağzalına gedib Rəşad adlı şəxsi müəyyən etmək üçün tədbirlər görməyə başlamışlar. Məlumatı verən şəxs Rəşad adlı şəxsin nişanələrini əvvəlcədən bildirmişdir. Saat təqribən 12:50 radələrində deyilən işarədə olan bir nəfərin vağzal ərazisinə gəldiyini və özünü şübhəli aparmasını müşahidə etmişlər. Ona yaxınlaşıb özlərini təqdim edərək ona üzərində narkotik vasitə olması barədə məlumat olmasını demişlər. Bundan sonra həmin şəxsi NBPİ-nin inzibati binasına gəlməsi üçün dəvət edilmişdir. Nəqliyyatda Baş Polis İdarəsinin inzibati binasına daxil olduqdan sonra raportla rəhbərliyə müraciət etmişdir. Gətirilmiş şəxsin şəxsiyyəti müəyyən olunmuş və onun 1983-cü il təvəllüdlü Bakı şəhər sakini Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra rəhbərliyin tapşırığına əsasən təhqiqatçı tərəfindən müvafiq araşdırma başlanılmışdır. Onun hüquqlarının müdafiəsinin təmin edilməsi üçün müdafiəçi dəvət edilmişdir. NBPİ-nin inzibati binasında otaqların birində onların iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təhqiqatçı tərəfindən ona üzərində olanları könüllü şəkildə masanın üzərinə qoyması təklif olunmuşdur. O, üzərində olan şəxsi əşyalarını, yəni 1 ədəd 10 manatlıq, 2 ədəd 1 manatlıq pul əskinaslarını, siqaret qutusunu və alışqanı masanın üzərinə qoymuşdur, sonra isə əynində olan gödəkçənin arxa astar hissəsində gizlətdiyi bir ədəd sellofan torbanı masanın üzərinə qoymuşdur. Sorğu sual zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin arxa tərəfdən astar hissəsində gizlətdiyi sellofan torbanın içərisində olanların narkotik vasitə olmasını bildirmişdir. Həmin narkotik vasitəni 2022-ci ilin avqust ayında Balakən rayonunda olarkən oradan yabanı halda bitən otların arasından yığmasını, özü istifadə etməsi üçün özü ilə Bakı şəhərinə gətirməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin sellofan torbada olan narkotik vasitə tərəzidə çəkilmədən ekspertizaya təqdim edilməsi üçün onların iştirakları ilə zərfə qoyularaq qablaşdırılmış və zərf möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, doğru olduğu üçün imzalamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul olması barədə onlarda hər hansı bir məlumat olmamışdır. Onu şübhəli şəxs kimi saxlayarkən də onda aşkar olunan narkotik vasitələrin Rəşadın satış məqsədi ilə saxlaması barədə hər hansı bir şübhə və sübut olmamışdır. Təqsirləndirilən şəxs əməlinin narkotik vasitələrin satışı ilə, yəni CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürülməsi barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş NBPİ-nin Cinayət Axtarış İdarəsinin əməliyyat müvəkkili Şahid6 Şahid5 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan məhkəmə-ekspertiza mərkəzinin xx.xx.2023-cü il tarixli 6/777 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №187 dairəvi möhür əksi və Təqsirləndirilən şəxs –imza, iştirakçılar: üç imza, Bəşirli Qurbanəli-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi – 1,472 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan məhkəmə-ekspertiza mərkəzinin xx.xx.2023-cü il tarixli 7/296 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət.Təqsirləndirilən şəxs aşkar edilmiş maddə...” yazı və imzalar olan zərfdə 01 ədəd sarı rəngli sellofanda təmiz çəkisi 413,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1732 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 23/336 nömrəli rəyindən görünür ki :

1. Tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah 5,45 kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1987-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmişdir.

2. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır.

3. Tədqiqata təqdim edilmiş 25 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Cinayət işinin materiallarında olan NBPİ X2 rəisi, Şahid5 tərəfindən Nəqliyyatda Baş Polis İdarəsinin rəisi Zaur Abdullayevə məruzə edilmiş 25.02.23-cü il tarixli 14/5-3-13-15/2-465/23 nömrəli raportda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün Bakı şəhəri Dəmiryol vağzalının gözləmə zalında saxlanılaraq NBPİ-nin inzibati binasına gətirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Cinayət işinin materiallarında olan 26.02.202-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən təmiz çəkisi 413.0 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilməsi əsasında CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin NRPİ-nin 19-cu polis şöbəsinin xx.xx.2023-cü il tarixli, 51-1/1858/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddəni satmış naməlum şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamış, onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməsi ilə bağlı hər hansı məlumat əldə olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin NBPİ-nin xx.xx.2023cü il tarixli, 14/5-3-13-15/2-643/23 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə mütəmadi məşğuldur, onun narkotik vasitələrin dövriyyəsi və alqı-satqısı ilə heç bir əlaqəsi yoxdur. Onun üzərindən aşkar olunan 413,0 qram qurudulmuş marixuananı Balakən rayonunda olarkən meşə ətrafında yabanı halda bitdiyini görmüş və öz istifadəsi üçün yığaraq özündə saxlamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində xx.xx.2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə NBPİ-nin istintaq və təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Kamran Dəmirçiyev tərəfindən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 29 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə saat 19:30da tutulmuş, Zərdab Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü ildən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 61 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 61 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan və şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X7 adlı iki azyaşlı uşaqları vardır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİnin tərtib etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyatsorğu kartotekasında məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan « sübutların qiymətləndirilməsi haqqında » xx.xx.2023-ci il tarixli qərardan görünür ki, 01 ədəd nömrəsi silinmiş 5.45 kalibirli, zavod üsuli ilə keçmiş SSRİ dövlətində 1987-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı AK-74 modelli yivli odlu silahı, 25 ədəd keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları və tədqiqata sərf edildikdən sonra qalıq qalan 1,422 qram psixotrop maddə metamfetamin və tədqiqata sərf edildikdən sonra 412,95 qram narkotik vasitə qurudulmuş marixuana cinayət təqibi üzrə maddi sübut kimi tanınmış və Zərdab RPŞ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Həmin Məcəllənin 10.1-ci maddəsində göstərilir ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 12.1-ci maddəsində isə qeyd olunur ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,472 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla qanunsuz olaraq daşıması və Bakı şəhəri Suraxanı rayonunda istintaqa məlum olmayan tarixdə və mənbədən 01 ədəd nömrəsi silinmiş 5,45 kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1987-ci ildə istehsal olunmuş, texniki cəhətdən saz vəziyyətdə və atəş üçün yararlı olan Kalaşnikov konstruksiyalı AK-74 modelli yivli odlu silahı və 25 ədəd keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları hesab edilən, döyüş sursatı sayılan, atəş üçün yararlı olan patronları qanunsuz olaraq əldə edib saxlaması və daşıması ilə bağlı əməlləri CM-nin 234.1 və 228.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin CMnin 234.1 və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 234.1 və 228.1-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə də onun əməllərini həmin maddələr ilə tövsif edir. Həmçinin, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 413.0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib üzərində saxlaması ilə bağlı əməlini CM-nin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə isə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verərkən hazırkı cinayət işi üzrə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunmasını düzgün hesab etmir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünün ifadəsi, şahidlərin ifadələri, əməliyyat məlumatları və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 413.0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan əldə edib üzərində saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə saxlaması ilə bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mötəbər və şübhədənkənar sübut əldə edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 32.2.7-ci maddəsinə görə məhkəmə tərəfindən hökm yalnız cinayət prosesi tərəflərinin iştirakı bərabər əsaslarla təmin edilməklə tədqiq olunmuş sübutlarla əsaslandırılır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsi, yaxud narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayması, eləcə də istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və s. halların olması nə istintaq materialları ilə, nə də ki, bilavasitə məhkəmə istintaqı zamanı müəyyən olunmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun xx.xx.2021-ci il tarixli 15 saylı Qərarının 37-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, ... ittihamın ... dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Məhkəmə yuxarıda sadalanan beynəlxalq və milli qanunvericilik aktı normalarını, eyni zamanda cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs cinayət əməlini CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməllərini səmimi etiraf etməsini, əməllərindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59-cu maddəsinə əsasən, himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə olduğu 4 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının əvvəli həbs olunduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respubikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan 01 ədəd nömrəsi silinmiş 5.45 kalibirli, zavod üsuli ilə keçmiş SSRİ dövlətində 1987-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı AK-74 modelli yivli odlu silahı, 25 ədəd keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Zərdab rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalan 1,422 qram psixotrop maddə metamfetamin və tədqiqata sərf edildikdən sonra 412,95 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 180 manat məbləğində pul Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq,

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 3 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 29 aprel 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan 01 ədəd nömrəsi silinmiş 5.45 kalibirli, zavod üsuli ilə keçmiş SSRİ dövlətində 1987-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı AK-74 modelli yivli odlu silahı, 25 ədəd keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış, Zərdab rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalan 1,422 qram psixotrop maddə metamfetamin və tədqiqata sərf edildikdən sonra 412,95 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 180 manat məbləğində pul Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan şəxslər hökmü aldığı gündən) 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar